Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-951/2025 28.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli, 2-1(120)-5253/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın İddiaçı aid hissədə ləğv edilməsi və əlilliyin bərpa olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının 21 may 2024-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi və həmin tarixdən ona Komissiyanın xx.xx.2003-cü il tarixli qərarı ilə təyin olunmuş müddətsiz əlilliyin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 28 oktyabr 2025-ci il tarixli, 2- 1(120)-5253/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı təyin olunmuş ümumi xəstəliklə əlaqədar birinci dərəcəli (orqanizmin funksiyalarının pozulması 81-100 %) müddətsiz əlilliyin may 2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı barəsində qəbul edilmiş və qüvvədə olan əlverişli inzibati akt cavabdeh inzibati orqan tərəfindən ləğv edilmişdir. Bununla əlaqədar, ilk növbədə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki inzibati aktının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan inzibati aktı, yəni qərarı sonradan təftiş etmək imkanına sahibdir. Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, əvvəlki aktın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, əlilliyin təyini ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Hazırki halda inzibati orqan iddiaçıya ünvanladığı bildirişində sözügedən Əsasnamənin 3.7-ci maddəsinə istinad edir. Cavabdehin istinad etdiyi sübut isə ümumiyyətlə mövcud deyil və mücərrəd xarakter daşıyır. Belə ki, şübhəli halların nədən ibarət olması nə iddiaçıya, nə də ki məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Həmçinin cavabdeh orqan tərəfindən təqdim edilmiş iddiaçıya ünvanlanmış ikinci bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli bildirişlə iddiaçını xx.xx.2024-cü il tarixə, yəni 2 ay əvvələ Agentliyə əyani müayinəyə dəvət etmişdir. Qeyd edilməlidir ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş qərarda: əlilliyin qiymətləndirməsi nəticəsi ləğv edilmişdir, ləğv etmə səbəbi: TSEK-in yanlış verdiyi imtina qərarının ləğvi, ləğv etmə səbəbi xx.xx.2024-cü il göstərilmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixə Agentliyə dəvət edilmişdir, bu halda iddiaçı barəsində xx.xx.2024-cü il tarixdə cavabdeh orqan tərəfindən qərar qəbul edilə bilməz, xx.xx.2024-cü il tarixdə keçirilmiş əyani müayinə nəticəsində cavabdeh orqan iddiaçının və digər şəxslər barəsində qərar qəbul edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2003-cü il tarixdə müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir. 2024-cü ilədək fasiləsiz olaraq pensiyasını almışdır. Daha sonra 2024-cü ilin ortalarında Agentlikdən ona əyani müayinəyə dəvət olunmağı ilə bağlı bir məktub gəlmişdir. Məktubda monitorinq tədbirlərinin həyata keçirildiyini, əsaslı şübhələr olduğu bildirilmişdir. Əyani müayinə zamanı qərəzli şəkildə əlilliyi ləğv edilmişdir. Onun xəstəliyi hal-hazırda da var, hətta ağırlaşmalar da mövcuddur. Maddi hüquq normaları ilə istənilən ekspert onun xəstəliyini təsdiq edə bilər, lakin o, cavabdehin qanunsuz inzibati icraatından şikayətçidir. Onun müddətsiz əlilliklə bağlı qərarında heç bir rüşvət, hədəqorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olma halı yoxdur. Cavabdeh tərəfindən, ümumiyyətlə, bu əsaslandırılmamışdır. Barəsində əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı qərar ona təqdim edilməmişdir. Onun qərarla bağlı heç bir məlumatı yoxdur. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2003-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Keçirilmiş açıq kəllə-beyin travmasının nəticəsində sağ trəfəli hemiplegiya ilə. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz təsdiqini tapmadi qərarı qəbul edilmişdir” barədə qərar qəbul edilmişdir. Səbəbi ilə imtina verilmişdir. Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 21 (iyirmi bir) nəfərə dair xx.xx.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişlixəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 4 (dörd) nəfərinin əyani müayinəsini həyata keçirmiş, 17 (on yeddi) nəfər vətəndaş isə müayinəyə gəlmədiyindən tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış və aşağıdakıları müəyyən etmişdir. İddiaçı 3-17- 4/2-H-11656/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilsin, xx.xx.2003-cü il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi xüsusi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə etmişdir. Prosessual məsələlər İddiaçının nümayəndəsi şikayətin dəlillərini qəbul etməmiş və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi şikayətin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə, iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2003cü il tarixli qərarına əsasən İddiaçı müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2024cü il tarixli qərarında göstərilmişdir ki, İddiaçı - Əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilsin. xx.xx.2003-cü il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. -Masallı rayon, Həsənli kənd sakini X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı ərizədə qeyd edilmişdir ki, yaşadığı Masallı rayon, Həsənli kəndində yaşayan bir çox şəxslərə saxta əlillik təyin etdirmişdir. İddiaçı həmin şəxslərin siyahısına daxildir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan normaların şərh olunmasını zəruri hesab edir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin vahidliyini təmin edən 3 ulduzla işarələnmiş 2-1(102)-1043/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarında sərgilədiyi mövqe ondan ibarət olmuşdur ki, əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. İnzibati orqanın özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyi, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qənaətində olduğu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Hazırki mübahisə üzrə cavabdeh əlillik təyinatına dair əvvəlki qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmiş, lakin iddiaçının müayinəyə cəlb edilməsi əsaslarına dair hər-hansı əsaslı sübut və dəlil təqdim etməmiş, məsələyə aidiyyəti olmayan vətəndaş müraciəti əsasında inzibati icraat aparmışdır. Başqa sözlə, şəxsin risk qrupuna aid olmasını şərtləndirən əsaslar olmadan onun müayinəyə cəlb edilməsi öz-özlüyündə qanunvericiliyin, o cümlədən "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə ziddir. "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi şərtləri və əsasları öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Şərti olaraq qəbul etsək ki, birinci şərt ödənilmişdir və iddiaçının əlillik vəziyyətində olması məsələsinə yenidən baxılmalı idi, bu halda ikinci şərt də öz növbəsində ödənilməli idi. Başqa sözlə, iddiaçı əyani şəkildə müayinə olunduğu və əvvəlki qərarın qanunsuz olmasını əsaslandıran yeni hüquqi və ya faktiki hallar ortaya çıxdığı təqdirdə cavabdeh öz əvvəlki qərarını ləğv edə, dəyişdirə bilərdi. İşin araşdırılmış hallarından görünür ki, cavabdeh sonradan yaranmış hüquqi və ya faktiki halın hansısa şəxsin müraciətinə əsasən yarandığına istinad etmiş, lakin nəzərə almamışdır ki, ona iddiaçının əlillik vəziyyətində olmaması barədə müraciət müəyyən sahə üzrə ixtisaslaşmış şəxs və ya müəssisə tərəfindən olmadığından həmin müraciət mötəbər və rəsmi mənbələrdən əldə edilmiş məlumat hesab edilə bilməzdi. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaçını əyani şəkildə müayinə etmədən və onun orqanizmində patofunksional pozuntunun mövcud olub-olmamasını müəyyən etmədən əvvəlki qərarının qanunsuz olması qənaətinə gəlmişdir ki, bu hal yuxarıda qeyd olunan normativ hüquqi aktların tələblərinə və inzibati icraatın prinsiplərinə ziddir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli, 2-1(120)-5253/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-951/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-951/2025
28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver