Məhkəmə qərarları › İş №2-1(106)-991/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-991/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-991/2025 02.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Abdullayev Rasim Hümbət oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi Publik Hüquqi Şəxsə qarşı iş üzrə QƏRARI (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı Abdullayev Rasim Hümbət oğlunun, cavabdehin nümayəndəsi Abdulrəhimov Kamran Hüseyn oğlunun iştirakları ilə, İddiaçı Abdullayev Rasim Hümbət oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi Publik Hüquqi Şəxsə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 2-1(120)- 2087/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: “Əlillik” altsistemində olan məlumatlara əsasən Abdullayev Rasim Hümbət oğluna (bundan sonra - iddiaçı) 22.01.2016-cı il tarixdə Xəstəliklərin Beynəlxalq Təsnifatı X sinif-Tənəffüs sistemi xəstəlikləri => J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri=>J44-Digər xroniki obstruktiv ağciyər xəstiliyi =>J44.0-Ağciyərin xroniki obstruktiv xəstəli.... Diaqnozun mətni: Ağciyərin Xr.obstruktiv xəstəliyi.orta ağır gedişli. Xr TÇ II dərəcə. Sağ orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insult qalıq.Sol tərəfli hemiparez. Şəkərli diabet II tip orta ağır forma..Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.28 etinologiyasından asılı olmayaraq, aşağı ətrafın parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9.G80-G80.9). diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə əlaqədar 5 il müddətinə ilkin əlillik; 26.04.2023-cü il tarixdə “İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet II tip. Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, ACXOX orta ağır dərəcə gedişli. Mötədil ventiliyasiya pozğunluğu” diaqnozu ilə ümumi xəstəlik səbəbindən orqanizim funksiyasının 40 faiz pozulması göstəricisinə uyğun olaraq 1 il müddətinə təkrar əlillik təyin edilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində 15.05.2024-cü il tarixdə rəsmiləşdirilmiş C00192441QHD nömrəli göndərişdə Əsas diaqnoz: İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlşmalarla, şəkərli diabet tip 2. İnsulin tələbi forma, çoxsaylı ağırlaşmalarla (E 11.7); Ağırlaşma: Digər dəqiqləşdirilməmiş katarkta, digər dəqiqləşdirilməmiş katarakta (H26.8); Ağırlaşma: Spastik hemiplegiya, sol tərəfli hemiparez, hemihipesteziya (G81.1); Ağırlaşma: Beyin infraktının nəticələri, keçirilmiş sağ orta beyin arteriyası hövzəsində işemik insultun qalıqları (I69.3); Ağırlaşma: İntraoklyar linzanın olması, psevdofakiya; Ağırlaşma: Diabetik reniopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), qeyri-proliferativ diabetik retinopatiya (H36.0*); Yanaşı xəstəliklər: Ağciyərin digər dəqiqləşdirilməmiş xroniki obstruktiv xəstəliyi, Ağciyərin xroniki obstruktiv xəstəliyi, ağır dərəcə. Obstuksiyanın üstünlüyü ilə qarışıq tipli çox ağır ventiliyasiya pozğunluğu qeyd olunmuşdur. 01.06.2024-cü il tarixli 33PLY50011 nömrəli qərardan görünür ki, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin ekspertləri tərəfindən tərtib olunmuş 07.07.2025-ci il tarixli T471/2025 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...1962-ci il təvəllüdlü Abdullayev Rasim Hümbət oğlunun adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallarına uyğun komissiya nəticəyə gəlir: Vətəndaş R.H.Abdullayevin iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən adına “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş 15.05.2024-cü il tarixli C0019441QHD nömrəli Forma TQS №-O88 göndərişdə qeyd edilmiş “Əsas diaqnoz: E11.7-insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, insulin tələbli forma, çoxsaylı ağırlaşmalarla. Ağırlaşmalar: G81.1-spastik hemiplegiya, soltərəfli hemiparez, hemihipesteziya, 169.3- beyin infarktının nəticələri, keçirilmiş sağ orta beyin arteriyası hövzəsindəki işemik insultun qalıqları, Z96.1-intraokkulyar linzanın olması, psevofakiya, H36.O-diabetik retinopatiya (E10-E14) ümumi dördüncü 3 işarəsi ilə, qeyri-proliferativ diabetik retinopatiya, J44.8- ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, ağciyərin xroniki obstruktiv xəstəliyi, ağır dərəcə. Obstuksiyanm üstünlüyü ilə qarışıq tipli çox ağır ventilyasiya pozğunluğu” diaqnoz xəstənin anamnestik, klinik və laborator-instrumental müayinələrinin əsasında müəyyən edilmişdir. Əsas diaqnoz ağırlaşdığından xroniki hala keçdiyindən onlardan əziyyət çəkməsini hazarda da inkar etmək mümkün deyildir. Qeyd edilən xəstəliklər xroniki olduqlarından müalicə olunacağı təqdirdə də sağalma ehtimalı yoxdur, tam reabilitasiya olunmurlar. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Tibbisosial ekspert komissiyasının 01.06.2024-cü il tarixli 336PLY50011 nömrəli qərarın ləğv olunması, 01.06.2024-cü il tarixli 336PLY50011 nömrəli qərarın ləğv olunduğu tarixdən Abdullayev Rasim Hümbət oğluna əlilliyin təyin edilməsi barədə müvafiq qərarın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona “Arterial hipertenziya III mərhələ çox yüksək risk ilə”, “Sağ orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun davamlı qalıqları”, “Sol tərəfin dərin spastik hemiparez” və “Şəkərli diabet II tip” xəstəlikləri üzrə əsas diaqnoz qoyulmuşdur. Digər tərəfdən onun ağırlaşma halında “beyin kötüyündə varoli körpüsündə qliotik ocaqlar”, “Serebal diffuz, xüsusən sağtərəfli frontoparial kortikal atrofiya” və yanaşı xəstəlikləri də mövcuddur. Özünü idarə edə bilmir. Əvvəllər III dərəcə əlil olmuş, sonradan əsassız olaraq əlillik təyin edilməmişdir. Hesab edir ki, cavabdehin qərarı qanunsuzdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 22.05.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas diaqnoz E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: İxtisaslaşmış səhiyyə müəssisəsində ətraflı müayinə-mülaicə olunması tövsiyyə edilir..” səbəbilə imtina edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 2-1(120)-2087/2025 saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 02 aprel 2026-cı il tarixli 2-1(106)- 991/2025-ci il tarixli qərardadı ilə iddiaçının “İddiaçı Abdullayev Rasim Hümbət oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi Publik Hüquqi Şəxsə qarşı “01.06.2024cü il tarixli 336PLY50011 nömrəli qərarın ləğv edilməsi, həmin tarixdən ona ümumi səbəbdən orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə ekspert rəyinə əsaslanaraq, işdə olan sənədlərə əsasən qərar qəbul etmişdir. Halbuki, ekspert heç bir instrumental müayinələr aparmadan tibbi sənədlərə əsasən iddiaçının qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmişdir. Diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.12.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddiaya uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

2. Göndərişin verilməsi qaydası

2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. ... 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları

2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”

11.2. Şəkərli diabet E10-E14 Qeyd. Şəkərli diabet səbəbindən orqanizmin funksiyalarının davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi şəkərli diabetin ən geniş yayılmış endokrin patologiyası olaraq xroniki əlillik vəziyyətinə çatdıran fəsadlaşmalara gətirən xəstəlik olduğunun nəzərə alınması ilə aparılır. Şəkərli diabetin ağırlaşmalarına kamorbidliyin yüksək göstəriciləri ilə səciyyələnən diabetik mikro və makro angiopatiyalar aid edilir.

11.2.3. gözlərin zədələnməsi ilə şəkərli diabet-diabetik E10-E14 retinopatiya (görmə funksiyasının pozuntusu dərəcəsindən asılı olaraq (görmə itiliyi, torlu qişasının lazer koaqulyasiyasından sonra skatomaların olması) diabetik retinopatiya H36.0* Qiymətləndirmə 11.2.3.1. diabetik retinopatiya, qeyri-proliferativ və ya 35-60 2 il proliferativ önü (venoz anomaliyaların qoşulması – dəqiq görmə, əyrilik, kolibr rəqsi, çoxsaylı yumşaq və sərt eksudatlar, daha böyük retinal qansızmalar) və ya proliferativ (görmə sinirinin diskinin və (və ya) torlu qişanın digər hissələrinin neovaskulyarizasiyası, retinal, periretinal və intraviteral qansızmalar/hemoftalm, qansızma sahəsində və neovaskulyarizasiya boyu fibroz toxumanın əmələ gəlməsi) və (və ya) makulopatiyalar görmə itiliyinin 0,1-dən çox və 0,3ə qədər olması ilə (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) və (və ya) periferiyadan görmə sahəsinin daralması fiksasiya nöqtəsindən radius boyu 40 dərəcəyə qədər, lakin 20 dərəcədən geniş

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 23.10.2025-ci il tarixli 2-1(120)-2087/2025 nömrəli qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklərin onda olması işdə olan sübutlarla təsdiqini tapır və bu səbəbdən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlillik təyin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Abdullayev Rasim Hümbət oğluna (bundan sonra - iddiaçı) 22.01.2016-cı il tarixdə Xəstəliklərin Beynəlxalq Təsnifatı X sinif-Tənəffüs sistemi xəstəlikləri => J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri=>J44-Digər xroniki obstruktiv ağciyər xəstiliyi =>J44.0-Ağciyərin xroniki obstruktiv xəstəli.... Diaqnozun mətni: Ağciyərin Xr.obstruktiv xəstəliyi.orta ağır gedişli. Xr TÇ II dərəcə. Sağ orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insult qalıq.Sol tərəfli hemiparez. Şəkərli diabet II tip orta ağır forma..Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.28 etinologiyasından asılı olmayaraq, aşağı ətrafın parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9.G80-G80.9). diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə əlaqədar 5 il müddətinə ilkin əlillik; 26.04.2023-cü il tarixdə “İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet II tip. Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, ACXOX orta ağır dərəcə gedişli. Mötədil ventiliyasiya pozğunluğu” diaqnozu ilə ümumi xəstəlik səbəbindən orqanizim funksiyasının 40 faiz pozulması göstəricisinə uyğun olaraq 1 il müddətinə təkrar əlillik təyin edilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində 15.05.2024-cü il tarixdə rəsmiləşdirilmiş C00192441QHD nömrəli göndərişdə Əsas diaqnoz: İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlşmalarla, şəkərli diabet tip 2. İnsulin tələbi forma, çoxsaylı ağırlaşmalarla (E 11.7); Ağırlaşma: Digər dəqiqləşdirilməmiş katarkta, digər dəqiqləşdirilməmiş katarakta (H26.8); Ağırlaşma: Spastik hemiplegiya, sol tərəfli hemiparez, hemihipesteziya (G81.1); Ağırlaşma: Beyin infraktının nəticələri, keçirilmiş sağ orta beyin arteriyası hövzəsində işemik insultun qalıqları (I69.3); Ağırlaşma: İntraoklyar linzanın olması, psevdofakiya; Ağırlaşma: Diabetik reniopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), qeyri-proliferativ diabetik retinopatiya (H36.0*); Yanaşı xəstəliklər: Ağciyərin digər dəqiqləşdirilməmiş xroniki obstruktiv xəstəliyi, Ağciyərin xroniki obstruktiv xəstəliyi, ağır dərəcə. Obstuksiyanın üstünlüyü ilə qarışıq tipli çox ağır ventiliyasiya pozğunluğu qeyd olunmuşdur. Cavabdeh 01.06.2024-cü il tarixli 33PLY50011 nömrəli qərar ilə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyin etməsindən imtina edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin ekspertləri tərəfindən tərtib olunmuş 07.07.2025-ci il tarixli T471/2025 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...1962-ci il təvəllüdlü Abdullayev Rasim Hümbət oğlunun adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallarına uyğun komissiya nəticəyə gəlir: Vətəndaş R.H.Abdullayevin iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən adına “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş 15.05.2024-cü il tarixli C0019441QHD nömrəli Forma TQS №-O88 göndərişdə qeyd edilmiş “Əsas diaqnoz: E11.7-insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, insulin tələbli forma, çoxsaylı ağırlaşmalarla. Ağırlaşmalar: G81.1-spastik hemiplegiya, soltərəfli hemiparez, hemihipesteziya, 169.3- beyin infarktının nəticələri, keçirilmiş sağ orta beyin arteriyası hövzəsindəki işemik insultun qalıqları, Z96.1-intraokkulyar linzanın olması, psevofakiya, H36.O-diabetik retinopatiya (E10-E14) ümumi dördüncü 3 işarəsi ilə, qeyri-proliferativ diabetik retinopatiya, J44.8- ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, ağciyərin xroniki obstruktiv xəstəliyi, ağır dərəcə. Obstuksiyanm üstünlüyü ilə qarışıq tipli çox ağır ventilyasiya pozğunluğu” diaqnoz xəstənin anamnestik, klinik və laborator-instrumental müayinələrinin əsasında müəyyən edilmişdir. Əsas diaqnoz ağırlaşdığından xroniki hala keçdiyindən onlardan əziyyət çəkməsini hazarda da inkar etmək mümkün deyildir. Qeyd edilən xəstəliklər xroniki olduqlarından müalicə olunacağı təqdirdə də sağalma ehtimalı yoxdur, tam reabilitasiya olunmurlar. Kollegiya iddianın mümkünlüyü ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsinin 23.10.2025-ci il tarixli qərardad ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. İPM-in 83.4cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Məhkəmənin yekun qərarı ilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardaddan şikayət verilmədiyi üçün iddianın mümkünlüyü ilə bağlı xüsusi mümkünlük şərti ilə bağlı problem yoxdur. İddia mümkün iddiadır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, göndəriş və s.), o cümlədən Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin ekspertləri tərəfindən tərtib olunmuş 07.07.2025-ci il tarixli T471/2025 saylı ekspert rəyi ilə iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na - 11.2.3 Diabetik retinopatiya - H36.0*, Qiymətləndirmə: 11.2.3.1. Diabetik retinopatiya, qeyri-proliferativ və ya proliferativ önü (venoz anomaliyaların qoşulması - dəqiq görmə, əyrilik, kolibr rəqsi, çoxsaylı yumşaq və sərt eksudatlar, daha böyük retinal qansızmalar) və ya proliferativ (görmə sinirinin diskinin və (və ya) torlu qişanın digər hissələrinin neovaskulyarizasiyası, retinal, periretinal və intraviteral qansızmalar/hemoftalm, qansızma sahəsində və neovaskulyarizasiya boyu fibroz toxumanın əmələ gəlməsi) və (və ya) makulopatiyalar görmə itiliyinin 0,1-dən çox və 0,3-ə qədər olması ilə (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) və (və ya) periferiyadan görmə sahəsinin daralması fiksasiya nöqtəsindən radius boyu 40 dərəcəyə qədər, lakin 20 dərəcədən geniş” orqanizmin funksiyalarının pozulması faizi - 35-60, orqanizmin funksiyalarının pozulması müddəti - 2 il müddətinə” uyğun əlillik təyin edilməsinə əsas verir. Əlilliyin səbəb əlaqəsi isə ümumi xəstəlik ilə əlaqədar ümumi səbəbdəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İddiaçı barəsində Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən 15.05.2024-cü il tarixli C00192441QHD nömrəli göndəriş verilərkən iddiaçının xəstəlik vəziyyətinin göstəriciləri olan tibbi sənədlər yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 11.2.3 və 11.2.3.1-ci bəndlərinə uyğun əlilik təyin edilməsinə əsas verir. İddiaçı illərdir ki, əsas diaqnoz kimi şəkərli diabet xəstəliyindən əziyyət çəkir, 2023-cü ildə də şəxsə həmin xəstəliyin törətdiyi xəstəlik ilə bağlı əlillik təyin edilmiş, hazırda da əsas xəstəliyin ağırlaşması müəyyən olunur. Cavabdeh orqanın “Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: İxtisaslaşmış səhiyyə müəssisəsində ətraflı müayinə-müalicə olunması tövsiyə edilir” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilməsi barədə qəbul etdiyi 01.06.2024-cü il tarixli 33PLY50011 nömrəli qərar qanuni hesab edilə bilməz. Belə ki, işdə olan sübutlar (tibbi sənədlər, göndəriş və s.), o cümlədən ekspert rəyi iddiaçının xəstəliyi üzrə əlilik təyinatına əsas verir. Əlillik təyinatı sonuncu göndəriş əsasında qəbul edilmiş qərarın tarixindən - 01.06.2024-cü il tarixdən təyin edilməlidir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Göründüyü kimi qanunvericilik hər hansı şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmə qərarının həmin şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarla şərtləndirmişdir. Hazırki işin faktiki halından, birinci instansiya məhkəməsinin qərarının məzmunundan və nəticə hissəsindən görünür ki, baxılan işin nəticəsi olaraq, “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin üzərinə hər hansı öhdəlik qoyulmamış, qərar həmin şəxs üçün hüquqi nəticə, o cümlədən vəzifə və öhdəlik yaratmır. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17.02.2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərilməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməli, həmçinin, hazırkı iş üzrə “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23.10.2025-ci il tarixli 2-1(120)-2087/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Tibbi-sosial ekspert komissiyasının 01.06.2024-cü il tarixli 33PLY50011 nömrəli qərarı ləğv edilsin. İddiaçı Abdullayev Rasim Hümbət oğluna 01.06.2024-cü tarixdən ümumi xəstəlik ilə əlaqədar ümumi səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11.2.3 və 11.2.3.1-ci bəndlərinə əsasən orqanizmin funksiyalarının pozulması 35-60 faiz dərəcəsinə uyğun 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Publik Hüquqi Şəxsin üzərinə qoyulsun. “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar