Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-979/2025 22.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş dövrlərin pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli 2-1(120)-1979/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1962-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli 375 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur (2 il, 1 ay, 28 gün). Seriya ******* nömrəli əmək kitabçasının dublikatından və arxiv arayışlarından görünür ki, iddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: - 1982-1990-cı illərdə “M.Müşviq” adına kolxozda, - xx.xx.1990-cı il tarixdən (xx.xx.1990-cı il tarixli 39/л nömrəli əmr) xx.xx.1993-cü il tarixədək (xx.xx.1993-ci il tarixli 32/л nömrəli əmr) X4 X10 İdarəsinin “Salyan” gəmisində bosman vəzifəsində (2 il, 9 ay, 1 gün), - xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək 3 №-li Yol Tikinti Təmir Trestinin 15 №-li Yol Tikinti idarəsində 2-ci dərəcəli asfalt-beton qarışdırıcı maşinist vəzifəsində ( 6 il, 8 ay, 6 gün), - xx.xx.2000-ci il tarixdən (əmr xx.xx.2000, № 3) xx.xx.2005-ci il tarixədək (əmr xx.xx.2005 № 26) Hacıqabul Rayon Kommunal Müəssisələri Kombinatında bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı vəzifəsində (5 il,10 ay, 3 gün), - xx.xx.2016-cı il tarixdən (əmr 25/4) xx.xx.2018-ci il tarixədək Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 X2 meşəbəyliyində fəhlə, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək motorçu (2 il 10 ay, 1 gün) vəzifələrində, - xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsinin 3 saylı Sabirabad Regional şöbəsində nasosçu (4 il, 11 ay, 11 gün) vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X5 İdarəsi tərəfindən Şirvan Rayon Polis şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 30/208 nömrəli məktubda qeyd edilmişdir ki, “...Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X5 İdarəsinin 4 saylı Sabirabad Regional şöbəsinin nasosçusu İddiaçı 16 mart 2021-ci il tarixində İdarənin İnsan resursları şöbəsinə müraciət edərək əmək kitabçasını Sabirabad DSMF-yə təqdim etmək üçün götürmüşdür. İddiaçı NT-1 № ******* nömrəli əmək kitabçasını itirmişdir.” Şirvan Şəhər Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 305-10672M-3121 nömrəli arayışda qeyd edilmişdir ki, “...Şirvan şəhər sakini İddiaçı ona məxsus olan NT-1 № ******* nömrəli əmək kitabçasını şəhər ərazisində naməlum şəraitdə itirməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Şirvan Şəhər Polis şöbəsinə məktub ilə müraciət etmişdir. İddiaçı məxsus olan NT-1 № ******* nömrəli əmək kitabçasını Şirvan Şəhər Polis şöbəsində tapılmış kimi qeydiyyata alınmamışdır.” "xxxx" Açıq Səhmdar Cəmiyyət tərəfindən verilmiş 11 fevral 2025-ci tarixli 09 saylı güzəştli arayışda qeyd edilmişdir ki, “...İddiaçı xx.xx.1993-xx.xx.2000-ci illər üzrə işlədiyi dövrlər əmək kitabçasında Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsində 2-ci dərəcəli “asfaltbeton qarışdırıcı maşinist” vəzifəsi kimi qeyd edilmişdir. Belə ki, “Azəravtoyol” DŞ-nin 15 və 21 fevral 2000-ci il tarixli 30 və 49 saylı əmrlərinə əsasən Əli Bayramlı 15 saylı Yol- Tikinti İdarəsi ləğv edilib onun bazasında hüquqi varisi olan Əli Bayramlı 3 saylı Yol-Tikinti İdarəsi yarandığı üçün xx.xx.2000-ci il tarixli 01/k saylı əmrlə 4-cü dərəcə “asfalt-beton qarışdırıcı maşinist” vəzifəsindən öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı xx.xx.1993-xx.xx.2000-ci illər işlədiyi “asfalt-beton qarışdırıcı maşinist” vəzifəsi üzrə gördüyü işlər - Asfalt qarışığının tərkibi, xüsusiyyəti, materialların nəmliyini, keyfiyyətini, qranulometrik tərkibini, habelə örtüyün konstruksiyasını nəzərə almaqla optimal tərkibli qarışıqların seçilməsi işini yerinə yetirilməsini, bitumun qəbul edilməsi və bitumçənlərinə nəzarət edilməsi, bitum çənlərində temperatura nəzarət edilməsini, asfalt yüklənəcək avtomaşının hərəkətinin yönləndilməsi, hazır məhsulun (asfaltın) yük maşınlarına yüklənməsinə nəzarəti, qurğu və avadanlıqları işə qoşmazdan əvvəl mexaniki hissələrin yoxlanılması və qurğuda aparılan təmir işlərində iştirak edilməsini, asfaltın üst qatının yüksək temperaturda yumşaq sət formasında döşənməsini texniki vasitə olan avtomobillə həyata keçirilməsini və xidmət etdiyi qurğu və avadanlığın konstruktiv xüsusiyyətlərini və iş rejimini, təhlükəsizlik və yanğından mühafizə tədbir və qaydalarını təmin edən təlimatları həyata keçirirdi. X3 işlədiyi vəzifələr zərərli və ağır iş sahəsi olaraq hər ay əmək haqqısına 12 % və məzuniyyət gününə 2 təqvim günü əlavə edilirdi. Bu səbəbdən də hesab etmək olar ki, İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.1993-xx.xx.2000-ci illər üzrə “asfalt-beton qarışdırıcı maşinist” vəzifəsi zərərli və ağır iş stajı olduğundan, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidənqurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “səyyar asfalt-beton qarışdırıcıların maşinistləri” vəzifəsi 2290000a-14199 kodu ilə göstərilmişdir. Odur ki, İddiaçı işlədiyi “asfalt-beton qarışdırıcı maşinist” vəzifəsi zərərli və ağır iş olduğundan onun 6 il 8 ay 5 gün zərərli və ağır iş stajı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir.” Hacıqabul Rayon İcra Hakimiyyəti Hacıqabul Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli 31 saylı güzəştli arayışda qeyd qeyd edilmişdir ki, “... İddiaçı xx.xx.2000-ci il tarixdə 03 nömrəli əmrlə Hacıqabul Rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatına bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı vəzifəsinə qəbul edilmişdir. Onun peşə və vəzifə təlimatına əsasən gördüyü işlər bina və qurğularında yerləşən zirzəmilərdən keçən su, istilik sistemlərinin, konalizasiya (məişət texniki sularının) xətlərinin təmir və bərpasından, yəni korroziyadan qorunması üçün izolyasiya (şüşə liflərlə sarınması) edilməsindən ibarət olmuşdur. Əmək fəaliyyəti müddətində ona əmək haqqıya 12-24%-ə kimi əlavə pul və məzuniyyət gününə 6 təqvim günü əlavə edilmişdir. İşlədiyi vəzifə ağır və zərərli olduğundan sabun və süd məhsulları ilə təmin edilmişdir. Belə ki, İddiaçı Hacıqabul Rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatında işlədiyi 5 il 10 ay 02 gün “Bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahının XXVİİ. Bina, qurğu və digər obyektlərin (290000a-1250)” koduna uyğundur və siyahıda qeyd edilmişdir. Onun işlədiyi vəzifə ağır və zərərli iş stajı olduğundan, həmin koda əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş dövrlərin pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 60 yaşı tamam olmuşdur. Eyni zamanda, 25 ildən çox ümumi, o cümlədən həmin müddətin 12 il 6 aydan çox güzəştli sığorta stajı vardır. BU səbəbdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. Cavabdehin etirazları: İddiaçının xx.xx.2022-ci il tarixə ümumi stajı 18 il 8 ay 10 gün (xx.xx.2006-cı il tarixədək 12 il 11 ay 10 gün (xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmətdə olduğu dövr), xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və 8 il 14 gün kolxozda işlədiyi dövr), həmin tarixdən sonra 5 il 9 ay), fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə xx.xx.2022-ci il tarixə 14875.28 manat təşkil edir. Bundan başqa, iddiaçının 01 oktyabr 2021-ci il tarixdə açılmış əmək kitabçasının dublikatının surətinin 6-9-cu səhifələrində onun xx.xx.1993-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Əli Bayramlı 15 nömrəli Yol Tikinti İdarəsi”ndə qarışdırıcı maşinist, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Hacıqabul Rayon Kommunal Müəssisələri Kombinatında izolyasiyaçı peşələrində işlədiyi qeyd edilmişdir. Həmin dövrlər üzrə iş stajına dair məlumatların dəqiqləşdirilməsi məqsədilə 1 saylı Şirvan-Salyan regional filialının aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəiqləşdirmə aparılmışdır. Dəqiqləşdirmə zamanı “Əli Bayramlı 15 nömrəli Yol Tikinti İdarəsi”nin əmək haqqı cədvəllərinin X7 şəhər filialına təhvil verilmədiyi müəyyən edilmiş və bu fakt X7 şəhər filialının 12 sentyabr 2022-ci il tarixli birgə aktı ilə təsdiqlənmişdir. Həmçinin, Hacıqabul Rayon Kommunal Müəssisələri Kombinatının rayon arxivində saxlanılan əmək haqqı cədvəllərində də İddiaçı adı aşkar edilməmişdir. Bu fakt Hacıqabul Rayon Dövlət Arxivinin 16 sentyabr 2022-ci il tarixli birgə aktı ilə təsdiqlənmişdir. Şirvan İnzibati Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli 2-1(120)-1979/2025 saylı qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin (29) fəhlələr bəndində (a) səyyar asfaltbeton qarışdırıcılarının maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin İddiaçı dair 11 fevral 2025-ci il tarixli 9 nömrəli arayışında xx.xx.1993xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsində asfalt-beton qarışdırıcı maşinist vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda İddiaçı işlədiyi müddətdə səyyar asfalt-beton qarışdırıcılarının maşinisti olubolmaması barədə hər hansı məlumat göstərilməmişdir. Həmçinin, Mərkəzi Filiala təqdim edilən Hacıqabul Rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatının adıçəkilən şəxsə dair 14 sentyabr 2021-ci il tarixli 75 nömrəli arayışında xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə su və kanalizasiya xətlərinin təmiri üzrə izolyasiyaçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sahəsinə aid deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. İddiaçının ümumi iş stajı 32 il 11 ay 17 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2000-ci il, xx.xx.2000xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, 374 gün (kolxoz dövrü) və xx.xx.2006-cı ildən sonra 7 il 10 ay) təşkil edir. Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə etirazın dəlilləri iddianın əsasları ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-1979/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddiaya uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, binaların zirzəmilərdən keçən su, istilik sistemlərinin, konalizasiya (məişət texniki sularının) xətlərinin təmir və bərpası, yəni korroziyadan qorunması üçün izolyasiya (şüşə liflərlə sarınması) edilməsi ilə məşğul olmuşdur. Sonda İddiaçı şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri ... 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür)
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 2290000a-14199 səyyar asfalt-beton qarışdırıcıların maşinistləri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri a) fəhlələr: izolyasiyaçılar, səyyar asfalt-beton qarışdırıcılarının maşinistləri
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə 25 ildən çox ümumi, o cümlədən 12 il 6 aydan çox güzəştli sığorta stajı vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə kollegiya qeyd edir ki, iddiaçının qanunla tələb olunan yaşı (60 yaş) və ümumi sığorta stajı (azı 25 il sığorta stajı) ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Belə ki, iş materialları ilə sübut olunur ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun 60 yaşı və azı 25 il sığorta stajı (32 ildən artıq) var və bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir, apellyasiya şikayətində də qeyd edilməklə qəbul edilir. Tərəflər arasında mübahisə güzəştli iş stajı ilə bağlıdır. Cavabdeh iddiaçının xx.xx.1993-xx.xx.2000-ci illlərdə "xxxx" ASC-də işlədiyi “asfalt-beton qarışdırıcı maşinisti” vəzifəsinin “səyyar asfalt-beton qarışdırıcılarının maşinisti” olub-olmaması barədə güzəştli arayışda hər hansı məlumatın göstərilməməsinə; xx.xx.2000-xx.xx.2005-ci illərdə isə su və kanalizasiya xətlərinin təmiri üzrə izolyasiyaçı vəzifəsində işlədiyi Hacıqabul Rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatının fəaliyyət sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sahəsinə aid olmamasına əsaslanmışdır. Qeyd edilən məsələlər ilə bağlı kollegiya bildirir ki, iddiaçının işlədiyi “asfalt-beton qarışdırıcı maşinisti” və “bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı” vəzifələri həmin vəzifələrə dair təlimat, güzəştli iş stajı ilə bağlı arayışda qeyd edilən vəzifələrin əmək funksiyaları onu deməyə əsas verir ki, həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 29-cu bölməsində nəzərdə tutulan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri işlə məşğul olan” a) fəhlələr: izolyasiyaçılar və səyyar asfaltbeton qarışdırıcılarının maşinistləri vəzifələrinə uyğundur və bu səbəbdən güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Bundan başqa, iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, oxşar mübahisələr üzrə iddiaçı ilə eyni müəssisədə işləmiş şəxsin “asfalt-beton qarışdırıcı maşinisti” və “bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı” vəzifələri güzəştli iş stajı kimi tanınmış və həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-520/2020 və xx.xx.2021-ci il taricxli 2-1(102)-1807/2021 nömrəli qərarları). Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tələb olunan azı 25 il ümumi sığorta stajını və 12 il 6 ay güzəştli iş stajını topladığından, tələb olunan yaşı da tamam olduğundan, o, güzəştli şərtlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli 2-1(120)-1979/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.