Məhkəmə qərarları › İş №2-1(107)-10/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-10/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-10/2023 12.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN 047A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin koordinatlarına mövcud vəziyyətə uyğun düzəliş edilərək Ağdaş rayon M.Kalinin adına kolxozun 11 sentyabr 1989-cu il tarixli 4 nömrəli ümumi iclas protokolu qərarı ilə ona verilmiş və həmin qərar əsasında 20 sentyabr 1989-cu il tarixli Aktla ölçülərək ona tanıdılmış, sonradan Ağdaş Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 15 saylı qərarı ilə mülkiyyətinə verilməsi təsdiqlənmiş 0,10 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2-1(116)-725/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək adına səhvən verilmiş JN-047A nömrəli “torpağın mülkiyyətə veriməsinə dair” şəhadətnamənin ləğv edilərək Ağdaş rayon “M.Kalinin” adına kolxozun 11 sentyabr 1989cu il tarixli 4 nömrəli ümumi iclas protokolunun qərarı ilə verilmiş və həmin qərar əsasında 20 sentyabr 1989-cu il tarixli Aktla ölçülərək ona tanıdılmış 0,10 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, Ağdaş rayon “M.Kalinin” adına kolxozun 11 sentyabr 1989-cu il tarixli 4 nömrəli ümumi iclas protokolunun qərarı ilə iddiaçıya 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 20 sentyabr 1989-cu il tarixdə tərtib edilmiş aktla 0,10 ha torpaq sahəsi ölçülərək iddiaçıya təhvil verilmişdir. Sözügedən torpaq sahəsinin yerquruluşu planı Ağdaş Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı işləmək üçün Rusiya Federasiyasına getmiş və uzun müddət orada yaşamışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, 0,10 ha torpaq sahəsinə üzərində mülkiyyət hüquqlarının dövlət reyestrindən qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir.

3. Cavabdeh orqan birinci instansiya məhkəməsinin sərəncamının icrasının təmin edilməsi məqsədilə ünvanladığı xx.xx.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, idarənin kadastr məlumat bazasında olan xəritəyə və ləğv edilmiş DTXK Ağdaş rayon şöbəsindən təhvil alınmış arxiv məlumatlarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı və ailə üzvlərinin adına ümumi birgə mülkiyyət hüququ ilə Ağdaş Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 15 nömrəli qərarı ilə Ağdaş rayonu Malay kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə JN-047A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir.

4. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Həmçinin, iddiaçı izahatında bildirmişdir ki, iddia etdiyi torpaq sahəsindən istifadə etmir, başqa şəxsin istifadəsinə vermişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 12 aprel 2022-ci il tarixli 2- 1(116)-725/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

9. Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə 2-1(107)-176/2022 nömrəli inzibati iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, ekspertizanın aparılmasına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri cəlb edilmiş, iş üzrə rəy alınanadək inzibati işin icraatı dayandırılmışdır.

10. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Məhkəmə Ekspertizаsı Mərkəzinin rəyi məhkəmə kollegiyasına daxil olduğundan iş üzrə icraat təzələnmişdir.

11. Həmin tarixli qərardadla X3, X6 və Mustafayeva (Alcanova) Ruhiyyə Elman qızı iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişlər.

12. İddiaçı xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə iddia tələbinin dəyişdirilməsi barədə ərizədən göndərərək, JN 047A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin koordinatlarına mövcud vəziyyətə uyğun düzəliş edilərək Ağdaş rayon M.Kalinin adına kolxozun 11 sentyabr 1989-cu il tarixli 4 nömrəli ümumi iclas protokolu qərarı ilə ona verilmiş və həmin qərar əsasında 20 sentyabr 1989-cu il tarixli Aktla ölçülərək ona tanıdılmış 0,10 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci ildə məhkəməyə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək tələbin daha dəqiq anlaşılması üçün qeyd etmişdir ki, “adına işlənmiş JN-047A saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin koordinatlarına mövcud vəziyyətə uyğun olaraq düzəliş edilərək Ağdaş rayon M.Kalinin adına kolxozun 11 sentyabr 1989-cu il tarixli 4 nömrəli ümumi iclas protokolu qərarı ilə ona verilmiş və həmin qərar əsasında 20 sentyabr 1989cu il tarixli aktla ölçülərək ona tanıdılmış 0,10 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə öhdəlik olaraq qoyulması barədə qərar çıxarılsın”. Bundan başqa iddiaya əlavə olaraq bildirmişdir ki, JN-047A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə”nin koordinatları onun istifadəsinə verilən və hazırda istifadəsində olan torpağın koordinatları ilə eyni deyil. Bu səbəbdən həmin şəhadətnamənin koordinatlarına düzəliş edilməsi lazımdır. Torpaq sahəsi daha əvvəllər kənd olmuş Qaradağlı kəndi ərazisindən verilmişdir, hazırda isə həmin ərazi şəhər statusu almış və Qaradağlı küçəsi olaraq adlandırılmışdır. Bu səbəbdən göstərilənlərin araşdırılması, yerin ölçülərək adına olan şəhadətnamənin koordinatlarında düzəlişə edilməsi və adına çıxarış verilməsi zəruridir. İşə baxan məhkəmə isə tələbə düzəliş ərizəsini və ərizədə qeyd edilənləri araşdırmadan, araşdırma üçün heç bir sorğu etmədən, mütəxəssis rəyinə ehtiyac olduğu halda bunu etmədən cavabdeh orqanın nümayəndəsinin şəxsi mülahizələri və əsassız məktubu əsasında iddia tələbini təmin etməmişdir. Bundan başqa tələbin təmin edilməməsinin əsası olaraq məhkəmənin mülahizəsi bu olmuşdur ki, “hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər". Cavabdehin mülahizəsi bu olmuşdur ki, JN-047A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə” ilə onun adına rəsmiləşdirilməsini istədiyi torpaq sahəsi bələdiyyə mülkiyyətidir, çizgidə göstərilən torpaq sahəsi hazırda Ağdaş şəhərinin inzibati ərazi vahidinə daxildir, şəhərin “İbrahim Qaradağlı” adlanan massivində yerləşir. “Kalinin” kolxozunun qərarı ilə ona ayrılmış 0.10 ha torpaq sahəsinə isə JN-047A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir, həmin torpaq sahələri ayrı-ayrı təsərrüfatdır. İşə baxan məhkəmə mübahisəyə cavabdeh orqanın tərəfindən həll etmək məsələsinə üstünlük vermiş, mübahisəni düzgün qiymətləndirməmişdir. Belə ki, o, məhkəmədən ikinci dəfə ona torpaq payı verilməsini istəməmişdir (bunu kim iddia edir bilmirəm, məhkəmə cavabdehin mülahizəsi ilə bunu öz qərarında iddia edir), ona və ailəsinə verilmiş JN-047A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə”nin koordinatlarının bilmədiyi, istifadə etmədiyi torpağa aid olduğunu, istifadəsində və sahibliyində olan torpaq sahəsi isə Ağdaş rayon M.Kalinin adına kolxozun 11 sentyabr 1989-cu il tarixli 4 nömrəli ümumi iclas protokolu qərarı ilə ona verilmiş və həmin qərar əsasında 20 sentyabr 1989-cu il tarixli Aktla ölçülərək ona tanıdılmış 0,10 ha həyətyanı torpaq sahəsi olduğunu bildirmişdir. Əlində olan sənəd isə JN-047A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə"dir və əgər həmin şəhadətnamənin koordinatları həmin vaxt şəhadətnamə tərtib edən inzibati orqan tərəfindən səhv işlənmişsə burda onun günahı nədir? İkinci bir məsələ də budur ki, məhkəmə araşıdırma aparmadan baxış iclasında prosesi açarkən heç kimin ifadəsi dinlənilməmiş, iddia ərizəsinə dəqiqləşmə və düzəliş diqqətə alınmamışdır. Bundan əlavə məhkəmə proseslərində cavabdehin nümayəndəsinin Taleh Zülfüqarlı olduğu və məhkəmə prosesində onun iştirak etdiyi halda öz qərarında cavabdehin nümayəndəsinin X1 olduğunu qeyd etmişdir. Bundan əlavə iş üzrə üçüncü şəxs olan Ağdaş Bələdiyyəsinin nə yazılı, nə də şifahi məlumatı alınmamış, iş üzrə mütəxəssis rəyi alınmamış, XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 16 nömrəli qərarı heçə sayılmışdır. Belə ki, iş üzrə Ağdaş Bələdiyyəsinin torpaq sahəsi ilə bağlı (kimin istifadəsində olduğu, əvvəlllər kimdə olduğu) məlumatı alınmamış, iş üzrə mütəxəssis rəyi tələb edilməmişd, XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı araşdırılmamış, onun ikinci dəfə torpaq payı almaq istəyi olmadığı halda bunu öz qərarında sanki ikinci dəfə torpaq sahəsi istəyirmiş kimi göstərmişdir. Yuxarıda qeyd edilənlərdən də məlum olur ki, işə baxan məhkəmə tam və hərtərəfli araşdırma aparmamışdır. O, birinci instansiya məhkəməsinə təkrarən bildirmişdir ki, əlavə və ikinci dəfə torpaq sahəsi istəməmiş, iddia ərizəsində də bu barədə hər hansı bir cümlə yoxdur. Onun və ailəsinin adına verilən şəhadətnamənin koordinatlarının bilmədikləri yerdən və sahədən olmaqla səhv vurulduğunu, düzəliş edilərək istifadəsində və sahibliyində olan torpağa vurulmasını tələb etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2-1(116)-725/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2-1(116)-725/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022ci il tarixli 2-1(116)-725/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçının doğulduğu yer Malay kəndi olduğundan JN- 047A kod 90307038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə də torpaq sahəsinin olduğu yer səhvən Malay kəndi olaraq qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsi heç kəsin istifadəsində deyildir, boş torpaq sahəsidir. Əslində isə şəhadətnaməyə əsasən, iddiaçı və ailə üzvlərinə verilən 0.10 ha torpaq sahəsi Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq olmuş və hazırda iddiaçının faktiki istifadəsindədir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2-1(116)-725/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, üçüncü şəxslər X3, X6 və Mustafayeva (Alcanova) Ruhiyyə Elman qızı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxslər X3, X6 və Mustafayeva (Alcanova) Ruhiyyə Elman qızı teleqram göndərərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər.

19. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

20. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Ağdaş rayon “M.Kalinin” adına kolxozun xx.xx.1989-cu il tarixli 4 nömrəli ümumi yığıncağının iclas protokolundan görünür ki, Ağdaş rayon XDS İcraiyyə Komitəsinin 30 avqust 1989-cu il tarixli 16 nömrəli qərarına əsasən təsdiq edilmiş siyahı üzrə Malay kənd sakini İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. - xx.xx.1989-cu il tarixli Aktdan görünür ki, həmin aktla 0,10 ha torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. - Yerquluşu planından görünür ki, Ağdaş şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 4 nömrəli qərarına əsasən iddiaçıya verilmiş 0,10 ha torpaq sahəsinin yerquruluşu planı Ağdaş Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. - JN-047A kod 90307038 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.1999-cu il tarixli 15 nömrəli qərarı ilə 0,10 ha həyətyanı torpaq sahəsi İddiaçı, X3, X6 və X2 verilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli “etiraza əlavə” məktubunda qeyd edilmişdir ki, İddiaçı qardaşı ilə birlikdə ərazi idarəsinə dəvət olunmuşdur. Vətəndaşın təqdim etdiyi Ağdaş Şəhər Bələdiyyəsi tərəfindən tərtib olunan yerquruluşu cizgisində qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi ərazi idarəsinin elektron xəritə baza məlumatları ilə araşdırılmışdır. Məlum olmuşdur ki, cizgidə göstərilən torpaq sahəsi hazırda Ağdaş şəhərinin inzibati ərazi vahidinə daxildir, şəhərin “İbrahim Qaradağlı” adlanan yaşayış massivində yerləşir, bələdiyyə mülkiyyətinə aiddir. Ağdaş rayonu keçmiş “Kalinin” kolxozunun qərarı ilə ona ayrılmış 0,10 ha torpaq sahəsinə indiki Ağdaş rayonu Malay kəndi ərazisində ailə üzvləri ilə birlikdə 0,10 ha torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmiş və buna dair JN-047A nömrəli şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq sahələri ayrı-ayrılıqda təsərrüfatdırlar. Göründüyü kimi iddiaçı ona düşəcək torpaq payından bəhrələnmişdir. - DƏDKR PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, JN-047A kod 90307038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən Ağdaş rayonu Malay kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi Nəsib bəy Yusifbəyli küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. JN-047A kod 90307038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0.10 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi 0.10 ha torpaq sahəsi arasında 6167 m məsafə vardır. JN- 047A kod 90307038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən Ağdaş rayonu Malay kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin naturada istifadəçiliyi mövcud olmadığından yüklü olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Ağdaş rayon Malay kəndinin xəritə materiallarında (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) qeydə alınmış torpaq sahəsi hal-hazırda başqa şəxsin istifadəsində olmaqla Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsidir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/522 nömrəli rəyinə əsasən, JN-047A kod 90307038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən Ağdaş rayonu Malay kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi Nəsib bəy Yusifbəyli küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi və JN-047A kod 90307038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0.10 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi 0.10 ha torpaq sahəsi arasında 6167 m məsafə olduğu müəyyən olundu. JN-047A kod 90307038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən Ağdaş rayonu Malay kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin naturada istifadəçiliyi mövcud olmadığından yüklü olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. - Ağdaş Bələdiyyəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş məktubdan görünür ki, Ağdaş Bələdiyyəsinin əmlak və torpaq vergilərinin şəxsi təsərrüfat kitabında İddiaçı adına şəhərin İ.Qaradağlı küçəsi dalan 8 saylı ünvanda 0.10 ha həyətyanı torpaq sahəsi və 90 kv.m ölçüdə əmlakı vardır. İddiaçı həmin ünvanda ailəsi ilə birgə yaşayır. İddiaçı əvvəllər doğulduğu Ağdaş rayonu Malay kəndində ata yurdunda yaşamış, həmin dövr Malay, Qaradağlı və Cücük kəndlərini əhatə etməklə keçmiş Sovet dövründə “Kalinin” kolxozu adlanırdı. 1989-cu ildə İddiaçı həyətyanı torpaq sahəsinə ehtiyacı olduğu üçün onun müraciəti əsasında ona indiki yaşadığı keçmişdə Qaradağlı kəndi adlanan ərazidən 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı 20 ilə yaxın olar həmin torpaq sahəsində ev tikdirib ailəsi ilə birgə həmin ünvanda yaşamaqla işıq, su, qaz və digər kommunal xərcləri onun adına olmaqla özü tərəfindən həyata keçirilir. 2000-ci ildə bələdiyyə yarananda İddiaçı istifadəsində olan torpaq sahəsi Qaradağlı kəndindən Ağdaş şəhər ərazisinə verilmişdir. Ağdaş rayonunda həyətyanı torpaq sahələrinin torpaq islahatı aparılan zaman Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı 0.10 ha torpaq sahəsi göstərilməklə pasport qeydiyyatında Malay kəndində qeydiyyatda olduğu üçün Malay kəndinə qeyd olunmuşdur. İddiaçı yaşadığı torpaq sahəsinə keçmiş “Kalinin” kolxozunun qərarı olmasına baxmayaraq xx.xx.1999-cu ildə Ağdaş Rayon Aqrar İslahat Komissiyasının verdiyi qərarla iddiaçıya verilmiş torpaq sahəsi təsdiqlənmişdir. İddiaçı şəhadətnamədə adına olan 0.10 ha torpaq sahəsi isə Ağdaş rayonu Malay kəndində boş, istifadəsiz vəziyyətdə qalıb. Odur ki, ünvan 1 ünvanda İddiaçı adına olan 0.10 ha torpaq sahəsinin ona verilməsinə Ağdaş Bələdiyyəsi etiraz etmir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

25. “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

26. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. 2-ci maddəsinə əsasən, torpaq kadastrı, monitorinqi və yerquruluşu işlərinin aparılması ilə əlaqədar meydana çıxan yerin təkindən, meşədən, sudan, təbii ehtiyatlardan istifadə üzrə münasibətlər bu Qanun nəzərə alınmaqla, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə torpaq kadastrı, monitorinqi və yerquruluşu barədə müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur. 7-ci maddəsinə əsasən, dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması nəticəsində iddiaçının istinad etdiyi kolxoz qərarına əsasən ona ayrılmış 0,10 ha torpaq sahəsinə dair Ağdaş rayon AİK-nın müvafiq qərarı ilə JN-047A nömrəli şəhadətnamə tərtib edilmiş və 0,10 ha torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinə verilmişdir. Beləliklə, Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” Qanununun 14-cü maddəsinin 3-cü bəndinə əsasən hər bir subyektin bir dəfə torpaq payı almaq hüququnun olmasını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı “M.Kalinin” adına kolxozun ümumi iclasının qərarına əsasən ona verilməli olan torpaq payını artıq əldə etmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı JN-047A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin koordinatlarına mövcud vəziyyətə uyğun düzəliş edilərək Ağdaş rayon M.Kalinin adına kolxozun 11 sentyabr 1989-cu il tarixli 4 nömrəli ümumi iclas protokolu qərarı ilə ona verilmiş və həmin qərar əsasında 20 sentyabr 1989-cu il tarixli Aktla ölçülərək ona tanıdılmış, sonradan Ağdaş Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 15 saylı qərarı ilə mülkiyyətinə verilməsi təsdiqlənmiş 0,10 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən ibarətdir.

35. Göründüyü kimi, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 13cü maddəsinə əsasən, iddiaçıya iddia tələbinin nədən ibarət olması, arzuladığı hansı əlverişli aktın qəbul edilməsi ilə bağlı hüquqi yardım göstərmədən və İPM-in 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmadan iddia tələbini təmin etməmişdir.

36. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Ağdaş rayon “M.Kalinin” adına kolxozun xx.xx.1989-cu il tarixli 4 nömrəli ümumi yığıncağının iclas protokoluna əsasən, Ağdaş rayon XDS İcraiyyə Komitəsinin 30 avqust 1989-cu il tarixli 16 nömrəli qərarına əsasən təsdiq edilmiş siyahı üzrə Malay kənd sakini İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. xx.xx.1989-cu il tarixli Aktla 0,10 ha torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Sonradan Ağdaş Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 15 saylı qərarı ilə həmin torpaq sahəsinin iddiaçı və onun ailə üzvlərinə verilməsi təsdiq edilmişdir. Yerquluşu planına əsasən, Ağdaş şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 4 nömrəli qərarı ilə iddiaçıya verilmiş 0,10 ha torpaq sahəsinin yerquruluşu planı Ağdaş Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir.

37. Bundan başqa JN-047A kod 90307038 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnaməyə əsasən, Ağdaş rayon AİK-nın xx.xx.1999-cu il tarixli 15 nömrəli qərarı ilə 0,10 ha həyətyanı torpaq sahəsi İddiaçı, X3, X6 və X2 verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə qəbul ediləcək məhkəmə qərarı həmin şəxslərin qanunla qorunan maraqlarına toxunduğu hallarda onların üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasını zəruri etdiyindən X3, X6 və Mustafayeva (Alcanova) Ruhiyyə Elman qızı iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Üçüncü şəxslər X3, X6 və Mustafayeva (Alcanova) Ruhiyyə Elman qızı teleqram göndərərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər.

38. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, ekspertizanın aparılmasına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri cəlb edilmişdir. DƏDKR PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, JN-047A kod 90307038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən Ağdaş rayonu Malay kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi Nəsib bəy Yusifbəyli küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. JN-047A kod 90307038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0.10 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi 0.10 ha torpaq sahəsi arasında 6167 m məsafə vardır. JN-047A kod 90307038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən Ağdaş rayonu Malay kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin naturada istifadəçiliyi mövcud olmadığından yüklü olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Ağdaş rayon Malay kəndinin xəritə materiallarında (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) qeydə alınmış torpaq sahəsi hal-hazırda başqa şəxsin istifadəsində olmaqla Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsidir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/522 nömrəli rəyinə əsasən, JN-047A kod 90307038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən Ağdaş rayonu Malay kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi Nəsib bəy Yusifbəyli küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi və JN-047A kod 90307038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0.10 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi 0.10 ha torpaq sahəsi arasında 6167 m məsafə olduğu müəyyən olundu. JN-047A kod 90307038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən Ağdaş rayonu Malay kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin naturada istifadəçiliyi mövcud olmadığından yüklü olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

39. Bundan başqa məhkəmə kollegiyasının iclasında iştirak edən Ağdaş Bələdiyyəsinin nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş məktubdan görünür ki, Ağdaş Bələdiyyəsinin əmlak və torpaq vergilərinin şəxsi təsərrüfat kitabında İddiaçı adına şəhərin İ.Qaradağlı küçəsi dalan 8 saylı ünvanda 0.10 ha həyətyanı torpaq sahəsi və 90 kv.m ölçüdə əmlakı vardır. İddiaçı həmin ünvanda ailəsi ilə birgə yaşayır. İddiaçı əvvəllər doğulduğu Ağdaş rayonu Malay kəndində ata yurdunda yaşamış, həmin dövr Malay, Qaradağlı və Cücük kəndlərini əhatə etməklə keçmiş Sovet dövründə “Kalinin” kolxozu adlanırdı. 1989-cu ildə İddiaçı həyətyanı torpaq sahəsinə ehtiyacı olduğu üçün onun müraciəti əsasında ona indiki yaşadığı keçmişdə Qaradağlı kəndi adlanan ərazidən 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı 20 ilə yaxın olar həmin torpaq sahəsində ev tikdirib ailəsi ilə birgə həmin ünvanda yaşamaqla işıq, su, qaz və digər kommunal xərcləri onun adına olmaqla özü tərəfindən həyata keçirilir. 2000-ci ildə bələdiyyə yarananda İddiaçı istifadəsində olan torpaq sahəsi Qaradağlı kəndindən Ağdaş şəhər ərazisinə verilmişdir. Ağdaş rayonunda həyətyanı torpaq sahələrinin torpaq islahatı aparılan zaman Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı 0.10 ha torpaq sahəsi göstərilməklə pasport qeydiyyatında Malay kəndində qeydiyyatda olduğu üçün Malay kəndinə qeyd olunmuşdur. İddiaçı yaşadığı torpaq sahəsinə keçmiş “Kalinin” kolxozunun qərarı olmasına baxmayaraq xx.xx.1999-cu ildə Ağdaş Rayon Aqrar İslahat Komissiyasının verdiyi qərarla iddiaçıya verilmiş torpaq sahəsi təsdiqlənmişdir. İddiaçı şəhadətnamədə adına olan 0.10 ha torpaq sahəsi isə Ağdaş rayonu Malay kəndində boş, istifadəsiz vəziyyətdə qalıb. Odur ki, ünvan 1 ünvanda İddiaçı adına olan 0.10 ha torpaq sahəsinin ona verilməsinə Ağdaş Bələdiyyəsi etiraz etmir.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.

41. Belə ki, iddiaçının JN 047A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin koordinatlarına mövcud vəziyyətə uyğun düzəliş edilərək Ağdaş rayon M.Kalinin adına kolxozun 11 sentyabr 1989-cu il tarixli 4 nömrəli ümumi iclas protokolu qərarı ilə ona verilmiş və həmin qərar əsasında 20 sentyabr 1989-cu il tarixli Aktla ölçülərək ona tanıdılmış 0,10 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsinin JN-047A kod 90307038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən Ağdaş rayonu Malay kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi, çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsinin Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin mülkiyyətinə aid olan, 2000-ci ildə bələdiyyə yarananda Qaradağlı kəndindən Ağdaş şəhər ərazisinə verilmiş və iddiaçının hazırda faktiki istifadə etdiyi torpaq sahəsi olması tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlar, mütəxəssis və ekspert rəyləri ilə öz təsdiqini tapmışdır.

42. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

43. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə JN 047A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin koordinatlarına mövcud vəziyyətə uyğun düzəliş edilərək Ağdaş rayon M.Kalinin adına kolxozun 11 sentyabr 1989-cu il tarixli 4 nömrəli ümumi iclas protokolu qərarı ilə ona verilmiş və həmin qərar əsasında 20 sentyabr 1989-cu il tarixli Aktla ölçülərək ona tanıdılmış, sonradan Ağdaş Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999cu il tarixli 15 saylı qərarı ilə mülkiyyətinə verilməsi təsdiqlənmiş 0,10 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş mütəxəssis rəyinin xərci olan 95 (doxsan beş) manat İddiaçı aid edilməli, məhkəmə-tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülməlidir.

45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2-1(116)-725/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə JN 047A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin koordinatlarına mövcud vəziyyətə uyğun düzəliş edilərək Ağdaş rayon M.Kalinin adına kolxozun 11 sentyabr 1989-cu il tarixli 4 nömrəli ümumi iclas protokolu qərarı ilə İddiaçı verilmiş və həmin qərar əsasında 20 sentyabr 1989-cu il tarixli Aktla ölçülərək iddiaçıya tanıdılmış, sonradan Ağdaş Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 15 saylı qərarı ilə mülkiyyətinə verilməsi təsdiqlənmiş 0,10 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi qoyulsun. İş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş mütəxəssis rəyinin xərci olan 95 (doxsan beş) manat İddiaçı aid edilsin. Məhkəmə-tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülsün. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar