Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-10/2022 26.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X4 və Zaqatala Rayonu Muxax Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala rayonu "Muxax" kolxozu Aqrar İslahat Komissiyasının 17.05.1998-ci il tarixli 02 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması", cavabdeh Zaqatala Rayonu Muxax Bələdiyyəsinə qarşı "mal damının yerləşdiyi torpaq sahəsinin ona satılması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, sözügedən qeyri-yaşayış binası (mal damı) üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu 17.10.2020-ci il tarixli **********20 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas sayılır. Lakin iddiaçının təqdim etdiyi "Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə" 14.10.2009-cu ildə qeydiyyata alınmışdır. Bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala Rayonu Muxax Bələdiyyəsinə qarşı "Zaqatala rayonu "Muxax" kolxozunun Aqrar İslahat Komissiyasının 17.05.1998-ci il tarixli 02 nömrəli qərarına əsasən, mülkiyyətinə verilmiş mal damının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin mal damının yerləşdiyi torpaq sahəsinin və həmin damın ətrafında olan əvvəlki torpaq sahəsinin onun mülkiyyətinə verilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiçı İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Zaqatala rayon "Muxax" kolxozunun mülkiyyətində olan mal damı onun mülkiyyətinə verilmiş, o, mal damının dəyərini həmin dövrdə olan qiymətlə tam həcmdə ödəmişdir. Lakin həmin mal damının yerləşdiyi torpaq sahəsi və onun kənarında olan torpaq sahəsi onun razılığı olmadan başqa şəxsə verilmiş, buna görə də o, həmin mal damını öz adına rəsmiləşdirə bilməmişdir. Bundan sonra iddiaçı iddiasını dəyişdirərək birinci instansiya məhkəməsinə yeni iddia ərizəsi göndərmişdir. O, həmin iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsini və Zaqatala Rayonu Muxax Bələdiyyəsini göstərmiş, iddia tələbini isə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala rayonu "Muxax" kolxozu Aqrar İslahat Komissiyasının 17.05.1998-ci il tarixli 02 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması" və cavabdeh Zaqatala Rayonu Muxax Bələdiyyəsinə qarşı "mal damının yerləşdiyi torpaq sahəsinin ona satılması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Birinci instansiya məhkəməsinin 17.05.2021-ci il tarixli şifahi məhkəmə baxışı iclasının protokol qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin 17.05.2021-ci il tarixli ayrıca qərardadı ilə iddianın cavabdeh Zaqatala Rayonu Muxax Bələdiyyəsinə qarşı "mal damının yerləşdiyi torpaq sahəsinin ona satılması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması" tələbinə aid hissəsi mümkün sayılmamışdır. Ona görə də hazırkı qərarda iddianın yalnız cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala rayonu "Muxax" kolxozu Aqrar İslahat Komissiyasının 17.05.1998-ci il tarixli 02 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması" hissəsinə qiymət verilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaya qarşı 31.03.2021-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, Zaqatala Rayon Dövlət Arxivinin 12.10.2020-ci il tarixli 211 nömrəli arxiv arayışından görünür ki, Zaqatala rayonu "Muxax" kolxozunun 17.05.1998-ci il tarixli 02 nömrəli qərarına əsasən, kolxozun fəaliyyəti dayandırılmış, kolxozun səlahiyyətləri yerli aqrar islahat komissiyasına (YAİK-ə) verilmiş, torpaq və əmlakın dəqiq inventarlaşdırılması, əmlakın qiymətləndirilməsi aparılmış, əmlakdan pay almaq hüququ olan subyektlərin sayı dəqiqləşdirilmiş və ümumi iclasda təsdiq edilmişdir. Lakin 17.05.1998-ci il tarixli 2 nömrəli ümumi yığıncağın protokolu protokollar kitabında aşkar edilməmişdir. İşdə olan, Zaqatala Rayon Dövlət Arxivinin 13.07.2020-ci il tarixli 211 nömrəli arxiv arayışından görünür ki, Zaqatala rayonu Muxax kənd YAİK-in 04.05.2000-ci il tarixli 17 nömrəli qərarı ilə camış fermasında yerləşən mal damının xüsusi mülkiyyətə paylamaq üçün ayrılması qərara alınmışdır. Zaqatala rayonu Muxax YAİK tərəfindən 14.10.2009-cu il tarixli "Əmlakdan pay haqqının verilməsi barədə akt"dan görünür ki, mal damı İddiaçı verilmişdir. Zaqatala rayonu Muxax YAİK tərəfindən təsdiq edilmiş 14.10.2009-cu il tarixli 26 nömrəli qaimədən görünür ki, camış fermasında yerləşən mal damı İddiaçı verilmişdir. İşdə olan 14.10.2009-cu il tarixli "Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə"dən görünür ki, həmin sənəd Zaqatala rayonu Muxax kolxozunun YAİK tərəfindən İddiaçı adına camış fermasında yerləşən mal damı ilə əlaqədar verilmişdir. Şəki İnzibati Məhkəməsinin (hаkim Vidadi Qasımov) 17 may 2021-ci il tarixli, 2- 1(116)-440/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala rayonu "Muxax" kolxozu Aqrar İslahat Komissiyasının 17.05.1998-ci il tarixli 02 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması" barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Şəki İnzibаti Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 saylı qərarından İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibаti Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibаti Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Zaqatala Rayonu Muxax Bələdiyyəsinin nümayəndəsi X3 qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər X2 və Zaqatala rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı Azərbaycan Respublikası İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə qeyd etmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş həm "Əmlakdan pay haqqının verilməsi barədə akt", həm də "Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə" həmin maddədə nəzərdə tutulmuş vaxtda (2006-cı il iyulun 6-dək) deyil, bundan sonra, yəni 14.10.2009-cu ildə verilmişdir. Belə olan halda, həmin sənədlər mal damına iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilə bilməz. Eyni zamanda, mal damına İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş digər əsaslar da mövcud deyil. İşin birinci instansiya məhkəməsində müəyyən edilən faktiki halları ondan ibarətdir ki, Zaqatala rayonu "Muxax" kolxozunun 17.05.1998-ci il tarixli 02 nömrəli qərarına əsasən, kolxozun fəaliyyəti dayandırılmış, kolxozun səlahiyyətləri yerli aqrar islahat komissiyasına (YAİK-ə) verilmiş, torpaq və əmlakın dəqiq inventarlaşdırılması, əmlakın qiymətləndirilməsi aparılmış, əmlakdan pay almaq hüququ olan subyektlərin sayı dəqiqləşdirilmiş və ümumi iclasda təsdiq edilmişdir. Zaqatala rayonu Muxax kənd YAİK-in 04.05.2000-ci il tarixli 17 nömrəli qərarı ilə camış fermasında yerləşən mal damının xüsusi mülkiyyətə paylamaq üçün ayrılması qərara alınmışdır. Zaqatala rayonu Muxax YAİK tərəfindən 14.10.2009-cu il tarixli "Əmlakdan pay haqqının verilməsi barədə akt" tərtib edilməklə mal damı İddiaçı verilmişdir. Zaqatala rayonu Muxax YAİK tərəfindən təsdiq edilmiş 14.10.2009-cu il tarixli 26 nömrəli qaimə ilə camış fermasında yerləşən mal damı İddiaçı verilmişdir. Zaqatala rayonu Muxax kolxozunun YAİK tərəfindən İddiaçı adına camış fermasında yerləşən mal damı ilə əlaqədar 14.10.2009-cu il tarixli "Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə" verilmişdir. Bundan əlavə məhkəmə kollegiyası araşdırması zamanı Zaqatala rayon İcra Hakimiyyətinin 20.05.2022-ci il tarixli, 8/729 saylı arayışı və Zaqatala rayon Dövlət Arxiv İdarəsinin 24.05.2022-ci il tarixli, 1563 saylı arayışı ilə müəyyən olundu ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanlı ilə “X7 Komissiyasının yaradılması Haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 02 mart tarixli 250 nömrəli Fərmanı və “Azərbaycan Respublikası X7 Komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, Aqrar İslahat Komissiyası ləğv edilmişdir. Bu Fərmanın icrası olaraq Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 01 mart 2011-ci il tarixli, S-44 saylı Sərəncamı ilə Rayon Aqrar İslahat Komissiyası da ləğv edilmişdir. İslahat zamanı İddiaçı mal damı əmlak payı olaraq verilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı "Zaqatala rayonu Muxax" kolxozunun Aqrar İslahat Komissiyasının 17.05.1998-ci il tarixli 02 nömrəli qərarının tələbində irəli gələrək İddiaçı kolxozun əmlakı olmuş mal damı ona pay olaraq verilmiş, Zaqatala rayon Aqrar İslahat Komissiyasının fəaliyyət göstərdiyi 2009-cu ildə ona Zaqatala rayonu Muxax kolxozu YAİK-nin 14.10.2009-cu il tarixli əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda həmin şəhadətnamə yalnız verilmə tarixinə görə mübahisələndirilir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinası və birinci instansiya məhkəməsi iddianı rədd edilməsi üçün əsas olaraq istinad etdikləri "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin maddəyə görə 2006-cı il iyulun 6-dək müvafiq İcra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlakın üzərində hüquqları təsdiq edən şəhadətnamənin dövlət qeydiyyatı üçün əsas sayılmasını göstərməklə heç də həmin tarixdən sonra verilmiş şəhadətnamənin dövlət qeydiyyatı üçün əsas olmasını istisna etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymət verməmiş və istinad etdiyi normanın mənasını düzgün tətbiq etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan mal damı sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada verildiyində ona dair şəhadətnamənin hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Odur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iş üzrə iddia tələbi təmin edilməli, İddiaçı "Zaqatala rayonu "Muxax" kolxozu Aqrar İslahat Komissiyasının 17.05.1998-ci il tarixli 02 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İş üzrə iddia tələbi təmin edilsin. İddiaçı "Zaqatala rayonu "Muxax" kolxozu Aqrar İslahat Komissiyasının 17.05.1998-ci il tarixli 02 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-10/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-10/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver