Məhkəmə qərarları › İş №2-1(106)-944/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-944/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-944/2025 28.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2-1(120)-1405/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Saatlı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 saylı qərarının X3, X12, X13, X14, X9 və X16 münasibətdə ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 22 sentyabr 2025-ci il tarixli, 2- 1(120)-1405/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan qərardan iddiaçı ən azından 2002-ci il il tarixdən (şəhadətnamənin verilməsi tarixindən) rəsmi qaydada məlumatlı olmuşdur. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişdirilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmiş, əksinə qərarın mövcudluğundan, yəni müddətin buraxılmasından xəbərdar olduğu vaxtdan 20 il keçdikdən sonra məhkəməyə müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi hazırkı mübahisəyə münasibətdə ərizənin müddətə dair normalara əməl olunmaqla verilməsi şərti yerinə yetirilməmişdir. Bu baxımdan ərizə mümkün sayılmamalı və mümkünlük şərti olan müddətinin buraxılması ərizəçinin (iddiaçının) məsuliyyət sferasına aid edilməlidir. Yeni açılmış hallar ilə bağlı ərizələrdə olduğu kimi həmçinin prosessual müddətin bərpa edilməsi barədə ərizələrdə də eyni yanaşma tətbiq olunmalı, mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi yoxlanılmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-312/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı). Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. Əgər ərizə qanunvericilikdə nəzərdə tutulmuş normalara əməl olunmaqla verilməmişdirsə, bu zaman ərizə mümkün sayılmamalıdır. Hazırkı halda iddianın mümkün hesab edilməməsinin yeganə əsası müddətin ötürülməsi ilə bağlıdır ki, həmin ərizənin də müddətlə bağlılığı ayrıayrı qərardad çıxarılmaqla onlardan ayrı-ayrılıqda şikayət verilməsi əvəzində vahid qərardadın qəbulunu iddiaçının həmin qərardaddan şikayət vermək hüququnun istifadəsini asanlaşdırdığı qənaətindədir. Bu zaman oxşar məzmunlu ifadələrin iki ayrı qərardadda əks olunmasını da məhkəmə əhəmiyyətsiz hesab edir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbi onunla əsaslandırmışdır ki, X3 ilə 24 mart 1992-ci il tarixdə rəsmi qaydada nikaha daxil olmuşdur. Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikaha xitam verilmişdir. Bununla belə ona mülkiyyət hüququ ilə məxsus yaşayış evi əsassız olaraq üçüncü şəxslərin ümumi birgə mülkiyyətinə keçmişdir. Fərdi yaşayış evinin hansı əsaslarla üçüncü şəxslərin ümumibirgə mülkiyyətinə keçməsi barədə onun məlumatı olmamışdır. Mübahisəli fərdi yaşayış evi ona atası X2 miras qalmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində iddia ərizəsində göstərilən dəlillərə istinad edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlərr. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -2002-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN 311A, KOD 90808028 №-li şəhadətnamənin surətindən müəyyən olunur ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə X10, X1, X5, X4, X7, X6, X8 mülkiyyətinə 0,20 ha torpaq sahəsi ayrılmışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Saatlı rayonu Məmmədabad kəndində 0,2002 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixdə X10, X1, X15, X4, X7, X6, X8 ümumi birgə mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydə alınmışdır. Qeyd olunan Şəhadətnamənin verilmə tarixindən göründüyü kimi, iddiaçının 2002-ci il tarixdən torpaq sahəsinin ona və digər şəxslərə ümumi birgə mülkiyyət kimi verilməsindən məlumatı olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq, mübahisələndirilən qərardan şikayət verilməsi müddətinin bərpasına dair ərizəni mümkünsüz saymış, eyni zamanda nəticə etibarilə bu əsasla mahiyyəti üzrə iddianı da mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir (maddə 10). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016- 2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Aqrar İslahat Komissiyasının qərarının ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Göründüyü kimi sözügedən qərarın mübahisələndirilmə imkanı aradan qalxmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2-1(120)-1405/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar