Məhkəmə qərarları › İş №2-1(106)-984/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-984/2025

01.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-984/2025 01.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə iddiaçı X1 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı olan iddiaçı X1 ərizə ilə məhkəməyə müraciət edərək, kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X2 onkoloji xəstə olduğundan, iddiaçı bütün qazancını onun müayinə və müalicələrinə sərf edir, həmçinin başqa gəlir yeri olmadığından kassasiya şikayəti vermək üçün vəkillə müqavilə bağlaya bilmir. Məhkəmə kollegiyası ərizədə göstərilənləri iş materialları üzrə yoxlayıb hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.5-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir. -67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. -67-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. Göründüyü kimi, əgər işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitləri yoxdursa və vəkilin prosesdə məcburi iştirakı tələb olunursa, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli iddiaçıya ünvanlanmış məktubunda dövlət hesabına vəkillə təmin edilməsi üçün maddi imkanının olmamasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsinin zəruriliyi iddiaçının diqqətinə çatdırılmışdır. Buna baxmayaraq, iddiaçı tərəfindən hüquqi yardım almaq məqsədilə kifayət edəcək maddi imkanının olmamasını, yaxud aşağı səviyyədə olmasını sübuta yetirəcək sənəd təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, dövlət hesabına vəkillə təmin edilmə barədə iddiaçı X1 tərəfindən verilmiş ərizə əsaslı olmadığından təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, 80-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci, 77-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə iddiaçı X1 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar