Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-941/2025 19.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(120)- 1400/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 14 il 04 ay 11 gün dövlət qulluqçusu kimi stajının qəbul edilməsindən imtina edilməsi qanunsuz və əsassız hesab edilməli və ona dövlət qulluqçusu kimi əmək pensiyasının əlavələrlə birlikdə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 07 oktyabr 2025-ci il tarixli, 2- 1(120)-1400/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qüvvədə olan qanunvericilik dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının 14 il 04 ay 11 gün qulluq stajı əsasında təyinatını konkret müddəa əsasında təsbit etmişdir ki, bu zaman dövlət qulluğuna xitam verilməsinin bilavasitə publik hüquqi şəxsin yaradılması ilə əlaqədar olmasını şərtləndirmişdir. Hazırki mübahisə üzrə iddiaçının dövlət qulluğuna xitam verilməsi publik hüquqi şəxsin yaradılması ilə bağlı olmadığından, “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-1-ci maddələri ona münasibətdə tətbiq edilmir. İddiaçının dövlət qulluğunda tələb olunan 15 il stajı olmadığından həmin hissədə də hüququnun yaranmadığı müəyyən edilir. Belə olan halda, məhkəmə hesab edir ki, imtinanın əsasında dayanan hal əsası aradan qalxsa belə qanunvericiliyin tələbləri üzrə iddiaçının hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzrəinə qoyulması barədə tələbi əsaslı olmamışdır. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin avqust ayında 43 il iş stajı ilə yaşa görə 240 (iki yüz qırx) manatla əmək pensiyasına çıxmışdır. Malik olduğu stajı 9 il 5 aydan artığını X2 4 il 11 aydan artığını isə Əmək və ƏSM orqanlarında qulluq etmiş, 14 il 4 aydan artıq qulluq stajı olduğuna görə ona yaşa görə əmək pensiyasına qulluq stajına görə əlavə pul verilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 mart 2018-cil il tarixli, 012-10538T-3218 saylı arayışa əsasən 07 sentyabr 1979-cu ildən 13 yanvar 1987-ci il tarixə qədər X2 xidmət etmişdir. Azərbaycan Respublikası Şirvan İnzibati Məhəkəmsinin 24 may 2024-cü il tarixli, 4-9/2-T-24-6/24 saylı məktubunda ərizəsinə cavab olaraq qeyd etdiyi məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etməlidir. 10 iyun 2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına dövlət qulluqçusu kimi pensiya almağı üçün müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 1 iyul 24-cü il tarixli 3- 17-1/2-T-150910/2024 saylı ona verilmiş məktuba əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun dövlət qulluğu stajının 15 ildən az (4 il 11 ay 2 gün (xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövr) təşkil edir. Bu səbəbdəndə ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı onun X2 təqvim hesablanması ilə 9 il 05 ay 09 gününün xidmət etməyinin qulluq stajına əssasız olaraq hesablamamışdır. Onun ümumilikdə 14 il 04 ay 11 gün dövlət qulluqçusu kimi stajı vardır. Qeyd edilənləri nəzərə alaraq cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı (bundan sonra - Mərkəzi Filial) "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filalı tərəfindən 14 il 04 ay 11 gün dövlət qulluqçusu kimi stajının qəbul edilməsindən imtina edilməsinin qanunsuz və əsassız hesabedilməsi və ona dövlət qulluqçusu kimi əmək pensiyasının əlavələrlə birlikdə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildirilir ki, İddiaçı xx.xx.2024cü il tarixdə daxil olmuş müraciətinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filial tərəfindən aiddiyyəti üzrə baxılmışdır. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli imtina məktubuna əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (4 il 11 ay 2 gün (xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövr) təşkil edir. Bu səbəbdən də iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən ümumi şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. İddiaçının təqdim etdiyi Fondun 5 saylı X3 arayışına əsasən onun dövlət qulluğunda işləməsi və aylar üzrə əməkhaqqı alması müəyyən olunmuşdur. Lakin iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunda qeyd olunan 1979-1987-ci illərdə X2 təqvim illəri üzrə 09 il 05 ay 09 gün xidmət müddəti ümumi əsaslarla yaşa görə əmək pensiyasının tərkib hissəsidir və dövlət qulluğu stajı kimi nəzərə alınmamışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü - xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə mənasını ifadə edir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının X2 işlədiyi vəzifə dövlət qulluğunun xüsusi növünə aiddir və ümumi dövlət qulluğuna görə pensiya təyin olunması zamanı nəzərə alınmır. “Əmək pensiyaları haqqında” Qanunun 37.1-1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü iləəlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filalı tərəfindən 14 il 04 ay 11 gün dövlət qulluqçusu kimi stajının qəbul edilməsindən imtina edilməsinin qanunsuz və əsassız hesab edilməsi və ona dövlət qulluqçusu kimi əmək pensiyasının əlavələrlə birlikdə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər: İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirdi. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz etdiklərini bildirdi. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1994-cü il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2018-ci il tarixli, 012-10538-T-3218 nömrəli məktubundan görünür ki, 1957-ci il təvəllüdlü İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1987-ci ilədək X2 xidmət etmişdir. xx.xx.1986-cı il tarixdə xidmət müddəti: təqvimi hesablama ilə - 09 il, 05 ay, 09 gün təşkil edir (Əsas: arxiv şəxsi işin № Siyahı-15, Arx.739). İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-T-150910/2024 nömrəli məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, dövlət qulluğu stajının 15 ildən az (4 il 11 ay 2 gün (xx.xx.2001-xx.xx.2006-cı il tarixlər arasındakı dövr) təşkil edir. Bu səbəbdən də sizə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-13-17/2-759/2025 nömrəli məktubundan görünür ki, İddiaçı arxiv sənədləri öyrənilərkən onun Silahlı Qüvvələrdə xx.xx.1976xx.xx.1978-ci illərdə, X2 xx.xx.1979-xx.xx.1987-ci illərdə xidmət etdiyi və xidmət illərinin 13 yanvar 1987-ci il tarixə təqvimi hesablama ilə - 09 il, 05 ay, 22 gün təşkil etdiyi müəyyən olunmuşdur. İddiaçı xx.xx.1979-xx.xx.1987-ci illərdə X2 müvafiq ardıcıllığa uyğun xüsusi rütbə daşımaqla (milis sıravisi, milis kiçik serjantı, daxili xidmət leytenantı) xidmət etdiyindən onun tutduğu vəzifə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən “dövlət qulluğunun xüsusi növü”nə aid edilir. İşdə olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 9-3/2-127/2025 nömrəli məktubundan görünür ki, 1979- 1983-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyində rütbə nəzərdə tutulan vəzifələrdə xidmət müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 9-3/2-1162/2025 nömrəli məktubundan görünür ki, 1979-1987-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyində rütbə nəzərdə tutulan vəzifələrdə xidmət müddəti dövlət qulluğunun xüsusi növündə qulluq illərinə (xidmət illərinə) daxil edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.2-ci maddəsinə əsasən Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 7.1. dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.
9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 23.1. dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20.1.7. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. 20.1-ci maddəsinə görə qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş üzrə əsas məqam iddiaçının 1979-1987-ci illər nəzərə alındığı, yəni dövlət qulluqçusu kimi stajının 14 il 04 ay 11 gün təşkil etdiyi təqdirdə dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə qeyd edilən tələblərə cavab verib-verməməsi halıdır ki, həmin hissədə də məhkəmə tərəfindən tam araşdırma aparılmışdır. İlk öncə iş materiallarına əsasən iddiaçının 2 arqument irəli sürdüyü müəyyən edilir:
1. xx.xx.2005-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5 il müddət nəzərə alınmaqla təyinastın aparılması,
2. Və ya xx.xx.2005-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən şərtlər ödənilnmədiyi təqdirdə Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsi əsasında iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olan vaxtda 5 il dövlət qulluğu stajı olsa da, bu hal iddianın təmini əsası qismində çıxış etmir. Birincisi, iddiaçının xx.xx.2005-ci il tarixədək 5 il dövlət qulluğu stajı olsa da, o həmin dövrdə əlilliyə görə işdən çıxmamışdır. Belə ki, iş materiallarında olan pensiya işindən olan qeydlərdən görünür ki, iddiaçıya əlilliyə görə pensiya xx.xx.2017-ci il tarixdə təyin edilmişdir. Həmin dövrdə vətəndaşın yaşa görə əmək pensiyası hüququ tamam olmamışdır. Belə olan halda xx.xx.2005-ci il tarixədək qüvvədə olan “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinin tələblərinin iddiaçıya münasibətdə tətbiq edilməsi istisna olunur. İkincisi isə odur ki, xx.xx.2005-ci il tarixdən sonra belə qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçı tərəfindən ödənilmədiyindən, həmin dövrdə olan normaların ona münasibətdə tətbiq edilməsi mümkün deyildir. Belə ki, iddiaçıya müraciəti əsasında xx.xx.2017-ci il tarixdə əlilliyə görə pensiya təyin edilmiş və həmin pensiyanı xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. olsa da və 5 il dövlət qulluğu stajına malik olsa da, o, xx.xx.2006-cı il tarixdə əlilliyə görə pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda əmək fəaliyyətində olmuşdur. Həmçinin iddiaçının həmin dövrdə yaşa görə əmək pensiya hüququ yaranmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.11- 1-ci maddəsi əsasında iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olub-olmamasına münasibət bildirilməsi zəruridir. Normanın məzmununa görə vətəndaşın 14 il 04 ay 11 gün qulluq stajı (dövlət qulluğunda) əsasında dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yalnız 2 əsas olduğu halda yaranır: - dövlət qulluğuna xitam verilməsi bilavasitə publik hüquqi şəxsin yaradılması ilə əlaqədar olmuşdursa; - 15 il qulluq stajının toplanmasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda. Dövlət qulluğuna xitam verildiyi tarixə iddiaçı 14 il 04 ay 11 gün qulluq stajına malik olsa da, onun “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsi əsasında pensiya hüququnun yaranması istisna olunur. Qüvvədə olan qanunvericilik dövlət qulluğçusu kimi yaşa görə əmək pensiyasının 14 il 04 ay 11 gün qulluq stajı əsasında təyinatını konkret müddəa əsasında təsbit etmişdir ki, bu zaman dövlət qulluğuna xitam verilməsinin bilavasitə publik hüquqi şəxsin yaradılması ilə əlaqədar olmasını şərtləndirmişdir. Hazırki mübahisə üzrə iddiaçının dövlət qulluğuna xitam verilməsi publik hüquqi şəxsin yaradılması ilə bağlı olmadığından, “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-1ci maddələri ona münasibətdə tətbiq edilmir. İddiaçının dövlət qulluğunda tələb olunan 15 il stajı olmadığından həmin hissədə də hüququnun yaranmadığı müəyyən edilir. Belə olan halda, imtinanın əsasında dayanan hal əsası aradan qalxsa belə qanunvericiliyin tələbləri üzrə iddiaçının hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə tələbi əsaslı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1400/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.