Məhkəmə qərarları › İş №2-1(106)-968/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-968/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-968/2025 29.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər baş idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, operativ vergi nəzarəti) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər baş idarəsinə qarşı xx.xx.2025-ci il tarixli **********0934 nömrəli, xx.xx.2025-ci il tarixli **********1556, xx.xx.2025-ci il tarixli **********1558 və xx.xx.2025-ci il tarixli **********1972 nömrəli qərarların ləğv olunması barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli e-2-1(120)- 3225/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı vergi ödəyicisi kimi xx.xx.2016-cı; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət xx.xx.2025-ci; “X12” Məhdud Məsuliyyətli Cəmiyyət isə xx.xx.2025-ci ildə dövlət qeydiyyatına alınmışdır. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********7797 nömrəli qərardan görünür ki, İddiaçı məxsus obyektdə (ünvan 1 ünvanında yerləşən fəaliyyət növü Tədris Mərkəzlərinin fəaliyyəti olan “X20”) nağd pul hesablamalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi məsələsi (ləri) üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (xx.xx.2025ci il tarix daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********7795 nömrəli qərardan görünür ki, İddiaçı məxsus obyektdə (ünvan 2 ünvanında yerləşən fəaliyyət növü Tədris Mərkəzlərinin fəaliyyəti olan “X15”) nağd pul hesablamalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi məsələsi (ləri) üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (xx.xx.2025ci il tarix daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY252284309 №-li xx.xx.2025 və KY252284308 №-li xx.xx.2025-ci il tarixli çıxarışlardan görünür ki, İddiaçı cari fəaliyyətinin (yoxlama müddəti xx.xx.2025-xx.xx.2025) yoxlanması üçün ünvan 3 ünvanında yerləşən Tədris mərkəzində-Operativ vergi nəzarətinin keçirilməsi qeydə alınmışdır. Yoxlamanın predmeti və hüquqi əsasları: Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq POS terminalların quraşdırılması məcburi olan obyektlərdə POSterminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. xx.xx.2025-ci il tarixli DVX 002989 nömrəli aktdan görünür ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən ƏM-nin 49-cu maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 221.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə keçirilən operativ vergi nəzarəti nəticəsində İddiaçı məsus ünvan 4 ünvanında yerləşə “X20”nda İddiaçı Bayrəməli oğlunun iştirakı ilə xx.xx.2025-ci il tarixdə saat 16:15-də təqdim edilmiş izahata-sənədlərə əsasən iş və xidmətlərə cəlb olunmuş 9 (doqquz) fiziki şəxsdən 9 (doqquz) nəfəri ƏM-nin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, VM-nin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbnləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının öənilməsi haqqında qəbz” əldə edilmədən iş və xidmətlər yerinə yetirilməsinə cəlb edilmişdir. Ona görə də İddiaçı VM-nin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. Akt və akta əlavə vergi orqanının səlahiyyətli şəxsləri və vergi ödəyicisi İddiaçı Bayrəməli oğlu tərəfindən imzalanmışdır. xx.xx.2025-ci il tarixli DVX 002990 nömrəli aktdan görünür ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən ƏM-nin 49-cu maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hanıs işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 221.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə keçirilən operativ vergi nəzarəti nəticəsində İddiaçı məsus Astara şəhəri, Səməd Vurğun 44 ünvanında yerləşən “X15”ndə İddiaçı Bayrəməli oğlunun iştirakı ilə xx.xx.2025-ci il tarixdə saat 14:30-da təqdim edilmiş izahata-sənədlərə əsasən iş və xidmətlərə cəlb olunmuş 6 (altı) fiziki şəxsdən 3 (üç) nəfəri ƏM-nin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. ƏM-nin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə İddiaçı VM-nin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. Akt və akta əlavə vergi orqanının səlahiyyətli şəxsləri və vergi ödəyicisi İddiaçı Bayrəməli oğlu tərəfindən imzalanmışdır. X8 tərəfindən verilmiş izahatda qeyd olunmuşdur ki, o Lənkəran şəhəri, Nizami küçəsində yerləşən Ağayev X17 məxsus “Kaspi” Tədris mərkəzində riyaziyyat müəllimi kimi işləyir. 2024-cü ilin noyabr ayından işləyir, 224 manat aylıq əmək haqqı alır. Əmək müqaviləsi yoxdur. Əmək haqqı nağd olaraq ödənilir. X18 tərəfindən verilmiş yazılı izahatda qeyd olunmuşdur ki, Lənkəran şəhəri, Nizami küçəsində yerləşən “Kaspi” hazırlıq kursunda (İddiaçı) məxsus ibtidai sinif müəllimi vəzifəsində işləyir. 2024-cü ilin oktyabr ayından ibtidai sinif müəllimi vəzifəsində işləyir. Orta aylıq əmək haqqı 216 manat təşkil edir. Əmək müqaviləsi bildirişi yoxdur. Əmək haqqı nağd qaydada ödənilir. X3 yazılı izahatında Lənkəran şəhəri, Nizami küçəsində İddiaçı məxsus “Kaspi” tədris mərkəzində Azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsində işlədiyini, 2024-cü ilin noyabr ayından işləyir, aylıq əmək haqqının-196 manat təşkil etdiyi, əmək müqaviləsinin olmadığını bildirmişdir. X5 verdiyi izahatda Bialogiya müəllimi kimi fəaliyyət göstərdiyini, sentyabr tarixində işə başladığını ona əmək müqaviləsi və bildirişinin surətinin təqdim olunmadığını bildirmişdir. Gülər Kazımzadə verdiyi izahatda Lənkəran şəhəri, Nizami küçəsində yerləşən “Kaspi” Tədris Mərkəzində 2024-cü ilin 10 oktyabr tarixdən aylıq 250 manat məbləğində əmək haqqı almaqla əmək müqaviləsi olmadan işlədiyini qeyd etmişdir. X6 verdiyi izahatında Lənkəran şəhərində İddiaçı məxsus “Kaspi” Tədris Mərkəzində ibtidai sinif müəlliməsi vəzifəsində işlədiyini, işə 2024-cü ilin sentyabr ayından başladığını, əmək müqaviləsi və bildirişinin olmadığını bildirmişdir. X1 verdiyi izahatda Lənkəran şəhəri, Nizami küçəsində yerləşən “Kaspi” Tədris Mərkəzində 2024-cü ilin sentyabr ayından Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işlədiyini və əmək müqaviləsinin olmadığını bildirmişdir. X11 verdiyi izahatda Lənkəran şəhəri, Nizami küçəsində yerləşən “Kaspi” Təhsil Mərkəzində əmək müqaviləsi olmadan noyabr ayından qeydiyyatçı-mühasib olaraq fəaliyyət göstərdiyini bildirmişdir. X4 verdiyi izahatda 2024-cü ilin oktyabr ayından imtahan şöbəsində marketik vəzifəsində işlədiyini, əmək müqaviləsi və bildirişinin ona təqdim olmadığını bildirmişdir. X2 verdiyi izahatda Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən X15ndə İddiaçı tərəfindən işə götürüldüyünü, əmək müqaviləsi bildirişini aldığını qeyd etdmişdir. Əsədullayeva Pərvanə verdiyi izahtda Astara şəhəri Səməd Vurğun küçəsində yerləşən X15ndə xx.xx.2025-ci il tarixdən əmək müqaviləsi olmadan işlədiyini bildirmişdir. Mahir Süleymanovun verdiyi izahatda Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən Astara hazırlıq kursunda sentyabr ayından coğrafiya müəllimi olaraq çalışdığını, əmək müqaviləsinin ona təqdim olunmadğını bildirmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə verdiyi izahatda Lənkəran şəhəri, Nizami 26A ünvanında yerləşən “Kaspi” Hazırlıq Kursunun ona məxsus olduğunu və kursun rəhbəri olduğunu, kursun fəaliyyətinin abuteriyentlərin fənlər üzrə hazırlaşdırılmasından ibarət olduğunu, hazırlıq keçən şagirdlərdən aylıq 1 fənn üzrə 30 manat haqq alındığını, kursda hazırda 70-80 civarında şagird oxuduğunu, bu şagirdlərdən orta aylıq 2000-3000 manat məbləğində vəsait daxil olduğunu, kursda postterminal aparatı quraşdırmalı olduğu halda quraşdırmadığını və bu barədə məlumatının olmadığını, yaxın müddət ərzində təmin edəcəyini, terminal aparatının quraşdırılmasının təmin olunacağını bildirmişdir. Kursda “OVN” keçirilən zaman kursda işləyən müəllim və işçilərlə əmək müqaviləsi bağlanması ilə bağlı ƏMAS proqramında müəyyən probremlər aradan qaldırıldıqdan sonra işçilərin əmək müqaviləsinin bağlanmasının təmin olunacağı, onun Lənkəran “Kaspi” Hazırlıq Mərkəzi və X10 başqa tədris mərkəzi və obyektinin olmadığını, izahatını özünun yazdığını və imzaladığını qeyd etmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1556 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə VM) 58.10. maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində (bundan sonra mətndə ƏM) nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 9 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 18 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. **********1558 saylı xx.xx.2025-ci il tarixli qərarla İddiaçı VM-nin 50.1.14-cü il maddəsinə əsasən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POSterminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. **********1972 saylı xx.xx.2025-ci il tarixli qərarla İddiaçı VM-nin 58.10-cu maddəsinə əsasən ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. **********0934 saylı xx.xx.2025-ci il tarixli qərarla İddiaçı VM-nin 50.1.14-cü maddəsinə əsas POS-terminalların quraşdırılması məcburi olan obyektlrdə POSterminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 6 Saylı Ərazi Vergilər baş idarəsi tərəfindən barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına gorə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2025-ci il tarixli **********0934 nömrəli, xx.xx.2025-ci il tarixli **********1556, xx.xx.2025-ci il tarixli **********1558 və xx.xx.2025-ci il tarixli **********1972 nömrəli qərarlar qəbul edilmişdir. Həmin qərarlarla razı deyil. Sözügedən qərarlar əsassızdır və tamamilə absurd şəkildə tərtib edilmişdir. Obyektdə nagdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə yoxlama keçirildikdən sonra eyni obyektdə yeni qərar ilə yenidən yoxlama keçirilmişdir. Bu isə qanun pozuntusudur. Eyni zamanda, əgər sözügedən qanun pozuntuları həqiqətən movcud olmuşdursa, cavabdeh inzibati orqan tərəfindən ona bu nöqsanların aradan qaldırılması üçün müddət verilməli idi. Xidmətlərin yerinə yetirilməsi ilə baglı işçilərin cəlb edilməsi prossesi qanunsuz deyil, muzdlu müqavilələr əsasında olmuşdur. Müəssisə yeni açılma prossesində olduguna görə işçilərin digər mussisəyə keçirilmə prossesi baş tutmalıydı. Lakin cavabdeh inzibati orqan bunların heç birinə məhəl qoymamış, yeni açılan muəssisəyə kulli miqdarda cərimə tətbiq olunmuşdur. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli **********7795 və **********7797 nömrəli qərarları əsasında İddiaçı məxsus ünvan 8 ünvanında yerləşən “X15” adlı (**********-37001 kodlu) və ünvan 9 ünvanında yerləşən “X20” adlı (**********-26001 kodlu) obyektlərində əhali ilə nağd və nağdsız hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi (NKA və Pos-terminal) və muzdlu işlərə cəlb edilmiş işçilərlə rəsmi əmək müqaviləsinin bağlanılması məsələləri üzrə (Əmək) Operativ vergi nəzarəti tədbirinin keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixdə ünvan 9 ünvanında yerləşən “X20” adlı (**********-26001 kodlu) obyektdə OVN tədbiri keçirilmiş tədbir zamanı obyektdə 9 nəfər şəxsin çalışdığı müəyyən edilmiş, müəyyən edilmiş 9 nəfər işçi izahatlarında İddiaçı məxsus obyektdə işlədiklərini qeyd etmiş həmçinin bu halı vergi ödəyicisi İddiaçı öz izahatında təsdiq etmişdir. İddiaçı bu obyektdə posterminal quraşdırmadığını, ödənişləri nağd şəkildə aldığını və bu ödənişlərlə bağlı hər hansı ödəniş qəbzi yazılmadığını izahatında qeyd etmişdir. Bununlarla bağlı akt tərtib edilmiş və 19000 manat maliyyə sanksiyasının yazılması təklif edilmiş (18000 ƏMƏK və 1000 Pos-terminal) və vergi ödəyicisi tərtib edilmiş aktları imza etmişdir. Vergi ödəyicisinə məxsus 2-ci obyektdə ünvan 8 ünvanında yerləşən “X15” adlı (**********-37001 kodlu) obyektdə posterminal quraşdırmadığı və alınan ödənişlərə görə ödənişi təsdiq edən hər hansı qəbzin verilmədiyi üçün Aktlar tərtib edilmiş, 1000 manat sanksiya təklif edilmiş və vergi ödəyicisi İddiaçı oglu bu aktları imzalamışdır. ünvan 8 ünvanında yerləşən “X15” adlı (**********-37001 kodlu) obyektdə muzdlu işlərə cəlb edilmiş işçilərlə rəsmi əmək müqaviləsinin bağlanılması halının yoxlanılması zamanı 3 nəfər işçinin müvafiq işlərə cəlb edilməsi halı müəyyən edilərək müvafiq akt tərtib edilmiş, 3 nəfər işçi izahatında bunu təsdiq etmiş eyni zamanda vergi ödəyicisi İddiaçı oglu bu halı izahatında təsdiq edərək aktları imzalamışdır. Bununla bağlı 6000 manat maliyyə sanksiyasının yazılması təklif edilmişdir. Ümumilikdə 26000 manat maliyyə sanksiyası tətbiq edilmişdir (2000 manat posterminal və 24000 manat əmək müqaviləsi üzrə). Şirvan İnzibati Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli e-2-1(120)-3225/2025 saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli e-2-1(120)-3225/2025 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, “X20"nda işçi kimi qeyd olunan şəxslərin izahatlarının şahid qismində məhkəmədə alınması zərurəti yarandığı halda, bu sübutlar araşdırılmamışdır. Halbuki, işin düzgün və tam araşdırılması üçün zəruri sübutlar, o cümlədən şahid ifadələri məhkəmə tərəfindən toplanmalı və qiymətləndirilməlidir. Bu sübutların nəzərə alınmaması işin tam həqiqətini müəyyən etməyə mane olmuş, tərəflərin bərabər hüquqlarının təmin edilməməsi ilə nəticələnmişdir. İşçilərdən bəzilərinin izahatından görünür ki, onlar əvvəlki “Kaspi Təhsil Mərkəzi”nin işçiləri olmuş, onların əmək münasibətləri və obyekt üzrə məsuliyyəti əvvəlki hüquqi şəxsə aididir. Lakin vergi orqanı və məhkəmə bu fərqi araşdırmadan məsuliyyəti onun üzərinə qoymuşdur. Bundan əlavə, obyekt vergi qeydiyyatına yeni götürülmüş, faktiki fəaliyyətə yeni başlamış, POS-terminal quraşdırılması üçün vaxt tələb olunan dövrdə olmuşdur. Vergi Məcəlləsinə və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən sahibkara pozuntunu aradan qaldırmaq üçün müddət verilməliydi, lakin verilməmişdir. İstehlakçıların hüquqlarının pozulması hallarında aidiyyəti dövlət orqanı və ya yoxlayıcı orqan tərəfindən sahibkara aşkar edilmiş pozuntunun aradan qaldırılması üçün konkret tədbirlər və bu tədbirlərin yerinə yetirilməsi üçün müddət müəyyən edilir. Sahibkar bu müddət ərzində pozuntunu aradan qaldırmalı və tədbirlərin icrası barədə müvafiq orqana məlumat verməlidir. Əgər sahibkar göstərilən tədbirləri tam və əhatəli şəkildə yerinə yetirərsə, tətbiq edilmiş məhdudlaşdırıcı tədbir ləğv edilir və sahibkar fəaliyyətini davam etdirə bilər. Bu müddət və tədbirlər yoxlayıcı orqanın qərarında açıq şəkildə göstərilməlidir Məsuliyyətin tətbiqi üçün subyektin davranışı, niyyəti və ya ən azı ehtiyatsızlığı araşdırılmasını tələb edir. Lakin məhkəmə obyektin yeni fəaliyyətə başlamasını, təhvil zamanı texniki çatışmazlıqları, izahatının mahiyyətini, POS-terminal üçün lazım olan hazırlıq müddətini araşdırmamışdır. Bu maddi hüququn tətbiqində fundamental səhvdir. Belə ki, izahatında post terminalın olmaması faktı göstərilsə də, ifadə etmək istədiyi əsl məna bu deyildi. O, bildirmək istəmişdiri ki, həmin obyektdə “X20” əvvəllər fəaliyyət göstərmiş, obyekti təhvil aldığı zaman isə hüquqi sənədləri mövcud olmadığından, vergiyə obyektin qeydiyyata alınması üçün müraciət etmişdir Qeyd etmək lazımdır ki, fəaliyyət rəsmi olaraq aktiv olsa da, faktiki olaraq başlamamışdır. Vergi orqanı operativ yoxlama apardığı zaman post terminalın olmaması və ya işçilərin əvvəllər “Kaspi”nin işçisi olmaları hallarını onun adına yazaraq cərimə tətbiq etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; Maddə 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-49-cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminallar quraşdırılmalıdır. POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları, ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi qaydası və cədvəli müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan POS-terminalların quraşdırılmaması Qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POSterminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” 4.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti) qanunvericiliyə müvafiq olaraq POS-terminalların quraşdırılması tələb olunan sifarişçiyə məxsus bütün təsərrüfat subyektlərində POSterminalların quraşdırılması üçün bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun bildiriş göndərir. 4.2. Sifarişçi bildirişi aldıqdan sonra 10 (on) iş günü müddətində POS-terminalın quraşdırılması üçün bank ekvayerə müraciət etməlidir. 4.3. Sifarişçi POS-terminalın quraşdırılması üçün ərizə ilə birlikdə aşağıdakı sənədləri və ya məlumatları bank ekvayerə təqdim etməlidir: 4.3.4. əsas fəaliyyət növünün adı və kodu göstərilməklə, təsərrüfat subyektində POSterminalın quraşdırılması üçün Dövlət Vergi Xidməti tərəfindən göndərilmiş bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun bildirişin surəti (kağız daşıyıcıda) və ya bildirişin məlumatları (elektron formada). “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na 2 nömrəli əlavə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə yeni qərar qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan etirafedici izahatından, eləcə də izahatı alınan 12 nəfər şəxsin iş materiallarına əlavə edilmiş izahatlarından müəyyən olunmuşdur ki, həmin şəxslər iddiaçının işlətdiyi tədris mərkəzində, iddiaçı tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş, bununla da Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Eyni zamanda, iddiaçı tərəfindən Kursda Pos-terminal aparatı quraşdırmalı olduğu halda quraşdırmadığı (məlumatı olmadığı üçün) etiraf olunmuşdur. Bu halların müəyyən edilməsi məqsədilə operativ vergi nəzarətinin həyata keçirilməsi vergi orqanının vəzifəsi olduğundan, cavabdeh vergi orqanı vəzifəsini icra etməklə müvafiq nəzarət keçirmiş və Vergi Məcəlləsinin tələbinə əsasən iddiaçıya maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin hallarından müəyyən olunur ki, cavabdeh vergi orqanının xx.xx.2025-ci il tarixli **********7797 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçının fəaliyyət göstərdiyi Lənkəran şəhəri, Nizami 26A ünvanda yerləşən “X20”nda Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 9 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POSterminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi təqvim ili ərzində birinci dəfə yol verildiyi müəyyən edilmiş, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 9 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli DVX 002989 nömrəli akt, akta əlavə tərtib edilmiş, akt və akta əlavə vergi orqanının səlahiyyətli şəxsləri və vergi ödəyicisi İddiaçı Bayrəməli oğlu tərəfindən imzalanmışdır. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 9 nəfər fiziki şəxsin izahatları alınmış və onlar da izahatlarında aktda qeyd edilənləri təsdiq etmişlər. Qeyd edilən hallar ilə bağlı xx.xx.2025-ci il tarixli **********1556 və xx.xx.2025-ci il tarixli **********1558 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlar qəbul olunaraq, vergi ödəyicisinə 19 000 (18 000+1000) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, cavabdeh vergi orqanının “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********7795 nömrəli qərarına əsasən iddiaçının fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən “X15”ndə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi təqvim ili ərzində birinci dəfə yol verildiyi müəyyən edilmiş, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli DVX 002990 nömrəli akt, akta əlavə tərtib edilmiş, akt və akta əlavə vergi orqanının səlahiyyətli şəxsləri və vergi ödəyicisi İddiaçı Bayrəməli oğlu tərəfindən imzalanmışdır. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 3 nəfər fiziki şəxsin izahatları alınmış və onlar da izahatlarında aktda qeyd edilənləri təsdiq etmişlər. Qeyd edilən hallar ilə bağlı xx.xx.2025-ci il tarixli **********0934 və xx.xx.2025-ci il tarixli **********1972 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlar qəbul olunaraq, vergi ödəyicisinə 7 000 (6 000+1000) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Görünüdüyü ki, işdə olan sübutlarla (işə cəlb edilmiş şəxslərin izahatları, aktlar, vergi ödəyicisinin etirafedici izahatları və s.) təsdiqlənir ki, iddiaçı tərəfindən ümumən 12 nəfər fiziki şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bu hal təqvim ili ərzində birinci dəfə yol verdiyi üçün vergi ödəyicisi düzgün olaraq VM-nin 58.10-cu maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********1556 və xx.xx.2025-ci il tarixli **********1972 nömrəli qərarlar ilə vergi məsuliyyətinə cəlb edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlili olan - işçilərin bəzilərinin “Kaspi Təhsil Mərkəzi”nin işçiləri olması, onların əmək münasibətləri və məsuliyyəti hüquqi şəxsə aid olması ilə bağlı məsələlərə münasibətdə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət hazırkı iş üzrə İddiaçı tərəfindən təsis edilmiş, İddiaçı vergi ödəyicisi kimi xx.xx.2016-cı; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət xx.xx.2025-ci; “X12” Məhdud Məsuliyyətli Cəmiyyət isə xx.xx.2025-ci ildə dövlət qeydiyyatına alınmışdır. Mübahisələndirilən qərarlar isə xx.xx.2025-ci il, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə qəbul edilmişdir. Kollegiya iddiaçı barəsində Vergi Məcəlləsinin 50.1.14-cü maddəsinə əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli **********0934 və xx.xx.2025-ci il tarixli **********1558 nömrəli qərarların qanuniliyi ilə razılaşmır və bu aşağıdakılardan irəli gəlir. “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na 2 nömrəli əlavədə qanunvericiliyə müvafiq olaraq POS-terminalın quraşdırılması tələb olunan sifarişçiyə məxsus bütün təsərrüfat subyektlərində POSterminalın quraşdırılması üçün cavabdeh tərəfindən göndərilməli olan bildirişin forması və məzmunu ilə bağlı tələblər öz əksini tapmışdır. Sifarişçi yalnız həmin tələblərə cavab verən bildirişi aldıqdan sonra 10 (on) iş günü müddətində POS-terminalın quraşdırılması üçün bank ekvayerə müraciət etmək öhdəliyi daşıyır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən həmin tələblərə, xüsusən də məzmun tələbinə əməl olunduğu iş üzrə materiallardan görünmür. VM-in 53.3cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Odur ki, cavabdeh tərəfindən yol verilmiş həmin pozuntu iddiaçının xeyrinə şərh olunmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012ci il 4 oktyabr tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POSterminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın 4.3 və 4.3.4cü bəndlərinin tələbinə görə sifarişçi POS-terminalın quraşdırılması üçün ərizə ilə birlikdə digər sənədlər ilə yanaşı əsas fəaliyyət növünün adı və kodu göstərilməklə, təsərrüfat subyektində POS-terminalın quraşdırılması üçün Dövlət Vergi Xidməti tərəfindən göndərilmiş bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun bildirişin surətini (kağız daşıyıcıda) və ya bildirişin məlumatlarını (elektron formada) bank ekvayerə təqdim etməlidir. Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə yeni qərar qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli e-2-1(120)-3225/2025 saylı qərarı qismən - “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********0934 və xx.xx.2025-ci il tarixli **********1558 nömrəli qərarların ləğv olunmasına dair iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. Ləğv edilən hissədə yeni qərar qəbul edilsin. İddia həmin hissədə təmin edilsin və “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********0934 və xx.xx.2025-ci il tarixli **********1558 nömrəli qərarlar ləğv edilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar