Məhkəmə qərarları › İş №2-1(106)-959/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-959/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-959/2025 04.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 2-1(120)-2412/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi üzrə İddiaçı barəsində tərtib edilən xx.xx.2024-cü il tarixli hərbi xidmətə yararlılıq barədə qərarının ləğv edilməsi və yekun tibbi şəhadətləndirməyə dair XBT kodu M41, maddə 59, bənd C, qrafa 1 və C kateqoriyasına uyğun olaraq dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə Azərbaycan Respublikası Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi inzibati məhkəmə icraatına cəlb üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 18 noyabr 2025-ci il tarixli, 2- 1(120)-2412/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilən sənədlərlə iddiaçıda “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməsində qeyd edilən xəstəliklər üzrə XBT10 kodları üzrə xəstəliyinin – M41 üzrə – İİ dərəcəli skolioz xəstəliyinin, yanaşı xəstəliklər üzrə isə M40.0; M77.3; Q66.5; M65.2 kodları üzrə xəstəliklərinin olduğu öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 8.3-cü bəndinə əsasən “Xəstəliklər Cədvəli”ndə isə qeyd edilən xəstəlik 59-cu maddə üzrə Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa)-nə aid siyahıda öz əksini tapmışdır. Həmin maddənin “c” bəndi üzrə 1-ci qrafaya nəzər yetirilən zaman - fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılmış əyrilikləri (İİ mərhələ skolioz (11-25 dərəcə arasında), fəqərə cisminin ön səthinin hündürlüyünün 2 dəfə və daha çox azalması, 3 və daha çox fəqərənin pazabənzər deformasiyası ilə müşayiət olunan osteoxondropatik kifoz və s.) qeyd edildiyi və iddiaçıda olan xəstəliklə uyğunluq təşkil etdiyi müəyyən edilir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Dövlət Neft və Sənaye Universisetində 2014-2018-ci illər müddətində bakalavr, 2018-2020-ci illər müddətində magistr, 2020-2024-cü illər müddətində isə doktrantura təhsili almışdır. Həmin müddət ərzində təhsili ilə əlaqədar olaraq ona həqiqi hərbi xidmətdə möhlət hüququ verilmişdir. Uşaq yaşlarından onurğasında olan ağrılardan davamlı olaraq əziyyət çəkmiş və halhazırda da bu ona əziyyət verir. Dəfələrlə müalicələr almağına baxmayaraq, aldığı müalicələrin heç bir xeyri olmadığı üçün onurğasında olan ağrılar müntəzəm şəkildə davam etmişdir. Ayaqüstə hərəkət edərkən, ağır əşya götürərkən ağrılar daha da şiddətlənərək ona fiziki əziyyət verir. 2024-cü ilin iyul ayında Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış üzrə X5 rayon şöbəsində ona həqiqi hərbi xidmətə yararlı olubolmamağını müəyyənləşdirmək üçün tibbi yoxlanışdan keçmək üçün çağırış vərəqəsi göndərilmişdir. xx.xx.2024-cü il tarixdə yerli çağırış komissiyasında müayinə zamanı onurğanın normadan çox əyri olduğu bildirilərək həmin tarixli qərar qəbul edilmiş və həmin qərarın “yararlılıq kateqoriyası” hissəsində dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı göstərilmişdir. Bundan əlavə, yenidən müayinə olunmaq üçün Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya instituna xidməti göndəriş verilmiş, həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə müayinədən keçmiş, həkim tərəfindən yenə onurğasının normadan çox əyri olduğu bildirilmişdir. Həmin institutun həkim mütəxəssisi tərəfindən verilən qərarın “yararlılıq kateqoriyası" hissəsində dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı göstərilmişdir. Buna baxmayaraq, yenidən xx.xx.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müayinədən keçmək üçün göndərilmiş, natamam müayinədən sonra Agentliyinin yekun rəyində “DTSERA-nın təyin etdiyi yararlılıq—A-3; SHXÇDX-nın təyin etdiyi yararlılıq—C; DTSERA yekun rəyi—Daha yüngül qiymətləndirilir; DTSERA yekun rəyi (şərh)—Fərqli kateqoriya üzrə təsdiq” göstərilmişdir. Agentlik tərəfindən hərbi xidmətə yararlılıq barədə verilmiş xx.xx.2024 tarixli yekun qərarında “Yararlılıq kateqoriyası” hissədə A-müddətli həqiqi hərbi xidmətə yararlı olduğu (Məhdudiyyət dərəcəsi—3-cü dərəcə) göstərilmişdir. Agentliyin xx.xx.2024-cü il tarixli qərarı onun düzgün müayinə aparılmayaraq verilməsi (yəni skoliozun uzanılmış vəziyyətdə deyil də ayaq üstə müəyyən edilir) səbəbindən qanunsuzdur. Cavabdeh və üçüncü şəxs iddiaya qarşı rəsmi etiraz və ya mülahizə təqdim etməmişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi düzgün olmayan tədqiqat metodu ilə keçirilmiş ekspertizanın nəticələrini əsas götürmüşdür. Prosessual məsələlər İddiaçının vəkili şikayətin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası həmçinin cavabdehin əlavə məhkəmə tibbi ekspertizanın keçirilməsi barədə vəsatətinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş rəy Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 tərəfindən verilsə də, bu rəy müvafiq sahə üzrə ixtisaslaşmış tibb müəssisəsinin (Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutu) tədqiqatına əsaslanmışdır. Odur ki, həmin rəyin mötəbərliyi, həmçinin prosessual qənaət prinsipi baxımından əlavə ekspertizanın keçirilməsi məqsədəuyğun hesab edilməmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. -Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışından görünür ki, Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya instituna müayinə olunmaq üçün xidməti göndəriş verilmiş, həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunda ayaq üstə tibbi cihazlar vasitəsilə müayinədən keçmiş, həkim tərəfindən yenə onurğasının normadan çox əyri olduğu və ağrıların da bu səbəbdən olduğu bildirilmişdir. Həmin insititutun həkim mütəxəssisi həkim-cərrah Axiyeva Nübar və Mərkəzi Hərbi Həkim Komissiyasının sədri Vəlizadə Əlisəfa tərəfindən verilən qərarın “yararlılıq kateqoriyası” hissəsində dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması göstərilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-8945/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron qaydada formalaşdırılan və müvafiq altsistemə daxil edilən göndəriş (forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişində vətəndaşa “İİ mərhələ skolioz” diaqnozu qeyd edilmişdir. Agentlikdə aparılmış rentgenoloji müayinə zamanı “İİ mərhələ skolioz” diaqnozu inkar edilmiş və həmin diaqnoz üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişi əsasında çağırışçının həqiqi hərbi xidmətə yararlılıq vəziyyəti qiymətləndirilmiş, nəticədə göndərişdə göstərilən yararsızlıq səbəbinin fərqli kateqoriya üzrə təsdiqlənməsinə dair qərar qəbul edilmişdir. Vətəndaşın ətraflı müayinəsi (travmatoloqun və rentgenoloqun baxışı:Onurğanın döş nahiyəsində zirvəsi Th5 fəqərə cismi olmaqla onurğanın sağa doğru 5 (beş ) dərəcə təsbit olunmayan əyriliyi qeyd edilir.) zamanı onda "Funksiyaların pozulması olmadan onurğanın İ mərhələ skoliozu” diaqnozu təyin edilmişdir. Həyata keçirilmiş yekun tibbi müayinə nəticəsində İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq "Funksiyaların pozulması olmadan onurğanın İ mərhələ skoliozu” diaqnozu ilə göndərişdə (Forma-44) göstərilən yararsızlıq səbəbinin fərqli kateqoriya (hərbi xidmətə yararlıdır) üzrə təsdiqlənməsinə dair xx.xx.2024cü il tarixli qərar qəbul edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin qərarından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumu tərəfindən iddiaçının müayinə üzrə qiymətləndirməsi “C” kateqoriyası üzrə, DTSERA tərəfindən isə “A-3” kateqoriyası üzrə müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6nin xx.xx.2025-ci il tarixli 3399 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya lnstitutu”nda xx.xx.2025-ci il tarixdə pəncənin rentgenoqrafıyasında (sağ, iki proyeksiyalı) ağ ayağın T.S.A vəziyyətində lateral proyeksiya rentgenoqrammasında yastıpəncəliyin təyini zamanı sağ ayaq tağının bucağı - 147°, hündürlüyü ~25,5mm Nəticə: Sağ ayağın İ dərəcəli yastıpəncəliyi (pes planus). Sol ayağın T.S.A vəziyyətində lateral proyeksiya rentgenoqrammasında yastıpəncəliyin təyini: Sol ayaq tağının bucağı -153°, hündürlüyü ~21mm. Nəticə: Sol ayağın İİ dərəcəli yastıpəncəliyi (pes planus). *Sağ daban sümüyündə plantar calcaneal şpor və hər iki tərəfdə Axil tendonu kalkaneal kalsifıkasiyası-kalsifık tendinozisi aşkar edilir. -İddiaçı adma icra edilmiş həmin tarixli tam onurğanın AP və döş qəfəsinin lateral proyeksiyada R-qrammasında qeyd edilmişdir: Thl-Th6 fəqərələr səviyyəsində cobb bucağı 11,5° olan İİ dərəcə sağa “C-vari” skolioz qeyd edilir. Cobb bucağı 49° olan İİ dərəcə torokal hiperkifoz izlənir. Fəqərə cismi hündürlükləri norma daxilindədir. Fəqərəarası məsafələr təbiidir. -İddiaçı Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” phş-də aparılmış müayinələrdən sonra ona “Döş tipli İİ dərəcəli sağtərəfli skolioz, İİ dərəcəli kifoz, soltərəfli ikinci, sağtərəfli birinci dərəcəli yastıpəncəlik, sağ daban mahınızı, hər iki axil vətərinin kalsifık tendinozisi-M41; M40.0; M77.3; Q66.5; M65.2” diaqnozu qoyulmuşdur. -Qeyd edilən xəstəliklərlə əlaqdar vətəndaş İddiaçı xidmətə yararlı olub-olmaması Hərbi Həkim Komissiyasının ekspertlərinin səlahiyyətlərinə aid olduqlarından bunula əlaqədar fikir söyləmək mümkün olmadı. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan qanunvericilik normaları baxımından aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2023-cü il tarixli 2317 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun: -3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. -14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər:- çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. -15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 ötürülür. -15.2. Bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir:- müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında. -20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. -20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. -23.1. Dinc dövrdə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar və sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: -2.1-ci bəndinə əsasən ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. -2.3. Vətəndaşların şəhadətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikası X4, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid X1 (bundan sonra – VEİS) inteqrasiya edilir. Qeyd olunan dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və sistemlərinin VEİS-yə inteqrasiyası və məlumat mübadiləsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq X2 Sistemi vasitəsilə həyata keçirilir. -2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. -2.17. Hərbi həkim komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə verilmiş rəylər nəzarət qaydasında baxılması üçün VEİS üzərindən Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilir. Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən həmin rəylərin tibbi, texniki tələblərə və qanunvericiliyə uyğunluğu elektron formada yoxlanılır. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyasının qəbul etdiyi rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqlənmədikdə və “B”, “C”, “Ç” və “D” kateqoriyalarından birinə dəyişdirilmədikdə “A” kateqoriyası üzrə rəy tərtib olunur və şəhadətləndirmə üzrə yekun qərarın verilməsi məqsədilə VEİS üzərindən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına göndərilir. Şərh olunan normalardan göründüyü kimi Hərbi Həkim Komissiyaları və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi çağırışçıların tibbi müayinəsi üzrə yekun tibbi rəy-qərar verir. Əsasnamə”nin “Xəstəliklər Cədvəli”ndə qeyd edilən xəstəlik 59-cu maddə üzrə Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa)-nə aid siyahıda öz əksini tapmışdır. Həmin maddənin “c” bəndi üzrə 1-ci qrafaya nəzər yetririlən zaman - fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılmış əyrilikləri (İİ mərhələ skolioz (11-25 dərəcə arasında), fəqərə cisminin ön səthinin hündürlüyünün 2 dəfə və daha çox azalması, 3 və daha çox fəqərənin pazabənzər deformasiyası ilə müşayiət olunan osteoxondropatik kifoz və s.) qeyd edildiyi və iddiaçıda olan xəstəliklə uyğunluq təşkil etdiyi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının həqiqi hərbi xidmətə yararlılıq vəziyyəti həm ilkin müayinə, həm də müvafiq sahə üzrə ekspert rəyi ilə qiymətləndirilmiş və məhdud yararlı hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan ekspert rəyini mötəbər hesab edir və birinci instansiya məhkəməsinin bu əsasla gəldiyi qənaəti düzgün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 2-1(120)-2412/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar