Məhkəmə qərarları › İş №2-1(106)-98/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-98/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-98/2023 27.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, İddiaçının, cavabdehin nümayəndələri X5, X16, cavabdehin vəkili X6 iştirakı ilə, İddiaçının cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin “07” fevral 2022-ci il tarixli 2-1(120)- 268/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2014-cü il tarixli, 50 saylı əmrlə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçi-psixoloqu vəzifəsinə təyin edilmiş, Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısına ünvanladığı 28 aprel 2020-ci il tarixli ərizədə onu 28 aprel 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş, İddiaçı dövlət qulluğuna Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının 28 aprel 2020-ci il tarixli, 25 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Hacıqabul Rayon İcra Hakimiyyətinə, Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının köməkçisi X17 və Hacıqabul Rayon İcra Hakimiyyətinin hüquqşünası X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxmağı barədə Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 25 saylı əmrinin ləğv edilərək, Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə aparıcı məsləhətçi-psixoloqu vəzifəsinə bərpa olunmağı və işə bərpa barədə əmrin veriləcəyi günə qədər məcburi buraxılmış iş günlərinin əmək haqqısının hesablanaraq ödənilməsi, dəymiş mənəvi zərərə görə Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının köməkçisi X12 40.000 manat, Hacıqabul Rayon İcra Hakimiyyətinin hüquqşünası X7 65.000 manat pulun alınaraq ona verilməsi, ödədiyi dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, xx.xx.2014-cü il tarixli, 50 saylı əmrlə Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçi-psixoloqu vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə vəzifə funksiyasının icrası ilə əlaqədar heç bir tənbeh tədbirlərinə məruz qalmamış, iş fəaliyyətinə dair iclas və müşavirələrdə rəhbərliyin ona heç bir iradı, xəbərdarlığı olmamışdır. 2020-ci il aprel ayının 28-də saat 18:00-da Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının köməkçisi X20 onu iş otağına dəvət edərək demiş ki, İcra Hakimiyyəti Başçısının bəzi tapşırıqları var. Bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin şəhər (rayon) icra hakimiyyəti başçısına Əsasnamə ilə verdiyi səlahiyyətlərdən biri kimi yeni təyin olunmuş icra hakimiyyəti başçısı aparat işçilərinin tam heyətdə istefa ərizələrini qəbul etməlidir. Bundan sonra isə kimin istefasını qəbul etmək, kimi işdə saxlamaq icra hakimiyyəti başçısının səlahiyyətindədir. Həmçinin bildirmişdir ki, “indiki icra hakimiyyəti başçısı Rüstəm Xəlilov vəzifəyə Prezident sərəncamı ilə dekabr 2019-cu ildə təyin olunmuşdur, lakin səndən istefa ərizəsi almaq unudulmuşdur. Odur ki, indi sən həmin istefa ərizəsini gec də olsa yazmalısan ki, formal cəhətdən sənəd yerində olsun. Bu ərizə ümumi şöbədə qovluğa qoyulacaq, sən isə necə ki, İH başçısının vaxtından artıq 5 aydır işləyirsən, yenədə işini eyni vəzifədə eyni funksiyalarla davam etdirəcəksən”. Köməkçi hətta istefa ərizəsinin mətnini də ona diktə etmiş: “28 aprel 2020-ci il tarixdən öz xahişimlə işdən azad olunmağım barədə”. Sonda bir daha əlavə bildirmişdir ki, o, bununla İH başçısının tapşırıqlarını yerinə yetirir. Köməkçinin İH başçısı adından dediklərinin yerinə yetirilməsini özünə borc hesab edərək köməkçinin diktə etdiyi formada ərizəni yazıb köməkçinin özünə vermişdir. Bundan sonra o, iş otağına qayıtmış, fikirləşəndən 5 dəqiqə sonra qayıdıb, köməkçidən ərizəni geri istəmişdir. Köməkçi isə demişdir ki, ərizən dərkənarla ümumi şöbədədir. Artiq ərizəni yazdığı vaxtdan 10 dəqiqə keçmişdir. Ümumi şöbənin müdiri demişdir ki, artıq gecikmisən, Rüstəm müəllim işdən çıxmağın barədə əmri imzalayıb və kitaba salınıb. Ertəsi günü hüquqşünasla məsləhətləşəndə, ona demişdir ki, “köməkçi səni aldadıb, artıq 5 aydır işləyən İH başçısı səni həm de-fakto, həm de-yure tanıdığından istefa bəhanəsi ilə səndən ərizə tələb oluna bilməz. Həm də ərizənin diktə altında yazılan məzmunu da bunu təsdiqləmir”. Odur ki, o, valideynləri ilə birgə ertəsi günü İcra Hakimiyyətinə getmişdir. Köməkçi A.Kərimova demişdir ki, “Siz məni aldatmısınız, indi valideynim Rüstəm müəllimin qəbuluna düşmək istəyir, xahiş edirəm ki, məruzə edin bizi qəbul etsin”. Köməkçinin cavabı bu olmuşdur ki, “aldadırdım-aldanmayaydın. Rüstəm müəllim mənə tapşırıb ki, bax gör harada bir iş var, o qızı yerbə-yer et, bundan artıq sənin üçün heç nə edə bilmərik”. Köməkçi nəinki onu, yaxud valideynini Rüstəm müəllimin qəbuluna buraxmamış, hətta bildirmişdir ki, “İH başçısı bu məsələ ilə əlaqədar sizi dinləmək istəmir”. Köməkçinin ona qarşı qanunsuz hərəkətləri şüurunda kəskin mənəvi psixi reaksiyaya səbəb olmaqla, o vaxtdan indiyə qədər davam edən mənəvi sarsıntılarla nəticələnmişdir. Çünki, əvvəla nə ailədə, nə qohum-tanış içərisində, nə də 5 il işlədiyi kollektivdə köməkçinin qanunsuz əməli ilə aldanmağını izah edib özünə bağışlaya bilmir. İkinci isə, o, 2018-ci ilin iyul ayında Hacıqabul Rayon İH-nin göndərişi ilə imtahan verərək Azərbaycan Respublikası Prezidenti yanında X2 dövlət və bələdiyyə idarəetməsi fakültəsinə “regional idarəetmə” ixtisası üzrə magistr dərəcəsi almaq üçün qəbul olunmuşdur. Köməkçi A.Kərimovun onu aldatması, ona qarşı qanunsuz əməlləri X10 Siyasəti proqramı sayəsində ona açılan yollarla Prezidentin etimadını doğruldub, Hacıqabul rayonunda dövlət idarəetməsində istənilən işdə yararlı bir kadr olub, Dövlətə, Vətənə bundan sonra da ləyaqətlə xidmət etmək arzularını puça çıxartmışdır. 19 yaşından Yeni Azərbaycan Partiyasının üzvüdür. Köməkçi A.Kərimovun qanunsuz əməli ilə erkən gənclik dövründən Dövlətə və İqtidara sədaqətini ortaya qoyan bir gənc qıza bundan da ağır mənəvi sarsıntı ola bilməz. Köməkçinin təhriki ilə işdən çıxarıldığı 28 aprel 2020-ci il tarixi Respublikada Xüsusi Karantin rejimi şəraitində Nazirlər Kabineti Operativ Qərargahının yerli icra hakimiyyəti orqanı üçün məhdudlaşdırdığı qeyri-iş gününə düşür. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə görə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək hər-hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Mülki Məcəllənin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliketlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq olunur. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında “Azəbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 07 №-li Qərarının 1-ci bəndinin 2-ci hissəsi ilə məhkəmələrə izah vermişdir ki, konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması və barədə tələbin rədd edilməsi üçün əsas deyildir”. Həmin Qərarın 2-ci bəndinin 2-ci hissəsi zərərçəkən fiziki şəxsin mənəvi sarsıntını ona qarşı törədilən qanunsuz hərəkətin (hərəkətsizliyi) şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması kimi xarakterizə edilir. Yenə həmin qərarın 2-ci bəndinin 3cü hissəsi digər amillərlə bərabər şəxsin iş yerini itirməsini də mənəvi zərər vurulmasının səbəbi hesab etməklə mənəvi zərərin ödənilməsinə yönəldir. Həmçinin həmin bəndin 4-cü hissəsi ilə müəyyən edilir ki, mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Əmək Məcəlləsinin 291-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin tərəflərinin dövlət orqanının, yaxud vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələb etmək və bu ziyanın dövlət tərəfindən ödənilməsi hüququ vardır. Həmin Məcəllənin 300-cü maddəsinin (əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri) 1-ci bəndində nəzərdə tutulur ki, məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İcra Hakimiyyətinin başçısının köməkçisi tərəfindən aldadılaraq, guya başçının tapşırığı ilə ərizə yazmağa vadar edildikdən sonra, köməkçinin ona qarşı qanunsuzluğunu bilərək əsəb sarsıntısı keçirir, ailə üzvlərinə, qohum-tanışa, iş yerində onunla ünsiyyətdə olanlara hərəkətinin məntiqini izah edə bilmir. Rayon İcra Hakimiyyətinin göndərişi ilə imtahan verib qəbul olunduğu Azərbaycan Respublikası Prezidenti yanında X2 təhsilini başa vuraraq Möhtərəm Prezidentin siyasətinə xidmət etmək, Dövlətə, dövlətçiliyə imkanı daxilində dövlət qulluqçusu olaraq fayda vermək imkanını itirməyini özünə qarşı ən böyük ölçüyə gəlməz mənəvi zərbə hesab edir. Bütün bunlarla əlaqədar Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı köməkçisinin ona törətdiyi mənəvi zərəri 40.000 (qırx min) manat dəyərləndirir. Qanunsuz işdən çıxarılmasının mülki məhkəmə icraatı zamanı ona 2-ci mənəvi zərəri İcra Hakimiyyəti aparatının əməkdaşı X13 vurmuşdur. Belə ki, o, məhkəməyə göndərdiyi və özünün imzaladığı və hələ göndərilənə qədər məzmununun icra hakimiyyətində bir neçə nəfərə məlum olduğu məktubunda onun - hərəkətlərinin cəmiyyət arasında dedi-qodulara səbəb olduğunu, rayonun bir sıra idarə və təşkilatlarının rəhbərləri ilə kobud rəftarını göstərməklə şərəf və ləyaqətini subay gənc qız olaraq alçaltmışdır. Sirac Əsgərovun ona vurduğu mənəvi zərəri 65000 (altmış beş min) manat məbləğində hesab edir. Əvvəla S.Əsgərovun subay gənc qızın “hərəkətlərinin” cəmiyyətdə “dedi-qodulara” səbəb olduğunu yayması böhtandır. Bəzi idarə və təşkilat rəhbərləri ilə kobud rəftarı barədə təqdimatlar və bir qrup İcra Hakimiyyəti əməkdaşının sonradan köhnə tarixlə tərtib etdiyi və bu səbəbdən də İH ümumi şöbəsinin daxili sənədlər kitabına salınması mümkünsüz olan təqdimatına gəldikdə isə, 1 saylı “Lalə” uşaq bağçasının kollektivi adından bağçanın müdirəsi R.Əliyevanın Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı R.Xəlilova ünvanladığı, “Kollektiv adından müraciət” adlandırdığı halda yalnız özünün imzaladığı, həmin uşaq bağçasından həqiqətən də imza olunduğu xx.xx.2019-cu il tarixlə çıxması uşaq bağçasının müvafiq ştampı ilə təsdiqlənməyən, eləcə də Hacıqabul Rayon İcra Hakimiyyətinə nə vaxt daxil olmasını sübut edəcək kitabla qeydə alınma ştampı və İH başçısının həmin rəsmi müraciətdə dərkənarının olmadığı vəziyyətdə, 2 saylı körpələr evi-uşaq bağçasının müdirinin öz adından rayon İH başçısı R.Xəlilova ünvanladığı xx.xx.2019-cu il tarixdə imzaladığı, lakin həmin müraciətin hansı tarixdə körpələr evi-uşaq bağçasından çıxması təşkilatın müvafiq ştampı ilə təsdiqlənməyən, habelə Hacıqabul Rayon İcra Hakimiyyətinə də nə vaxt daxil olması İH-nin müvafiq daxil olma ştampı və İcra Hakimiyyəti başçısının sənədlə tanış olmasını təsdiqləyən dərkənar olmadığı halda, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısına daha bir “sifarişlə” ünvanlanmış bir qrup əməkdaşın təqdimatının yenə İH-nin ümumi şöbəsinin sənədlərin daxil olması kitabında qeydiyyata alınmadan, İH başçısının dərkənarı olmadan dərkənarsız saxlanılması, bütün bunlar saxtalaşdırılmış sənədlərdir və heç bir hüquqi əsası yoxdur. Bundan əlavə, həm qanunvericiliklə, həm normativ hüquqi aktlarla, həm də adi kargüzarlıq qaydaları ilə idarələrarası, yaxud da idarə və təşkilatlardan dövlət orqanlarına göndərilən, mahiyyət və məzmundan asılı olmayaraq bütün sənəd, məktub və müraciətlər Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatın müddəalarına ziddir. İddiasının yekun konteksti bundan ibarətdir ki:-stabil işi olub, büdcədən əmək haqqı alan, Prezident Akademiyasında təhsil alan, gələcəyini dövlət qulluqçusu işi-peşəsi ilə bağlayan, 3 banka kredit borcu olan, nə başqa yerə köçməyən, nə də daha sərfəli və yüksək maaşlı iş tapmayan gənc subay qızın işdən dərhal çıxarılması barədə ərizə yazması anormallıqdır və heç bir normal insan məntiqinə sığmır ki, burada aldatma və təzyiq elementləri olmamışdır. Üstəlik də bu ərizəni diqtə ilə İH-nin inzibati binasında İH başçısı köməkçisinin otağında, saat 18:00-da yazıldıqdan bir neçə dəqiqə sonra köməkçidən geri istəməsi, ümumi şöbəyə göndərilməsi və şöbə müdirindən eşitməsi ki, “gecikmisən, əmrin verilib”, bu da anormallıqdır və normal insan məntiqinə sığmır. Göstərilənlərə əsasən, iddiasının təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “işdən çıxmağı barədə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 25 saylı əmrinin ləğv edilərək, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə aparıcı məsləhətçi-psixoloqu vəzifəsinə bərpa olunmağı və işə bərpa barədə əmrin veriləcəyi günə qədər məcburi buraxılmış iş günlərinin əmək haqqısının hesablanaraq ödənilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə verərək, əlavə olaraq bildirmişdir ki, iş vaxtı çərçivəsindən kənar alınmış ərizə əsasında əmrləşmə iş vaxtından kənar qaydada aparılmışdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinin mənasına görə işçi ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğvini israr edirsə, ərizədə bunun səbəbini göstərməlidir. Əks halda bu ərizə etibarsız sayılmalıdır. Qanunsuz işdən çıxarılmağı mülki məhkəmə icraatı zamanı ikinci mənəvi zərəri İH aparatının əməkdaşı X13 vurmuşdur. Belə ki, o məhkəməyə göndərdiyi və özünün imzaladığı və hələ göndərilənə qədər məzmununun icra hakimiyyətində bir neçə nəfərə məlum olduğu məktubunda onun hərəkətlərinin cəmiyyət arasında dedi-qodulara səbəb olduğunu, bir sıra idarə və təşkilatlarının rəhbərləri ilə kobud rəftar göstərməklə şərəfvə ləyaqəti subay gənc qız olaraq alçaltmışdır. Bu ərizəni diqtə ilə İH-nin inzibati binasında İH başçısının otağında, saat 18:15-də yazdığı bir neçə dəqiqə sonra köməkçidən geri istəməsi, ümumi şöbəyə göndərilməsi və şöbə müdrindən eşitməsi ki, “gecikmisən, əmrin verilib”, bu da ona qarşı qərəzin sübutudur. Göstərilənlərə əsasən işdən çıxarılmağı barədə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 25 saylı əmrinin ləğv edilərək Hacıqabul rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçipsixoloqu vəzifəsinə bərpa olunmağı və işə bərpa barədə əmrin veriləcəyi günə qədər məcburi buraxılmış iş günlərinin əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdehlər Hacıqabul Rayon İcra Hakimiyyətinə, İcra Hakimiyyəti Başçısı Aparatının hüquqşünası X9 və İcra Hakimiyyəti Başçısının köməkçisi X17 qarşı “işə bərpa, məcburi buraxılmış iş müddətinə görə əmək haqqısı və dəymiş mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 25 saylı əmrinin ləğv edilərək Hacıqabul Rayon İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyası”nın uşaqlarla iş üzrə məsləhətçi -psixoloq vəzifəsinə bərpa olunmağı və işə bərpa əmrinin veriləcəyi günə qədər məcburi buraxılmış iş günlərinin əmək haqqısının hesablanaraq ödənilməsi öhdəliyi, dəymiş mənəvi zərərə görə Hacıqabul rayon İcra hakimiyyəti başçısının köməkçisi X12 40.000 manat və Hacıqabul rayon İcra Hakimiyyətinin hüquqşünası X7 65.000 manat pulun alınaraq ona verilməsi barədə müvafiq məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Hacıqabil Rayon İcra hakimiyyəti hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının əvvəllər işlədiyi Hacıqabul Rayon İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyası”nın uşaqlarla iş üzrə məsləhətçi-psixoloq vəzifəsi “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavədə “Rayon İcra Hakimiyyəti Başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” cədvəlində öz əksini tapmışdır. Bu baxımdan həmin vəzifəni daşıyan şəxs “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsidir və həmin Qanunun 10.5-ci maddəsinə əsasən inzibati vəzifə hesab edilir. Yerli İcra Hakimiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinə əsasən yaradılmış dövlət orqanıdır və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.5-ci maddəsinə əsasən 4-cü kateqoriyalı dövlət orqanı hesab edilir. İddiaçının əvvəllər tutduğu vəzifə həmin Qanunun 11.1.8.1-ci maddəsinə əsasən inzibati vəzifələrin yeddinci təsnifatına aid edilir. İddiaçı dövlət qulluğuna Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2020-ci il tarixli, 25 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin maddənin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı tutduğu vəzifədən azad olunması barədə verdiyi ərizədə işdən azad olunması günü göstərdiyi üçün onun əmək müqaviləsinin xitam olunması zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçının gətirdiyi digər arqumentlərə gəldikdə isə bildirirlər ki, iddiaçının iddiasında hadisələrin gedişi, yəni onun işdən azad olunması vəziyyəti özünün müəllifi olduğu iddia ərizəsində bir formada, yuxarı dövlət orqanlarına və müxalifyönümlü internet saytlarında isə başqa formada ifadə olunur. Ali təhsilli və normal yaş həddinə çatmış, xeyli müddət iş təcrübəsinə malik bir şəxsin özünün dediyi kimi 45 dəqiqə ərzində baş verən hadisələri ziddiyətli formada ifadə etməsi məntiqi cəhətdən yalnız onun bu fikirləri özünə haqq qazandırmaq üçün uydurduğu qənaətindən başqa bir nəticə hasil etmir. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixdə “Sfera az” Xəbər portalında, yenə də xx.xx.2020-ci il tarixdə “bolgexeber.com” internet saytında və 18 may 2020-ci il tarixdə “mozalan.az/article/az1403” internet saytında kütləvi formada yayımlanmış Ölkə Başçısına ünvanladığı şikayətinin mətnində isə qeyd edir ki, “Hacıqabul Rayon İcra Hakimiyyətinin Başçısı X14 işlədiyi 6 ay ərzində ilk dəfə olaraq xx.xx.2020-ci il tarixdə, saat 17:30-da köməkçisi tərəfindən onun qəbul otağına çağırıldım və mənə söylədi ki, qızım, mən səninlə və keçmiş kollektivin işçiləri ilə işləmək istəmirəm və işləməyəcəm də. Turanə, ərizəni yaz çıx işdən. Mən otaqda olarkən rəhbərlə artıq əskik söz danışmadım və otaqdan çıxdım və başçısının köməkçisi Afiq Kərimov mənə dedi “get yaz ərizəni, sənə dedim ki, o, səni işdən çıxarmaq istəyir. Niyə uzadırsan vaxtı, geci-tezi sənə töhmət də verib çıxardacaq işdən. Ən yaxşısı yaz ərizəni, rəhbər odur və mən də səndən tələb edirəm”. Və o anda mən bilmirdim nə edəm, hədə-qorxu altında ərizəmi yazıb işdən çıxdım. Ərizəmi yazdığım anda affekt vəziyyətində olmuşam, halsız bir halda geri qayıtdım. Afiq Kərimovun yanında ərizəmi mənə geri verin söylədim, lakin o, mənə dedi ki, elə şey olur? Beləcə yarım saatın içində məni işdən azad etdilər”. İddiaçı bu xəbərləri sözsüz ki, oxumuş və keçən dövr ərzində kifayət qədər vaxtı olmasına baxmayaraq həmin yazı mətninə heç bir təkzibedici cavab verməmişdir. Bu da həmin yazı mətninin müəllifinin özü olduğunu isbat edir. Beləliklə də aydın olur ki, İddiaçı hazırki iddiasında qeyd etdiyi “28 aprel 2020-ci tarixdə saat 18:00-da İcra Hakimiyyəti başçısının köməkçisi X20 onu iş otağına dəvət edərək bildirdi ki, rayon icra hakimiyyəti başçılarına verilmiş səlahiyyətlərdən biri kimi rayona yeni təyin olunmuş icra hakimiyyəti başçısı aparatın bütün işçilərinin istefa ərizəsini qəbul etməlidir və hamı bunu edib sən də formal olaraq etməlisən və o da buna inanaraq işdən çıxma ərizəsini yazaraq təqdim etdim. Sonradan isə hüquqşünaslardan öyrəndim ki, belə bir hərəkət qanunsuzdur və qayıdaraq ərizəni geri istədim, lakin artıq iş-işdən keçdiyini və işdən çıxarılmağım barədə əmrin verildiyini öyrəndim”. İddiaçı əslində özünə haqq qazandırmaq, qarşı tərəfin əleyhinə mənfi fikir formalaşdırmaq baxımından özünün təxəyyülüdür. Bu iki ziddiyyətli fikir onu deməyə məntiqi əsas verir ki, iddiaçının hər iki şikayət mətni heç bir həqiqəti əks etdirmir. İddiaçı həmçinin yuxarıda qeyd etdikləri ziddiyyətli yazılarını yuxarı dövlət orqanlarına da ünvanlamışdır. İddiaçı şikayətində onun barəsində rayonun müxtəlif qrumlarından rayon rəhbərliyinə daxil olan şikayətlərin və rayon İcra Hakimiyyətinin bir qrup vəzifəli şəxsinin təqdimatının rəsmi daxil olmadığını, yəni üzərinə dərkənar qoyulmadığını bildirərək həmin sənədləri etibarsız hesab edir. Halbuki, iddiaçının gənc olması, qadın olması və işində bir daha belə hərəkətlərə yol verməyəcəyini söz verməsi səbəbindən qeyd edilən hallar rəsmiyyətə salınmamış, İddiaçı bir daha yeni şanslar verilmişdir (rəsmiyətə salınmış olsa idi iddiaçı müvafiq əmrlə işdən azad edilmiş olardı). Sonuncu dəfə yenə bu kimi hərəkətə yol verdiyinə görə ona bildirilən iradlardan sonra iddiaçı 28 may 2020-ci il tarixdə şəxsən özü məhz həmin tarixdə işdən azad edilməsi barədə ərizə vermişdir. Rəhbərlik tərəfindən onun vəzifədən hər hansı bir qüsur səbəbindən deyil (hansı ki bu qüsurlar kifayət qədər mövcud idi) öz istəyi ilə çıxmasının onun sonrakı iş həyatına heç bir maneə törətməyəcəyi nəzərə alınaraq ərizəsi qəbul edilmiş və tutduğu vəzifədən azad olunması barədə əmr verilmişdir. İddiaçınının problemlərlə dolu bir əməkdaş olması faktı onun tələblərində də özünü açıq biruzə edir. Belə ki, məhkəməyə etiraz mətni hazırlamış İcra Hakimiyyəti başçısı aparatının hüquqşünasından külli miqdarda pul tələbi əsassız varlanma sevdası ilə yanaşı, həm də məhkəmə icraatı zamanı tərəflərin sərbəst çəkişmə prinsipinə təsir göstərmək (əvvəlki məhkəmə prosesi zamanı mütamadi olaraq məbləğ artırılmışdır, yəni hər prosesdə hüquqşünas iddianı qəbul etmədikcə ona daha çox təsir vasitəsi kimi istifadə etmişdir) məqsədini daşıyır. “Yəni mən haqlıyam və hər şey mənim dediyim kimi olmalıdır. Qarşı tərəf hər hansı əks fikirdə olarsa onu öhdəsindən gələ bilməyəcəyi formada zərərə salaram (Əlindən gələn də məhz belə pul tələbidir. Yəqin ki, başqa vasitələr olsaydı onları da işə salardı.)”. İddiaçının belə hərəkətləri onların məhkəməyə təqdim etdiyi etirazda nə qədər haqlı olduqlarını göstərir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 07 fevral 2022-cı il tarixli, 2-1(120)-268/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddiasını əsaslandırmaq üçün irəli sürdüyü arqumentlər öz təsdiqini tapmamış, o, işdən azad edilməsi barədə ərizəni təzyiq, təhrik və hədə-qorxu altında və ya aldadılmaqla yazdığını sübut edə bilməmişdir. Məhz bu səbəbdən, iddiaçının, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulmuş olması iddiasını məhkəmə əsaslı hesab etmir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat və gəldiyi nəticə: Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər: O.N.İsmayılov /sədrlik edən və məruzəçi/, Z.M.Allayarov və M.K.Həsənov) 31 may 2022-ci il tarixli, 2-1(106)-120/2022 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Şirvan İnzibati Məhkəməsinin 07 fevral 2022-cı il tarixli, 2-1(120)-268/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qərarında Əmək Məcəlləsinin 69.3-cü maddəsinə istinad edərək göstərmişdir ki, “qanunvericilik işçinin işdən çıxma səbəblərinə dair qəti siyahı müəyyən etməmişdir. Yəni, işçi müxtəlif səbəblərə görə işdən çıxmaq barədə ərizə təqdim edə bilər. Burada əsas məsələ işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğv edilməsinə dair iradə ifadə etməsidir. Hazırkı mübahisədə də iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, iddiaçının məhz xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsində qanun pozuntusu yoxdur.” Həmin qərardan narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya instansiya məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-19102)-1800/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(106)-120/2022 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi iş üzrə sözügedən nəticəyə gələrkən hazırkı inzibati mübahisənin həll edilməsinə formal yanaşmış, işin hallarını tam və hərtərəfli araşdırmamış və bununla da İPM-in 12.1, 12.2-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, iddiaçı istər iddia ərizəsində, istərsə də birinci və apellyasiya məhkəmələrində keçirilən məhkəmə iclaslarında, eləcə də apellyasiya şikayətində Hacıqabul rayon İcra Hakimiyyəti başçısının köməkçisi X20 tərəfindən aldadıldığını, yəni iddiaçının işdən azad olunması barədə ərizəsinin, məhz onun diktəsi ilə yazdığını, sonradan isə bunu anlayaraq, 10 dəqiqədən sonra həmin ərizəni geri götürmək istədiyini, lakin ümumi şöbənin müdirinin iddiaçıya artıq gec qaldığını söylədiyini bildirsə də, apellyasiya məhkəməsi sözügedən məsələləri ümumiyyətlə araşdırmamışdır. Bundan başqa, işin birinci cildinin 31-35-ci səhifələrində mövcud olan X16 və X8 iddiaçı T.M.İmanovun iddiasına dair Şirvan İnzibati Məhkəməsinə verdikləri etirazda yazmışlar ki, “İddiaçı dövlət qulluğuna Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2020-ci il tarixli 25 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) xitam verilmişdir. Lakin, işin birinci cildinin 27-ci səhifəsində olan iddiaçının onun işdən azad edilməsi barədə ərizəsində iddiaçının bunun “öz arzusu ilə” olmasına dair kəlməsi yoxdur. Həmçinin, işin birinci cildinin 28-ci səhifəsində olan cavabdehin mübahisə predmeti olan 28 aprel 2020-ci il tarixli, 25 nömrəli əmrinin əsaslandırıcı hissəsində də iddiaçının, məhz “öz arzusu ilə” 28 aprel 2020-ci il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etməsi yazılmamışdır, sadəcə olaraq həmin əmrin “əmr edirəm” hissəsində “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə istinad edilərək iddiaçı 28 aprel 2020-ci il tarixli tutduğu vəzifədən azad edilməsi göstərilmişdir. Lakin, işin sözügedən halları apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsalsandırılmışdır ki, qərarı qəbul edən məhkəmə hakimi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamış, məhkəmənin qərarda göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. İnzibati Məhkəmə hakiminin çıxardığı qərarın əsaslandırma hissəsinin analizi qərarın nəticə hissəsinə mülki-prosessual və inzibati prosessual qanunvericiliyin, eləcə də əmək qanunvericiliyinin tələblərindən çox, subyektiv amilin təsir etdiyini güman etməyə əsaslar yaradır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin (“Məhkəmə baxışının hədləri“) tələbinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə ki, məhkəmə hakimi qərarında göstərir ki, iş materiallarından aydın olur ki, iddiaçının işdən azad edilməsi barədə əmr verildikdən sonra xx.xx.2020-ci il tarixdə ərizə ilə Hacıqabul rayon İcra Hakimiyyətinə müraciət edərək xx.xx.2020-ci il tarixli ərizəsinin etibarsız sayılmasını, onun əvvəlki işinə bərpa edilməsini, cavabdeh orqanın isə ona “Siz İcra Hakimiyyəti başçısının 28 aprel 2020-ci il tarixli 25 saylı əmri ilə vəzifədən azad olunmuşunuz” cavabı verdiyini iddia edir. Halbuki bu yalandir. Hakimin xx.xx.2022-ci il tarixli 2-1(120)-268/2022 saylı qərar çıxartdığı “Dəqiqləşdirilmiş iddia ərizəsində də bu hallara istinad etməmişdir. Birinci instansiya məhkəməsində tələbi Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi olmuşdur. Lakin iddia tələbindən kənara çıxılmaqla yol verilən bu yalan növbəti yalanın bir növ bazisi olmuşdur. Belə ki, bunun ardınca məhkəmə qərarında yazılır. “....əmək müqaviləsinə xitam verilməsindən sonra, əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni geri götürməsinə dair xx.xx.2020-ci il tarixdə cavabdehə şifahi müraciətinin, eləcə də xx.xx.2020-ci il tarixli ərizəsinin etibarsız sayılması, onun əvvəlki işinə bərpa edilməsi barədə xx.xx.2020-ci il tarixli ərizəsinin hüquqi qüvvəsi olmamışdır.” Bu da dəqiqləşdirilmiş iddia tələbindən kənara çıxmaqla yol verilmiş hüquqi pozuntudur. Çünki, əvvəla iddia ərizəsində xx.xx.2020-ci il tarixil ərizəyə istinad etməmiş ki, hakim onun hüquqi qüvvəsinə qiymət versin. Eləcə də, xx.xx.2020-ci il tarixdə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının qəbuluna düşməkdə valideynləri İİ qrup əlil istefada olan hərbi zabit atası və İİ qrup əlil anası israrlı idilər və icra başçısı da onları qəbul edib, dinləməkdən imtina etmişdir. Halbuki valideynləri icra başçısından yeganə qız övladlarının aldığı dövlət qulluğu ixtisasına görə başqa bir işlə təmin olunmasını xahiş edəcəklər. Lakin Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı onları hətta qəbul etməkdən imtina etdiyi halda, inzibati məhkəmə hakimi onun şifahi müraciətinin hüquqi əsasının olmaması kimi əsassız nəticəyə gəlmişdir. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, iş üzrə mövcud olan faktların qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi. Məhkəmə qərarında göstərilir ki, iddiaçı tələbini 28 aprel 2020-ci il tarixli ərizəni iradəsi əleyhinə (təzyiq, təhrik altında, aldadılaraq) yazıldığını iddia etməklə irəli sürdüyündən məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasının dispozisiyası şərtlərinə uyğunluğunu yoxlamalıdır. Əgər bu uyğunluq tapılmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə hakiminin bu məntiqinə görə, onun iddia ərizəsi üzrə iddianın mümkünsüzlüyü barədə qərardad çıxarılmalı idi. Dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi qaydası “Dövlət qulluğu haqqında” qanunda tənzimlənmədiyindən mübahisəyə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edən Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun hüquqi qiymət verilməlidir. Daha sonra göstərir ki, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda, qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Bununla da Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinin tətbiqində işdənçıxma ərizəsində səbəbin göstərilməsini qanunverici imperativ qaydada müəyyənləşdirmişdir. Üstəlik də nəzərə alınsa ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin c) bəndi Əmək müqaviləsini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmağı işəgötürənin əsas vəzifəsi və məsuliyyəti kimi müəyyənləşdirir, deməli qanunverici birmənalı şəkildə təsbit etmişdir ki, dərhal işdən çıxmaq barədə işçilərin ərizələrində işəgötürən səbəbin göstərilməsini tələb etməlidir. Üstəlik bu da əlavə edilsə ki, ondan işdənçıxma ərizəsi xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti Operativ Qərargahının yerli icra hakimiyyəti orqanının məhdudlaşdırıcı sayda işləməsini müəyyənləşdirdiyi dövrə düşürdü və onun tutduğu vəzifə qeyri-iş gününə aid idi, yalnız İH başçısının şifahi göstərişi ilə başqaları kimi işə gedib-gəlmiş, onda 2020-ci il 28 apreldə saat 18:15 də, yəni hətta qanuni iş vaxtından sonra ondan alınmış ərizənin əmrləşdirilməsinin qanuni olmadığı təsdiq olunur. Məhkəmə qərarında hakim yazır ki, “qeyd edilənlərdən göründüyü kimi iddiaçı (işçi) ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərdiyindən iddiaçının işdən azad edilərkən ona xəbərdarlıq müddətinin gözlənilməməsi barədə irəli sürülən arqumentləri də əsassızdır. Lakin fantaziya “məhsulu” olan bu hüquqi qiymətləndirmədə hakimin arqumentinin özü əsassızdır. Çünki nə dəqiqləşdiriimiş iddia ərizəsində, nə də məhkəmə iclasında mən belə bir məsələyə toxunmamışdır. Məhkəmə qərarında göstərilir ki, məhkəmə araşdırması zamanı Hacıqabul rayon İcra Hakimiyyətinin digər əməkdaşlarından işdən azad olmaları barədə ərizələrinin alınması və işdən azad edilmələri öz təsdiqini tapmamışdır. Bu məsələdə də hakim dəqiqləşdirilmiş iddia ərizəsində göstərdiklərini təhrif etmişdir. Belə ki, o, işçilərin işdən azad edilməsi məsələsini qaldırmamışdır. Kimdən istefa adı ilə və hansı formada, hansı məzmunda ərizə alınıb-alınmamasının nə işlədiyi vaxt, nə də sonralar marağında olmamışdır. Sadəcə İH başçısı köməkçisinin kabinetində tetatet qaydada onu “işçilərdən istefa ərizələri alınıb, sənsə yaddan çıxmısan” deməsinə aldanmışdır. Məhkəmə qərarında göstərilir ki, məhkəmə iddiaçının könüllü işdən çıxmaq barədə ərizəsinin iradəsi əleyhinə (təzyiq, təhrik və aldadılaraq) yazıldığı dəlili ilə bağlı qeyd edir ki, həmin halları təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə iclasında da iddiaçı ona edilmiş təzyiqin, təhrikin və ya hədə-qorxunun, yaxud aldatmanın real olaraq nədən ibarət olmasını hansısa inandırıcı dəlillə izah edə bilməmişdir.” Bu qənaətində də məhkəmə hakimi onun iddia tələbinin çərçivəsindən kənara çıxaraq pozuntuya yol vermişdir. Çünki iddia ərizəsində nə təhrikdən, nə də hədəqorxudan, nə də təzyiqdən danışmır. Birmənalı şəkildə İH başçısının köməkçisinin başçının tapşırığı ilə onu aldatmasından danışır. Həm də köməkçi istefa adı ilə ona yazdırdığı ərizəni öz diktəsi ilə “tetatet” qaydada kabinetində almışdır ki, kabinet divarları danışa bilsəydi, yalnız onlar şahidlik edə bilərdilər. Ümumiyyətlə isə köməkçi vəzifə səlahiyyətini aşaraq guya istefa adı ilə öz diktəsi ilə yazdırdığı ərizəni (halbuki bunu ümumi şöbəyə özüm verməli idim) əlindən almışdır və nəticədə 10-15 dəqiqə ərzində “ildırım sürətli” dərkənar və ildırım sürətli əmrləşmə. Ona qarşı işəgötürənin qərəzini hakim burada axtarmalı idi. Lakin hansısa bir subyektiv amilə görə bunu etməmişdir. Beləliklə, məhkəmə qərarının əsaslandırma hissəsində məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar heç bir pozisiyada özünü doğrultmur, istinad etdiyi normativ-hüquqi aktlar düzgün qiymətləndirilməmişdir. O ki, qaldı cavabdehin məhkəməyə təqdim etdiyi və ona qarşı kompromat kimi istifadə etmək istədiyi 3 saxta sənədə ki, guya o,bunların “rəsmiləşdiriləcəyindən və hansısa bir sonuncu xəbərdarlıqdan sonra işdən qovulacağından qorxuya düşüb işdənçıxma ərizəsi yazmış, qətnaməsi ləğv edilmiş Hacıqabul Rayon Məhkəməsinə bu saxta sənədləri cavabdeh təqdim etmişdir ki, buna qədər o, bunlardan xəbərsiz olmuşdur. İnzibati Məhkəmə hakiminin baxmadığı bu 3 sənədin saxtalığını da kifayət qədər əsaslandırmışdır. Apellasiya şikayətinin yekun konteksti isə bundan ibarətdir ki, stabil dövlət işi olub büdcədən yüksək əmək haqqı alan, prezident yanında X4 bitirmiş, gələcəyini dövlət qulluqçusu işi peşəsi ilə bağlayan, himayəsində 2 əlil pensiyaçı valideyni olan, 3 banka kredit borcu olan, nə başqa yerə köçməyən, nə daha sərfəli, yüksək maaşlı iş tapmayan işçinin işdən dərhal çıxarılması barədə ərizə yazması üçün gərək xəstə təxəyyüllü olsun.Əks halda normal insan məntiqinə sığmır ki, burada aldatma kimi xarici təsir elementi olmamışdır. Hansısa bir subyektiv amilin təsirindən kənar ədalət axtarışında olan hakim bunlara həm hüquq, həm də mənəviyyat prizmasından yanaşıb qiymət verməli idi. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 2-1(120)-2022 saylı qərarını tam ləğv edərək, işdən çıxarılmağı barədə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 25 saylı əmrinin ləğv edilməsi, Hacıqabul rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçi-psixoloqu vəzifəsinə bərpa olunmağı, işə bərpa barədə əmrin veriləcəyi günə qədər məcburi buraxılmış iş günlərinin əmək haqqısının işəgötürən tərəfindən hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehin nümayəndəsi Zaur Şirəliyev apellyasiya şikayətinə etiraz verərək bildirmişdir ki, şikayət əsassızdır, təmin edilməməlidir. Şikayət formal xarakterlidir. Məhkəmə işin gedişi zamanı araşdırdığı və məlum olan hallara qiymət verməsinə baxmayaraq, iddiaçı yalnız yazılı müraciətində qeyd etdiyi məsələlərin araşdırılmalı olduğunu iddia edərək hesab edir ki, bırınc instansiya məhkəməsi iddia tələbini aşaraq digər məsələlərə qiymət vermişdir. Halbuki neçə dəfə məhkəmə iclası keçirilmiş və hər məhkəmə iclasında iddiaçı müxtəlif məsələləri ortaya atmış və hər bir halda iddiasının müdafiə etmişdir. Məhkəmə istər iddiaçının məsələyə dair verdiyi, istər yazılı, istərsə də şifahi arqumentlərinə əsaslandırılmış şəkildə baxması sonda iddia tələbi həcmindən çıxması hesab edilir (iddiaçının fikrincə). İddiaçının guya İcra Hakimiyyəti başçısının köməkçisinin onu “hamı istefa ərizəsi yazıb sən qalmısan” kimi aldadılmışam ifadəsinin məhkəmə tərəfindən həqiqətəndə Hacıqabul rayon İcra Hakimiyyətnin əməkdaşlarının iddiaçının işdən çıxdığı ərəfədə istefa ərizələri verməsi faktının araşdırması (bu qədər hərtərəfli) qiymətləndirilməsi yuxarıda qeyd etdiyi kimi şikayətin nə dərəcədə formal olmasını sübut edir. İddiaçı dövlət qulluğuna Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2020-ci il tarixli 25 nömrəli Əmri ilə “Dövlət qulluğu haqqında” X3 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) xitam verilmişdir. İddiaçı tutduğu vəzifədən azad olunması barədə verdiyi ərizədə işdən azad olunması günü göstərdiyi üçün onun əmək müqaviləsinin xitam olunması zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçının ərizəsində işdən çıxmasının səbəbini göstərməməsi isə onun öz müstəsna hüququdur və bu hüquqdan istifadə edib, etməməsinə məcbur edilə bilməz. İddiaçının gətirdiyi arqumentlərə gəldikdə isə bildirir ki, iddiaçının iddasında hadisələrin gedişi, yəni onun işdən azad olunması vəziyyəti özünün müəllifi olduğu iddia ərizəsində bir cür, yuxarı dövlət orqanlarına və müxalifyönümlü internet saytlarında isə başqa cür ifadə olunur. Ali təhsilli və normal yaş həddinə çatmış, xeyli müddət iş təcrübəsinə malik bir şəxsin özünün dediyi kimi 45 dəqiqə ərzində baş verən hadisələri ziddiyətli formada ifadə etməsi məntiqi cəhətdən yalnız onun bu fikirləri özünə haqq qazandırmaq üçün uydurduğu qənaətindən başqa bir nəticə hasil etmir. Belə ki, İddiaçı xx.xx.2020-ci iltarixdə "Sfera az" Xəbər portalında, yenə də xx.xx.2020-ci il tarixdə "bolgexeber.com" internet saytında və 18 may 2020-cı il tarixdə "mozalan.az/article/az1403" internet saytında kütləvi formada yayımlanmış ölkə başçısına ünvanladığı şikayətinin mətnində isə qeyd edir ki, "Hacıqabul rayon icra Hakimiyyətinin Başçısı X14 işlədiyi 6 ay ərzində ilk dəfə olaraq xx.xx.2020-ci il tarix saat 17:30-da köməkçisi tərəfindən onun qəbul otağına çağırılıb və ona deyilib ki, “qızım, mən səninlə və keçmiş kollektivin işçiləri ilə işləmək istəmirəm və işləməyəcəm də”. Turanə, ərizəni yaz çıx işdən. Turanə otaqda olarkən rəhbərlə artıq əskik söz danışmamış və otaqdan çıxıb və başçısının köməkçisi Afiq Kərimov ona "get yaz ərizəni, sənə dedim ki, o, səni işdən çıxarmaq istəyir. Niyə uzadırsan vaxtı, geci-tezi sənə töhmət də verib çıxardacaq işdən ən yaxşısı yaz ərizəni, rəhbər odur və mən də səndən tələb edirəm” və o anda mən bilmirdim nə edəm, hədə - qorxu altında ərizəmi yazıb işdən çıxdım. Ərizəmi yazdığım anda affekt vəziyyətində olmuşam, halsız bir halda geri qayıtdım Afiq Kərimovun yanında ərizəmi mənə geri verin söylədim, lakino, mənə dedi ki, elə şey olur?. Beləcə yarım saatın içində məni işdən azad etdilər." İddiaçı bu xəbərləri sözsüz ki, oxumuş və keçən dövr ərzində kifayət qədər vaxtı olmasına baxmayaraq həmin yazı mətninə heç bir təkzib edici cavab verməmişdir. Bu da həmin yazı mətninin müəllifinin özü olduğunu sübut edir. Beləliklə aydın olur ki İddiaçı hazırkı iddiasında qeyd etdiyi "28 aprel 2020-ci tarixdə icra Hakimiyyəti başçısının köməkçisi X20 onu iş otağına dəvət edərək bildirdi ki, rayon icra hakimiyyəti başçılarına verilmiş səlahiyyətlərdən biri rayona yeni təyin olunmuş icra hakimiyyəti başçısı aparatın bütün işçilərinin istefa ərizəsini qəbul etməlidir və hamı bunu edib sən də formal olaraq etməlisən və o da buna inanaraq işdən çıxma ərizəsini yazaraq təqdim etmiş, sonradan isə hüquqşünaslardan öyrənib ki, belə bir hərəkət qanunsuzdur və qayıdaraq ərizəni geri istəmiş, lakin artıq iş işdən keçdiyini və işdən çıxarılmağı barədə əmrin verildiyini öyrənib." İddiaçı əslində özünə haqq qazandırmaq, qarşı tərəfin əleyhinə mənfi fikir formalaşdırmaq baxımından özünün təxəyyülüdür. Bu iki ziddiyyətli fikir onu deməyə məntiqi əsas verir ki, iddiaçının hər iki şikayət mətni heç bir həqiqəti əks etdirmir. İddiaçı şikayətində onun barəsində rayonun müxtəlif qurumlarından rayon rəhbərliyinə daxil olan şikayətlərin və rayon icra Hakimiyyətinin bir qrup vəzifəli şəxsinin təqdimatının rəsmi daxil olmadığını, yəni üzərinə dərkənar qoyulmadığını bildirərək, həmin sənədləri etibarsız hesab edir. Halbuki, iddiaçının gənc olması, qadın olması və işində bir daha belə hərəkətlərə yol verməyəcəyini söz verməsi səbəbindən qeyd edilən hallar rəsmiyyətə salınmamış, İddiaçı bır daha yeni şanslar verilmişdir, (rəsmiyətə salınmış olsa idi iddiaçı müvafiq əmrlə işdən qovulmuş olardı). Sonuncu dəfə yenə bu kimi hərəkətə yol verdiyinə görə ona bildirilən iradlardan sonra iddiaçı 28 may 2020-ci il tarixdə şəxsən özü məhz həmin tarixdə işdən azad edilməsi barədə ərizə vermişdir. Rəhbərlik tərəfindən onun vəzifədən hər hansı bir qüsur səbəbindən deyil (hansı ki bu qüsurlar kifayət qədər mövcud idi) öz istəyi ilə çıxmasının onun sonrakı iş həyatına heç bir maneə törətməyəcəyi nəzərə alınaraq ərizəsi qəbul edilmiş və tutduğu vəzifədən azad olunması barədə əmr verilmişdir. İddiaçınının problemlərlə dolu bir əməkdaş olması, faktı onun tələblərində də özünü açıq biruzə edir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı tutduğu vəzifədən azad olunması barədə verdiyi ərizədə işdən azad olunması günü göstərdiyi üçün onun əmək müqaviləsinin xitam olunması zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Göstərilənlərə əsasən İddiaçının şikayətini əsasız hesab edərək, təmin edilməməsi və Şirvan İnzibati Məhkəməsinin 2-1(120)268/2022 nömrəli, 07 ferval 2022-ci il tarixli qərarının qüvvədə qalması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 07 fevral 2022-cı il tarixli, 2- 1(120)-268/2022 nömrəli qərarının ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndələri və vəkili apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia tələbinə qarşı etiraza uyğun izahatlar vermişdirlər. Tətbiq edilən hüquq: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; Maddə 34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69.3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddə 69.4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Maddə 69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli bildirişi ilə məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına görə iddiaçı xx.xx.2014-cü il tarixli, 50 saylı əmrlə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçi-psixoloqu vəzifəsinə təyin edilmiş, sonradan yəni 28 aprel 2020-ci il tarixdə iddiaçı Hacıqabul Rayon İcra Hakimiyyəti başçısına ərizə ünvanlayaraq onu 28 aprel 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı həmin ərizəni əsas götürərək 28 aprel 2020-ci il tarixli, 25 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun (dövlət qulluqçusunun öz arzusu ilə) İddiaçı dövlət qulluğuna xitam vermişdir. Hazırda iddiaçı dövlət qulluğuna xitam verilməsi ilə bağlı Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2020-ci il tarixli, 25 nömrəli əmrinin ləğv edilməsini və işə bərpa olunmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı iddiaçının dövlət qulluğuna xitam verilməsi ilə bağlı əmri verdiyi zaman “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsində qeyd edilən müddəalarına uyğun hərəkət etmişdir. Məhkəmə iddiaçının “könüllü işdən çıxmaq barədə 28 aprel 2020-ci il tarixli ərizənin iradəsi əleyhinə (təzyiq, təhrik altında və aldadılaraq) yazıldığı” dəlili ilə bağlı qeyd edir ki, həmin halları təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə iclasında da iddiaçı ona edilmiş təzyiqin, təhrikin və ya hədə-qorxunun, yaxud aldatmanın real olaraq nədən ibarət olmasını hansısa inandırıcı dəlillə izah edə bilməmişdir. İddiaçının iddiasını əsaslandırmaq üçün irəli sürdüyü arqumentlər öz təsdiqini tapmamış, o, işdən azad edilməsi barədə ərizəni təzyiq, təhrik və hədə-qorxu altında və ya aldadılmaqla yazdığını sübut edə bilməmişdir. Məhz bu səbəbdən, iddiaçının, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulmuş olması iddiasını məhkəmə əsaslı hesab etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, əlavə olaraq aşağdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, ...”Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinin tətbiqində işdən çıxma ərizəsində səbəbin göstərilməsini qanunverici imperativ qaydada müəyyənləşdirmişdir. Üstəlik də nəzərə alınsa ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “c” bəndi əmək müqaviləsini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmağı işəgötürənin əsas vəzifəsi və məsuliyyəti kimi müəyyənləşdirir, deməli qanunverici birmənalı şəkildə təsbit etmişdir ki, dərhal işdən çıxmaq barədə işçilərin ərizələrində işə götürən səbəbin göstərilməsini tələb etməlidir” Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edərək qeyd edir ki, Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Məhkəmə kollegiyası Əmək Məcəlləsinin 69.3-cü maddəsini xüsusilə də həmin maddədə yer alan “qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda” ifadəsini Qanunun aliliyi prinsipi daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Qanunun aliliyi prinsipi hüquqi dövlətin əsas əlaməti kimi öz əksini XVİİİ əsr "İnsanın və Vətəndaşın Hüquqları haqqında Bəyannamə"də və bu sənədin varisi olan "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi"ndə (1948) öz əksini tapmışdır. "İnsanın və Vətəndaşın Hüquqları haqqında Bəyannamə"nin 5, 6, 7 və 8-ci maddələrində qanunun aliliyi göstərilmişdir. Həmin Bəyannamənin 5-ci bəndinə əsasən "Qanun yalnız cəmiyyətə zərərli olan hərəkətləri qadağan etmək hüququna malikdir. Qanunla qadağan olunmayan hər şeyə icazə verilir və qanunla nəzərdə tutulmayanları etməyə heç kəsi məcbur etmək olmaz. Əmək Məcəlləsinin 69.3-cü maddəsinin “qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda” ifadəsini Bəyannamənin yuxarıda qeyd edilən normaları fonunda təhlil edərkən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, həmin hallar (Əmək Məcəlləsinin 69.3cü maddəsində yer alan “qanunvericilikdə nəzərdə tutulmuş digər hallar”) Qanunla qadağan edilməyən və cəmiyyətə zərər yetirməyən hallardır. Yəni, Əmək Məcəlləsinin 69.3-cü maddəsinin “qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda” ifadəsinə istinad edərkən nəzərə alınmalı olan vacib məsələ həmin halların qanuna zidd olmamasıdır. Hazırki halda dövlət qulluğuna xitam verilməsi ilə bağlı iddiaçı tərəfindən yazılmış ərizədə işdən xaric olmanın səbəbi göstərilməsə də nə ərizənin yazılmasında nə də ki, həmin ərizənin qəbul edilməsində iddiaçı və cavabdehin hərəkətlərində qanunazid hallar aşkar edilməmişdir. Başqa sözlə, səbəbinin göstərilməməsindən asılı olmayaraq işçinin ərizədə göstərildiyi gündə onun dövlət qulluğuna xitam verilməsi dövlətə, cəmiyyətə hər hansı zərər yetirmirsə həmin ərizə təmin edilməlidir. Bunun əksi olaraq inzibati orqan həmin ərizəni qəbul etməyib, işçini işdə saxlamaq istəsəydi bu halda öz hərəkətlərini və ya qərarını əsaslandırmağa boclu idi. Çünki yuxarıda şərh olunan normalarının tələbinə görə məhdudiyyət və ya məcburetmə Qanuna uyğun olmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işə götürən tərəfindən deyil, işçi tərəfindən ləğv edilməsi qaydasını tənzimləyir. Həmin maddənin birinci hissəsinə görə işçi, bir qayda olaraq, işəgötürəni işdən çıxmaq arzusu barədə bir ay əvvəl xəbərdar etməlidir. Xəbərdarlıq müddətinin əsas məqsədi ondan ibarətdir ki, işəgötürən işdən çıxacaq işçinin yerinə yeni işçi tapmaq və onunla əmək müqaviləsi bağlamaq imkanına malik olmuş olsun. Yəni, müstəsna hallar olmadıqda, bir aylıq xəbərdarlıq müddətini gözləmək işçinin vəzifəsidir və eyni zamanda işəgötürənin həmin müddət ərzində yeni işçi tapmaq imkanından yararlanmaq hüququ vardır. Lakin, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsində işçi üçün nəzərdə tutulmuş həmin məhdudiyyət 69-cu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş hallarda tətbiq olunmur və işçi üçün bir aylıq xəbərdarlıq müddətini gözləmək zərurəti aradan qalxır. Yəni, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə görə işçinin işəgötürəni bir ay əvvəl xəbərdar etmək vəzifəsi olduğu halda, 69-cu maddənin 3-cü hissəsi işçiyə sanki bir imtiyaz verir. Bütün qeyd edilənlər onu deməyə imkan verir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş hallar iddiaçıya əmək müqaviləsinin bir ay xəbərdarlıq etmədən ləğv edilməsində xüsusi imtiyaz verməklə, cavabdeh (işəgötürən) tərəfindən işçinin ərizədə qeyd etdiyi tarixdə əmək mübasibətlərinə xitam verilməsi vəzifəsi qoyur. Başqa sözlə işçi işdən çıxma səbəbini və həmin səbəbləri təsdiq edən sənədləri işəgötürənə təqdim etməsində məqsəd Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məhdudiyyətin işəgötürən tərəfindən tətbiq edilməsinin qarşısını almaqdır. Daha sadə dildə desək işçinin ərizədə göstərdiyi gündə işdən çıxmaq üçün ciddi səbəbinin olduğuna işəgötürəni inandırmaqdır. Əks halda işəgötürən əmək müqaviləsinə xitam verilməsi və həmin işçinin yerinə yeni işçinin tapılması üçün bir aylıq xəbərdarlıq müddətini gözləmək hüququndan istifadə edə bilər. Göründüyü kimi, qanunvericilik işçinin işdən çıxma səbəblərinə dair nəinki məhdud siyahı, əksinə qanuna zidd olmayan istənilən səbəb ilə əlaqədar işdən çaxa biləcəyini müəyyən etmişdir. Yəni işçi müxtəlif səbəblərə görə işdən çıxmaq barədə ərizə təqdim edə bilər. Burada əsas məsələ işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğv edilməsinə dair iradə ifadə etməsidir. Hazırkı mübahisədə də iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Bu arada nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 3-cü bəndinə əsasən heç kəs zorla işlədilə bilməz. Təsadüfi deyildir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə əsasən xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsinin yol verilməzliyi, işçinin ərizəsində Əmək Məcəlləsinin 69.3-cü maddəsində nəzərdə tutulan hər hansı əsasın göstərməməsi ilə bağlı deyil, əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməməsi ilə əlaqədardır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhz xx.xx.2020-ci il tarixdən (ərizəsində göstərdiyi gündən) tutduğu vəzifədən azad edilməsində qanun pozuntusu yoxdur. Bundan başqa, iddiaçı apellyasiya şikayətində qeyd edir ki, ...“ondan işdən çıxma ərizəsi xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti Operativ Qərargahının yerli icra hakimiyyəti orqanının məhdudlaşdırıcı sayda işləməsini müəyyənləşdirdiyi dövrə düşürdü və onun tutduğu vəzifə qeyri-iş gününə aid idi. Yalnız İH başçısının şifahi göstərişi ilə başqaları kimi işə gedib-gəlmiş, 2020-ci il 28 aprel saat 18:15-də, yəni hətta qanuni iş vaxtından sonra ondan alınmış ərizənin əmrləşdirilməsinin qanuni olmadığı təsdiq olunur”. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi bu dəlillini də əsassız hesab edir. Çünki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə rəsmi qaydada işə çıxan işçilərin sırasında olmuşdur. Belə ki, Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 20 may 2022-ci il tarixli Vİİİ-14/239 nömrəli məktubunda qeyd olunmuşdur ki, ...“İddiaçı 28 aprel 2020-ci il tarixdə Hacıqabul Rayon İcra Hakimiyyətində rəsmi qaydada işdə olub və bu barədə aparatın ümumi şöbəsi tərəfindən tərtib edilmiş işə davamiyyət kitabında həmin gün işə gəlməsini şəxsən imzası ilə təsdiq etmişdir, lakin həmin gün İddiaçı ərizə ilə işdən azad edilməsi barədə müraciət etmiş və İcra Hakimiyyəti Başçısının 28 aprel 2020-ci il tarixli, 25 saylı əmri ilə işdən azad edildiyi üçün getməsi barədə qeydiyyat jurnalında imza etməmişdir”. Həmçinin, iddiaçı apellyasiya şikayətində qeyd edir ki, ... “məhkəmə hakimi onun iddia tələbinin çərçivəsindən kənara çıxaraq pozuntuya yol vermişdir. Çünki iddia ərizəsində nə təhrikdən, nə də hədə-qorxudan, nə də təzyiqdən danışmamışdır. Birmənalı şəkildə İH başçısının köməkçisinin tapşırığı ilə onu aldatmasından danışmışdır”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilinə xüsusi ilə qiymət verilməsini zəruri hesab ediir. Belə ki, məhz hazırki iş üzrə kassasiya instansiya məhkəməsi öz qərarında həmin məsələyə hüquqi qiymət verərək göstərmişdir ki, iddiaçı istər iddia ərizəsində, istərsə də birinci və apellyasiya məhkəmələrində keçirilən məhkəmə iclaslarında, eləcə də apellyasiya şikayətində Hacıqabul rayon İcra Hakimiyyəti başçısının köməkçisi X20 tərəfindən aldadıldığını, yəni iddiaçının işdən azad olunması barədə ərizəsinin, məhz onun diktəsi ilə yazdığını, sonradan isə bunu anlayaraq, 10 dəqiqədən sonra həmin ərizəni geri götürmək istədiyini, lakin ümumi şöbənin müdirinin iddiaçıya artıq gec qaldığını söylədiyini bildirsə də, apellyasiya məhkəməsi sözügedən məsələləri ümumiyyətlə araşdırmamışdır. Bundan başqa, işin birinci cildinin 31-35-ci səhifələrində mövcud olan X16 və X8 iddiaçı T.M.İmanovun iddiasına dair Şirvan İnzibati Məhkəməsinə verdikləri etirazda yazmışlar ki, “İddiaçı dövlət qulluğuna Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2020-ci il tarixli 25 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) xitam verilmişdir. Lakin, işin birinci cildinin 27-ci səhifəsində olan iddiaçının onun işdən azad edilməsi barədə ərizəsində iddiaçının bunun “öz arzusu ilə” olmasına dair kəlməsi yoxdur. Həmçinin, işin birinci cildinin 28-ci səhifəsində olan cavabdehin mübahisə predmeti olan 28 aprel 2020-ci il tarixli, 25 nömrəli əmrinin əsaslandırıcı hissəsində də iddiaçının, məhz “öz arzusu ilə” 28 aprel 2020-ci il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etməsi yazılmamışdır, sadəcə olaraq həmin əmrin “əmr edirəm” hissəsində “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə istinad edilərək iddiaçı 28 aprel 2020-ci il tarixli tutduğu vəzifədən azad edilməsi göstərilmişdir. Lakin, işin sözügedən halları apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Apellyasiya instansiya məhkəməsi iddiaçının şikayətinin yuxarıda qeyd edilən dəlilinin aydınlaşdırılması və Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1800/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında şərh edilən göstərişləri icra etmək məqsədilə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının köməkçisi X16 məhkəmə iclasında dindirilməsi ilə bağlı zəruri prosessual hərəkətlər etmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti başçısının köməkçisi X20 məhkəmə iclasında izahatında bildirmişdir ki, İddiaçı 28 aprel 2020-ci il tarixdə onun deyil, şəxsən başçının qəbulunda olmuş və başçı özü ona iradlarını bildirmiş, qəbuldan çıxdıqdan sonra həmin gün heç bir müdaxilə olmadan ərizəsini yazaraq ona deyil, bir-başa ümumi şöbəyə təqdim etmiş və ərizəsi nəzərə alınaraq həmin gün dövlət qulluğuna xitam verilməsi ilə bağlı əmr verilmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, o, iddiaçını aldadaraq ərizəsini almamış, iddiaçıya bütün işçilərdən ərizə alındığını, lakin iddiaçıdan unudularaq ərizə alınmadığını deməmiş, qeyd edilənlərlə bağlı iddiaçının ərizədə göstərdikləri onun vəzifə səlahiyyətlərinə aid olmamaqla həqiqətə uyğun deyildir. Eyni zamanda iş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 1(071)- 29/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçının X20 və X13 barəsində xüsusi itiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətindəki dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının aldadılması halı müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə mötəbər subut təqdim etməmişdir. Bundan başqa məhkəmə kollegiyası iddiaçının onun işdən azad edilməsi barədə ərizəsində və cavabdehin mübahisə predmeti olan 28 aprel 2020-ci il tarixli, 25 nömrəli əmrinin əsaslandırıcı hissəsində iddiaçının, məhz “öz arzusu ilə” 28 aprel 2020-ci il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etməsinin yazılmaması ilə bağlı” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1800/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında qeyd edilən məsələləri aydınlaşdırmışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının onun işdən azad edilməsi barədə ərizəsinin yazılmasında cavabdehin hər hansı nümayəndəsinin o cümlədən X16 iştirakının olmadığı, həmin ərizə iddiaçının özü tərəfindən yazılaraq ümumi şöbəyə təqdim edildiyi və ərizənin yazılmasından ötrü iddiaçı aldanılmadığı müəyyən edilmişdir. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, həmin ərizə iddiaçının (işçinin) işdən azad edilməsi ilə bağlı iradəsinin ifadəsidir. Eyni zamanda nəzərə alınmalıdır ki, “Dövlət qulluğu haqqında” Azərbayan Respublikası Qanununun 33.1.1-ci maddəsində dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi öz əksini tapmışdır. Həmin Qanunun 34-cü maddəsinə əsasən Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası müəyyən edilmişdir. Həmin maddədə nəzərdə tutulmuş qaydalarda işdən azad olunma ilə bağlı işçi tərəfindən verilən ərizədə “öz arzusu ilə” sözünün yazılması ilə bağlı məcburi göstəriş yoxdur. Həmin qayadalara görə vacib olan məsələ işçinin işdən azad olunma gününü ərizədə göstərilməsidir. İddiaçı dövlət qulluqçusu olduğu və ərizəsində işdən azad olunduğu konkret günü göstərdiyi üçün cavabdeh tərəfindən düzgün olaraq onun ərizəsi nəzərə alınaraq məhz “Dövlət qulluğu haqqında” X3 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) xitam verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan 28 aprel 2020-ci il tarixli, 25 nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 07 fevral 2022-cı il tarixli, 2-1(120)-268/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar