Məhkəmə qərarları › İş №2-1(106)-955/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-955/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-955/2025 15.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2-1(120)-1213/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı qız (bundan sonra - iddiaçı) xx.xx.1964-cü il təvəllüdlüdür. Seriya ИT ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1981-ci ildə “Engels” adına sovxozda fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı ildə sovxozda aparılan islahatla əlaqədar işdən azad edilmişdir (15 il 1 ay 5 gün); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubunda qeyd qeyd edilmişdir ki, “...Lalə Hüseynəliyeva xx.xx.1996-cı il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında təkrar əyani müayinə olunmuş və komissiya onun 16 yaşınadək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul etmişdir. xx.xx.2000-ci il tarixdə ümumi xəstəlik səbəbindən “Sol bud çanaq oynağının anadangəlmə çıxığı. Ətrafın 8 sm qısalığı, kifoskalioz. Aşağı ətrafın funksiya pozğunluğu” diaqnozu ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.” Doğum haqqında şəhadətnamələrdən və icra nümayəndəliyinin arayışından görünür ki, İddiaçı qız X15, X16, X17, X12 və X14 adlı uşaqları doğub, onları 8 yaşınadək tərbiyə etmişdir. İddiaçının əri X8 xx.xx.2016-cı il tarixdən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Lənkəran-Astara regional filialının direktoru tərəfindən təsdiq edilmiş 02 iyul 2025-ci il tarixli aktda qeyd edilmişdir ki, “...DSMF-in 1 saylı Lənkəran-Astara regional filialının Lerik rayon şöbəsinin baş mütəxəssisi X22, Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd ərazi icra nümayəndəsi X19, Lerik rayon Təbrizli kənd sakini İddiaçı qonşuları X2 və X1 iştirakı ilə bu aktı ona görə tərtib edirlər ki, Lerik rayonu Təbrizli kənd sakini İddiaçı övladı X13 18 yaşınadək qulluq etmiş, əri birinci dərəcəli əlil X6 birlikdə yaşamaqla ona qulluq etməkdədir.” Cavbadeh tərəfindən iddiaçıya ünvanlanmış 22 avqust 2022-ci il tarixli **********0 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda qeyd edilmişdir ki, “...Təqdim etdiyiniz sənədlərin surətlərinə (sağlamlıq imkanları məhdud övladı X5 xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək qulluq etdiyi dövlər nəzərə alınmaqla) əsasən sığorta stajınız 17 il 11 ay 9 gün təşkil edir. ...Təqdim etdiyiniz xx.xx.2022-ci il tarixli 01/2 nömrəli arayış (əriniz X6 xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək qulluq etməyinizə dair) notarial təsdiq olunduqdan sonra sığorta stajınıza daxil ediləcək ki, həmin dövr nəzərə alınmaqla sığorta stajınız 23 il 7 ay 20 gün təşkil edəcək. Bildirilir ki, sağlamlıq imkanları məhdud övladınız L.Hüseynəliyevanın xx.xx.1996-cı il tarixdən əvvəlki müayinə aktı aşkarlanmadığından xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövr sığorta stajınıza daxil edilmişdir. Həmçinin, bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. ...Sizə xx.xx.2021-ci il tarixidən 130 manat yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən isə 180 manata çatdırılmışdır.” Cavbadeh tərəfindən iddiaçıya ünvanlanmış 03 may 2024-cü il tarixli 3-17-1/2-Ş- 105233/2024 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda qeyd edilmişdir ki, “...Təqdim etdiyiniz sənədlərin surətlərinə ümumi sığorta stajınız (xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək X6 qulluq etdiyi dövrlər nəzərə alınmaqla) 12 il 6 ay 5 gün təşkil edir. Həmçinin, bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialı ilə Lerik Rayon Dövlət Arxivinin birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən “Engels” adına sovxozda xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək adına əməkhaqqı hesablanan aylar (1982-ci il ərzində 9 ay, 1984-cü il ərzində 12 ay, 1985-ci il ərzində 11 ay, 1986-cı il ərzində 11 ay, 1987-ci il ərzində 3 ay, 1988-ci il ərzində 1 ay, 1989-cu il ərzində 1 ay, 1990-cı il ərzində 1 ay, 1993-cü il ərzində 7 ay, 1994-cü il ərzində 4 ay) sığorta stajınız da nəzərə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sizə xx.xx.2021-ci il tarixdən 5 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilib, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. ...Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən övladınız X3 qəyyumu qeyd edilmədiyi üçün xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. ...Sığorta stajınız qanunla nəzərdə tutulmuş sığorta stajına (25 ilə) tamamlanmır.” Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 17 4/3-18204/2024 nömrəli məktubda qeyd edilmişdir ki, “...X9 barəsində xx.xx.1996-cı il tarixdən ümumi xəstəlik səbəbindən 16 yaşınadək (xx.xx.1999-cu il tarixədək) sağlamlıq imkanları məhdud uşaq hesab olunmasına dair qərar qəbul edilmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü il təvəllüdllüdür. 5 uşaq doğub, onları tərbiyə etmişdir. Övladlarından biri anadangəlmə müddətsiz əlildir, həmçinin əri də xx.xx.2016-cı il tarixdən müddətsiz birinci dərəcəli əlildir. Onlara onun tərəfindən qulluq edilmiş və hazırda da edilir. Eyni zamanda, xx.xx.1981-ci ildən xx.xx.1996-cı ildək “Engels” adına sovxozda işləmişdir və bu barədə əmək kitabçasında qeyd var. İş materiallarında olan sənədlərə əsasən 25 ildan artıq sığorta stajı var və bu səbəbdən ona uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı əmək kitabçasına və arayışa əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək X6 qulluq etdiyi dövrlər nəzərə alınmaqla) 12 il 6 ay 5 gün təşkil edir. Fondun 1 saylı Lənkəran-Astara regional filialı ilə Lerik Rayon Dövlət Arxivinin birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən “Engels” adına sovxozda iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək adına əməkhaqqı hesablanan aylar (1982-ci il ərzində 9 ay, 1984-cü il ərzində 12 ay, 1985-ci il ərzində 11 ay, 1986-cı il ərzində 11 ay, 1987-ci il ərzində 3 ay, 1988-ci il ərzində 1 ay, 1989-cu il ərzində 1 ay, 1990-cı il ərzində 1 ay, 1993-cü il ərzində 7 ay, 1994-cü il ərzində 4 ay) sığorta stajı nəzərə alınmışdır. Həmin sovxozda əməkhaqqı hesablanmayan isə sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçıya xx.xx.2021-ci il tarixdən 5 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddiaçının övladı X5 qəyyum təyin edilmədiyi üçün xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Şirvan İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2-1(120)-1212/2025 nömrəli qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2-1(120)-1213/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər 8.1. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri ... 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. ...

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”

1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: ... 4.1.7. əlilliyi olan uşağa qulluqetmə müddəti üzrə:

1. qanuni nümayəndələrə münasibətdə əlilliyi olan uşağın doğum haqqında şəhadətnaməsinə, övladlığa götürənlərə münasibətdə övladlığa götürmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına, qəyyumlara və himayəçilərə münasibətdə isə qəyyumluq və ya himayəçiliyin müəyyən edilməsi barədə müvafiq qərara əsasən;

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 29. 14 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti 29.1. Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Maddə 30. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar.

Maddə 33. Qəyyumluq və himayəçilik ... 33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2-1(120)-1213/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qanunla tələb edilən yaş həddinə çatmış, həmçinin 25 il sığorta stajına malikdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Kollegiyaq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 8-ci maddələrinin qarşılıqlı təhlili ona deməyə əsas verir ki, iddiaçıya uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün o, 57 yaşa və yaşının tamam olduğu vaxt azı 25 il sıorta stajına malik olmalıdır. İnzibati orqan tərəfindən iddiaçının tələbinin təmin edilməməsinə əsas (həmin əsaslar apellyasiya şikayətinin dəlillərini təşkil edir) iddiaçının övladının qəyyumu təyin edilmədiyi üçün ona qulluq etdiyi xx.xx.1996-cı il tarixdən xx.xx.1999-ci il tarixədək; xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Engels” adına sovxozda işlədiyi dövrlərdə adına əmək haqqı hesablanmadığı dövrlər (əmək haqqı barədə qeydlər olan 60 ay (5 il) dövrlər nəzərə alınır), həmçinin əməkhaqqı cədvəlində 1981-ci il fərqli qələmlə və xəttlə yazıldığı üçün, 1983-cü il tarixinə aid qeyddə qaralama olduğu üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən iddaçının mübahisələndirilməyən sığorta stajı kimi onun sovxozda işlədiyi müddətdə əmək haqqı alması barədə məlumat olan müddət (5 il) və birinci dərəcəli əlil olan əri X6 xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək qulluq etdiyi dövrlər (7 il 6 ay 5 gün), cəmi 12 il 6 ay 5 gün təşkil edir. İlk növbədə kollegiya iddiaçının əlilliyi olan uşağa qulluq müddətinın xx.xx.1996-cı il tarixdən xx.xx.1999-ci il tarixədək olan dövrün sığorta stajı kimi nəzərə alınıb-alınmaması məsələsinə münasibətdə bildirilir ki, Azərbaycan Respublikası Mülki Mücəlləsinin, Ailə Məcəlləsinin və digər qanunvericilik normalarının müvafiq normalarının təhlili onu deməyə əsas verir ki, valideyinlərin yetkinlik yaşyına çatmayan övladlarına münasibətdə və ya onlarla bağlı özlərinin hüquqlarının həyat keçirilməsi üçün onların qanuni nümayəndələri kimi tanınması ilə bağlı əlavə prosedura (qəyyum təyin edilməsinə) ehtiyac yoxdur. Bu hüququ onlara qanun birbaşa verir. Hətta, həmin məsələni cavabdeh də apellyasiya şikayətində müvafiq Qaydaya istinad edərək göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının “Sosial sığorta stajının hesablanması” adlanan 4-cü maddəsinin 4.1.7 bəndinin 1-ci yarımbəndinə əsasən əlilliyi olan uşağa qulluqetmə müddəti üzrə - qanuni nümayəndələrə münasibətdə əlilliyi olan uşağın doğum haqqında şəhadətnaməsinə, övladlığa götürənlərə münasibətdə övladlığa götürmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına, qəyyumlara və himayəçilərə münasibətdə isə qəyyumluq və ya himayəçiliyin müəyyən edilməsi barədə müvafiq qərara əsasən sosial sığorta stajına aid edilir. Həmçinin, inzibati orqan iddiaçıya ilkin imtina (xx.xx.2022-ci il tarixli, səh. 7) verərəkən qeyd edlən dövrü nəzərə almış, sonradan həmin mövqeyini dəyişmişdir. Kollegiya hesab edir ki, qeyd edilən məsələ ilə bağlı cavabdehin mövqeyi qanuni hesab edilə bilməz Kollegiya iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Engels” adına sovxozda işlədiyi dövlər ilə bağlı mübahisəyə münasibətdə isə qeyd edir ki, cavabdeh orqan əmək kitabçasında qeyd olunan müəyyən dövrləri (əmək haqqı alınmadığı iddia edilən dövrlər) nəzərə almamasına rəğmən, iddiaçıya məxsus əmək kitabçasının həmin dövrə aid qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatının gedişində də həmin dövrə aid qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı hal müəyyən olunmamışdır. Odur ki, məhkəmə haqlı olaraq iddiaçının əmək kitabçasını onun həmin dövrlə bağlı iş stajını təsdiq edən mötəbər sübut kimi qiymətləndirmişdir. Yuxarıda qeyd edilən normativ-hüquqi aktların göstərilən normalarının tələbləri baxımından, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Əks təqdirdə əmək kitabçası institutu öz mahiyyətini itirmiş olardı. Nəzərə alınmalıdır ki, sovxozun əməkhaqqı cədvəllərində bəzi aylarda iddiaçının adına əməkhaqqının yazılmaması iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Belə ki, həmin hal başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə də, iddiaçının sözügedən soxozda əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli 2-1(102)- 1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli 2-1(102)-45/2021 nömrəli və xx.xx.2023-cü il tarixli 2-1(102)-2132/2023 nömrəli qərarları). xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qadınların pensiya yaşı 62 yaş olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələbinə əsasən iddiaçıya uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 57 yaşı (5 il azaldılmaqla), az beş uşağı (uşaqların səkkiz yaşınadək sağ olması şərtilə) və fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. İddiaçı tərəfindən qeyd edilən dispozisiya şərtləri onun tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Qeyd edilən digər şərtlər (57 yaş və 5 uşaq) onun tərəfindən xx.xx.2021-ci il tarixdə ödənilsədə, həmin vaxt iddiaçının 25 il sığorta stajı olmamışdır. İddiaçının xx.xx.2023-cü il tarixdə az 25 il sığorta stajı, xx.xx.2024-cü il tarixədə isə 25 il 4 aydan artıq sığorta stajı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2-1(120)-1213/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar