Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-965/2025 04.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 2-1(120)-3959/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Lənkəran şəhər-rayon Polis Şöbəsinə qarşı əmrlərin ləğvi və işə bərpa tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Lənkəran şəhər-rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, şiddətli töhmətin verilməsi ilə əlaqədar əmrin, eləcə də işdən azad olunma barədə əmrin ləğvi və işə bərpa edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 05 noyabr 2025-ci il tarixli, 2- 1(120)-3959/2025 nömrəli qərardadı ilə müddətin bərpası ilə bağlı ərizənin təmin edilməməsi və iddia tələbinin şiddətli töhmətin verilməsi ilə əlaqədar əmrin ləğv edilməsi hissəsində mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qeyd olunan əmrdən qanunla müəyyən edilmiş müddətdə şikayət verməmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şiddətli töhmətin verilməsi ilə əlaqədar bir sıra qanunsuzluqlara yol verilmişdir. Belə ki, 12 avqust 2024-cü il tarixli yoldaşlıq məhkəməsindən (yığıncaqdan) əvvəl ondan izahat alınmamışdır. Halbuki ondan xidməti araşdırmanı aparmış Daxili İşlər Nazirliyinin əməkdaşı tərəfindən izahat alınmalı idi. Həmçinin araşdırma materialı üzrə yığıncaqdan əvvəl materialla tanış edilməmişdir. Yığıncaqdan 3 gün əvvəl yığıncağın yeri və vaxtı ilə bağlı rəsmi elan polis şöbəsinin növbətçi hissəsində yerləşdirilməli olduğu halda bu edilməmişdir. Eləcə də yığıncaq iş vaxtından kənar saatda, yəni 21 radələrində keçirilmişdir. Eyni vaxtda eyni məsələ ilə bağlı barəsində iki xidməti araşdırmanın aparılması da növbəti qanunsuzluqdur. Bütün bunlar qərəzin bariz nümunəsidir. Bundan əlavə, işdən azad edilməyi ilə əlaqədar bir sıra qanunsuzluqlara yol verilmişdir. Belə ki, X1 ilkin olaraq onun mobil telefonuna zəng etməsi, onu dəfələrlə narahat etməsi və ondan qanunsuz xahişlər etməsi araşdırma obyekti olmamışdır. O, həmin qanunsuz xahişləri rədd etmişdir. Araşdırma isə tamamilə fərqli və qərəzli formada olmuşdur. X2 iddia etmişdir ki, guya o, 2019-cu ildə özünü subay kimi təqdim edib onunla evlənəcəyini vəd edib anasıyla tanış etmiş, halbuki anası 2013-cü ildə dünyasını dəyişmişdir. Bütün bu yalanlara isə xidməti araşdırma tərəfindən düzgün qiymət verilməmişdir. Onun özünün xidmətdən azad olunmağı ilə bağlı ərizəsini dəfələrlə daxili işlər nazirinə ünvanlamışdır. Yəni ərizəsi əsasında onu xidmətdən azad etmək mümkün idi. Özünün ərizəsi olduğu təqdirdə, ona şiddətli töhmətin verilməsi və sonradan qanunsuz şəkildə işdən çıxarılmağı onu deməyə əsas verir ki, bu tamamilə qanunsuz şəkildə işdən azad etmədir və ona qarşı göstərilmiş qərəzdir. Növbəti qərəz ondan ibarətdir ki, hazırkı dövrə kimi barəsində verilmiş əmr ona təqdim edilməmişdir. Əmək kitabçası da ona verilmir. İddiaçı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, inzibati aktların mübahisələndirilməsi ilə bağlı qaldırdığı xx.xx.2025-ci il tarixli iddia üzrə məhkəmə prosesində müəyyən edilmişdir ki, “Şiddətli töhmət” inzibati aktın məhkəmədə mübahisələndirilməsi ilə bağlı prosessual müddət ötürülmüşdür. Buna da səbəb xx.xx.2024-cü il tarixli “Şiddətli töhmət” inzibati aktın ona vaxtında elan edilməməsi və təqdim edilməməsi olmuşdur, həmçinin daxili işlər orqanlarında xidmət keçmə haqqında Qanunun 128-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə qanunsuz verilmiş “Şiddətli töhmət” inzibati aktın ləğvi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunmuş, lakin sözügedən inzibati aktın qanunsuz olub-olmaması ilə bağlı heç bir araşdırma aparılmamış və baxımsız saxlanılaraq müraciətinə rəsmi cavab verilməmişdir. Bu səbəbdən də xx.xx.2024-cü il tarixli “Şiddətli töhmət” inzibati aktından şikayət vaxtında verilməmişdir. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən bərpa edilməlidir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu bildirmiş, lakin qərardadın ləğv və yaxud dəyişdirilməli olmasını göstərməmiş, yalnız prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin ifadə tərzindən asılı olmayaraq, məzmunundan görünür ki, iddiaçı həmin qərardaddan narazıdır. Odur ki, şikayət mümkün sayılaraq, icraata qəbul edilmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında şikayətini müdafiə etmiş, kollegiyanın suallarına cavab olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilməsini və hər iki tələbinə eyni icraatda və vaxtda baxılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Lənkəran şəhər-rayon Polis Şöbəsinin 3-13-96/Ə292/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin məzmunundan görünür ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis mayoru İddiaçı “Şiddətli töhmət” intizam tənbehi elan edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 3-13/Ə302/2025 nömrəli. xx.xx.2025-ci il tarixli əmrinin məzmunundan görünür ki, Lənkəran ŞRPŞ Liman PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru İddiaçı qüvvədə olan “şiddətli töhmət” intizam tənbehi nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Göründüyü iddiaçının barəsində fərqli tarixlərdə həm intizam tənbehi, həm də xidmətdən xaric edilmə barədə əmrlər verilmiş, iddiaçı hər iki əmri mübahisələndirmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi “Şiddətli töhmət” intizam tənbehi barədə xx.xx.2024-cü il tarixli əmrə münasibətdə iddianın mümkünlük şərtlərinə qiymət versə də, digər əmrlə bağlı araşdırmanın taleyi bəlli deyil. Hər iki əmr vahid tələb şəkildə mübahisələndirilsə də, məhkəmə tələbə xx.xx.2024-cü il tarixli əmrin ləğvi hissəsində baxaraq, yekun nəticəyə gəlmiş, bununla da tələbin həmin hissəsinə münasibətdə qəbul edilmiş qərarın apellyasiya və kassasiya icraatları başa çatdıqdan sonra tələbin digər hissəsinə qiymət verilməsi imkanı yaranacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, iddianın vahid tələb şəklində verilməsi tələbin hər iki hissəsinə eyni icraatda və eyni zamanda baxılması, araşdırmanın yekununda bir hissəsinə mümkünlük şərtləri baxımından, digər hissəsinə isə mahiyyəti üzrə qiymət verilməsi həm prosessual qənaət prinsipi baxımından, həm də formalaşmış məhkəmə təcrübəsi baxımından mümkün olduğu halda məhkəmə tələbin bir hissəsini hərəkətsiz saxlamışdır. Bununla yanaşı, tələbin bir hissəsinə baxmaq qərarına gəldiyi halda, digər hissəsinə münasibətdə icraatın ayrılması imkanını və mümkün olub-olmamasını nəzərdən keçirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -37-ci madəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. -56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. -56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir və qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi düzgün hüquqi dəyərləndirmə aparmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 2-1(120)-3959/2025 nömrəli qərardadı ləğv edilsin, inzibati iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-965/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-965/2025
04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver