Məhkəmə qərarları › İş №2-1(106)-940/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-940/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-940/2025 16.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 2-1(120)-3616/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin intizam məsuliyyətinə cəlb olunaraq xidmətdən azad olunmağı barədə 06 dekabr 2023-cü il tarixli əmrin ləğv edilməsi, Masallı rayon X2 X3, Yol Patrul Xidmətinin inspektoru vəzifəsinə bərpa olunmağı və 06 dekabr 2023-cü il tarixdən məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 dekabr 2023-cü il tarixli, 8-13/2695/2023 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi, Masallı rayon X2 X3, Yol Patrul Xidmətinin inspektoru vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 01 dekabr 2023-cü il tarixli, 8-13/2695/2023 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi, Masallı rayon X2 X3, Yol Patrul Xidmətinin inspektoru vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 2-1(120)-3616/2025 nömrəli qərardadı ilə (Hakim: Fehruz Abbasov) iddiaçı tərəfindən verilmiş ötürülmüş müddətin bərpası barədə ərizə təmin olunmamış və iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx xxx 1982-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Dövlət Texniki Universitetinin Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı fakultəsi izrə ali təhsil almışdır. 2003-2004-cü il tarixdə həqiqi hərbi xidmətdə olmuşdur. Ailəlidir 2 övladı var. 2008-ci ildə Masallı rayon X2 X4, Yol Patrul xidmətinin inspektoru kimi xidmətə başlamışdır. 2023-cü ilin dekabr ayının 2 dək xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində qüsursuz xidmətə görə medal və mükafatlarla təltif olunmuşdur. 2023-cü ilin dekabr ayının 2-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 8- 1312695/2023 nömrəli əmrinə əsasən xidmətdə diqqətsizlik adı ilə daxili işlər orqanlarından azad edilmişdir. Xidmətdən azad olunmağına əsas DİN-in BNMİ-nin əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Anar Rzayevin Bakı şəhərində saxlanılaraq üzərinə baxış keçirilməsi zamanı onun üzərindən və avtomobilindən külli miqdarda narkotik vasitə və psixotrop maddələrin aşkarlanaraq götürülməsi olmuşdur. Araşdırma zamanı belə nəticəyə gəlinmişdir ki, vətəndaş Anar Rzayev xx.xx.2023-cü il tarixdə saat 06:30 radələrində “Mercedes” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Masallı rayonu, Ərkivan qəsəbəsində hərəkətdə olarkən nəqliyyat vasitəsinin işıq cihazlarından biri nasaz olduğuna və təhlükəsizlik kəmərini bağlamadığına görə həmin ərazidə “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomaşınında xidmət aparan inspekorları o və Tural Adıgözəlov tərəfindən dayandırılmışdır. Nəqliyyat vasitəsi duracağa yerləşdirilərkən YPX inispektorları T.Adıgözəlov tərəfindən güya formal akt tərtib edilərək avtomaşında olan külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanmamışdır. Sürücünü alkotest vasitəsilə müayinədən keçirib sərxoş olmadığını müəyyən etsələr də onu spirtli içkinin təsiri altında avtomaşın idarə etməkdə əsassız təqsirlədirib inzibati təcrübə üzrə baş inspektor Ramal Ağammədova yönəldilmişdir. Qeyd olunan hallarla bağlı məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, hətta şərti qəbul etsək ki, nəqliyyat vasitəsinin saxlanmasında inspektor olaraq o iştirak etmiş olsa belə, onun vəzifəsi nəqliyyat vasitəsinə texniki və vizual baxış keçirməkdən ibarətdir. Nəqliyyat vasitəsində hər hansı bir qanunla qadağan olunmuş narkotik vasitə və ya psixotrop maddənin olub-olmamasını axtarmaq üçün nəqliyyat vasitəsinə baxış keçirmək onun vəzifəsi deyil və o bunu etməmişdir. Əlavə olaraq, vətəndaş Anar Razayevə məxsus “Mercedes” markalı 90-MB914 dövlət qeydiyyat nişanlı avtomaşının saxlanılmasında, sürücü barəsində protokolun tərtib edilməsində və avtomobilin duracaqda saxlanmasında o iştirak etməmişdir. Avtomaşın saxlanılan zaman o patrul maşınında olmuşdur. Qeyd olunanlarla bağlı məhkəmənin diqqətinə onu çatdırmaq istəyir ki, baş vermiş yoxlama zamanı onun heç bir səlahiyyəti olmadığı halda o cəzalandırılmışdır. Lakin buna səlahiyyəti olan və əgər qanunsuzluq baş vermişdirsə onu edən əməkdaşlar öz şlərinə davam edirlər. Məlumdur ki, qanunla qadağan olunmuş vasitəni avtomobildə daşıyan şəxs, həmin vasitəni hər kəsin görə biləcəyi yerdə deyil, onu hər kəsin görə bilməyəcəyi yerdə saxlaya bilər. Belə olan halda həmin narkotik vasitəni inspektor olaraq onun görə bilməməyi onun xidməti nöqsanı kimi qiymətləndirilə bilməz. Ona görə ki, avtomobildə qanunla qadağan olunmuş narkotik vasitəsinin, psixotorp maddənin daşınması ilə bağlı avtomobil üzərində əməliyyat-axtarış tədbirlərini keçirmək məhkəmənin əsaslandırılmış qərarı əsasında buna səlahiyyəti olan şəxslər tərəfindən həyata keçirilməlidir. Daxili işlər orqanlarında xidmətdən azad olmağının lüquqi əsası “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135- ci maddəsinin 9-cu və 10-cu bəndləri rəhbər tutulmuşdur. Onu da qeyd edir ki, onun xidməti vəzifəsinə aid olmayan nöqsanlara görə birbaşa daxili işlər orqanlarından xidmətdən azad edilməyini ədalətsiz hesab edir. Çünki daxili işlər orqanlarında qüsursuz xidmət etdiyi üçün DİN-nin xx.xx.2023-cü il tarixli, Ə/3663 nömrəli əmri ilə medalla təltif olunmuşdur. Bundan başqa, 2015-ci ildə Azərbaycan ərazisində keçirilən avropa oyunları zamanı daxili işlər orqanında xüsusi xidmət etdiyi üçün DİN-nin müvafiq əmrinə əsasən mükafatlandırılmışdır. Bundan əlavə xidmət etdiyi Masallı RPŞ-nin rəhbərliyi tərəfindən xidmət etdiyi müddət ərzində dəfələrlə mükafatlandırımışdır. Hesab edir ki, xidmətdən xaric edlməsilə bağlı əmr verilərkən onun xidmət etdiyi müddət ərzində öz xidməti vəzifələrini vaxtında və dəqiq yerinə yetirdiyi üçün rəhbərlik tərəfindən verilmiş mükafatlar nəzərə alınmalı olduğu halda, bu hallar nəzərə alınmamışdır. Daxili işlər orqanlarında xidmətə bərpa olunmağı üçün daxili işlər naziri ilə görüşüb işin faktiki halları barədə məlumat vermişdir. Nazir onu hər dəfə qəbul edərkən xidmətə bərpa olunmağı üçün aidiyyəti şəxslərə xüsusi göstəriş vermişdir, amma buna baxmayaraq onun xidmətə qəbul olmağından imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin məzmununa oxşar dəlillərə istinad etmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: İddiaçı məhkəmə iclasında şikayəti müdafiə etmiş, əlavə olaraq bildirdi ki, 2023-cü ildə əmək münasibətlərinə xitam verilmişdir. Cavabdeh təşkilat tərəfindən işdən azad olunmağına dair sənədlərin heç biri ona təhvil verilməmişdir. Əmrin şəklini “Whatsapp” vasitəsilə ona göndərmişlər və o da 5 gün müddətində məhkəmədə iddia qaldırmışdır. 2024-cü ilin may ayında əmək kitabçasını təhvil almış və 2025-ci ilin may ayında məhkəməyə müraciət etmişdir. Səhhətində ciddi narahatlıqlar olmuş, ona görə məhkəməyə gec müraciət etmişdir. Cavabdeh təşkilat tərəfindən ona rəsmi məktub təqdim olunmuş və məktubda qeyd edilmişdir ki, işə bərpa olunmuşdur. Apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı barədə məlumat verilsə də, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh DİN-nin nümayəndəsi tərəfindən elektron informasiya sisteminə əlavə məktub yerləşdirilərək xx.xx.2023-cü il tarixdə rəylə tanış olduğunu, qərardan şikayət vermənin ona izah olunduğu göstərilmişdir. Bundan əlavə qəbz təqdim edilərək xx.xx.2024-cü il tarixdə əmək kitabçasını götürdüyü bildirilmişdir. Halbuki, təqdim edilmiş məktubda və qəbzdə əmrin surətinin ona təqdim olunması və bunu öz imzası ilə təsdiq etməyini sübut edəcək hər hansı bir qeyd məhkəməyə təqdim olunmamışdır. Hətta onu da qeyd edir ki, əmək kitabçası da ona təqdim olunmurdu. Əlavə olunmuş qəbzdən görünür ki, əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə xitam verilmiş olsa da, lakin əmək kitabçası xx.xx.2024-cü il tarixdə ona təqdim olunmuşdur. Qeyd edir ki, xx.xx.2023-cü il tarixdə xidmətdən azad olduğu gündən dəfələrlə Masallı RPŞ-nin kadrlar şöbəsinə, eyni zamanda DİN-nin kadrlar şöbəsinə gedərək əmrin və əmək kitabçasının ona təqdim edilməsini xahiş etmişdir. Amma buna baxmayaraq əmrin surəti ona rəsmi təqdim olunmamışdır. Bundan sonra qeyd olunan qanunsuzluqlar barədə daxili işlər nazirinin qəbulunda olmuş, sonuncu qeyd olunan qanunsuzluqlara son qoyulması və onun xidmətə bərpa olunmağı barədə iki dəfə olunan göstərişi nazirliyin kadrlar şöbəsi tərəfindən icra olunmamışdır. Bundan sonra xidmət dövründə ayağından aldığı xəsarətlər və eyni zamanda xidmətdə olduğu müddət ərzində ürək əməliyyatı keçirdiyi üçün səhhətində ağırlaşmalar oldu və bu səbəbdən DİN-nin kadrlar şöbəsinə gəlib əmri onlardan ala bilmədi. Əmrin surətini 2025-ci ilin may ayında Masallı RPŞ-dən əldə etdikdən sonra ona məlum oldu ki, onun xidmətdən xaric olunmağı ilə bağlı əmrdə hadisə tamamilə onun əleyhinə təhrif edilərək cənab nazirə təqdim olunmuş və cənab nazir əmri imzalamışdır. İddia ərizəsinə əlavə etmiş olduğu əmrin surətindən də görünür ki, əmr üzərində yazılanlar aydın oxunmur. Bu onu göstərir ki, əmr ona rəsmi təqdim olunmamışdır. Onun üçün hesab edir ki, qeyd olunan əmrin mübahisələndirilməsi ilə bağlı ötürlümüş müddəti o bilərəkdən və qəsdən ötürməmişdir. Müddətin ötürülməsi cavabdeh tərəfindən əmrin ona təqdim olunmaması və səhhətimdə olan xəstəliklər səbəbindən olmuşdur. Bu səbəbdən də buraxılmış prosessual müddət üzrlü səbəblərdən baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin iddiaya qarşı etirazına əlavə edilmiş qəbzlərin surətlərindən görünür ki, Tural Vəliyev barəsində qəbul olunmuş qərarla tanış olduğunu və həmin qərardan şikayət etmə hüququnun ona izah edildiyini xx.xx.2023cü il tarixdə, həmçinin özünə məxsus əmək kitabçasını isə götürdüyünü xx.xx.2024-cü il tarixdə imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin iddiaya qarşı etirazına əlavə edilmiş qəbzlərin surətlərindən görünür ki, Tural Vəliyev barəsində qəbul olunmuş qərarla tanış olduğunu və həmin qərardan şikayət etmə hüququnun ona izah edildiyini xx.xx.2023-cü il tarixdə, həmçinin özünə məxsus əmək kitabçasını isə götürdüyünü xx.xx.2024-cü il tarixdə imzası ilə təsdiq etmişdir. İddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iddiaçının məhkəmə müdafiəsindən faydalanması üçün qanunvericiklə müəyyənləşdirilmiş müddətlərin (iddia müddəti) üzrsüz səbəblərdən çox uzun müddət ötürülmüş olması mübahisələndirilən əmrin qanuniliyi məsələsinin araşdırma predmetinə çevrilməsinə ciddi maneə törədir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı mübahisələndirilən əmrlə tanış olduqdan (ona təqdim olunduqdan) 1 il 5 aydan çox vaxt keçdikdən sonra qaldırmışdır. Halbuki İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. İddiaçı iddia müddətini üzrlü səbəbdən ötürdüyünü göstərsə də, bu barədə mötəbər sübutlar təqdim etməmiş, iddia müddəti ötürüldüyündən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan hesablandığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunmaqla həmin əmri mübahisələndirmək imkanını itirmişdir. Ona görə də iddia mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 2-1(120)-3616/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar