Məhkəmə qərarları › İş №2-1(106)-954/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-954/2025

19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-954/2025 19.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğvi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1545/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xəstəliyinə uyğun olaraq əlillik təyin olunması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 20 oktyabr 2025-ci il tarixli, 2- 1(120)-1545/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində təyin edilmiş əlilliyin ləğv edilməsinə dair öz təşəbbüsü ilə inzibati icraatın başlanılmasının konkret əsasları müəyyən edilməmiş, qəbul edilmiş əlverişsiz inzibati akt əsaslandırılmamış, iddiaçının əyani müayinədə iştirakı təmin edilməmişdir. Bu səbəbdən də mübahisələndirilən qərarın ən azından prosessual baxımından qanuniliyindən söhbət gedə bilməz. Prosessual baxımından qanunsuz inzibati aktın qanuniliyindən isə “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbi baxımından söhbət gedə bilməz. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdeh tam reabilitasiya olma ilə bağlı inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamışdır. Əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi ilə bağlı isə məhkəmə bildirmişdir ki, iddiaçıya təyin olunmuş əlillik onun barəsində “tam reabilitasiya olunma” barədə qərar qəbul edilməklə dayandırıldığından, əllik məhz həmin tarixdən, yəni xx.xx.2024-cü il tarixdən bərpa olunmalıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 5 il döyüşmüşdür. 1992-ci ilin avqust ayından, 1996-cı ilin noyabr ayınadək döyüşlərdə iştirak etmişdir. Topçu vəzifəsini icra etmişdir. Düşmənin neçə texnikasını və canlı qüvvəsini məhv etmişdir. Bununla bağlı neçə təşəkkürnamələri var. Döyüşlərdə fərqlənmişdir. xx.xx.2012-ci ildə ona təyin olunmuş ömürlük 2-ci dərəcəli əlillik səbəbsiz yerə dayandırılmışdır. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Yardımlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni Sağ ağciyərin səpələnmiş vərəmi.Pnevmoskleroz TÇ İİ dərəcə.Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir.Səbəbi ilə imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, məhkəmə işi tam araşdırmamış, əsassız olaraq inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. İnzibati icraat qanuni başlanılmışdır. Prosessual məsələlər: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməmişdir, həmçinin o, iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə və müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq heç bir üzrlü səbəb bildirmədən nümayəndəsi məhkəmə iclas zalında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: - Agentlik tərəfindən İddiaçı ünvanlanmış bildirişdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. xx.xx.2024-cü il tarixində saat 14:00-a qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç.134) əyani müayinəyə dəvət olunmuşdur. Əyani müayinəyə gələrkən özü ilə mövcud xəstəliyinə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (məs: qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə - İZ formalı akt, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməyi xahiş olunur. Əyani müayinəyə gəlmədiyi halda, iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəkdir. - İddiaçı aid: xx.xx.2012-ci il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X3 İ sinif - Bəzi infeksion və parazitar => A15-A19-Vərəm =>A15- Tənəffüs orqanlarının bakteroloji və histoloji təsdiq edilmiş vərəmi =>A15.0-Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilir. Diaqnozun mətni: Sağ ağciyərin səpələnmiş vərəmi. Pnevmoskleroz TÇ İİ dərəcə. Diaqnoz öz təsdiqini tapmaması-Səbəb Diaqnoz təsdiqini tapmadı qərarı qəbul edilmişdir. - Agentliyin Tibbi-sosial ekspert komissiyasının 3-17-4/3-1-14173/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Nazirlik tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası’nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 20 (iyirmi) nəfərə dair xx.xx.