Məhkəmə qərarları › İş №2-1(106)-95/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-95/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-95/2025 17.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “05 iyul 2021-ci ildə təkrar yanvar 2021-ci il ƏDV bəyənnaməsi ilə bağlı qəbul edilən **********230600 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(120)- 1085/2024 nömrəli qərarından cavabdehin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, qərar qəbul etdi. İ.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “05 iyul 2021-ci ildə təkrar yanvar 2021-ci il ƏDV bəyənnaməsi ilə bağlı qəbul edilən **********230600 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-1067/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-120/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, **********950100 qərarın ləğv edilməsi» barədə iddia tələbi təmin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-120/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-191/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-120/2022 nömrəli dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-191/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-394/2023 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-191/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)- 242/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-120/2022 nömrəli qərarı ləğv edilərək işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3661/2024 nömrəli qərardadı ilə iddia tələbinə “05 iyul 2021-ci ildə təkrar yanvar 2021-ci il ƏDV bəyənnaməsi ilə bağlı qəbul edilən **********230600 nömrəli qərarın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 17 fevral 2021-ci il tarixində 6 sayli Ərazi Vergilər Baş İdarəsi tərəfindən keçirilmiş kameral vergi yoxlaması zamanı onun onlayn kargüzarlıq unvanına gödərilmiş **********1303400 nömrəli məktuba əsasən 08 aprel 2021-ci il tarixdə **********950100 nömrəli qərar qəbul olunmuşdur. 2021-ci il yanvar ayı üzrə ona 14822.68 manat vergi hesblanmışdır. 09 aprel 2021-ci il tarixində **********607100 nömrəli qərara əsasən 6 sayli Vergilər Baş İdarəsi 9497.12 manat məbləğdə vergi, 417.87 manat faiz hesablanmış və onun ƏDV sub-uçot hesabım dondurulmuşdur. Yanlış məlumatlar əsasında qəbul olunmuş qərarları aşağıdakı səbəbdən əsassız hesab edir. Yuxarıda göstərilən qərarlar 6 sayli Ərazi Vergilər Baş İdarəsi tərəfindən 17 fevral 2021-ci il tarixində keçirilmiş kameral vergi yoxlaması **********303400 nömrəli məktub əsasında qəbul olunmuşdur. Məktubun 1-ci bəndində qeyd olunub ki, EBAV seriyalı 901714 nömrəli elektron qaimə-fakturası üzrə 255.54 manat ƏDV məbləği ödənilməmişdir. Məlumat yanlışdır: EBAV seriyalı 901714 nömərli elektron qaimə-fakturası üzrə əsas məbləğ 1993.82 manat, ƏDV məbləği 358.88 manat olmuşdur. xx.xx.2020-ci il tarixli Kapital bankın 607 nömrəli ödəniş tapşırığına əsasən 255.54 manat yox, 358.88 manat ödənilmişdir. Məktubun 2-ci bəndində qeyd olunmuşdur ki, EBAT seriyali 915621 nömrəli elektron qaimə-fakturası üzrə 215.46 manat ƏDV məbləği ödənilməmişdir. Məlumat yanlışdır: EBAT seriyali 915621 nömrəli elektron qaimə-fakturasi üzrə əsas məbləğ 1771.17 manat, ƏDV məbləği 318.80 manat olmuşdur. xx.xx.2020-ci il tarixli Kapital Bankın 559 nömrəli ödəniş tapşırığına əsasən 215.46 manat ƏDV yox 318.80 manat ƏDV məbləği ödənilmişdir. Məktubun 3-cü bəndində qeyd olunur ki, EBAQ seriyalı 884232 nömrəli elektron qaimə-fakturası üzrə 61.30 manat ƏDV məbləği ödənilməmişdir. Məlumat yanlışdır: Qeyd edir ki, EBAQ seriyali 884232 nömrəli elektron qaimə-fakturası üzrə əsas məbləğ 914.73 manat, ƏDV məbləği 164.65 manat olmuşdur. xx.xx.2021-ci il tarixli Kapital bankın 607 nömrəli ödəniş tapşırığına əsasən 61.30 manat ƏDV məbləği yox,164.65 manat ödənilmişdir. Məktubun 4-cu bəndində qeyd olunur ki, komeral vergi yoxlamasında ƏDV bəyannaməsinin 3 nömrəli əlavəsində dövr ərzində daxil olmuş avans məbləğlərinin cəmi 169488.32 manat göstərilib. Qərarda göstərilən rəqəm yanlışdır. Ancaq faktiki olaraq yanvar 2021-ci il tarixi üzrə kapital bankda olan hesab dövriyyə sənədlərində daxil olan avans məbləğlərinin cəmi 84.940.72 manat olmuşdur. **********1303400 nömrəli məktuba 17 fevral 2021-ci il tarixində onun tərəfindən cavab yazılmışdır. Ancaq məsələ öz həllini tapmamışdır. Hər ay onun Kapital bankda olan hesab dövriyyə sənədləri, onlayn vergi kassa aparatının dövriyyə sənədləri və həmin dövr üçün ödənilən və əvəzləşdiriliən elektron qaimə-fakturalar 6 sayli Ərazi Vergilər Baş İdarəsinin öhdəsində olmasına baxmayaraq, yenə də yanlış məlumatlar əsasında qərarlar qəbul etmişdir. Bundan sonra iddia Şirvan İnzibati Məhkəməsi tərəfindən təmin edilmiş və daha sonra Şirvan Apelyasiya Məhkəməsi tərəfindən qüvvədə qalsa da, Ali Məhkəmə tərəfindən mahiyyəti üzrə cavabdeh inzibati orqanın yeni 05 iyul 2021-ci il tarixli qərarının qəbul edilməsi olmuşdur. Hesab edir ki, məhkəmə çəkişməsi zamanı cavabdehin əsassız olaraq əvvəlki qərarını ləğv edərək yenidən qərar qəbul etməsi məhkəməyə və hakimlərə qarşı böyük hörmətsizlik kimi qiymətləndirilməlidir. Odur ki, qeyd olunanların nəzərə alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdehin iddia ərizəsinə etiraz verərək vergi ödəyicisi tərəfindən dəqiqləşdiirlmiş gəlir vergisi bəyannaməsi və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə 2021-ci il yanvar ayı ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 16210.74 manat ƏDV hesablanmış və xx.xx.2021-ci il tarixli **********230600 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1085/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında xx.xx.2021-ci il tarixli, **********230600 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. İİ. Apellyasiya şikayətinin dəlilləri: Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1085/2024 nömrəli qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, borclu vergi ödəyicisi İddiaçı (VÖEN: **********) kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləğləri aşağıdakı əsaslarla hesablanmışdır. Vergi ödəyicisi İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2021-ci ilin yanvar ayı ƏDV bəyannaməsi üzrə yaranmış təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAW seriyalı 324399 nömrəli elektron qaimə-fakturası (VHF-si)üzrə "VEST PRODUKT MARKETİNQ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (**********)-a 61.29 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz, Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAT seri yalı 915621 nömrəli elektron qaiməfakturası (VHF-si) üzrə "VEST PRODUKT MARKETİNQ" MƏHDUD MƏSULİYYƏTCLƏİ MİYYƏTİ (**********)-a 306.75 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaiməfakturası(VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz, təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAV seriyalı 901714 nömrəli elektron qaimə-fakturası (VHF-si)üzrə "VEST PRODUKT MARKETİNQ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (**********)- a 201.79 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. Elektron uyğunsuzluqlara və kameral vergi yoxlaması aparıldıqdan sonra vergi ödəyicisi yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə 87 017.53 manat dövriyyə məbləği azaldılmaqla debitor saxlanılmış, lakin vergi ödəyicisi tərəfindən azalmaya əsas verən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün həmin dövrriyyə məbləği yenidən vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********674300 nömrəli bildiriş göndərilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdiirlmiş gəlir vergisi bəyannaməsi və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə 2021-ci il yanvar ayı ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 16210.74 manat ƏDV hesablanmış və xx.xx.2021-ci il tarixli **********230600 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir. İşinfaktiki halları ilə bağlı bildiririk ki, vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bundan əlavə vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Məhkəmə iş materiallarında Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3828 nömrəli ekspert rəyi mötəbər sübut kimi qiymətləndirir”. Məhkəmənin qeyd olunan hüquqi mövqeyi və sübutu qiymətləndirməsi standartı müəyyən olmamaqla yanaşı, yəni qeyri-müəyyən olmaqla yanaşı, həm də tam anlaşılmayandır. Belə ki, hakim qəbul etdiyi qərarın hüquqi və faktiki əsasını təşkil edən may xx.xx.2024-cü il tarixli, 9/3828 nömrəli ekspert rəylərini qiymətləndirməli olduğu halda qiymətləndirməmişdir. Hakimin mötəbər sübut hesab etdiyi ekspert rəyini qiymətləndirməməsi sadə şəkildə qərardan da görünməkdədir. Hakim mötəbər sübut hesab etdiyi ekspert rəyinin mötəbərliyini sadəcə bir cümlə ilə ifadə etmiş və həmin rəy üzrə təqdim etdiyimiz etirazın dəlillərinə münasibət bildirməmiş və qəti şəkildə sübutun qiymətləndirilməsindən qanunsuz və əsasszı olaraq çəkinmişdir. Halbuki prosessual qanunvericilik tələb edir ki, hakim təqdim olunmuş bütün sübutlara, dəlillərə və arqumentlərə münasibət bildirməli, mötəbər hesab etdiyi sübutun mötəbərliyini əsaslandıran halları sadalamalı və əsaslandırmalıdır. Göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1085/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsi xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1085/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə rəsmi məlumat verilməmişdirlər. İşin hallarına əsasən məhkəmə işə nümayəndəni iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin istinad olunmuş maddələrində qeyd olunmuşdur; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3.2 Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanmasıhaqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3 və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Maddə 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. V. Apellyasiya instansiyasının məhkəmə icraatı: Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətə baxılması mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 08 aprel 2021-ci il tarixli, **********950100 nömrəli qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 14.822,68 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 14.822,68 manat müəyyən edilmişdir. Cavabdeh iddiaçıya yanvar 2021-ci il üçün ƏDV ilə bağlı xx.xx.2021-ci ildə təqdim etdiyi dəqiqləşmiş bəyannaməsi ilə bağlı xx.xx.2021-ci il tarixli bildiriş göndərmişdir. Bundan sonra xx.xx.2021-ci ildə cavabdeh iddiaçıya yanvar 2021-ci il üçün ƏDV dəqiqləşdirilmiş bəyannamə ilə bağlı bu dəfə 16.210 manat ƏDV hesablamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2024-cü il tarixli, 9/3828 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan sənədlərə (iddiaçıya məxsus bank hesabları, ƏDV-nin sub-uçot hesabları, elektron qaimə fakturalar və s.) əsasən vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə 90059,66 manat dəyərində elektron qaimə-fakturanın yazılmaması və bank hesablarına 90059,66 manat vəsaitin daxil olmaması müəyyən olunur. Belə ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan sənədlərə (iddiaçıya məxsus bank hesabları, elektron qaimə fakturalar və s.) əsasən İddiaçı tərəfindən 87140,12 manat məbləğində mal alınmış və onun bank hesabına ümumilikdə 84940,72 manat məbləğində pul vəsiti daxil olmuşdur. Yəni “xx.xx.2021-ci il tarixli, **********230600 nömrəli qərarla vergi ödəyicisinə 2021-ci ilin yanvar ayı üzrə hesablanmış 16210.74 manat məbləğində ƏDV üzrə borc məbləği müəyyən olunmur. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarından göründüyü kimi, ƏDV-nin subuçot hesabına 90059.66 manat məbləğin 18 faizi yəni 16210.74 manat vəsait İddiaçı ƏDV sub-uçot hesabına daxil olmamışdır. Qeyd edilir ki, təqdim edilmiş iş materiallarında idxal-ixrac əməliyyatları, müqavilələr öz əksini tapmamışdır. Eyni zamanda bildirilir ki, iş materiallarında öz əksini tapan iddiaçıya məxsus bank hesabları, ƏDV-nin subuçot hesabları, mühasibat sənədləri və digər sənədlərdə (məlumatlarda) ƏDV (debitor borclar üzrə) bəyannaməsində göstərilən 87.017.53 manat məbləğini müəyyən etmək mümkün olmadı. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi 05 iyul 2021-ci ildə təkrar Yanvar 2021-ci il ƏDV bəyənnaməsi ilə bağlı qəbul edilən **********230600 nömrəli qərarına əsasən hesablanmış 16210.74 manat cərimə ilə bağlı bildirilir ki, qeyd edilən cərimə məbləği deyil, vergi orqanı tərəfindən hesablanmış ƏDV məbləğidir. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı fəaliyyəti üzrə aparılmış kameral vergi yoxlamasının nəticələrinə görə qəbul edilmiş «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması» haqqında xx.xx.2021-ci il tarixli, **********230600 nömrəli qərara əsasən müəyyən edilmiş vergi məbləğinin düzgünlüyü müəyyən edilməmişdir. Cavabdeh orqan tərəfindən ekspert rəyinin əksini təsdiq edəcək hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, **********230600 nömrəli qərarı yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə zidd olmaqla yanaşı, iddiaçı üçün qanunsuz əlverişsiz inzibati aktdır. Ona görə də həmin qərarın ləğv olunması barədə birinci instansiya məhkəməsinin qərarı qanuni hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsasslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmmalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1085/2024 nömrəli qərarı dəyişirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar