Məhkəmə qərarları › İş №2-1(106)-966/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-966/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-966/2025 12.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa olunması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2-1(120)-3954/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv olunması və xx.xx.2019-cu il tarixdən ona ümumi xəstəlik səbəbi ilə təyin edilmiş müddətsiz birinci dərəcəli əlilliyin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) 23 oktyabr 2025-ci il tarixli, 2-1(120)-3954/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, TƏBİB PHŞ-nin müraciəti, kifayət qədər araşdırma və inzibati icraat aparmadan, həmin halların konkret şəxslə bağlı olmasını, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmadan cavabdehin əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut hesab edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə hesab etmişdir ki, iddiaçının əlilliyinin dərəcəsinin dəyişdirilməsi ilə bağlı inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hərəkətləri qanunvericiliyin (o cümlədən inzibati icraatın prosedur qaydaları müəyyən edən normaların) tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən iddiaçı barədə qəbul edilən qərar qanunsuz və əsassızdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2019-cu il tarixdən serebral iflic, uşaq serebral iflicinin davamlı qalıqları, tetraparez, yerişin kəskin ifadəli pozulması, özünə qulluq edə bilməməsi, kənar şəxslərin qulluğa və əlil arabasına ehtiyacın olması, süst tetrapiya, tetraparez və miopiya diaqnozu ilə 1-ci dərəcəli əlilik təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə təkrar müayinəyə cəlb edilmiş, müayinə zamanı səhhətində yaxşılığa doğru heç bir dəyişiklik aşkarlanmadığından ona ümumi xətəlik səbəbi ilə müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bildirir ki, inzibati orqan araşdırma aparmadan, xəstəliklərini hərtərəfli müayinə etmədən, sənədlərini araşdırmadan qanunsuz olaraq ona təyin edilmiş əlilliyin dərəcəsi dəyişdirilmişdir. Odur ki, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçının orqanizmində müvafiq sənədlərdə qeyd olunan diaqnoza uyğun xəstəliklər olsa da, həmin diaqnoz əsasında ağırlaşmalar olmadıqda şəxsə əlillik təyin edilmir. Prosessual məsələlər: İddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edirlər. Apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 izahatında bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edirlər. İddiaçıya TSEK qərarı əsasında 2-ci prup əlillik meyarı təyin olunmuş, iddiaçı bunu məhkəmə də mübahisələndirmiş, məhkəmə tərəfindən TSEK-in qərarı ləğv olunaraq TSEK-in üzərinə iddiaçıya 1-ci qrup əlillik təyin olunması öhdəliyini qoymuşdur. TSEK tərəfindən iddiaçıya 27 oktyabr 2025-ci il tarixdə 1-ci qrup əlillik meyarı təyin edilmişdir. Arada yaranmış 8 aylıq boşluq TSEK-in təqsiri ucbatından yaranmamışdır. Belə ki, iddiaçı məhkəmə qərarından sonra yenidən TSEK-ə yeni göndəriş göndərmiş və prosedura uyğun olaraq TSEK tərəfindən göndəriş yenidən qiymətləndirilərək iddiaçıya 27 oktyabr 2025-ci il tarixdə əlillik meyarı təyin edilmişdir. Hesab edirlər ki, aradakı müddətdə olan pensiya fərqini TSEK ödəməli deyil. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan iddiaçıya dair əlillik altsistemdən çıxarışlardan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmiş, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli, xxxxxxx0004 nömrəli qərarı ilə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17- 4/2-Z-1603/2025 nömrəli bildirişdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsəsən, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qeyd edilənləri nəzərə alaraq siz xx.xx.2025-ci il tarixində saat 14:00-a qədər Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunursunuz. Əyani müayinəyə gələrkən özünüzlə mövcud xəstəliyinizə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (məs: qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə - “İZ” formalı akt həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, əyani müayinəyə gəlmədiyiniz halda, iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının iddiaçıya ünvanladığı 19 may 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Qeyd edilənləri nəzərə alaraq siz xx.xx.2025-ci il tarixində Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunursunuz. Yuxarıda qeyd olunanlara əsasən, sizə ümumi xəstəlik səbəbindən xx.xx.2019-cu il tarixində təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyiniz dəyişdirilərək, xx.xx.2025-ci il tarixindən 2.2.9-cu bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən, xx.xx.2025-ci il tarixindən “Hissəvi reabilitasiya olunması”, 2.2.9 bəndinə uyğunlaşdırılaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsi barədə qərar qəbul edilsin. “X11” PHŞ-nin “TƏBİB” PHŞ-yə ünvanladığı 04 aprel 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd olunan 231 nəfərin X8 stasionar müalicə müddətlərinə dair epikrizlərin verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli məktubuna baxılmış və cavab olaraq bildirilmişdir ki, məlumatları qeyd olunan 231 nəfərdən 143 şəxs göstərilən tarixlərdə X9 qeydiyyat jurnallarından keçməmiş, digər 88 nəfərin siyahısı təqdim edilmişdir. “TƏBİB” PHŞ-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini cənab Hidayət Abdullayevə ünvanladığı 06 aprel 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2017-2022-ci illər üzrə 231 nəfərlə bağlı rəsmiləşdirilmiş göndərişlərdə qeyd olunan stasionar müalicə müddətlərinə dair epikrizlərin X11 tərəfindən verilib-verilməməsinin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-17/2-1553/2024 saylı məktubunza baxılmış və bildirilir ki, qeyd olunan məsələ ilə bağlı raşdırma aparılmış və X9 təqdim etdiyi məlumata əsasən, sorğulanan 231 nəfərdən 231 nəfərdən 88 nəfərin stasionar müalicə barədə məlumatları göndərilir və əlavə olaraq qeyd olunur ki, digər 143 nəfərin sözügedən xəstəxanada stasionar müalicə alması barədə hər hansı təsdiqedici sənədlər aşkarlanmamışdır. Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin məhkəməyə ünvaladığı 04 sentyabr 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı uşaq vaxtlarından “G80 Serebral iflic, uşaq serebral iflicinin davamlı qalıqları, tetraparez” diaqnozu ilə sosial müavinət alıb. 2011-ci ildən 2019-cu ilə kimi 2-ci qrup müddətsiz əlillik almışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixində əlillik dərəcəsinin dəyişdirilməsi üçün Forma 88 göndərişi yazılaraq Tibbi Sosial Ekspert Komissiyasının sərəncamına göndərilmiş və vətəndaşa 1-ci qrup təyin edilmişdir. X4 tərəfindən iddiaçıya dair tərtib edilmiş xx.xx.2029-cu il tarixli Forma 88 göndərişi əsasında ona əsas diaqnoz-G80 Serebral iflic, uşaq serebral iflicinin davamlı qalıqları, tetraparez, ağırlaşma- G82.3-süst tetraplegiya Tetraparez, yerişin kəskin ifadəli pozulması, yanaşı xəstəlikləri-H52.1-miopiya müəyyən edilmişdir. Tibb müəssisəsinin xx.xx.2025-ci il tarixli, T00306848YDU nömrəli Forma 88 göndəriş əsasında iddiaçıya əsas diaqnoz - G80 Kvadroplegik spastik serebral iflic, serebral iflic-kvadroplegik spastik serebral iflic müəyyən edilmiş və xəstəliyini gedişi, kəskinləşmələrin mövcudluğu və tezliyi, fəsadlaşmaların mövcudluğu və funksional pozğunluğun dərəcəsi ağır kimi qiymətləndirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən, bildirir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Qeyd edir ki, TƏBİB PHŞ-dən xx.xx.2024-cü il tarixli, 18-1- 2/2-1696/2024 nömrəli məktubu əsasında əlillik təyinatı aparılmış vətəndaşlara dair məlumatların təhlili zamanı sinir xəstəlikləri üzrə şübhə doğuran əlillik təyinatlarının əsaslılığının araşdırılması zərurəti yaranmışdır. Bununla əlaqədar, İddiaçı əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində xx.xx.2025-ci il tarixində bildiriş məktubu ilə xx.xx.2025-ci il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, hissəvi reabilitasiya qərarı qəbul olunaraq xx.xx.2025-ci il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Həmçinin iddiaçıya ilkin əlilliyinə dair protokol məlumatı aşkarlanmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2025-ci il tarixli, 2510 saylı rəyində qeyd edilmişdir ki, göstərilənlərə əsasən İddiaçı Uşaq serebral iflicinin qalıq əlamətləri, əqli geriliklə müəyyən edilir. İddiaçı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. İddiaçı tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İddiaçı onda müəyyən edilən uşaq serebral iflici, əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir, keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri, çətinliklə yeriməsi müəyyən edilir. Psixi statusu. Zahirən bir qədər narahat görünür. Yoxlanılan şəxslə ünsiyyət qurmaqda çətinlik yaranır, belə ki, nitqi qeyri-aydın olmaqla çox vaxt anlaşılmazdır. Sorğu zamanı doğulduğu yeri, tarixi, cari vaxtı, harada olmasını bilmir. Aparılan sorğu gedişatında produktiv simptomatika (qavrama pozuntuları, sayıqlama ideyaları) müəyyən edilmir. Abstraktlaşdırmaya, təhlil-sintezə qadir deyil, atalar sözlərinin mənasını bilmir. Keçirilən ekspertizanın məqsədini dərk etmir. Emosional qeyri-sabitliyi, sorğu gedişatında çaşqınlıq, əsəbilik büruzə verir. Yaddaş və intellekt funksiyalarının xeyli zəif inkişaf etməsi, ifadəli əqli gerilik əlamətləri müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs doğuş zədəsi ilə anadan olması, körpəlikdən serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqi inkişaf etməməsi, bununla əlaqədar əvvəl nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicələrdə olması, xəstəliyi ilə əlaqədar evə müəllim gələrək formal olaraq orta təhsil alması, əqli geriliyi, fizioloji ifrazatları ilə natəmiz olması, çətinliklə yeriməsi, ƏƏSMN TSEK tərəfindən xx.xx.2025-ci il tarixdə müayinə edilərək “Serebral iflic, Uşaq serebral iflicinin davamlı qalıqları: Tetraparez” diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilməsi, hərhansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı orta dərəcəli əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Həmçinin İddiaçı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. O, tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İddiaçı müəyyən edilən uşaq serebral iflici, əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Bundan başqa, cavabdehin apellyasiya şikayətindən və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2025-ci il tarixdən müddətsiz birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan da artıq dolayı yolla iddia tələbinin əsaslı olmaqla iddiaçı barəsində Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli, xxxxxxx0004 nömrəli qərarının qanunsuz olduğunu qəbul edir. Cavabdehin nümayəndəsi həmçinin məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, TSEK tərəfindən iddiaçıya 27 oktyabr 2025-ci il tarixdə 1-ci qrup əlillik meyarı təyin edilmişdir. Arada yaranmış 8 aylıq boşluq TSEK-in təqsiri ucbatından yaranmamışdır. Belə ki, iddiaçı məhkəmə qərarından sonra yenidən TSEK-ə yeni göndəriş göndərmiş və qanunvericiliyə uyğun olaraq TSEK tərəfindən yenidən qiymətləndirilmə aparılaraq iddiaçıya 27 oktyabr 2025-ci il tarixdə əlillik meyarı təyin edilmişdir. Hesab edirlər ki, aradakı müddətdə olan pensiya fərqi ödənilməli deyil. Kollegiya cavabdehin nümayəndəsinin mövqeyinə münasibətdə bildirir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki inzibati aktının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan inzibati aktı, yəni qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verməklə icraatı təzələməklə, şəxsin inzibati icraatda iştirakını və onun dinlənilmə hüququnu təmin etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Göründüyü kimi, iddiaçı barəsində qəbul edilmiş əlverişli inzibati akt cavabdeh inzibati orqan tərəfindən qanunsuz olaraq ləğv edilmiş və qanunsuz ləğv edildiyi nəzərə alınaraq şəxsə yenidən əlillik təyin edilmişdir. Odur ki, kollegiya inzibati orqanın nümayəndəsini göstərdiklərini əsassız hesab edir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2-1(120)-3954/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar