Məhkəmə qərarları › İş №2-1(106)-995/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-995/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-995/2025 18.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli, 2-1(120)-2573/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müraciəti əsasında cavabdehin imtinasının qanunsuz hesab edilməsi və həmin müraciət əsasında dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 14 oktyabr 2025-ci il tarixli, 2- 1(120)-2573/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə imtina edilmiş və imtinanın əsası kimi “Ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlakın olması” qeyd edilmişdir. Lakin Daşınmaz Əmlakın X23 Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məlumatında İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilmədiyi, həmçinin 2023-2025-ci illərdə İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilmədiyi, X1 adına (ümumbirgə) xx.xx.2014-cü il tarixdə qeydə alınmış 0.06 ha torpaq sahəsinin xx.xx.2014-cü il tarix alqısatqı müqaviləsinə əsasən özgəninkiləşdirildiyi, X1 xx.xx.1998-ci il tarixli JN-0049 saylı Şəhadətnamə ilə müəyyən edilmiş 0.65 ha torpaq sahəsinin özünə məxsus 1/5 hissəsinin xx.xx.2023-cü il tarixdə X10 bağışladığı müəyyən edilmişdir. İnzibati orqan natamam araşdırma apararaq formal nəticəyə gəlmiş və məhkəmə araşdırması zamanı da qeyd etdiyi hallara dair mötəbər sübutlar təqdim edə bilməmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 4 nəfərdən ibarət olan aztəminatlı ailə qismində onlara ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmiş, lakin müraciətinin icrasından xx.xx.2024-cü il tarixli qərarla imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ailənin mülkiyyətində müxtəlif ünvanlarda yerləşən 2 və daha artıq eyni təyinatlı daşınmaz əmlak mövcuddur. İnzibati orqanın göstərilən mövqeyi ilə razılaşmadığından tərəfindən həmin mövqeyi təkzib edən sübutlarla birlikdə şikayət instansiyasına müraciət edilmiş, yekun qərarın ləğvi və hüquqlarının təmin edildiyi yeni inzibati aktın qəbul olunması xahiş edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli məktubla şikayəti təmin edilməmişdir. Bununla belə həmin məktubda şikayətin dəlillərinə münasibət bildirilməmiş, inzibati icraat təzələnməmiş, yalnız formal məzmunlu əsaslandırmalarla ilkin müraciət üzrə tələbin təmin olunmasından imtina əsasları yenidən təkrarlanmışdır. Göstərilən əsaslarla hesab edir ki, tərkibi 4 nəfərdən ibarət olan aztəminatlı ailə qismində onlara ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi ilə əlaqədar istinad olunan dəlillər əsassızdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilməsinin səbəbi olaraq ailə üzvü X2 adına Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemindən əldə edilən məlumata əsasən JN 80200038-0049 dövlət qeydiyyatı nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən məlumata əsasən **********19 dövlət qeydiyyat nömrəli, R02013100'11R dövlət qeydiyyatı nömrəli torpaq sahələri olduğu müəyyən edilmişdir. Göründüyü kimi qeyd edilən məlumatların qöstərilməməsi iddiaçının gəlirlərinin gizlədilməsinə gətirib çıxara bilir. Belə olan halda onun yekun gəlirlərini müəyyən etmək mümkünsüz olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları”nın 3.7.7-ci maddəsinə əsasən ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda sosial yardımın təyin olunmasından imtina edilir. Qeyd edir ki, müvafiq torpaq sahələri ünvan 1 ünvanlarındadır. Göründüyü kimi, iddiaçı tərəfindən sosial yardımın təyin olunması üçün təqdim edilmiş “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmiş, qeyd edilmiş torpaq sahələri haqqında məlumatların təqdim edilmədiyi müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri imtina və etirazın məzmunu ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq, qeyd edilmişdir ki, iddiaçının gəlini N.Şahbazova özünə məxsus sahədən istifadə edərək, gəlir əldə etmək imkanı olduğu halda, müavinət təyin edilməsi üçün torpaq sahəsini məqsədli olaraq, bağışlanma müqaviləsi ilə yaxın qohumuna bağışlamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmişdir. İddiaçı şikayətin dəlillərinə etiraz edərək bildirmişdir ki, gəlininin mülkiyyətində olan torpaq sahəsi Lənkəran rayonunda yerləşdiyinə görə istifadə edə bilmədiklərindən, gəlini həmin sahəni qardaşına bağışlamışdır. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarda qeyd edilmişdir ki, “Ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlakın olması” səbəbindən ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir. -Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildirişdə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixli müraciət əsasında imtina edilir, ailə üzvü X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemindən əldə edilən məlumata əsasən JN 80200038-0049 torpağı olması barədə məlumatın qeyd edilməməsi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü X2 adına **********19 dövlət qeydiyyatı nömrəli “Torpaq sahəsi” əmlakın qeyd edilməməsi. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X23 Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, X1 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X23 Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. -AN-İ№ ******* nömrəli, xx.xx.2014-cü il tarixli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcılar X4 və digərləri X7 ünvan 2i ünvanında yerləşən 0.06 ha torpaq sahəsini alqı satqı yolu ilə satmışlar. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən 0.06 ha torpaq sahəsi X5 adına qeydiyyata alınmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X23 Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 2023-2025-ci illərdə İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. X1 adına (ümumbirgə) Lənkəran rayonu, Vilvan kəndində 0.06 ha yaşayış məntəqələrinin torpaqları xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Lənkəran rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4ə-1407 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. X1 adına (ümumbirgə) Lənkəran rayonu, Vilvan kəndində 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaqları xx.xx.1998 ci il tarixli JN-0049 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən qeydiyyata alınmışdır. X3 məxsus 1/5 hissə torpaq sahəsi Lənkəran rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-1682 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmişdir. -JN0049, KOD 80200038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X11 və onun ailə üzvləri X12, X13, X4 və X6 Lənkəran rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 nömrəli qərarı ilə 0.65 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. -6.1-ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. -6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -6.3-ci maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. -«Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanının 2-ci bəndinə görə «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 6.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə «Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların: -1.1-ci bəndinə görə bu Qaydalar «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. -2.1-ci bəndinə görə ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. -3.4.2-ci bəndinə görə məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina barədə (6 nömrəli əlavə) qərar çıxarılır. -3.7-ci bəndinə görə aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: -(3.7.1) “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; -(3.7.2) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda; -(3.7.3) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; -(3.7.4) ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); -(3.7.5) ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxılır); -(3.7.6) ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda; -(3.7.7) ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçənən gəlini X2 adına 2 və daha çox eyni təyinatlı daşınmaz əmlakın olması əsası ilə sosial yardımın ödənilməsindən imtina ilə bağlı cavabdeh orqanın hərəkətləri qanunsuz olmuşdur. Belə ki, yuxarıda şərh olunan sənədlərdən də görünür ki, N.Məmmədovanın və iddiaçının adlarına, ümumiyyətlə, hərhansı əmlak yoxdur. Cavabdeh orqanın N.Məmmədovanın özünə məxsus sahədən istifadə edərək, gəlir əldə etmək imkanı olduğu halda, müavinət təyin edilməsi üçün torpaq sahəsini məqsədli olaraq, yaxın qohumuna bağışlaması ilə bağlı dəlilinə gəldikdə isə, kollegiya hesab edir ki, şəxsin öz mülkiyyətində olan əmlakı satmaq, bağışlamaq və s. hüquqları var və bu əmlakların məhz aztəminatlı olması səbəbindən özgəninkiləşdirilməsi də istisna olunmur. Onun əmlakını yaxın qohumuna bağışlamasını birmənalı olaraq, məqsədli şəkildə sosial təminat hüquqlarından yararlanmaq niyyəti olması ilə bağlamaq yalnız ehtimaldır. Təcrübədə notariat hərəkətləri ilə bağlı müəyyən rüsum və digər xərclərdən azad olmaq və yaxud xərcləri azaltmaq məqsədilə niyyət alqı-satqı olsa da, əmlakın bağışlanması hallarına rast gəlinir. Həmçinin yuxarıda şərh olunan Qaydalarda şəxsin mülkiyyətində əmlakın olması halında sosial yardımın təyin olunmasından imtina edilir. Şəxsin mülkiyyətində olan əmlakın məqsədli şəkildə özgəninkiləşdirməsi, bunun məqsədli şəkildə olması halı ilə bağlı hər-hansı şərt və məhdudiyyət nəzərdə tutulmamışdır. Hətta şərti olaraq qəbul edilsə ki, əmlak 2023-cü ildə məqsədli şəkildə özgəninkiləşdirilmişdir, sözügedən Qaydalar imtinanı şəxsin adına 2 və daha çox eyni təyinatlı daşınmaz əmlakın olması halı ilə şərtləndirdiyindən və N.Məmmədova mülkiyyətində olan digər əmlakı 2014-cü ildə satdığından cavabdehin ehtimalları özünü doğrultmur. İşin qeyd olunan faktiki halı və təqdim edilmiş sübutlar onu deməyə əsas verir ki, cavabdeh orqan iddiaçının müraciətinə münasibətdə düzgün hüququ araşdırma aparmamış və bu iddiaçının hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddələrinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (maddə 73.3.1); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (maddə 73.3.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (maddə 73.3.3). Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli, 2-1(120)-2573/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar