Məhkəmə qərarları › İş №2-1(107)-100/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-100/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-100/2021 03.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Yevlax Rayonu Aran Bələdiyyəsinin 25.05.2007-ci il tarixli 11 nömrəli qərarı əsasında Yevlax Rayonu Aran Bələdiyyəsinin kənd təsərrüfatına az yararlı 1240 ha təşkil edən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-31/2020 nömrəli qərarından iş üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Yevlax Rayon Aran Bələdiyyəsinin 09.09.2004-cü il tarixli 42 nömrəli qərarı ilə bələdiyyənin mülkiyyətində olan 1036 ha torpaq sahəsi X3 15 il müddətinə icarəyə verilmiş, Aran Bələdiyyəsi ilə X5 arasında 09.09.2004-cü il tarixli 10 nömrəli "Torpaq icarəsi müqaviləsi" bağlanmışdır. Həmin 1036 ha torpaq sahəsi ilə bağlı X2 adına 25.10.2004-cü il tarixli JN-5952 kod 90100016 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" verilmişdir. Həmin sənəddə 1036 ha torpaq sahəsi kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi kimi göstərilmişdir. Yevlax Rayon Aran Bələdiyyəsinin 26.04.2006-cı il tarixli 33 nömrəli qərarı ilə həmin 1036 ha torpaq sahəsi üzərində istifadə və icarə hüququ "xxxx" MMC-yə verilmişdir. Yevlax Rayon Aran Bələdiyyəsi ilə "xxxx" MMC arasında həmin 1036 ha torpaq sahəsinin sonuncuya 15 il müddətinə icarəyə verilməsinə dair 26.04.2006-cı il tarixli 12 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə" bağlanmışdır. Bundan sonra Yevlax Rayon Aran Bələdiyyəsinin 25.05.2007-ci il tarixli 11 nömrəli qərarı ilə bələdiyyənin kənd təsərrüfatına az yararlı 1240 ha torpaq sahəsinin alqı-satqı yolu ilə torpağın əvvəlki normativ qiymətinin 40 faizi həcmində güzəştlə "xxxx" MMC-yə satılmaqla onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Həmin qərarda deyilir ki, "xxxx" MMC bələdiyyəyə müraciət edərək Aran Bələdiyyəsi tərəfindən 1240 ha kənd təsərrüfatına az yararlı torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsal etmək üçün ona icarəyə verildiyini, öz vəsaiti hesabına həmin 1240 ha torpaq sahəsini yararlı hala salıb orada kənd təsərrüfatı məhsulları istehsal etdiyini, həmin torpaq sahəsini alqı-satqı qaydasında mülkiyyətinə götürmək istədiyini bildirmiş, Aran Bələdiyyəsi isə bu müraciətə baxaraq hazırda "xxxx" MMC-nin icarəsində olan torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsini məqsədə müvafiq hesab etmişdir. Yevlax Rayon Aran Bələdiyyəsi ilə "xxxx" MMC arasında 25.05.2007-ci ildə 1240 ha torpaq sahəsi ilə bağlı "Torpaqların alqısatqısına dair akt" tərtib edilmişdir. Azərbaycan Respublikası DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən "xxxx" MMC-nin adına 1240 ha torpaq sahəsi ilə bağlı A-004010 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş, həmin sənəddə onun verilməsinin əsası kimi, Yevlax Rayon Aran Bələdiyyəsinin 25.05.2007-ci il tarixli iclasının 11 nömrəli qərarına istinad edilmiş, sənədin "Torpaq sahəsinin kadastr göstəriciləri. Torpaq sahəsinin qaiməsi (sertifikatı)" bölməsində həmin 1240 ha torpaq sahəsinin sair sahələrə aid olduğu göstərilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 01.02.2019cu il tarixli **********15 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, elektron baza məlumatlarına əsasən, həmin 1240 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aiddir, örüş torpaqları isə xüsusi mülkiyyətə verilə bilməz. Bundan sonra iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq "Yevlax Rayonu Aran Bələdiyyəsinin 25.05.2007-ci il tarixli 11 nömrəli qərarı əsasında Yevlax Rayonu Aran Bələdiyyəsinin kənd təsərrüfatına az yararlı 1240 ha təşkil edən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-31/2020 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı "xxxx" MMC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" MMC apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında mövcud olan Azərbaycan Respublikası Yevlax rayonu Aran Bələdiyyəsinin 11 saylı 25 may 2007-ci il tarixli qərarında Aran bələdiyyəsinin kənd təsərrüfatına az yararlı 1240,0 ha torpaq sahəsinin alqı-satqı yolu ilə iddiaçıya satılması barədə qərar qəbul edilmişdir. Qanunvericiliyəəsasən, Yevlax rayon Aran Bələdiyyəsi tərəfindən 1240 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə ayrılarkən həmin sahənin xüsusiyyəti və torpağın ayrılma məqsədləri ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq rəy tərtib olunaraq bələdiyyə orqanına təqdim olunmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsində inzibati məhkəmə icraatı zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən məhkəmə sorğusuna cavab olaraq mübahisəli torpağın “örüş” torpaqlarına aid olması AR Prezidentinin 09.08.2001 -ci il tarixli. 548 saylı Fərmanının tələblərinə ziddiyyət təşkil etmişdir. Məlumat üçün bildirir ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Yevlax rayon Aran bələdiyyəsinin 11 saylı 25 may 2007-ci il tarixli qərarı və 25 may 2007-ci il tarixli Torpaqların alğı-satqısına dair akt tərtib edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən iddiaçının adına 1240 ha torpaq sahəsi ilə bağlı A-004010 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və həmin sənədin torpaq sahəsinin kadastr göstəriciləri həmçinin torpaq sahəsinin qaiməsi bölməsində 1240 ha torpaq sahəsinin sair sahələrə aid olduğu göstərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-31/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-31/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-31/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Yevlax Rayon Aran Bələdiyyəsinin 26.04.2006-cı il tarixli 33 nömrəli qərarından görünür ki, Yevlax Rayon Aran Bələdiyyəsinin 09.09.2004- cü il tarixli 42 nömrəli qərarı ilə bələdiyyənin mülkiyyətində olan 1036 ha torpaq sahəsi X3 15 il müddətinə icarəyə verilmiş, Aran Bələdiyyəsi ilə X5 arasında 09.09.2004-cü il tarixli 10 nömrəli "Torpaq icarəsi müqaviləsi" bağlanmış, lakin X5 torpaqdan səmərəli istifadə edə bilmədiyinə görə icarəsində olan 1036 ha torpaq sahəsi üzərində olan hüquqlarını pambıq əkmək üçün "xxxx" MMC-yə satmışdır. Ona görə də bələdiyyə həmin 1036 ha torpaq sahəsi üzərində istifadə və icarə hüququnun "xxxx" MMC-yə verilməsini qərara almışdır. JN-5952 kod 90100016 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə"dən görünür ki, həmin sənəd 1036 ha torpaq sahəsi ilə bağlı X2 adına 25.10.2004-cü ildə verilmişdir. Həmin sənəddə 1036 ha torpaq sahəsi kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi kimi göstərilmişdir. 26.04.2006-cı il tarixli 12 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə"dən görünür ki, həmin müqavilə Yevlax Rayon Aran Bələdiyyəsi ilə "xxxx" MMC arasında 1036 ha torpaq sahəsinin sonuncuya 15 il müddətinə icarəyə verilməsi ilə əlaqədar bağlanmışdır. Yevlax Rayon Aran Bələdiyyəsinin 25.05.2007-ci il tarixli 11 nömrəli qərarından görünür ki, bələdiyyənin kənd təsərrüfatına az yararlı 1240 ha torpaq sahəsinin alqı-satqı yolu ilə torpağın əvvəlki normativ qiymətinin 40 faizi həcmində güzəştlə "xxxx" MMC-yə satılmaqla onun mülkiyyətinə verilməsi qərara alınmışdır. 25.05.2007-ci ildə 1240 ha torpaq sahəsi ilə bağlı "Torpaqların alqı-satqısına dair akt"dan görünür ki, həmin sənəd Yevlax Rayon Aran Bələdiyyəsi ilə "xxxx" MMC arasında tərtib edilmişdir. A-004010 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Azərbaycan Respublikası DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən "xxxx" MMC-nin adına 1240 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş, həmin sənədin "Torpaq sahəsinin kadastr göstəriciləri. Torpaq sahəsinin qaiməsi (sertifikatı)" bölməsində 1240 ha torpaq sahəsinin sair sahələrə aid olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin "Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi" adlanan 12-ci maddəsinin 1-3-cü hissələrinə əsasən: Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. (1-ci hissə) Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. (2-ci hissə) Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. (3-cü hissə) "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü hissəsinin əvvəlki redaksiyasına əsasən, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin normanın mənasına görə, bələdiyyə tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün o halda əsas hesab edilir ki, həmin aktlar qanunla müəyyən olunmuş qaydada qəbul edilmiş olsun. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, qanunvericilik kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) aid olan torpaqların dəqiq siyahısını müəyyən etmişdir. Bunlar əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlardır. Həmin siyahıda "sair" adlanan torpaq yoxdur. Həm əkin torpaqları, həm də örüşlər kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. İddiaçının adına verilmiş A-004010 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə ona satılmış 1240 ha torpaq sahəsinin uqodiyası "Sair sahələr" kimi göstərilmiş, cavabdeh isə həmin torpaq sahəsinin uqodiyasının "örüş" olmasını iddia edir. Ona görə də qeyd olunan 1240 torpaq sahəsinin təyinatının və uqodiyasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək 10.09.2019-cu il tarixli 4023 nömrəli və 03.09.2020-ci il tarixli 408 nömrəli arayışlar alınmışdır. Birinci arayışda göstərilir ki, Azərbaycan Respublikası DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş A-004010 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" baza məlumatları ilə tutuşdurulduqda bir çox uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, baza məlumatlarında ərazinin uqodiyası "örüş" kimi göstərildiyi halda, sənəddə "sair sahələr" yazılıb. Bundan əlavə, bələdiyyə qərarı verilən tarixdə ərazi daxilində ayrı-ayrı şəxslərin icarəsinə torpaq sahələrinin verilməsi barədə Dövlət aktları olmuşdur ki, həmin aktlar bu gün də bazada öz əksini tapmışdır. Qeyd olunan "Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən, torpaq sahəsinin "xxxx" MMC-yə hansı hüquqda (mülkiyyət, icarə) verilməsini müəyyən etmək mümkün deyildir. Baza məlumatlarına əsasən, torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Ərazidə pambıq bitkisi əkilmişdir. İkinci arayışda göstərilir ki, 2002-ci ildə tərtib edilmiş, Yevlax rayonu "Aran" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, torpaq kənd təsərrüfatı təyinatlı kateqoriyalı torpaqlara aiddir. "Torpaq sahəsinin planı və ölçüsü"ndə torpaq sahəsinin "sair sahələr"ə aid edilmə səbəbini müəyyən etmək mümkün deyildir. Torpaqda halhazırda pambıq və müxtəlif dənli bitkilər əkilmişdir. Göründüyü kimi, iddiaçıya satılmış 1240 ha torpaq sahəsinin uqodiyası A-004010 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə "sair sahələr" kimi göstərilsə də, bu məlumat səhvdir. Əslində, həmin torpaq sahəsinin uqodiyası "örüş"dür. Sadalanan normalardan göründüyü kimi, qanunvericilik bələdiyyənin mülkiyyətində olan örüşlərin satılmasını qadağan etmişdir. İddiaçı "xxxx" MMC-yə Yevlax Rayon Aran Bələdiyyəsi tərəfindən 25.05.2007-ci il tarixli 11 nömrəli qərarla satılmış 1240 ha torpaq sahəsi də örüş olduğuna görə satıla bilməzdi. İşdən görünür ki, Yevlax Rayon Aran Bələdiyyəsinin iddiaçıya torpaq sahəsi satılması barədə qərarı qanunla müəyyən olunmuş qaydada qəbul edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, bələdiyyənin həmin qərarı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasına və onun hüququnun qeydiyyata alınmasına əsas vermir. Bundan başqa məhkəmə kollegiyasına təqdim edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 04 oktyabr 20211-ci il tarixli rəyində göstərilir ki, elektron məlumat bazasında mövcud olan Yevlax rayonu "Aran” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair tərtib edilmiş kompleks yerquruiuşu layihəsinə əsasən mübahisəiəndirilən 1240 ha torpaq sahəsi kənd təsərrüfat» təyinatlı örüş torpaq sahəsidir. Torpaq sahəsinin planı və ölçüsü* sənədində göstərilmiş 1240 ha torpaq sahəsinin 'sair sahələr' Kimi göstərilməsinin səbəbini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu "Aran" təsərrüfatı ərazisində aparılan torpaq islahatına datr tərtib edilmiş kompleks yerquruluşu layihəsinə əsasən qonşuluqda yerləşən torpaq sahələri bələdiyyə mülkiyyətinə aid olmaqla, kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələridir, lakin naturada həmin torpaq sahələri əkin kimi istifadə edilir. "Torpaq sahəsinin planı vs oiçüsü" sənədində qeyd edilmiş "sair sahələr** hansı torpaq kateqoriyasını ehtiva etməsinin araşdırılması mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Alqı-satqı zamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş rəy və kadastr məlumatlarının hüquqi əsaslarının araşdırılması mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Mübahisəli 1240 ha torpaq sahəsinə tərtib edilmiş Torpaq sahəsinin plam və ölçüsü* sənədində 5-ci keyfiyyət qrupu və 19 bonitet balı şərti yararsız torpaq sahəsi kimi qeyd edilsə də, elektron məlumat bazasında mövcud olan, Yevlax rayonu “Aran” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair tərtib ediimiş kompleks yerquruluşu layihəsində həmin torpaq sahəsi lll Keyfiyyət qrupuna aid olmaqla, bonitet balı 43 ballıdır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanan zaman Yevlax rayonu "Aran” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair tərtib edilmiş kompleks yerquruluşu layihəsində mübahisəiəndirilən 1240 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla, kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi göstərilmişdir. Mütəxəsis rəyindən də göründüyü kimi apellyasiya şikayəti əsasızdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-31/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-31/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar