Məhkəmə qərarları › İş №2-1(107)-100/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-100/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-100/2022 06.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına (DSMF publik hüquqi şəxsin 14 saylı regional ərazi filialı) qarşı (üçüncü şəxs: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) “cavabdehin 07.09.2020ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi, pensiya ödənişi, cavabdehin üzərinə öhdəlik qoyulması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Muradlı Yeganə Rəfail qızının katibliyi, İddiaçı və DSMF publik hüquqi şəxsin 14 saylı regional ərazi filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına (DSMF publik hüquqi şəxsin 14 saylı regional ərazi filialı) qarşı (üçüncü şəxs: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) “cavabdehin 07.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 may 2021ci il tarixli, 2-1(116)-265/2021 nömrəli qərarından DSMF publik hüquqi şəxsin 14 saylı regional ərazi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 07.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 02.11.1983-cü ildən 27.06.1988-ci ilədək İsmayıllı rayon 63 nömrəli SMD-də, 01.11.1988-ci ildən 16.03.1990-cı ilədək “Xidmət” kooperativində, 01.06.1998-ci ildən 02.07.2009-cu ilədək "xxxx" Gəmi təmiri şirkətində və 01.10.2013-cü ildən 01.10.2016-cı ilədək "xxxx" MMC-də əl ilə elektrik qaynaqçısı işləmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya 19.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan 07.09.2020-ci il tarixli qərarla güzəştli şərtlərlə təyin edilmiş pensiya ödənişi 01.09.2020-ci il tarixdən dayandırılmışdır. Belə ki, cavabdeh orqan iddiaçıya ünvanladığı 16.09.2020-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydə əsasən qaynaqçı vəzifəsində işləsə də, qanunvericilikdə əl ilə qaynaq aparan elektrik və qaz qaynaqçılarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olduğu səbəbindən həmin dövrlərin xüsusi (güzəştli) iş stajının tərkibinə daxil edilməsinin qanuna uyğun olmaması qənaətinə gəlinmişdir. İş materiallarında olan DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının 16.05.2021-ci il tarixli, **********2 nömrəli etiraz məktubunda qeyd edilir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı F.M.X1 rayon şöbəsi (hazırkı 14 saylı regional ərazi filialı) tərəfindən hüququ yarandığı 19 noyabr 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İsmayıllı rayon filialında aparılan araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə təyin olunmuş pensiyanın Əmək pensiyaları haqqında qanunun tələblərinə uyğun olmaması aşkarlanmışdır. Belə ki, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 35-ci bölməsinə bəndinə əsasən, əl ilə qaynaq aparan elektrik qaynaqçıları və s. vəzifələrdə çalışmış şəxslərin Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Qanunvericilikdə “əl ilə qaynaq aparan elektrik və qaz qaynaqçılarının” “Əmək Pensiyaları haqqında” AR qanunun 9.1-ci maddəsinə əsasən Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmaları səbəbindən İddiaçı 02.11.1983 - 27.06.1988-ci illərdə İsmayıllı rayon 63 nömrəli SMD-də, 01.11.1988- 16.03.1990-cı illərdə “Xidmət” korperativində, 01.06.1998-ci il tarixdən 02.07.2009-cu il tarixədək "xxxx" Gəmi Təmiri Şirkətində və 01.10.2013-01.10.2016-cı illərdə "xxxx" MMCdə “elektrik qaynaqçısı” işlədiyi müddətin güzəştli iş stajının tərkibinə daxil edilməsi qanunamüvafiq deyildir. Qeyd olunanları nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması haqqında qərarın ləğv edilməsinə və yaşa görə əmək pensiyasının təyin olunmasına dair 09.09.2020-ci il tarixli qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.02.2019- cu il tarixli **********2 nömrəli Əmrinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən həyata keçirilir (əlavə olunur). Sözügedən Əmrin icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 30.04.2019-cu il tarixli **********7 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən həyata keçirilməsi ilə bağlı bəzi tədbirlərin görülməsi haqqında Əmrinin 2-ci bəndinə əsasən 