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 11 (on bir) nəfərinin əyani müayinəsini həyata keçirmiş, 9 (doqquz) nəfər vətəndaş isə müayinəyə gəlmədiyindən tibbi ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış, ümumilikdə 20 (iyirmi) nəfər barəsində qərar verilmiş və aşağıdakıları müəyyən etmişdir. Yardımlı rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.2012-ci il tarixində qiymətləndirilmiş və ona “Sağ ağciyərin səpələnmiş vərəmi. Pnevmoskleroz. Tənəffüs çatmamazlığı ikinci dərəcə."diaqnozu ilə Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-A- 13460/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, qüvvədə olan əlillik təyinatı ləğv edilsin, xx.xx.2012-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. - Agentliyin 15 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0001 №-li, xx.xx.2012-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2012-ci il tarixdə təyin olunmuş ikinci dərəcəli müddətsiz əlillik əlilliyin qiymətləndirilməsi nəticəsində ləğv edilmiş, ləğv edilmə tarixi xx.xx.2024-cü il qeyd olunmuşdur. - Agentliyin 3-17-4/2-27622/2024 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2012-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri çərçivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, vətəndaş X7 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Agentliyə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-17-4/1-Ə-13216/2024 nömrəli müraciət ərizəsində yaşadığı Yardımlı rayonu üzrə bəzi vətəndaşların adlarını qeyd edərək əlillik vəziyyətlərinin saxta olduğunu bildirmişdir. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qurupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2024-cü il tarixli, 3-17-4/2-A13460/2024 nömrəli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. - Yardımlı rayonu Separadi kənd sakini X6 xx.xx.2024-cü il tarixli ərizəsindəki siyahıda İddiaçı adı 14-cü sırada qeyd olunmuşdur. Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə müayinə olunmuş Agentliyin sosial ekspert komissiyasının 3-17-4/3-3-8227/2024 №-li xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-5127/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnoz öz təsdiqini tapmadı” qərarının ləğv edilməsi, xx.xx.2012-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərarın bərpa edilməsi, xx.xx.2024-cü il tarixindən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. - “X2 İnstitutu” X10 3-28-9/2-588/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2024-cü il tarixli göndərişi ilə İnstituta müraciət etmişdir. Müvafiq müayinələrdən sonra İddiaçı “Xroniki bronxitin kəskinləşməsi. Keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlaməti: fibroz, bərk ocaqlar şəklində” diaqnozu qoyulmuş və ambulator kitabçadan çıxarış verilmişdir. Məkumat üçün qeyd edilmişdir ki: “Sağ ağciyərin səpələnmiş vərəmi. Pnevmoskleroz. Tənəffüs çatmamazlığı ikinci dərəcə” diaqnozu barədə İddiaçı məxsus ambulator tibbi kitabçada heç bir qeyd yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İşdə olan Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilmiş T 854/2024 №-li ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1-3,5-7. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Sağ ağciyərin səpələnmiş vərəmi, pnevmoskleroz, TÇ İİ dərəcə” diaqnozu xəstənin anamnestik, kliniki, labarator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş heç bir patofunksional dəyişiklik aşkar olunmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmadı. Vətəndaş İddiaçı DTSERA-da xx.xx.2024-cü il tarixdə əyani müayinəsinə spirometriya zamanı “FVC=77 % (yetmiş yeddi faiz), FEV1-81% (səksən bir faiz), FEV1/FVC=110 % (yüz on faiz), PEF=57 5 % ( əlli yedi faiz) restruktiv tipli yüngül ventilyasiya pozğunluğu qeyd olunur” müəyyən edilmişdir. Həmçinin həkim-ekspertlər tərəfindən ətraflı müayinə üçün “X2 İnstitutu”nuna göndəriş verilmiş, xx.xx.2024-cü il tarixində tibb müəssisəsində vətəndaşa aparılmış obyektiv və instrumental müayinələr nəticəsində diaqnoz “Xroniki bronxitin kəskinləşməsi” şəklində göstərilmiş, orada aparılmış spirometriya müayinəsinin nəticəsinə əsasən restruksiyanın üstünlüyü ilə qarışıq tipli yüngül ventiliyasiya pozğunluğu qeyd olunmuş, əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkarlanmamışdır. 4,8,9. Vətəndaş İddiaçı düçar olduğu xəstəlik tam reabilitasiya mərhələsindədir, belə ki, aparılmış uzunmüddətli müalicələr nəticəsində “Sağ ağciyərin səpələnmiş vərəmi, pnevmoskleroz, TÇ İİ dərəcə” sovrularaq yerində fibroz toxuma əmələ gəlmişdir. Şəxsin müayinəsi zamanı hal-hazırda onun əlavə müayinə və müalicəsinə zərurət yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 88 və 103-cü maddələrinin tələblərinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmə ekspert rəyi də daxil olmaqla sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliklə yalnız məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək qadağan edilir (“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsi). Beləliklə, hazırkı halda məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan kimi məhkəmə çıxış etdiyindən, müvafiq olararaq onun razılığı olmadan idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək yolverilməzdir. O da vurğulanmalıdır ki, cavabdehin nümayəndəsinin mübahisənin həlli üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertizada ekspert qismində iştirakı ekspertin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran əsas hesab edilməklə, prosessual qanunvericilikdə ekspertə etirazın əsaslarından biri kimi göstərilmişdir. Bu anlamda, Birlik tərəfindən qanuni əsaslar olmadan cəlb edilmiş cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş ekspert rəyinin məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməklə, həmin rəyə uyğun nəticəyə gəlinməsi prosessual qanunvericiliyin tələblərinə ziddir. Sübutetmənin və etirazın əsaslarını müəyyən edən prosessual normaların qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq edilməli olması zərurəti, digər tərəfdən də qanunvericinin idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində cəlb etmək məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxması göz önündə tutulmaqla hesab edilir ki, ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarda, məhkəmələr tərəfindən TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı nəzərdə tutula bilər. Lakin belə iştirak mütləq ekspertiza təyin etmiş məhkəmənin razılığı ilə baş tuta bilər. Odur ki, qeyd olunanlara əsasən kollegiya Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilmiş T 854/2024 №-li ekspert rəyini mötəbər sübut kimi qəbul etmir Kollegiya şikayətin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bunun üçün qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Təbii ki, birinci şərtin ödənilməməsi, ikinci şərtə keçidi mümkünsüz edir. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Cavabdeh iddiaçının əyani müayinəyə cəlb edilməsi barədə bildirişdə “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etsədə, əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar barədə heç bir sübuta əsaslanmamışdır. Kollegiya həmçinin qeyd edir ki, X7 adlı şəxsin “Yardımlı rayonu üzrə bəzi vətəndaşların əlillik vəziyyətlərinin saxta olması” ilə bağlı müraciəti əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut hesab edilə bilməz. İddiaçı tam reabilitasiya olunsa belə, həmin hal qanuni əsaslarla təyin edilmiş, iddiaçının etimad hüququnu qorunması da nəzərə alınmaqla əlilliyin ləğvinə əsas yaratmır. Qeyd olunanlarla yanaşı kollegiya diqqətə çatdırır ki, iddiaçıya 2012-ci ildə əlillik təyin edilmiş, 2024-cü ildə əyani müayinəyə cəlb edilmiş və müayinənin nəticəsi olaraq, xx.xx.2024-cü il tarixli qərarla əlillik təyinatından imtina edilmişdir. Bu qərardan sonra iddiaçı məhkəmədə iddia qaldırmışdır. Bundan sonra iddiaçı məhhkəmə qərardadına əsasən müayinə olunmuş xx.xx.2024-cü il tarixli qərarla imtina verilmişdir. Ona görə də məhkəmə araşdırmasının predmeti də məhz xx.xx.2024-cü il tarixli qərar qərar olmalıdır. Bundan sonrakı imtinalar isə mübahisə məhkəmə müstəvisində araşdırılarkən verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Bununla yanaşı, yuxarıda qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1545/2025 nömrəli qərarı dəyişdirilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Sosial Ekspert Komissiyasının İddiaçı barəsində olan xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və həmin tarixdən İddiaçı 2-ci dərəcə “Ümumi xəstəlik” ilə əlaqədar müddətsiz əlilliyin (elektron altsistemdə) bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar