Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-100/2025 24.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən, məruzəçi), X5 və X3 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(116)-258/2023 saylı qərarından iş üzrə İddiaçı qız tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ağır onkoloji xəstəlikdən əziyyət çəkir, döş vəzindən əməliyyat olunmuşdur. xx.xx.2009-cü ildən xx.xx.2021-ci ilədək 12 il 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar əlil olmuşdur. xx.xx.2022-ci ildə o, tibb müəssiəsinin göndərişi əsasında təkrar müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə göndərilmiş, lakin cavabdeh 2-ci dərəcə müddətsiz əlillik təyin etmək əvəzinə, 3-cü dərəcə əlilliyi 5 il müddətinə təyin etmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin xx.xx.2022-ci ildə ona 3-cü dərəcə əlillik təyinatı əsassız və qanunsuzdur. Belə ki, o, fasiləsiz olaraq 10 ildən çox əlildir, bu səbəbdən də cavabdeh tərəfindən ona 3-cü dərəcə əlillik təyini dəyişdirilməli və 2-ci dərəcə müddətsiz “Ümumi xəstəliklə əlaqədar” əlillik təyin edilməlidir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar üçüncü dərəcə əlillik təyinatının dəyişdirilməsini və xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim olunaraq bildirilmişdir ki, iddiaçının müraciəti qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi iddiaçıya xx.xx.2009-cu il və xx.xx.2014-cü il tarixli göndərişlər əsasında 1 il müddətinə ikinci dərəcə əlillik təyin edildikdən sonra, xx.xx.2015-ci il tarixli göndəriş əsasında 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edildiyindən fasiləsizlik prinsipi pozulmuşdur. Təyin edilən əlilliyin ümumi müddəti 9 il olduğundan və fasiləsizlik prinsipi pozulduğundan iddiaçıya müddətsiz əlillik təyin edilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur.
5. Şəki İnzibati Məhkəməsinin (hakim F.Hacızadə) 18 yanvar 2023-cü il tarixli, 2- 1(116)-258/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir.
6. Məhkəmə bildirmişdir ki, iddiaçıya xx.xx.2009-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək ikinci dərəcəli əlillik təyin olunsa da, ona xx.xx.2015-ci il tarixdə müayinə olunaraq ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlillik təyin olunduğundan iddiaçının on il müddətinə fasiləsiz olaraq ikinci dərəcə əlil olması halı öz təsdiqini tapmamışdır.
7. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
8. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -Cavabdeh tərəfindən xx.xx.2009-cu tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. -Cavabdeh tərəfindən xx.xx.2010-cu il tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. -Cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. -Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. -Cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. -Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. -Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. -Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. -Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli göndərişə əsasən iddiaçıya beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. -Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli göndərişə əsasən iddiaçıya beş il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. - İddiaçı ona təyin edilmiş 5 il müddətinə üçüncü dərəcə əlilliyin dəyişdirilərək müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Apellyasiya instansiya məhkəməsindəki İ icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2- 1(107)-172/2023 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(116)-258/2023 saylı qərarı ləğv edilmiş və iddiaçının xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar təyin edilmiş 3-cü dərəcə əlillik təyinatının dəyişdirilməsi və xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsi qərara alınmışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, iddiaçıya ilk dəfə əlillik xx.xx.2009-cu il tarixdə təyin edilmiş, sonuncu dəfə iddiaçıya xx.xx.2016-cı il tarixdə ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik təyin edilərək 5 il müddətinə uzadılmış, xx.xx.2022-ci il tarixdən isə iddiaçıya ümumi xəstəlik səbəbilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının 10 ildən artıq fasiləsiz olaraq 2-ci dərəcə əlil olması nəzərə alınaraq ona müddətsiz olaraq 2-ci dərəcə əlillik təyin edilməli ikən iddiaçıya sonuncu dəfə verilən Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq ona xx.xx.2022-ci il tarixdən üçüncü dərəcə əlillik təyin edilmişdir.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar 3-cü dərəcə əlillik təyinatının dəyişdirilməsini və ona xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsini tələb etsə də, iddiaçıya 2-ci dərəcə əlillik xx.xx.2016-cı il tarixdən təyin edilərək 5 il müddətinə uzadıldığından və sonuncu dəfə xx.xx.2022-ci il tarixdən 3-cü dərəcə əlillik təyin edildiyindən, iddia tələbi qismən təmin edilərək, xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar 3-cü dərəcə əlillik təyinatı dəyişdirilməli və xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməlidir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsindəki İ icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2-1(102)-1792/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2-1(107)-172/2023 saylı qərarı ümumi xəstəliklə əlaqədar təyin edilmiş 3-cü dərəcə əlillik təyinatının dəyişdirilməsi və xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsi hissəsində ləğv edilməsi, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi, kassasiya şikayəti iddianın rədd edilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki İİ icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2-1(107)-29/2024 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(116)-258/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsindəki İİ icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2-1(102)-1981/2024 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2-1(107)-29/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(116)-258/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları
19. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər iştirak etməmişlər.. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
22. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.
18. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə
6. Sinir sistemi xəstəlikləri, Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.1.3. Başın travmalarının nəticələri, T90, baş beynin əzilməsi, kontuziyası, orqanizmin funksiyalarının pozulması faizi – 35-60, orqanizmin funksiyalarının pozulması müddəti – 1 il kimi qeyd edilmişdir. 6.7.1. Epilepsiya, G40, Qiymətləndirmə - epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən), orqanizmin funksiyalarının pozulması faizi – 35-60, orqanizmin funksiyalarının pozulması müddəti – 1 il kimi qeyd edilmişdir. 13.6. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri – başın travmalarının nəticələri, orqanizmin funksiyalarının pozulması faizi – 40, orqanizmin funksiyalarının pozulması müddəti – müddətsiz. kimi qeyd edilmişdir.
25. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin:- - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3 Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əməkfəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Həmin bənddə birinci dərəcə əlilliyin təyin edilməsi üçün 16 hal sadalanmışdır. - 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. - 2.3-cü bəndinə əsasən isə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Qeyd olunan bənddə üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün 9 hal sadalanmışdır.
26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
28. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
33. Qeyd edildiyi kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair qərarı apellyasiya kollegiyası tərəfindən ləğv edilmiş, Ali Məhkəmənin İnzibati kollegiyası isə cavabdehin kassasiya şikayəti əsasında apellyasiya kollegiyasının qərarını ləğv edərək işi təkrar apellyasiya baxışına qaytarmış, daha sonra ikinci apellyasiya instansiya məhkəməsi icraatı zamanı birinci instansiya məhkəməsi qərarı dəyişdirilmədən saxlanılmış, həmin qərar kassasiya instansiya məhkəməsinin ikinci icraatı zamanı ləğv edilərək təkrar apellyasiya baxışına qaytarılmışdır.
34. Hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2-1(102)-1792/2023 saylı qərarında qeyd edilmişdir ki, ... iş birinci instansiya məhkəməsinin icraatında olarkən məhkəmə 30 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı canlı müayinə olunmaqla məhkəmə ekspertizası təyin etmiş, iddiaçı canlı müayinə olunmaqdan imtina etdiyindən ekspertiza keçirilməmişdir. Cavabdeh iddiaçıya 3-cü dərəcə əlillik təyin edərkən ona təqdim edilən göndərişdə qeyd edilən diaqnoz əsasında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü bəndinə istinad etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında həmçinin Əsasnamənin 2.3.1-2.3.9-cu bəndlərinə istinad etmişdir. Həmin bəndlərdə 3-cü dərəcə əlilliyin təyin edilməsi üçün hallar sadalanmışdır. Apellyasiya məhkəməsi iddiaçı barəsində təqdim edilən göndərişdə sadalanan xəstəliyin 2-ci dərəcə əlilliyin təyin edilməsi üşün əsas olması barədə gəldiyi nəticəni qəbul etdiyi qərarında əsaslandırmamaqla yanaşı, cavabdehin dəlillərinə də münasibət bildirməmişdir.
35. Ali Məhkəmənin göstərişlərinə əsasən birinci apellyasiya məhkəməsi icraatı zamanı Şəki Apellyasiya Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-1(107)-584/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin ekspertlərinə həvalə edilmişdir.
36. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin 30 dekabr 2023-cü il tarixli, T 921/2023 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki; - 1966-cı il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: - 1,2. Vətəndaş İddiaçı düçar olduğu “C50-süd vəzisinin bədxassəli yenitörəməsi, sol süd vəzin xərçəngi T2N0M0 İİ MƏRHƏLƏ, İİ KL.QR, sol süd vəzin sektoral rezeksiyası (16.08,2021), sol tərəfli radikal mastektomiya (xx.xx.2021) . HİSTOLOJİ: N B 385/2021- İnvaziv duktal karsinoma G İİ. (Şəki onkilogiya) İHK N645/21 ER++(6 BAL), PR++ (3 BAL), Kİ 67-50-55%. Ağırlaşma: M24.5-oynaqlarm kontrakturası, sol bazu oynağının dermoid kontrakturası; Ağırlaşma: R53-əzginlik (süstlük) və yorğunluq, əzginlik və yorğunluq; Ağırlaşma: C50-süd vəzisinin bədxassəli yenitörəməsi, sol süd vəzin xərçəngi T2N0M0 İİ mərhələ, İİ KL.QR, sol süd vəzin sektoral rezeksiyası (xx.xx.2021) , sol tərəfli radikal mastektomiya (xx.xx.2021), HİSTOLOJİ: NB-385/2021-invaziv duktal karsinoma Gİİ, (Şəki onkilogiya) İHK N645/21 ER++(6 BAL), PR++ (3 BAL), Kİ 67-50-55%; Ağırlaşma: İ97.2postmastektomik limfatik ödem sindromu, sol yuxarı ətrafın əməliyyatdan sonrakı limfastazı; Yanaşı xəstəliklər: 125.1-ürəyin aterosklerotik xəstəliyi, ÜİX, kardioskleroz; Yanaşı xəstəliklər: 110-essensial [birincili] hipertenziya, arterial hipertenziya İİ dərəcə, əlavə risk qrupu İİİ” xəstəliklər Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” meyarlarının 2.3.7 bəndinə uyğun olaraq, 50-55% orqanizmin funksiyasının pozulması ilə beş il müddətinə İİİ dərəcə əlillik təyinatı düzgün olmuşdur.
37. Ali Məhkəmənin İnzibati Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 2-1(102)- 1981/2024 saylı qərarında qeyd edilmişdir ki, Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, işə baxan məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli, T 921/2023 nömrəli ekspert rəyini mötəbər sübut qismində qəbul etməklə, gəldiyi nəticə üzrə həmin rəyə istinad etsə də, həmin ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, T589/2022 nömrəli ekspert rəyində iddiaçının düçar olduğu C50, onun ağırlaşmaları olan M24.5, İ97.2 kodlu xəstəliklərin, yanaşı xəstəliklər olan İ25.1, İ10 kodlu xəstəliklərə görə ona “Əlilliyin müəyyən olunması meyarları” nın 2.3.7-ci bəndinə uyğun olaraq, orqanizmin funksiyasının 50-55% pozulması ilə beş il müddətinə üçüncü dərəcə əlillik təyinatının düzgün olduğu qeyd edilmişdir. Nəzərə almaq lazımdır ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun: - 6-ci maddəsinə əsasən, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. - 18-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. - Qeyd olunan normalardan göründüyü kimi, təkrar ekspertiza aparılması üçün əsasların dairəsinə ekspertiza aparılmasının prosessual qaydaları da aid edilmişdir. Ekspertin müstəqilliyi, onun məhkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığının olmaması ekspertiza aparılmasının mühüm prinsiplərinə aiddir. Halbuki, ikinci apellyasiya baxışı zamanı daxil olmuş sözügedən ekspert rəyindən görünür ki, məhkəmə icraatı zamanı təyin olunmuş ekspertiza təkcə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin məhkəmə-tibb eksperti tərəfindən deyil, həmçinin, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspertinin iştirakı ilə həyata keçirilmişdir. Bununla da rəyin verilməsində işin nəticəsində maraqlı olan şəxsin mövqeyinin nümayiş olunduğu göstərilir. Belə ki, ekspertiza aparılmasında cavabdehin nümayəndəsinin iştirakı və rəyi imzalaması prosessual qanunvericiliyin tələblərinin pozulmasıdır. Qeyd olunan hal iddiaçı barəsində aparılmış ekspertiza tədqiqatının həqiqiliyini şübhə altına almaqla, iş üzrə təkrar ekspertizanın aparılmasını zəruri edir. Bu baxımdan, kollegiya hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməli, ekspertizanın keçirilməsi cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin başqa ekspertlərinə tapşırılmalıdır. Bununla yanaşı, hazırda iddiaçı cavabdehin ona 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilməsinə əsas olmuş xx.xx.2022-ci il tarixli qərarını mübahisələndirir. İşdən görünür ki, iddiaçıya qeyd olunan əlillik təyinatı 0288003AAKDB nömrəli göndəriş (Forma 88) əsasında aparılmışdır. Lakin həmin göndəriş iş materiallarında mövcud deyildir. Odur ki, yenidən araşdırma zamanı həmin göndəriş apellyasiya məhkəməsi tərəfindən tələb edilərək göndərişdə qeyd edilən xəstəliklər nəzərə alınmaqla, yuxarıda qeyd olunan qaydada araşdırma aparılaraq cavabdehin mübahisələndirilən qərarının qanuniliyinə qiymət verilməlidir.
38. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
39. Ali Məhkəmənin göstərişlərinə əsasən hazırkı apellyasiya məhkəməsi icraatı zamanı ilk öncə Şəki Apellyasiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2-1(107)- 685/2024 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin ekspertlərinə həvalə edilmişdir. Ekspertiza iş üzrə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ekspertlərinin iştirakı olmadan keçirilməsi qərara alınmışdır.
40. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin 08 yanvar 2025-c il tarixli, T 82/2025 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki; 1966-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: - l,2. Vətəndaş İddiaçı kifayət qədər tibb müəsissələrində müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Lakin, onun adına Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0288003AAKDB saylı (Forma 88-də) göndərişində qeyd edilmiş “XBT 10 kodu ilə: Əsas xəstəlik: UC50-süd vəzisinin bədxassəli yenitörəməsi, sol süd vəzin xərçəngi T2N0M0 İİ mərhələ, İİ KL.QR sol süd vəzin sektoral rezeksiyası (xx.xx.2021) SOL tərəfli radikal mastektomiya (xx.xx.2021). HİSTOLOJİ: NB-3 85/2021- invaziv duktal karsinoma G İİ. (ŞƏKİ ONKİLOGİYA) İHK N645/21 ER++(6 BAL), PR++ (3 BAL), Kİ 67-50-55%. Ağırlaşma: M24.5-oynaqların kontrakturası. Sol bazu oynağının dermoid kontrakturası, R53-əzginlik (süstlük) və yorğunluq, İ97.2-postmastektomik limfatik ödem sindromu, sol yuxarı ətrafın əməliyyatdan sonrakı limfastazi. Yanaşı xəstəliklər: 125.1-ürəyin aterosklerotik xəstəliyi, “ÜİX, kardioskleroz. İ10-essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ dərəcə, əlavə risk qrupu İİİ” diaqnozu ona stasionarlarda müayinə və müalicələri zamanı təyin edilmişdir. - 3-9. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb-ekspertlərin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1- Sosial Ekspertlərinin səlahiyyətlərinin səlahiyyətlərinə aiddir.
41. Daha sonra iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 2-1(102)-1981/2024 saylı qərarında işə yenidən baxan apellyasiya məhkəməsi üçün qeyd etdiyi göstərişlər ilə bağlı araşdırmada natamamlıq qalmaması, obyektiv və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədi məhkəmə kollegiyası tərəfindən 26 fevral 2025-ci il tarixli, 2-1(107)-100/2025 nömrəli qərardadı ilə iş üzrə komission məhkəmə-tibbi ekspertizаsı təyin edilmiş və ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi- Təcrübi vəTədris Birliyi ekspertlərinə həvalə edilmiş, ekspertiza iş üzrə əvvəllər ekspert rəyinin verilməsində iştirak etmiş, iş üzrə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin eksperti X2 iştirakı olmadan keçirilməsi qərara alınmışdır.
42. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin 08 yanvar 2025-c il tarixli, T 82/2025 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki; 1966-cı il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: - 1-9. Vətəndaş İddiaçı 0288003AAKDB saylı (Forma 88) göndərişində qeyd edilmiş “XBT 10 kodu ilə: Əsas xəstəlik: “C50-süd vəzisinin bədxassəli yenitörəməsi, sol süd vəzin xərçəngi T2N0M0 İİ mərhələ, İİ KL.QR sol süd vəzin sektoral rezeksiyası (xx.xx.2021) soltərəfli radikal mastektomiya (xx.xx.2021). HİSTOLOJİ: NB-3 85/2021-invaziv duktal karsinoma G İİ. (ŞƏKİ ONKOLOGİYA) İHK N645/21 ER++(6 BAL), PR++ (3 BAL), Kİ 67- 50-55%. Ağırlaşma:M24.5-oynaqların kontrakturası, sol bazu oynağının dermoid kontrakturası, R53-əzginlik (süstlük) və yorğunluq, İ97.2-postmastektomik limfatik ödem sindromu, sol yuxarı ətrafın əməliyyatdan sonrakı limfastazı. Yanaşı xəstəliklər: 125.1ürəyin aterosklerotik xəstəliyi, ÜİX, kardioskleroz, 110- essensial [birincili] hipertenziya, arterial hipertenziya İİ dərəcə, əlavə risk qrupu İİİ” xəstəliklərindən hazırda da əziyyət çəkir. Qeyd edilən diaqnozla əlaqədar ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” meyarlarının 2.3.7 bəndinə uyğun olaraq, 50-55% orqanizmin funksiyasının pozulması ilə beş il müddətinə İİİ dərəcə əlillik təyinatı düzgün olduğundan, hazırda gücləndirilməsinə heç bir əsas yoxdur.
43. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2009-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək ikinci dərəcəli əlillik təyin olunmuşdur. İddiaçıya xx.xx.2015-ci il tarixdə müayinə olunaraq ona (TSEK arayışının nömrəsi 553654) ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlillik təyin olunmuşdur. Növbəti müayinə nəticəsində iddiaçıya xx.xx.2015-ci il tarixində ikinci dərəcəli əlillik təyin olunmuşdur.
44. İş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçının on il müddətinə fasiləsiz olaraq ikinci dərəcə əlil olduğu öz təsdiqini tapmamışdır.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
46. İş üzrə keçirilmiş ekspert rəyi ilə də cavabdeh tərəfindən iddiaçıya “Əlilliyin müəyyən olunması” meyarlarının 2.3.7 bəndinə uyğun olaraq, 50-55% orqanizmin funksiyasının pozulması ilə beş il müddətinə İİİ dərəcə əlillik təyinatı düzgün olduğu müəyyən edilmişdir.
47. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
48. Məhkəmə kollegiyası 08 yanvar 2025-c il tarixli, T 82/2025 nömrəli və 17 mart 2025-ci il tarixli, T 287/2025 ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və həmin rəyi mötəbər sübut kimi qəbul edir.
49. Qeyd olunmalıdır ki, 2021-ci ilin noyabr ayında iddiaçının əlillik müddəti bitdikdən sonra barəsində təqdim edilən 14 aprel 2022-ci il tarixli göndərişə baxan cavabdeh 18 aprel 2022-ci il tarixdə əlillik təyin etməkdən imtina etmiş, imtinanın səbəbi kimi iddiaçının əvvəlki əlilliyinin fərqli diaqnoz əsasında təyin edildiyi qeyd edilmiş, iddiaçı cavabdehin 18 aprel 2022-ci il tarixli imtina qərarı ilə bağlı mübahisə açmamışdır.
50. Bundan sonra iddiaçı barəsində Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfindən 14 may 2022-ci il tarixli yeni göndəriş təqdim edilmişdir.
51. Cavabdeh həmin göndəriş əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü bəndinə (İİ mərhələ bədxassəli şişlər (C00-C97) istinad edərək 5 il müddətinə 3-cü dərəcə əlillik təyin etmişdir.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehlərin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehlərin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
53. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
54. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2- 1(116)-258/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.