2019-cu il 10 may tarixindən etibarən Fondun rayon (şəhər) şöbələri tərəfindən Qanunun 9-cu və 20-ci maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin İdarənin (Mərkəzi Filialın) müəyyən etdiyi mərhələli qaydaya uyğun olaraq adıçəkilən İdarəyə (Mərkəzi Filiala) təhvil verilməlidir (əlavə olunur). Əmrin 3cü bəndinə əsasən həmin Əmrin 2-ci bəndinə uyğun olaraq təhvil verilmiş pensiya işləri üzrə ödənişlər İdarə (Mərkəzi Filial) tərəfindən həyata keçirilməlidir. Sözügüdən Əmrdə qeyd olunanlara əsasən müvafiq pensiya işlərinin Mərkəzi Filiala təqdim edilməsi prosesi çərçivəsində Fondun İsmayıllı rayon şöbəsi (hazırki 14 saylı regional ərazi filialı) tərəfindən pensiya təyin edilmiş şəxslərin pensiya işləri 25.09.2020-ci il tarixində Mərkəzi Filiala təhvil verilmiş, bununla əlaqədar olaraq təhvil-təslim aktı imzalanmışdır. Pensiya ödənişi yuxarıda qeyd olunan tarixdən əvvəl dayandırıldığından Fondun İsmayıllı rayon şöbəsinin bu barədə qərar qəbul etmək səlahiyyətləri olmuşdur. Birinci instansiya məhkəməsində icraat: Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi rayon şöbələrində hər ilin noyabr ayında pensiya işlərinin inventarizasiyasının aparıldığını, yerli şöbələrdə aparılmış pensiya təyinatlarının qanunauyğunluğunun hər iki ildən bir yoxlandığını qeyd edib, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin 19.04.2021-ci il tarixli, 2-1(116)-265/2021 nömrəli qərardadı ilə DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. İddiaçı 23.09.2020-ci il tarixində poçt vasitəsi ilə iddia ərizəsi vermiş, iddia ərizəsi 30.09.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. İddia müddəti ötürülmədiyi üçün iddia mümkündür. İddia həmçinin əsaslıdır. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Bu baxımdan, cavabdehin mübahisəli qərarı formal-hüquqi baxımdan qanunsuzdur. Belə ki, həmin qərarın (inzibati aktın) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur, lakin orqan buna müvafiq səlahiyyəti olmayan inzibati orqandır, qərar qanunvericiliyə əsasən müəyyən rəsmi sənəd formasında qəbul edilmə tələbinə cavab verən inzibati aktdır, icrası mümkündür və kimə ünvanlandığı aydındır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.02.2019cu il tarixli **********2 nömrəli Əmrinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən həyata keçirilir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 08.02.2019-cu ildə təsdiq edilmiş əsasnaməsinin, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23.07.2020-ci ildə təsdiq edilmiş əsasnaməsinin 3.1.8-ci bəndinə əsasən Qanunun 9-cu və 20-ci maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək İdarənin (hazırda Mərkəzi filialın) vəzifələrinə aid edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 30.04.2019-cu il tarixli **********7 nömrəli əmrinin 1ci bəndində qeyd edilir ki, 2019-cu ilin 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparılması ilə əlaqədar fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılsın. Əmrin 2-ci bəndinə əsasən 2019-cu ilin 10 may tarixinədək fondun rayon (şəhər) şöbələri tərəfindən Qanununun 9-cu və 20-ci maddələrində qeyd edilir ki, pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin İdarənin müəyyən etdiyi mərhələli qaydaya uyğun olaraq 1 (bir) il müddətində adıçəkilən idarəyə təhvil verilməsi başa çatdırılsın. Yuxarıda sadalanan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.02.2019-cu il tarixli **********2 nömrəli Əmri, Dövlət Sosial Müdafiə Fondunun 30.04.2019-cu il tarixli **********7 nömrəli əmrinə və əsasnaməyə əsasən cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə pensiyanı dayandırmaq və ya ona xitam vermək səlahiyyəti olmamışdır. Ümumiyyətlə Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığının nədən ibarət olması əsaslandırılmamış, hətta tapşırıq olduğu halda belə pensiyanın dayandırılması qanunsuz olmuşdur. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi. Forma – inzibati akt qəbul etməyə yönəlmiş iradənin xarici (maddi) aləmə ünvanlanmış ifadə üsuludur. Bir qayda olaraq inzibati aktlar yazılı formada olmalı və müəyyən edilmiş üsul qaydalarına riayət etməklə qəbul edilməlidirlər. Bu tələb, inzibati aktlara münasibətdə forma sərbəstliyi prinsipinin olmamasından irəli gəlir. Bununla yanaşı, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan (başa düşülən) formada qəbul edilə bilər. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər (“İnzibati icraat haqqında” Qanunun 57.1, 57.3, 57.5-ci maddələri). Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir. “İnzibati icraat haqqında” Qanunda həmçinin inzibati aktların mübahisələndirilməsi imkanları da müəyyən edilmişdir. Buna görə müxtəlif əsaslardan çıxış etməklə inzibati aktlar etibarsız sayıla (“İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi) və ya ləğv edilə bilər (“İnzibati icraat haqqında” Qanunun 67 və 68-ci maddələri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Lakin bununla bağlı məhkəmə qeyd etmişdir ki, inzibati orqanın səlahiyyətli olubolmamasının yoxlanılmasına predmet, instansiya və ərazi aidiyyətinin yoxlanılması daxildir. İnzibati aktı qəbul etmiş inzibati orqanın səlahiyyətli olub-olmaması məsələsi ona görə xüsusi əhəmiyyət kəsb edir ki, İİQ-nin 65-ci maddəsinin hazırkı redaksiyasına əsasən, inzibati aktın müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbulu da inzibati aktın etibarsızlığı üçün əsaslardan biri qismində çıxış edə bilər. Səlahiyyət məsələsi əksər hallarda yalnız formal-hüquqi baxımdan qanuniliyə aid olan bir məsələdir. Yoxlama üçün əsas qismində İİQ-nin 4-cü maddəsində nəzərdə tutulmuş qaydalar çıxış edir. Predmet aidiyyətində söhbət inzibati aktın əsl səlahiyyət daşıyıcısı tərəfindən qəbul edilibedilməməsindən gedir. Səlahiyyət daşıyıcıları qismində müvafiq cavabdeh qurumlar vasitəsilə təmsil olunan əyalət, şəhər və ya rayonlar çıxış edə bilər. İnstansiya aidiyyəti o zaman əhəmiyyət kəsb edir ki, inzibati orqanlar müxtəlif səviyyələr üzrə bölünmüş olsun. Belə ki, əgər müxtəlif rayonlara cavabdeh olan müxtəlif inzibati orqanlar mövcuddursa, onda hər hansı bir rayonla bağlılığı olan inzibati akt həmin rayon üzrə səlahiyyətli inzibati orqan tərəfindən qəbul edilmiş olmalıdır. Daha dəqiq desək, eyni məsələ üzrə yalnız bir inzibati orqan qərar qəbul edə bilər. Yuxarıda qeyd olunanlarla əlaqədar, İİQ-nin 65.1.2-ci maddəsində təsbit olunmuş qayda problematik hesab edilir. Həmin normaya əsasən, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Etibarsız sayılmaq o deməkdir ki, inzibati akt qəbul edildiyi andan heç bir hüquqi nəticə yaratmır (bax: İİQ-nin 65.2-ci maddəsi). Beləliklə, sözügedən normanın mətninə uyğun olaraq, inzibati aktın səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbulu heç vaxt onun qanuna zidd olmasına deyil, əksinə, birbaşa etibarsızlığına səbəb olur. Lakin mətnin bu cür təfsiri bir çox səbəbdən inandırıcı görünmür. Çünki İİQ-nin 65-ci maddəsində sadalanmış əsasların müqayisəsi inzibati aktın yalnız dar şərtlər çərçivəsində, yəni aydın şəkildə anlaşıla bilən müstəsna hallarda etibarsız sayılması nəticəsinə gəlməyə əsas verir. Buraya hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt (İİQ-nin 65.1.1-ci maddəsi) və ya maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyitələb edən inzibati akt (İİQ-nin 65.1.4-cü maddəsi), yaxud faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt (İİQ-nin 65.1.5-ci maddəsi), eləcə də kimə ünvanlandığı aydın olmayan inzibati akt (İİQ-nin 65.1.6-cı maddəsi) aiddir. Qeyd olunan bu müstəsna hallar mövcud olduqda, inzibati aktın qanuna zidd deyil, birbaşa etibarsız sayılması onsuz da heç bir sual doğurmur. İnzibati aktın müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbulu qismən təşəkkül tapmamış hazırkı inzibati strukturlarda baş verə bilər. Hətta inzibati orqanların səlahiyyətləri aydın şəkildə qanunla tənzimləndiyi hallarda belə, səlahiyyəti olmayan inzibati orqanın səhvən qərar qəbul etməsi realdır. Bu kimi hallarda inzibati akt etibarsız sayılarsa, onda müvafiq səlahiyyəti olmayan inzibati orqan mövcud olmayan bir inzibati orqanla eyniləşdirilmiş olardı. Bu baxımdan, hüquqi nəticələr böyük əhəmiyyət kəsb edir. Ona görə də İİQ-nin 65.1.2-ci maddəsində yalnız açıq-aşkar müvafiq səlahiyyətə malik olmayan inzibati orqanların başa düşülməsi tövsiyə edilir. Əksinə, səlahiyyətli olmadığı halda pensiyanın dayandırılması barədə inzibati orqanın hərəkəti isə yalnız qanuna zidd hesab olunmalı və onun mübahisələndirilməsinə yol verilməlidir. Cavabdeh yuxarıda qeyd olunduğu kimi 08.02.2019-cu il tarixinə qədər mübahisəli qərarı qəbul etmək səlahiyyətinə malik olmuşdur. Lakin həmin tarixdən sonra ondan bu səlahiyyət alınmış və 3-cü şəxsə verilmişdir. Ona görə də bu prizmadan yanaşmaqla cavabdehin qərarı qanunsuz olduğu üçün ləğv olunmalı və həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələr aradan qaldırılmalıdır. Məhkəmə qeyd etmişdir ki, inzibati icraat dövlət-şəxs, şəxs-hakimiyyət münasibətləri probleminin səmərəli həlli yollarının axtarışında yaradılmış mühüm institutlardan biridir. Bu institutun məqsədi inzibati orqanlar üçün hüquqi başlanğıcların, rəhbər istiqamətlərin müəyyən edilməsi, bütün idarəçilik orqanları üçün ümumi olan qaydalar qəbul etməklə, hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi sahəsində hüquqi yanaşmaların vahidliyini təmin etməkdən ibarətdir. İnzibati icraat institutu dövlət orqanlarının və ya hakimiyyət səlahiyyətlərini həyata keçirən şəxslərin idarəçilik fəaliyyəti ilə bağlı istifadə etdiyi üsul və qaydaların konstitusion prinsiplərə əsaslanmasını, hüquqi dövlətin tələblərinə, ədalət və mütənasiblik meyarlarına cavab verməli olmasını, maraqlı şəxslərin mənafelərinin nəzərə alınmasını tələb edir. İnzibati orqanların idarəçilik fəaliyyətinin vahid icraat qaydalarının müəyyən edilməsi yolu ilə hakimiyyətdən sui-istifadənin, şəxslərin hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması mümkündür ki, əks hal, hakimiyyət səlahiyyətlərinin qanunla müəyyən edilmiş qaydadan kənar həyata keçirilməsinə şərait yaradır. Belə olan halda, hər bir dövlət orqanı öz səlahiyyətlərini dəqiq və aydın şəkildə müəyyən olunmuş, bütün dövlət orqanları üçün eyni cür və vahid qaydalar əsasında həyata keçirməlidir ki, idarəçilik fəaliyyəti ilə bağlı icraat qaydalarının inzibati orqanların hər biri tərəfindən ayrıayrılıqda müəyyən olunması məqbul deyildir. İnzibati icraat institutu konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyini, şəffaflığını və sadəliyini müəyyən etməklə yanaşı, şəxsləri inzibati orqanların və onların vəzifəli şəxslərinin özbaşınalığından, süründürməçiliyindən qorumaq üçün lazımi təşkilati-hüquqi mexanizmlərin yaradılmasını özündə ehtiva edir. Bu çərçivədə şəxs dövlət orqanları tərəfindən idarəçilik fəaliyyəti ilə bağlı qəbul edilmiş qərarların və dövlət orqanlarının hərəkətlərinin (hərəkətsizliyinin) əsaslılığını və qanuniliyini öz hüquq və mənafeləri baxımından qiymətləndirmək, eləcə də onları inzibati və ya məhkəmə qaydasında mübahisələnirmək hüququna malikdir. Bununla da, bir tərəfdən qanunsuz hərəkətlərə yol vermiş şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasına, digər tərəfdən isə şəxslərin qanuni mənafelərinin təmin olunmasına nail olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-ci maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin 07.09.2020-ci il tarixli qərarı ləğv edilməli və İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Mübahisəli qərarın qəbul olunmasına əsas olan hallarla, yəni qərarın maddihüquqi baxımdan qanuniliyinin yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, qərarın səlahiyyəti olmayan orqan tərəfindən qəbul edilməsi onun maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılmasını istisna edir və həmin istiqamətdə araşdırılma aparılmasına ehtiyac qalmır. Məhkəmə həmçinin qeyd edir ki, pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin hazırkı cavabdehin üzərinə qoyulması məhkəmə qərarının gələcəkdə icra olunması baxımından çəkinlik yaratmayacaq. Belə ki, hazırkı mübahisəli qərar qəbul edilmədiyi halda, iddiaçının pensiya ödənişi cavabdeh tərəfindən, təhvil-təslimdən sonra isə 3-cü şəxs tərəfindən həyata keçirilməli idi. Şəki İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(116)-265/2021 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) 07 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) üzərinə İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan cavabdeh orqanın 07.09.2020-ci il tarixli qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin qərarla qaynaqçıların güzəştli şərtlərlə yaşa görə pensiya hüququ olmadığı üçün iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş pensiya ödənişi 01.09.2020-ci il tarixdən dayandırılmışdır. İş materiallarında olan iddiaçıya məxsus 15.11.1977-ci il tarixdə tərtib edilmiş ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində iddiaçının 02.11.1983-cü ildən 27.06.1988-ci ilədək İsmayıllı rayon 63 nömrəli SMD-də, 01.11.1988-ci ildən 16.03.1990-cı ilədək “Xidmət” kooperativində, 01.06.1998-ci ildən 02.07.2009-cu ilədək "xxxx" Gəmi təmiri şirkətində və 01.10.2013-cü ildən 01.10.2015-ci ilədək "xxxx" MMC-də işlədiyi qeyd edilmişdir. İş materiallarında olan DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 26.11.2020-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilir ki, iddiaçının İsmayıllı rayon 63 nömrəli SMD-də, “Xidmət” kooperativində, "xxxx" Gəmi təmiri şirkətində və "xxxx" MMC-də qaynaqçı işlədiyi dövr güzəştli iş stajına daxil edilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına əsasən Fondun İsmayıllı rayon filialı tərəfindən adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə ödənilən pensiya ödənişi 01.09.2020-ci il tarixdən dayandırılmışdır. İş materiallarında olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 27.04.2021-ci il tarixli, **********9 nömrəli məktubdan müəyyən edilir ki, iş üzrə İddiaçı pensiya işi Mərkəzi Filiala 25.09.2020-ci il tarixdə təhvil-təslim aktı tərtib edilərək təhvil verildiyinə və pensiya ödənişi qeyd olunan 25.09.2020-ci il tarixdən əvvəl dayandırıldığından Fondun İsmayıllı rayon filialının (Fondun hazırkı 14 saylı regional ərazi filialı) bu barədə qərar qəbul etmək səlahiyyətləri olmuşdur. Həmin qərardan cavabdeh DSMF publik hüquqi şəxsin 14 saylı regional ərazi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(107)-365/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(116)-265/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan DSMF publik hüquqi şəxsin 14 saylı regional ərazi filialı kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində icraat: AR Ali Məhkəməsinin 07.12.2021-ci il tarixli 2-1(102)-2297/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-365/2021 nömrəli, 01.09.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı F.M.X1 rayon şöbəsi (hazırki 14 saylı regional ərazi filialı) tərəfindən hüququ yarandığı 19 noyabr 2016ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İsmayıllı rayon filialında aparılan araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə təyin olunmuş pensiyanın Əmək pensiyaları haqqında qanunun tələblərinə uyğun olmaması aşkarlanmışdır. Belə ki, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 35-ci bölməsinə bəndinə əsasən, əl ilə qaynaq aparan elektrik qaynaqçıları və s. vəzifələrdə çalışmış şəxslərin Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Qanunvericilikdə “əl ilə qaynaq aparan elektrik və qaz qaynaqçılarının” “Əmək Pensiyaları haqqında” AR qanunun 9.1-ci maddəsinə əsasən Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmaları səbəbindən İddiaçı 02.11.1983 - 27.06.1988-ci illərdə İsmayıllı rayon 63 nömrəli SMD-də, 01.11.1988-16.03.1990-cı illərdə “Xidmət” korperativində, 01.06.1998-ci il tarixdən 02.07.2009-cu il tarixədək "xxxx" Gəmi Təmiri Şirkətində və 01.10.2013-01.10.2016-cı illərdə ‘Mrakl-Dont” MMC-də “elektrik qaynaqçısı” işlədiyi müddətin güzəştli iş stajının tərkibinə daxil edilməsi qanunamüvafiq deyildir. Qeyd olunanları nəzərə alaraq, İnzibati icraat haqqında qanunun 67-ci maddəsinə əsasən, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması haqqında qərarın ləğv edilməsinə və yaşa görə əmək pensiyasının təyin olunmasına dair 09.09.2020-ci il tarixli qərar qəbul olunmuşdur. İddiaçı inzibati orqanın qərarı ilə razılaşmamış, Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir, iddiaçının iddia tələbi təmin olunmuşdur. İnzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması formal hüquqi baxımdan qanuniliyi; inzibati aktın qüvvədə olan hüquqa uyğun olması, yəni inzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtlərinin konkret halda mövcud olması və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməsi maddi-hüquqi baxımdan qanuniliyi ehtiva edir. Birinci instansiya məhkəməsi qərarında hesab etmişdir ki, orqan buna müvafiq səlahiyyəti olmayan inzibati orqandır, buna görə də mübahisələndirilən qərar formalhüquqi baxımdan qanunsuzdur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələblərindən də göründüyü kimi inzibati aktı onu qəbul etmiş inzibati orqan ləğv edə bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin tələblərindən də göründüyü kimi hüquqi şəxsin inzibati orqan hesab edilməsi üçün onun inzibati akt qəbul etmək səlahiyyətinə malik olması əsas şərtdir. Fondun 23 iyul 2020-ci il tarixli, **********8 nömrəli qərarından da göründüyü kimi İsmayıllı rayon şöbəsi 09.09.2020-ci il tarixdə əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, növünün dəyişdirilməsi və s. səlahiyyətlərə malik olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən, əmək pensiyalarının təyin edildiyi zaman qərar qəbul olunur. Həmin qərar ümumi publik hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edildiyi və ünvanlandığı fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaratdığı üçün inzibati akt hesab olunur. İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinə əsasən, inzibati aktın ləğvi üçün aşağıdakı şərtlər ödənməlidir: 1) inzibati akt onu qəbul etmiş orqan tərəfindən ləğv edilməlidir, 2) Ləğv edən orqan inzibati orqan olmalıdır. Qeyd olunanların qarşılıqlı təhlilindən görünür ki, İsmayıllı rayon şöbəsi tərəfindən qəbul edilmiş 19.11.2016-cı il tarixli qərarın həmin şöbənin 07.08.2020-ci il tarixli qərarı ilə ləğv edilməsi və əmək pensiyasının təyin edilməsi qanunidir. Belə ki, 19.11.2016-ci il tarixli qərar həmin dövrdə buna səlahiyyəti olan İsmayıllı rayon şöbəsi tərəfindən qəbul olunmuşdur, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən həmin orqan tərəfindən də ləğv edilməlidir. 07.09.2020-ci il tarixli qərarla yaşa görə əmək pensiyasının təyinatının aparılması İsmayıllı rayon şöbəsinin səlahiyyətlərinə aid olduğundan həmin qərarın qəbulu “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğundur. Beləlikiə, İsmayıllı rayon şöbəsinin 07.09.2020-ci il tarixli qərarı qanunidir, formal- hüquqi baxımdan qanunilik şərtlərinə cavab verir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(116)-265/2021 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında və DSMF publik hüquqi şəxsin 14 saylı regional ərazi filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116)-265/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatıinzibati məhkəmələr və inzibati kollegiyalartərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismindəinzibatiməhkəmələr tərəfindən baxılır. Maddə 8.1 inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Maddə 69.1. Məhkəmə qərarı aşağıdakı hissələrdən ibarət yazılı formada tərtib edilməlidir. Maddə 70.1. inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 70.3. inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 71.1. inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətindəinzibatiməhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 46.3. maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Maddə 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. Maddə 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Maddə 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Etibarsız sayılmaq o deməkdir ki, inzibati akt qəbul edildiyi andan heç bir hüquqi nəticə yaratmır (bax: İİQ-nin 65.2-ci maddəsi). Beləliklə, sözügedən normanın mətninə uyğun olaraq, inzibati aktın səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbulu heç vaxt onun qanuna zidd olmasına deyil, əksinə, birbaşa etibarsızlığına səbəb olur. Lakin mətnin bu cür təfsiri bir çox səbəbdən inandırıcı görünmür. Çünki İİQ-nin 65-ci maddəsində sadalanmış əsasların müqayisəsi inzibati aktın yalnız dar şərtlər çərçivəsində, yəni aydın şəkildə anlaşıla bilən müstəsna hallarda etibarsız sayılması nəticəsinə gəlməyə əsas verir. Buraya hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt (İİQ-nin 65.1.1-ci maddəsi) və ya maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyitələb edən inzibati akt (İİQ-nin 65.1.4-cü maddəsi), yaxud faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt (İİQ-nin 65.1.5-ci maddəsi), eləcə də kimə ünvanlandığı aydın olmayan inzibati akt (İİQ-nin 65.1.6-cı maddəsi) aiddir. Qeyd olunan bu müstəsna hallar mövcud olduqda, inzibati aktın qanuna zidd deyil, birbaşa etibarsız sayılması onsuz da heç bir sual doğurmur. İnzibati aktın müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbulu qismən təşəkkül tapmamış hazırkı inzibati strukturlarda baş verə bilər. Hətta inzibati orqanların səlahiyyətləri aydın şəkildə qanunla tənzimləndiyi hallarda belə, səlahiyyəti olmayan inzibati orqanın səhvən qərar qəbul etməsi realdır. Maddə 67.1-67.3. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.  Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 12. insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 38. hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası AR Ali Məhkəməsinin 07.12.2021-ci il tarixli 2-1(102)- 2297/2021 nömrəli qərarındakı göstərişlərini yerinə yetirərək belə nəticəyə gəlir ki, Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116)-265/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki: Cavabdeh orqan tərəfindən iddiaçıya 19.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan 07.09.2020-ci il tarixli qərarla güzəştli şərtlərlə təyin edilmiş pensiya ödənişi 01.09.2020-ci il tarixdən dayandırılmışdır. İddiaçıya təyin edilmiş pensiyanın dayandırılmasının səbəbi kimi isə aparılan araşdırma zamanı iddiaçının güzəştli iş stajının olmaması göstərilmişdir. Hazırkı iş üzrə iddiaçının tələbi cavabdehin pensiyanın dayandırılması barədə 07.09.2020-ci il tarixli qərarının ləğvi ilə yanaşı pensiyanın dayandırıldığı tarixdən ödənilməsinin təmin edilməsi, başqa sözlə pensiya ödənişinin bərpa edilməsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 23.07.2020-ci il tarixli **********1 nömrəli qərarı ilə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı haqqında Əsasnamə təsdiq edilmişdir. Sözügedən qərarın 7.3-cü bəndinə əsasən “Əmək pensiyalarl haqqında” Qanunun 9 və 20-ci maddələrində nəzərdə tutulan şəxslərə mərkəzləşdirilmiş qaydada əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növə keçirilməsi, ödənilməsi, məcburi dövlət sosial sığortanın məqsədləri üçün həmin şəxslərin fərdi uçotunun həyata keçirilməsi, onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialı tərəfindən həyata keçirilir. Bundan əlavə, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı haqqında Əsasnamənin 3.1.8-ci bəndinə əsasən də “Əmək pensiyaları haqqında” Qanunun 9 və 20ci maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, pensiyanın bir növündən digərinə keçirilməsi və ödənilməsi, yenidən hesablanması, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılması və xitamını həyata keçirmək Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının vəzifəsidir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı F.M.X1 rayon şöbəsi (hazırki 14 saylı regional ərazi filialı) tərəfindən hüququ yarandığı 19 noyabr 2016ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İsmayıllı rayon filialında aparılan araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə təyin olunmuş pensiyanın Əmək pensiyaları haqqında qanunun tələblərinə uyğun olmaması aşkarlanmışdır. Belə ki, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 35-ci bölməsinə bəndinə əsasən, əl ilə qaynaq aparan elektrik qaynaqçıları və s. vəzifələrdə çalışmış şəxslərin Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Qanunvericilikdə “əl ilə qaynaq aparan elektrik və qaz qaynaqçılarının” “Əmək Pensiyaları haqqında” AR qanunun 9.1-ci maddəsinə əsasən Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmaları səbəbindən İddiaçı 02.11.1983 - 27.06.1988-ci illərdə İsmayıllı rayon 63 nömrəli SMD-də, 01.11.1988-16.03.1990-cı illərdə “Xidmət” korperativində, 01.06.1998-ci il tarixdən 02.07.2009-cu il tarixədək "xxxx" Gəmi Təmiri Şirkətində və 01.10.2013-01.10.2016-cı illərdə ‘Mrakl-Dont” MMC-də “elektrik qaynaqçısı” işlədiyi müddətin güzəştli iş stajının tərkibinə daxil edilməsi qanunamüvafiq deyildir. İş materiallarında olan cavabdeh orqanın 07.09.2020-ci il tarixli qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin qərarla qaynaqçıların güzəştli şərtlərlə yaşa görə pensiya hüququ olmadığı üçün iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş pensiya ödənişi 01.09.2020-ci il tarixdən dayandırılmışdır. İddiaçıya məxsus 15.11.1977-ci il tarixdə tərtib edilmiş ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində iddiaçının 02.11.1983-cü ildən 27.06.1988-ci ilədək İsmayıllı rayon 63 nömrəli SMD-də, 01.11.1988-ci ildən 16.03.1990-cı ilədək “Xidmət” kooperativində, 01.06.1998-ci ildən 02.07.2009-cu ilədək "xxxx" Gəmi təmiri şirkətində və 01.10.2013-cü ildən 01.10.2015-ci ilədək "xxxx" MMC-də işlədiyi qeyd edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, bu dəlil əsassızdır, belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 35-ci maddəsinə (Ümumi peşələr üzrə) əsasən əl ilə qaynaq aparan və elektrik qaynaqçı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahıda əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları və sair peşələr əksini tapmışdır. İddiaçı da əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətində onu da qeyd etmişdir ki, qeyd olunanların qarşılıqlı təhlilindən görünür ki, İsmayıllı rayon şöbəsi tərəfindən qəbul edilmiş 19.11.2016-cı il tarixli qərarın həmin şöbənin 07.08.2020-ci il tarixli qərarı ilə ləğv edilməsi və əmək pensiyasının təyin edilməsi qanunidir. Belə ki, 19.11.2016-ci il tarixli qərar həmin dövrdə buna səlahiyyəti olan İsmayıllı rayon şöbəsi tərəfindən qəbul olunmuşdur, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən həmin orqan tərəfindən də ləğv edilməlidir. 07.09.2020-ci il tarixli qərarla yaşa görə əmək pensiyasının təyinatının aparılması İsmayıllı rayon şöbəsinin səlahiyyətlərinə aid olduğundan həmin qərarın qəbulu “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğundur. Beləliklə, İsmayıllı rayon şöbəsinin 07.09.2020ci il tarixli qərarı qanunidir, formal- hüquqi baxımdan qanunilik şərtlərinə cavab verir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır, belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.02.2019-cu il tarixli **********2 nömrəli Əmrinə, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 08.02.2019-cu ildə təsdiq edilmiş əsasnaməsinə və Dövlət Sosial Müdafiə Fondunun 30.04.2019-cu il tarixli **********7 nömrəli əmrinin 1-ci bəndinə (hazırkı qərarın 15-17 bəndlərində) əsasən cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə pensiyanı dayandırmaq və ya ona xitam vermək səlahiyyəti olmamışdır. Vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə: (bax Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2298/2021 nömrəli, 08.12.2021-ci il tarixli qərarı) Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İnzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Mübahisəli qərarın qəbul olunmasına əsas olan hallarla, yəni qərarın maddi hüquqi baxımdan qanuniliyinin yoxlanılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qərarın səlahiyyəti olmayan orqan tərəfindən qəbul edilməsi onun maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılmasını istisna edir və həmin istiqamətdə araşdırılma aparılmasına ehtiyac qalmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin hazırki cavabdehin üzərinə qoyulması məhkəmə qərarının gələcəkdə icra olunması baxımından çəkinlik yaratmayacaq. Belə ki, hazırki mübahisəli qərar qəbul edilmədiyi halda, iddiaçının pensiya ödənişi cavabdeh tərəfindən, təhvil-təslimdən sonra isə 3-cü şəxs tərəfindən həyata keçirilməli idi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: DSMF publik hüquqi şəxsin 14 saylı regional ərazi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116)-265/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar