Məhkəmə qərarları › İş №2-1(106)-957/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-957/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-957/2025 15.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Tibbi Sosial Ekspert Komissiyasına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; iddia müddəti; cavabdehin düzgün seçilməməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Tibbi-Sosial Ekspert Komissiyasına qarşı “ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli 2- 1(120)-3978/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçıya diaqnoz: Əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmiş; qərar sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmiş və həmin tarixdə qərar barədə iddiaçının istifadəsində olan telefon (iddia ərizəsində də həmin nömrə qeyd edilmişdir.) nömrəsinə SMS göndərilmiş, qərarda hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat verilmişdir. İş materiallarından olan ərizədən və poçt qəbzlərindən görünür ki, iddiaçı xx.xx.2024cü il tarixli qərardan xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs müraciət edərək, “ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi”ni xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, mövcud xəstəliyi ona müharibədə aldığı xəsarət ilə əlaqədar əlillik təyin edilməsinə əsas verir. Cavabdehin etirazları: Cavabdehin iddiaya dair münasibət bildirməmişdir. Şirvan İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli 2-1(120)-3978/2025 saylı qərardadı (Pərvanə Qurbanova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli 2-1(120)-3978/2025 saylı qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, mübahiələndirilən qərarı sonradan almış və xx.xx.2024-cü il tarixdə həmin qərar ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə inzibati qaydada şikayət etmiş və ona xx.xx.2024-cü il tarixdə cavab verilmişdir. Bundan sonra, 30 gün müddət ərzində məhkəməyə müraciət etmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, yenidən Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edə bilərsiniz. Tibbi-Sosial Ekspert Komissiyasının imtinasını mübahisələndirdiyi üçün hesab etmişdir ki, iş üzrə cavabdeh həmin orqandır. Səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməmişdir. Apellyasiya şikayətinə etirazlar: Etirazında qeyd edilmişdir ki, Məhkəmənin xx.xx.2025-ci il tarixli hüquqi yardım məktubu ilə iddiaçıya qanunvericiliyin mümükünlüklə bağlı tələbləri, həmçinin cavabdehn əvəz olunması ilə bağlı hüquqları izah olunmuş və xəbərnaməli məktubla şəxsin ünvanına göndərilmişdir. Qeyd edilən hallardan iddiaçı tam şəkildə məlumatlı olmuşdur. Həmçinin, iddiaçıya izah olunmuşdur ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra o, düzgün cavabdehə qarşı eyni tələblə qanunvericilikdə müəyyən olunan müddət tələbinə riayət edilməklə məhkəmədə iddia qaldıra bilər. Şİkayət əsassızdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, məcburi köçkün kimi Ağcəbədi rayonunda məskunlaşmışdır. Bəzən müvəqqəti olaraq Bakı şəhərinə getmiş, bir neçə gündən sonra geri qayıtmışdır. Sonda İddiaçı şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, iddiaçı iddianı müddətini ötürmüş, həmçinin düzgün cavabdehə qarşı iddia qaldırmamışdır. Bununla bağlı məhkəmə tərəfindən ona hüquqi yardım edilmiş, lakin nəzərə alınmamışdır. Sonda K.H.Abdulrəhimov şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti ... 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddia müddəti ötürülmüş və iş üzrə düzgün cavabdehə qarşı iddia qaldırılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Bununla bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia məcburetmə haqqında iddia növünə aiddir. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması və ona mahiyyəti üzrə baxılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. İPM-in 38.2-ci maddəsinin tələbinə görə məcburetmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır. Məcburetmə haqqında iddialara münasibətdə iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Məcəllənin 73.2-ci maddəsinin tələbinə görə İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya diaqnoz: Əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmiş; həmin qərar sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmiş və həmin tarixdə də qərar barədə iddiaçının istifadəsində olan telefon (iddia ərizəsində də həmin nömrə qeyd edilmişdir.) nömrəsinə SMS göndərilmiş, qərarda hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat verilmişdir. İş materiallarından olan ərizədən və poçt qəbzlərindən görünür ki, iddiaçı xx.xx.2024cü il tarixli qərardan xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs müraciət edərək, “ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi”ni xahiş etmişdir. Sonradan isə iddiaçı 2024-cü ilin dekabr ayında məhkəmədə iddia qaldırmışdır. Halbuki, qanunvericiliyin tələbinə görə hazırkı iddiaçı 30 gün müddətində müvafiq şikayət instansiyasına inzibati qaydada şikayət verməli və ya məhkəmədə iddia qaldırmalı idi. Onun 30 gün müddətdən sonra (2 ay 22 gündən sonra) inzibati qaydada şikayət verməsi və şikayətinə cavab aldıqdan sonra məhkəmədə iddia qaldırması iddia müddətinin ötürülməsinə mane olmur. Belə ki, onsuz iddiaçı 30 gün müddətində müvafiq şikayət instansiyasına inzibati qaydada şikayət verməməklə və ya məhkəmədə iddia qaldırmamaqla iddia müddətini ötürmüşdür. Sonradan inzibati qaydada şikayət verilməsi isə iddia müddətinin bərpası ilə nəticələnmir. Bundan başqa, qeyd edilməlidir ki, iddiaçının iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi Tibbi-Sosial Ekspert Komissiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin qrumudur. Formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən bu qəbildən olan işlər üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsdir. Qeyd edilən məsələlər ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya 23 iyun 2025-ci il tarixli məktub ilə hüquqi yardım edilmiş, qeyd edilənlər onun diqqətinə çatdırılmış, o cümlədən ona iddia müddətinin üzürlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək hüququnun olması bildirilmişdir. Hüquqi yardım məktubu xx.xx.2025-ci il tarixdə iddiaçıya çatdırılmışdır. Bu barədə poçt qəbzində (səh.49) qeyd var. İddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə verilməmiş, müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin, cavabdeh əsl cavabdeh ilə əvəz edilməmişdir. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Göründüyü kimi, iddiaçı sözügedən qərardan məlumatlı olduğu halda, qanunvericiliklə müəyyən olunmuş müddətdə həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir. Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan iddiaçı sözügedən qərar barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Kollegiya iddiaçıya izah edir ki, xəstəliyinin əlilik təyinatına əsas verməsini zənn edirsə, yenidən göndəriş (Forma-88) göndərilməsi üçün mübafiq tibb müəssisəsinə müraciət edə bilər və bundan sonra əlillik məsələsinə baxıla bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli 2-1(120)-3978/2025 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar