Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-97/2023 29.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(120)-2241/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 12 dekabr 2022-ci il tarixli, 2-1(120)-2241/2022 nömrəli qərarı ilə İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, 1971-ci ildə doğulmuş, xx.xx.1992-ci il tarixdə Kürdəmir rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Həmin vaxt Dağlıq Qarabağda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iri miqyaslı hərbi əməliyyatlar gedirdi. Orada ona N nömrəli hərbi hissənin tərkibində olduğu bildirilmişdir. Bir müddət hərbi təlim keçəndən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyi uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Qarabağa aparılmışdır. Keçirilən hərbi əməlliyatlarda fəal iştirak etmiş, sonradan ağır yaralanmışdır. xx.xx.1993-cü il tarixdə hərbi xidmətdən ehiyata buraxılmışdır. Hərbi xidmətdən qayıdarkən Kürdəmir rayon hərbi komissarlığına müraciət etmiş, orada qeydiyyata düşmüş, ona hərbi bilet verilmiş və həmin hərbi biletdə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etdiyi qeyd olunmuşdur. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində o, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və məhkəmə kollegiyasının suallarına cavab olaraq həmçinin bildirdi ki, o, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək hospitalda müalicə almışdır. Müalicə olunduqdan sonra 15 sutkalıq hərbi xidmətdən evə buraxılmışdır. 15 sutkalıq evdə qaldığı müddət qurtardıqdan sonra onun sağlamlığı ona hərbi xidməti davam etdirməyə imkan verdiyindən hərbi xidmətə qayıtmış və xx.xx.1993-cü il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1993cü il tarixdə N nömrəli hərbi hissədə özləri çağıracaqlar deyib onları evə buraxmışdırlar. xx.xx.1993-cü il tarixdə o, hərbi hissəni tərk edərkən tərxis barədə əmr olmamışdır. Onun hərbi xidməti ilə əlaqədar, o cümlədən hərbi xidmətdən qanuni əsaslarla tərxis edilməsi barədə başqa sübutları yoxdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə doğulmuşdur. İşdə olan iddiaçıya məxsus olan xx.xx.1989-cu il tarixli, H3 ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/3-33223 nömrəli məktubda qeyd edilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Komissiyanın xx.xx.2022-cı il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.1993-cü il tarixdən (müalicədən) sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/2-6341 nömrəli məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığı üçün İddiaçı xidməti barədə araşdırma aparıla bilinmir. N nömrəli hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci ildən _.09.1992-ci ilədək döyüş əməliyatlarında iştirak etməsi barədə məlumat vardır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-cı il tarixli, 979 nömrəli məktubda qeyd edilmişdir ki, 1971-cı il təvəllüdlü istefada olan əsgər İddiaçı xx.xx.1992-ci il tarixdə səfərbərliklə hərbi xidmətə göndərilmiş və xx.xx.1993-cü il tarixədək hərbi xidmət keçmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat kartında məlumat vardır. İddiaçı döyüş əməliyyatlarında iştirakının müəyyənləşdirilməsi məqsədi ilə Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu olunmuş və daxil olmuş xx.xx.1999-cu il tarixli, 20/2-4776 nömrəli məktubda bildirilmişdir ki, N nömrəli hərbi hissənin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır, bu səbəbdən də İddiaçı həmin hərbi hissədə xidmətini təsdiq edə bilmirlər. Həmin məktuba əlavə edilmiş qeydiyyat kartının surətindən görünür ki, həmin qeydiyyat kartında İddiaçı xx.xx.1992-ci il tarixdə səfərbərliklə hərbi xidmətə göndərildiyi, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində gedən döyüş əməliyyatlarında iştirak etdiyi, xx.xx.1993-cü il tarixdə N nömrəli hərbi hissənin tərkibində yaralandığı qeyd edilmiş, lakin onun xx.xx.1993-cü il tarixdən sonrakı hərbi xidməti və tərxis olunması barədə hər hansı məlumat qeyd edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 11/3838 nömrəli etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının xx.xx.1993cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilmədiyindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2631 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı yaralanması və şəhadətləndirilməsi barədə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının kompüter bazasında heç bir məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 8986 nömrəli məktubdan görünür ki, 1992-1993-cü illərdə N nömrəli hərbi hissənin əsgəri İddiaçı Qarabağ uğrunda gedən döyüşlərdə xəsarət alıb-almaması barədə məlumatın olubolmamasına dair məhkəmə sorğusuna cavab olaraq 1993-cü il tarixdə 230 nömrəli hərbi hospitalda (Gəncə Hospitalında) N nömrəli hərbi hissənin sabiq əsgəri İddiaçı adına tərtib olmuş 337 nömrəli xəstəlik tarixindən çıxarış epikrizinin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş sözügedən epikrizin təsdiq olunmuş surətində qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin sabiq əsgəri İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək sağ baldırın yumşaq toxumalarının dəlib keçən güllə yaralanmasına görə müalicədə olub, yaraları sağılıb, 15 sutka hərbi xidmətdən azad olunması məsləhət görülüb. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Cavabdeh, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Cavabdeh, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İşin faktiki hallarından görünür ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun xx.xx.1993-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmadığı əsas gətirilərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarılmasıdır. Hazırkı işin hallarından isə müəyyən edilir ki, 1971-cı il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdə səfərbərliklə hərbi xidmətə göndərilmiş və xx.xx.1993-cü il tarixədək hərbi xidmət keçmişdir. Onun xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat kartında məlumat vardır. İddiaçı döyüş əməliyyatlarında iştirakının müəyyənləşdirilməsi məqsədi ilə Kürdəmir rayon Hərbi Komissarlığının sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 20/2-4776 nömrəli cavab məktubunda N nömrəli hərbi hissənin sənədlərinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı, bu səbəbdən də İddiaçı həmin hərbi hissədə xidmətini təsdiq edilə bilinmədiyi bildirilmişdir. Göründüyü kimi, iddiaçının qanuni əsasla ehtiyata buraxılması hər hansı mötəbər sübutla təsdiq olunmur. İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.1996-cı il tarixli, 433 nömrəli fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Əsasnamədə qeyd edilən əsaslar, yəni iddiaçının ehtiyata buraxılmasına dair hərbi hissənin nizami hissə üzrə əmri və ya arxiv arayışı olmadığından cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. İddiaçı ümumi şəkildə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarından narazı olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(120)-2241/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-97/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-97/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver