Məhkəmə qərarları › İş №2-1(107)-1/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-1/2021

05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-1/2021 05.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Balakən rayon şöbəsinə qarşı “xx.xx.1968-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 2014 və 2017-ci illərdə pensiya təyin edildiyi və yenidən hesablandığı zaman səhv hesablanmış pensiya məbləğinin “Əmək Pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-530/2019 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1968-ci il tarixdə V.İ.Lenin adına X2 Ordenli Azərbaycan Dövlət Pedoqoji İnstitutuna daxil olmuş, fizika ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının xx.xx.1973-cü il tarixli qərarı ilə ona orta məktəbdə fizika müəllimi ixtisası verilərək adına Ю seriyalı 290408 nömrəli diplom hazırlanmışdır. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək 8 il 11 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 6630,66 manat pensiya kapitalı vardır. İddiaçıya xx.xx.2014-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və o, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək işləmişdir. İddiaçı təhsil aldığı illərin iş stajına daxil edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2018-ci il tarixli 27/350 nörməli məktubla bundan imtina edərək bildirmişdir ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığından təhsil aldığı illər sosial sığorta stajına daxil edilmir. İddiaçı ona təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubla bildirmişdir ki, əmək pensiyalarının məbləği xx.xx.2006- cı il tarixədək olan dövr üçün şəxslərin sığorta stajına, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Bununla razılaşmayan iddiaçı məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırılmışdır ki, onun təhsil aldığı illər sosial sığorta stajına daxil edilməli və 2014 və 2017-ci illərdə düzgün hesablanmamış pensiya məbləği yenidən hesablanmalıdır. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixdə məktubla məhkəməyə müraciət etmiş və iddia tələbinə münasibət olaraq bildirmişdir ki, xx.xx.2006-cı ildə qüvvəyə minmiş əmək pensiyaları haqda “Azərbaycan Respublikasının qanununa əsasən əyani təhsil müddətinin sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Belə ki, sosial sığorta haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən sosial sığorta iştirakçıları sığortaçı, sığorta edənlər və sığorta olunanlardır. Sığorta olunanlar xeyrinə sığorta fəaliyyəti həyata keçirənlərdir. İddiaçı məcburi sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmır. Ona görə də həmin dövrün onun sığorta stajına daxil edilməsi qanunauyğun olmamışdır. Bundan başqa iddiaçıya xx.xx.2014-cü ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona pensiya təyin edilərkən 32 il sığorta stajma əsasən sığorta hissəsi 70,96 manat, əmək pensiyasının yığım hissəsinə əsasən pensiya kapitalı 37,13 manat və baza hissəsi 100 manat olmaqla cəmi 208,09 manat pensiya hesablanmışdır. Ona pensiya hesablanarkən xx.xx.2006-cı ildən 2014-cü ilin noyabr ayınadək olan dövr üçün verilmiş Forma 4 arayışında pensiya kapitalı 5346,38 manat:144=37,13 manat nəzərə alınmışdır. Lakin, iddiaçı həmin məbləğin 92 manat olmasını iddia edir. Beləliklə pensiyanın məbləği ilkin olaraq baza hissəsi-100 manat, sığorta hissəsi 70,96 manat, pensiya kapitalı 92 manat olmaqla cəmi 262,96 manat olduğunu iddi edir. İddiaçının bu gün hesablamaları qanuna uyğun deyildir. Ona hesablanmış pensiyanın düzgün ilkin məbləği baza hissəsi 100 manat, sığorta hissəsi 70,96 manat, pensiya kapitalı 37,13 manat olmaqla, cəmi 208,09 manat qanuna uyğun hesablanmışdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 37.3.1 maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və sığorta hissəsi tam yığım hissəsi üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işdən azad olunduqda həmin dövr üzrə sığorta və yığım hissəsinin hesablanmasında gözlənilən pensiya ödəniş müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Yəni iddiaçıya yaşa görə əmək pensiyası təyin olunduqdan sonra 2 il 8ay (32 ay) işlədiyinə görə 144-32 ay = 112 ay Forma 4 arayışına əsasən pensiya kapitalı 3079,65 manat olduğundan 3079,65 manat : 112 ay = 27,49 manat yenidən onun pensiyasına əlavə edilmişdir. Hazırda iddiaçının pensiyası 296,21 manat təşkil etməklə ödənişi davam etdirilir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı izahat verərək 2014-cü ilin noyabr ayında ona əmək pensiyası təyin edilmişdir. O, dəfələrlə cavabdehə 1968-1973-cü illərdə təhsil aldığı illərin əmək stajına daxil edilməsi ilə bağlı müraciət etsə də bundan imtina edilmişdir. Ona izah edilmişdir ki, 2006-ci ildə qüvvəyə minmiş pensiya qanununda bu qayda nəzərdə tutulmamışdır. 2018-ci ilin sonlarında ona bəlli olmuşdur ki, təhsil dövrü iş stajına daxildir. Bununla bağlı rəsmi qaydada 2018-ci ilin dekabr ayında DSMF-nin Balakən rayon şöbəsinə müraciət etsə də qanunda nəzərdə tutulmadığı bildirilərək bundan imtina etmişlər. Lakin bu qanunsuzdur. Belə ki, təhsil aldığı dövrdə qüvvədə olan Dövlət Pensiyaları haqında SSRİ qanununda bu nəzərdə tutulmuşdur. Bundan başqa o, 2014-cü ildə pensiyaya çıxdığı zaman xx xxxxxx 2006-cı il tarixdən 2014-cu ilin dekabr ayınadək 8 il 11 ay sosial sığorta stajı və 13261.33 manat pensiya kapitalı, xx.xx.2006-cı il tarixədək isə 9484 manat pensiya kapitalı olmuşdur. 2014-cü ildə pensiya çıxdığı zaman onun pensiya kapiatalı 50 faiz azaldılaraq 144-də bölünmüş və ona az məbləğdə pensiya təyin edilmişdir. Halbuki, pensiya kapitalının hamısı hesablanmalı idi. xx.xx.2006-cı il 184-QD nömrəli Qanunla pensiyalar haqqında qanunun 1.05 maddəsi də dəyişdirilərək təminat xərcliyi pul təminatı kimi qəbul edilmişdir. Bundan başqa o, 2014-2017-ci illərdə əmək fəaliyyətini davam etdirmiş və 2017-ci ilin iyun ayında 65 yaşım tamam olduğu üçün işdən azad edilmişdir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanılır. Azərbaycan Respublikasının Prezidenti x xxx 2017ci il tarixdə 1352 nömrəli fərman imzalamışdır. Bu fərmanın 3.5-ci maddəsində qeyd olunur ki, işləyən əmək pensiyaçılarına ödənilən Əmək pensiyalarının məbləğinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş qaydada yenidən hesablanması təmin edilsin. x xxx 2017-ci il tarixli 1352 nömrəli fərmanının 2.5 bəndi ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında x xxxx 2006-cı il tarixli 377 nömrəli fərmanının 2.9-cu və başqa bəndləri ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1352 nömrəli fərmanı qəbul edilərkən o, işləyən pensiyaçı olmuşdur. Həm Qanuna həm də bu Fərmana əsaslanaraq pensiyasının yenidən hesablanması ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Pensiyaya çıxdıqdan sonra istədiyi 33 ay üçün pensiyası bu aylar ərzində yığılmış pensiya kapitalını 33-ə bölməklə hesablanmalıdır. 2014-cü ildə pensiyaya çıxdığı zaman fərdi hesabının sığorta hissəsində yığılmış kapitalın 100 faizi pensiya təyinatı zamanı nəzərə alınaraq ona pensiya təyin edilməli idi. Belə ki, qanunda 50 faiz təminat xərcliyinə aiddir. Qanunun tələbinə görə 2014-2017-ci illərdə sığorta hesabına yığılmış pensiya kapitalı pensiyasına əlavə edilərkən yiğılmış pensiya kapitalı işlədiyi ayların sayına bölünərək pensiyasına əlavə edilməlidir. İddianın təmin olunmasını birinci instansiya məhkəməsindən xahiş etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi birinci instansiya məhkəmə iclasında xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinə münasibətin məzmuna uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının təhsil aldığı dövr onun sosial sığorta stajına daxil olacağı təqdirdə pensiya məbləği 8-9 manat artacaqdır. O, iddiaçının xx.xx.2006-cı il tarixdən 2014-cü il tarixədək olan kapitalı barədə məlumatı şöbədən almışdır. Ola bilsin ona natamam məlumat verilmişdir. Arayışda olan 6630,66 manat düzgündür. Həmin dövrdə kapitalın əlli faizi iddiaçının, əlli faizi isə DSMF-nin hesabına köçdüyündən arayışda əlli faizə nisbətdə olan məbləğ qeyd olunur. İddia tələbinin rədd olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-530/2019 saylı qərarı ilə,cavabdeh Dövlət Sosial Müdafiə Fondu Balakən rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.1968-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil aldığı müdətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bildirmişdir ki, DSMF Balakən rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2019-cu il tarixli məktubunda ona pensiya hesablanan zaman 32 illik sığorta stajına əsasən 70,96 manat əmək pensiyasının yığım hissəsinə əsasən 37.13.manat, baza hissəsi 100 manat olmaqla cəmi 208.49 manat hesablanmışdır. DSMF tərəfindən məhkəməyə təqdim edilmiş məktubda göstərilmişdir ki, ona pensiya hesablanarkən xx.xx.2006-cı il tarixdən-2014-cü ilin noyabr ayınadək olan dövrlə bağlı Forma 4 arayışında pensiya kapitalını 5346,38 manat: 144=37.13 manat nəzərə alınmışdır. DSMF Balakən rayon şöbəsi tərəfindən ona təqdim edilmiş xx.xx.2018-ci il tarixli Forma 4 arayışında 2014-cü il noyabr ayına fərdi hesabında tam olaraq 13261 manat pensiya kapitalının toplandığı, onun 50 faizi olaraq isə 6630,66 manat fərdi hesabının sığorta hissəsində qeydə alındığı göstərilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində araşdırma zamanı qeyd edilmişdir ki, 13261,33 manat məcburi dövlət sosial sığorta haqqının 50 faizi yəni 6630,66 manatın fərdi hesabının sığorta hissəsində qeydə alınmasını qanunu hesab etmişdir. İddia ərizəsinə əlavə etdiyi əmək haqqı cədvəllərində bunu təsdiq edir. Qeyd etmişdir ki, DSMF Balakən rayon şöbəsi isə fərdi hesabının sığorta hissəsində pensiyaya çıxdığı günə toplanmış pensiya kapitalının 6630,66 manat : 144= 46,04 manat hesablanmalı idi. Amma DSMF Balakən rayon şöbəsi iddiaçının pensiyaya çıxdığı tarixə pensiya kapitalını 1284,28 manat (6630,66 – 5346,38=1284,28) azaltmaqla 5346,38 manat hesabı ilə əmək pensiyasının yığım hissəsini hesablamışdır ki, bu da nəticədə ilkin pensiyanın səhv hesablanması ilə nəticələnmişdir. İlkin hesablanmış pensiyanın məbləği ay üzrə 217 manat miqdarında olmalı idi. Səhv hesablanma nəticəsində isə ilkin pensiya səhv olaraq 208 manat hesablanmışdır. Əgər ilkin pensiya hesablanan vaxtı 5 il təhsil aldığı dövr üzrə stajı da nəzərə alınsa idi onun ilkin pensiyası 227 manata bərabər olmalı idi. Bu da o deməkdir ki, ilkin pensiya 19 manat kəsr olaraq səhv hesablanmışdır. İrəli sürdüyü iddiasının ikinci hissəsi əmək pensiyası məbləğinin yenidən hesablanmasıdır. Bu iddianı irəli sürərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci ilin 10 mart tarixli 543-49 D Qanunun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Respublika Prezidentinin x xxx 2017ci il tarixli fərmanına əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019cu il tarixli qərarında iddianın təmin edilməmiş hissəsində ləğv edib, pensiyanın yenidən hesablanması haqda öhdəliyin DSMF Balakən rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)- 530/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-530/2019 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara Ю seriyalı 290408 nömrəli diplomun surəti, Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış, Əmək haqqı cədvəllərindən çıxarışlar, Cavabdeh inzibati orqanın xx.xx.2018-ci il tarixli 27/350 nörməli imtina məktubu, etiraz məktubu (arayış), Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubu və digər sənədlər aiddir. Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayətini vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-530/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. İddiaçının təhsil müdddətinin sosial sığorta stajına daxil edilməsini və pensiya məbləğinin yenidən hesablanmasını tələb etməkdə hüquqi marağı pensiya məbləğinin artırılmasına yönəlmişdir. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdehə müraciət etmiş, bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi üç hissədən ibarət olmaqla iddianın birinci hissəsi “xx.xx.1968-ci il tarixdən xx.xx.1973-cü il tarixədək əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi”ndən, iddianın ikinci hissəsi “2014-cü ildə ona pensiya təyin edilməsi zamanı düzgün hesablanmamış pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərdin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasın”dan və iddianın üçüncü hissəsi 2017-ci illərdə pensiya yenidən hesablandığı zaman səhv hesablanmış pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmas”ından ibarətdir. Məhkəmə kollegiyası iddia tələbinin birinci hissəsi (xx.xx.1968-ci il tarixdən xx.xx.1973-cü il tarixədək əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi) ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Sadalanan maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 1968-1973-cü illərdə təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırki münasibətlərə tətbiq edilməlidir. Belə ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikası Konstitusiyası maddə-149.7). Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəbləri bitirmiş şəxslərin təhsil müddəti onların iş stajına daxil edilməlidir. Hazırki mübahisədə cavabdeh inzibati orqanın iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran normalara istinad edərək iddiaçının təhsil müddətin sosial sığorta stajına daxil etməməsi onun Konstitusiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçının təhsil müddətinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq iddia tələbini bu hissədə təmin edərək iddiaçının xx.xx.1968-ci il tarixdən xx.xx.1973-cü il tarixədək əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoymuşdur. Belə ki, məhkəmə kollegiysı araşdırma zamanı cavabdehin nümayəndəsinin izahatından müəyyən edildiyi kimi, iddiaçının təhsil aldığı illər onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə sonuncunun əmək pensiyası 8-9 manat məbləğində artacaqdır. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsi (2014-cü ildə ona pensiya təyin edilməsi zamanı düzgün hesablanmamış pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) ilə bağlı qeyd edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, iddiaçı iddia edir ki, pensiyaya çıxdığı zaman onun xx.xx.2006-cı il tarixdən 2014-cü il tarixədək fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalının əlli faizi deyil yığılmış məbləği yüz faizi nəzərə alınmalı idi. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qəbul olunmuşdur. Qanunun ilkin redaksiyasında 1.0.5-ci maddədə fərdi hesabın sığorta hissəsinin anlayışı öz əksini tapmışdır. Həmin maddəyə görə fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır. Məhkəmə kollegiyası inzibati iş üzrə qanuni və obyektiv qərarın çıxarılması üçün Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(107)-9/2020 nömrəli qərаrdаdı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə ekspert rəyinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvаlə edilmiş, rəy аlınаnаdək işin icrааtı dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Bundan sonra Məhkəmə kollegiyası inzibati iş üzrə mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 16 saylı Regional Ərazi Filialının Balakən rayon qəbul şöbəsinə həvalə edilmişdir. xx xxxxxx 2021-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 16 saylı Regional Ərazi Filialı tərəfindən **********4 nömrəli, xx xxxxxx 2021-ci il tarixli mütəxəssis rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, İddiaçı xx.xx.2014-cü ildən 32 il 4 ay sığorta stajına və xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək 8 il 11 ay sığorta stajına əsasən toplanmış pensiya kapitalının 50%-6273, 10 manat təşkil etməklə ona baza hissəsi 100 manat, xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilədək 8 il 11 ay üçün pensiya kapitalına əsasən 6273,10: 144= 43,56 manat olmaqla cəmi 213,54 manat əmək pensiyası hesablanmışdır. İddiaçı pensiya təyin olunduqdan sonra işləməkdə davam etmişdir. xx.xx.2017-ci ildə işdən azad olunmuşdur. Həmin müddətdə xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək toplanmış pensiya kapitalının 90 % 3079,65 manat yenidən hesablanaraq onun pensiyasına əlavə edilmiş, pensiyanın məbləği 272,08 manata çatdırılmışdır. 2019-cu ilin may ayından məhkəmənin qərarına əsasən əyani təhsil müddəti nəzərə alınaraq onun pensiyası yenidən hesablanaraq xx.xx.2016-cı ildən 240,22 manata, xx.xx.2017-ci ildən 256,37 manata, xx.xx.2017-ci ildən- 283,86 manata, xx.xx.2019-cu ildən 300,04 manata və xx.xx.2019-cu il tarixdən 309.04 manata qanunauyğun olmaqla çatdırılmışdır. Onun pensiyası hesablanarkən və 37.3.1 maddəsinə əsasən habelə 4 il 10 ay əyani təhsil müddəti də əlavə edilməklə yenidən hesablandıqda qanunvericiliyə uyğun bütün hallar nəzərə alınmışdır. İddiaçı xx.xx.2006-cı ildən 37 il 2 ay staj nəzərə alınmış, pensiya təyin olunduğu xx.xx.2014-cü ilədək 6273,10 manat kapital+2014-2017 ci illərdəki 3079,65 manat pensiya kapitalı tam nəzərə alınaraq 309,04 manata qanunauyğun olaraq çatdırılmışdır. İddiaçı yenidən hesablanmaya görə yaranmış fərq pulu 831 manat tam məbləğdə ödənilib qurtarmışdır. Hazırda onun pensiyası 360,34 manat təşkil etməklə aylar üzrə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.1-ci bəndində qeyd olunmuşdur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci, 1.0.6-cı, 10.1-ci, 29.4-cü və 45-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Bu Fərmanın 2.9-cu bəndinə görə isə, həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Həmin Fərmanın 2.9-cu bəndi həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq dedikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığorta olunanlar üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabı, yəni fərdi hesabın sığorta hissəsini nəzərdə tutur. xx.xx.2006-cı il tarixdə “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilərək 1.0-cı maddədə “Qanunda” sözü “Qanunun məqsədləri üçün” sözləri ilə əvəz edilmiş, 1-ci maddəyə aşağıdakı məzmunda 1.0.3-cü-1.0.5-ci maddələr əlavə edilmişdir: “1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı)hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir;” Müvafiq olaraq 1.0.3cü-1.0.12-ci maddələr 1.0.6-cı-1.0.15-ci maddələr hesab edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edildikdən sonra həmin Qanunun 1.0.5ci maddəsi dəyişilərək, müvafiq olaraq 1.0.8-ci maddə olmuşdur. Belə ki, adı çəkilən Fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş, Qanunun 1.0.5-ci maddəsində qeyd olunmuş “müvafiq icra hakimiyyəti orqanı” sözləri Qanunun iddiaçının pensiyaya çıxdığı 2014-cü il tarixdə qüvvədə olan redaksiyasındakı 1.0.5-ci maddənin məzmununda ümumiyyətlə yoxdur. Beləliklə, Fərmanın 2.1-ci və 2.9-cu bəndlərində nəzərdə tutulmuş “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi, bu Qanunun iddiaçının pensiyaya çıxdığı 2014-cü il tarixdə qüvvədə olan 1.0.5-ci maddəsinə deyil, 1.0.8-ci maddəsinə uyğundur ki, “Əmək pensiyaları haqqında” Qanuna sonradan dəyişiklik edilməsi iddiaçının tələbinin əsaslı olmasına gətirib çıxarmır. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 13261.33 manat məcburi dövlət sosial sığorta haqqının 50 faizinin, yəni 6630,66 manatın onun fərdi hesabının sığorta hissəsində qeydə alınması qanuni və əsaslıdır. Bu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanın tələblərindən irəli gəlir. Çünki, həmin Fərmanda “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq dedikdə Qanunun ilkin redaksiyasında qeyd olunan 1.0.5-ci maddədə (fərdi hesabın sığorta hissəsinin anlayışı), iddiaçının pensiyaya çıxdığı 2014-cü il tarixdə qüvvədə olan redaksiyanın 1.0.8-ci maddəsi nəzərdə tutulur ki, həmin maddədə hərbiçilərlə digər məcburi dövlət sosial sığorta ödəyiciləri arasında hər hansı fərqlilik müəyyən edilməmiş, hamıya bərabər şəkildə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizinin onların fərdi hesablarının sığorta hissəsində qeydə alınması tənzimlənmişdir. Buna görə də, iddiaçının qanunda 50 faizin təminat xərcliyinə aid olması ilə bağlı dəlilləri əsassızdır. Məhkəmə kollegiyası iddia tələbinin üçüncü hissəsi (2017-ci illərdə pensiya yenidən hesablandığı zaman səhv hesablanmış pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmas) ilə bağlı qeyd edir ki, iddia bu hissədə də əsassızdır. Belə ki, iddiaçı iddia edir ki, pensiyaya çıxdıqdan sonra 2014-2017-ci illərdə sığorta hesabına yığılmış pensiya kapitalı pensiyasına əlavə edilərkən yiğılmış pensiya kapitalı işlədiyi ayların sayına bölünərək pensiyasına əlavə edilməlidir. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək Pensyaları haqqında” Qanunun 1.0.14-cü maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək Pensyaları haqqında” Qanunun 37.3.1ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Göründüyü kimi, qanunvericiliyin tələbi baxımından pensiyaya çıxandan sonra işləməyə davam edən əmək pensiyaçısının sonrakı əmək pensiyasının məbləği iddiaçının iddia etdiyi kimi, fərdi hesabın sığorta hissəsində yiğılan kapitalın pensiyaya çıxdıqdan sonra işlədiyi ayların sayına bölünməsi yolu ilə deyil, şəxsin pensiyaya çıxdıqdan sonra işlədiyi ayların sayının gözlənilən pensiya ödənişi müəddətindən çıxılaraq, yığılmış pensiya kapitalının çıxılmadan sonra yerdə qalan gözlənilən pensiya ödənişi müddətinə bölünməklə müəyyən edilir. Yəni, başqa sözlə, gözlənilən pensiya ödənişi müddəti olan 144 aydan şəxsin pensiyaya çıxdığı vaxtdan işlədiyi sonrakı müddət, lakin 72 aydan artıq olmamaq şərti ilə çıxılaraq qalan gözlənilən pensiya ödənişi müddəti müəyyən edilir. Bundan sonra pensiyaya çıxdıqdan sonra kapitalında yığılmış məbləğin doxsan faizi həmin qalan gözlənilən pensiya ödənişi müddətinə bölünərək əldə edilmiş məbləğ aylıq pensiya məbləğinin üzərinə hesablanır. Cavabdeh iddia tələbinə mülahizədə iddiaçının 2014-2017-ci illərdə topladığı kapitalın məhz bu qaydada hesablanıdığı göstərmişdir ki, bu da məhkəmə kollegiyası tərəfindən qanuni hesab edilir. Sonda məhkəmə kollegiyası onuda qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin ikinci və üçüncü hissələrində tərəflər arasında pensiya məbləğinin yalnız hesablama qaydası mübahisə predmeti olduğundan məhkəmə tərəfindən konkret rəqəm və məbləğlərə qiymət verilməmiş və yalnız hüquqi nizamlama qaydalarına aydınlıq gətirilmişdir. Belə ki, iddiaçı hesablanmış pensiya məbləğlərini yalnız onun hesablama qaydası ilə bağlı mübahisələndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini qismən təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-530/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İddiaçı vermiş olduğu apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-530/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar