Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-101/2025 20.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında və elektron alt sistemdə qeyd olunan işlədiyi 26 il 9 ay 28 gün müddətini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2-1(116)-1989/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əmək kitabçasında və elektron alt sistemdə qeyd olunan işlədiyi 26 il 9 ay 28 gün müddətini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçı, xx.xx.1959-cu il tarixdə doğulmuşdur. ƏPHQ-na əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2024-cü il tarixdə yaranmışdır.
3. Cavabdeh orqana müraciət edərək əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh orqan isə onun tələb olunan 25 il sığorta stajının bitməməsi səbəbi ilə 16 mart 2024-cü il tarixli imtina məktubu göndərmişdir.
4. Belə ki, cavabdehin etiraf etdiyi sığorta stajı 8 il 10 ay 9 gündür. Lakin əmək kitabaçasına və digər sənədlərə əsasən onun ümumi stajı 25 ildən çox təşkil edir.
5. İmtina məktubunu aldığı vaxtdan 30 gün keçməmişdir. Cavabdeh orqan onun sığorta stajını düzgün hesablamamışdır və onun verdiyi imtina qanunsuz və əsassızdır. Cavabdehin etiraf etdiyi 8 il 10 ay 9 gün sığorta stajı ilə hesablamaq istəmədiyi 14 il 2 ay 28 gün sığorta stajını topladıqda, cəmi 23 il 1 ay 7 gün təşkil edir.
6. O, 1974-1977 illərdə kolxozda işləmiş, 1978-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Sonra 1980-1982-ci illərdə yenə kolxozda işləmişdir. Bu illər cəmi 9 il təşkil edir. Əgər cavabdeh kolxozda işlədiyi illəri adam günü və ya əmək günü hesabı ilə hesablayırsa, düzgün hesablamır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2023-cü il tarixli 424 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən, Qaydanın 4.1.1-ci yarımbəndinin 5-ci abzasında “(kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)” sözləri “(kolxozçunun əmək kitabçası)” sözləri ilə əvəz olunmuşdur.
7. Yəni, 4.1-ci bəndə görə, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən;
8. 1983-cü ilin fevral ayının 03-dən 1986-cı ilin aprel ayının 3-dək “Zaqatala rayon Selxoztexnikada” sürücü işləmişdir (3 il). 1986-cı ilin aprel ayının 03-dən xx.xx.2000-ci ilədək X7 Sovxoz Zavodunda sürücü işləmişdir (14 il 2 ay 28 gün), 2020- ci ilin noyabr, dekabr ayları. 2021-ci ilin yanvar, fevral, mart və aprel aylarında isə Zaqatala şəhəri Qazangül qəsəbəsində yerləşən Tam Orta Məktəbin qazanxanasında ocaqçı işləmişdir, yəni İstilik Sistemləri idarəsində. Burada işlədiyi il və aylar elektron informasiya sisteminin “Pensiya” altsistemində görünür. Məhkəmə elektron olduğundan, real vaxt rejimində bunu yoxlaya bilər. Bu da cəmi 7 ay təşkil edir.
9. İşlədiyi təşkilatlar və illər aşağıdakı kimi olmuşdur: - Kolxoz 1974-1977, 1980-1982 illər =7 il, - Hərbi xidmət 1978-1979 illər =2 il, - “Zaqatala rayon Selxoztexnikada” 1983-1986 illər=3 il,-“Zaq.Efır Yağ.Sov.Zavodunda” 1986-2000 illər=14 il 2 ay 28 gün. - “İstilik sistemlərində” 2020-2021 illər- 7 ay. Bunların cəmi : 7 il + 2 il + 3 il + 14 il 2 ay 28 gün + 7 ay = 26 il 9 ay 28 gün.
10. Deməli onun cəmi 26 il 9 ay 28 gün qanuni sığorta stajı vardır. Bu da ona əmək pensiyası təyin edilməsi üçün qanuni əsasdır. İmtina əsassızdır. Belə ki, oturuşmuş məhkəmə təcrübəsi ilə müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan imtina ilə onun pensiya hüququ pozula bilməz. Onun əmək stajını təsdiq edən əmək kitabçası vardır. Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinində göstərilən tələblərə əməl olunub, yəni pensiya yaşına çatmışdır və azı 25 il sığorta stajı vardır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
11. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən ümumi sığorta stajının (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 8 il 10 ay 9 gün təşkil etdiyi bildirilmişdir.
12. Eyni zamanda xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 8 il 4 ay 9 gün sığorta stajına uyğun olaraq 8422,36 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 390,47 manat olmaqla, ümumilikdə 8812,83 manat təşkil etdiyi və bu məbləğin pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından az olması səbəbindən əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermədiyi bildirilmişdir.
13. Bundan əlavə bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996- cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları’’na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1986-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma qeydləri kiril qrafikalı əlifba ilə yazılmışdır, eyni zamanda səlahiyyətli şəxsin imzası yoxdur) həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının məbləği 2006-cı il 1 yanvar tarixindən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı stajı fərdi uçot məlumatları əsasında nəzərə alınmalıdır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır.
15. Cavabdeh orqan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7, 21.1, 22-1.1-ci maddələrinə, «Pensiya təyinatı uçun əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında xx.xx.1992- ci il tarixli 638 №-li qərarının 3-cü bəndinə, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 №-li Qərarın 3.2-ci bəndinə istinad edərək iddianın təmin edilməməsini xahiş etmişdir.
16. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
17. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
18. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 01 oktyabr 2024-cü il tarixli 2-1(116)-1989/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
19. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
20. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə kifayət qədər araşdırma aparmamışdır, məhkəmə öz qərarını əsaslandırarkən heç bir qanuna istinad etməmişdir, yalnız öz mülahizələrindən istifadə edərək əsaslandırmaq istəmişdir. Belə ki, məhkəmə qərarının əsaslandırma hissəsində qeyd olunur ki. Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli qərarı ilə əmək pensiyalarının təyin edilməsi qaydasına edilmiş dəyişikliyin 4.1.1-ci yarım bəndinin 5-ci abzasında qeyd olunan kolxozçunun əmək kitabçası sözləri nəzərə alındıqda kolxozda işlədiyi müddət 7 ilə bərabər hesab edilməli və minimum adam günü normasının yerinə yetirilib yetirilməməsi araşdırma predmeti olmamalıdırBundan başqa məhkəmənin nəzərinə çatdırıram ki, məhkəmə mənim əmək stajımı hesablayarkən səhvə yol vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2023-cü il tarixli 424 saylı qərarı ilə kolxozçunun əmək kitabçasının sosial sığorta stajı ilə bağlı müəyyən edilmiş əmək iştirakı minimumunu yerinə yetirməsi barədə qeydi olmadığı halda zəruri sənəd kimi qəbul edilməsi, lakin əmək kitabçası olduğu halda əmək kitabçasındakı qeydə əsasən şəxs bütöv il boyu kolxozda işlədiyi halda kolxozçunun əmək kitabçası deyil, əmək günlərinin sayına uyğun stajın müddəti müəyyən nəzərə alınaraq hesablanması şəxslər arasında ayrı seçkilik yaradır. Belə ki, məhkəmənin hesabına əsasən cəmi 24 il 1 ay 22 gün stajım vardır. Məhkəmənin diqqətinə çatdırıram ki. Nazirlər Kabinetinin xx.xx.2023-cü il taıixli 424 sayh qərarı ilə 175 nömrəli qərarına edilmiş dəyişiklik qüvvəyə mindikdən sonra, yəni həmin qaydaların 4.1.1 -ci yarım bəndinin 5-ci abzasında müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetiriliməsi barədə qeydin olması şərti ilə sözləri kolxozçunun əmək kitabçası sözləri ilə əvəz edildiyi tarixdən yarım bəndin əvvəlki redaksiyasında yazılmış sözlər qüvvədən düşmüş hesab olunur və həmin sözlərin bugünkü gündə hər hansı bir hüquqi nəticəsi mövcud deyildir. Qüvvədə olmayan sözlərin əsas qanun kimi hesab edilməsi özü qanunsuz bir hərəkət hesab olunur. İddiaçı hesab edirəm ki, şikayətimdə göstərdiyim faktlar apelyasiya məhkəməsi tərəfindən müzakirə olunaraq düzgün hüquqi qiymət veriləcək, eyni zamanda hesab edirəm ki, yaranmış hüquqi mövqedə olan fərqin aradan qaldırılması üçün Konstitusiya Məhkəməsinə sorğu belə göndərilə bilər. Hesab edir ki, iddia təmin edilməlidir ona görə ki, iddia həm qanuni, həm də mahiyyət etibari ilə əsaslıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81-87-ci maddələrinə əsasən faktiki Şəki İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(116)-1989/2024 saylı qərarının ləğv edilməsinə və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
21. Cavabdeh orqan apellyasiya şikayətinə etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, iddiaçı hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2023-cü il tarixli 424 saylı qərarı ilə Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasında dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən 4.1.1-ci yarımbəndin 5-ci abzasında “(kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) sözləri “(kolxozçunun əmək kitabçası)” sözləri ilə əvəz edildiyindən onun kolxozda işlədiyi müddət 7 ilə bərabər hesab edilməli və minimum adam günü normasının yerinə yetirilib yetirilməməsi araşdırma predmeti olmamalıdır. Belə ki, müvafiq dəyişiklik kolxozda 1 gün belə işləmiş şəxslərə münasibətdə həmin müddətin bütöv tam il olaraq qəbul edilməsini nəzərdə tutumur. Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olmaması əvvəllər kolxozçunun əmək kitabçasının sosial sığorta stajını müəyyən edən sənəd kimi qiymətləndirilməsini istisna edirdi. Kolxozlar artıq mövcud olmadığından, həmin qeydlərin natamamlığının aradan qaldırılması mümkünsüz olduğundan dəyişiklikdən sonra müvafiq qeydlərin (əmək iştirakı minimumu) olmaması müraciət edənin ziyanına şərh olunmayacaq, kolxoçunun əmək kitabçası sosial sığorta stajını müəyyən edən sənəd kimi qəbul ediləcəkdir. Lakin bu heç də iddiaçının əmək iştirakı minimumunu yerinə yetirib yetirməməsinin yoxlanılmayacağı kimi başa düşülməməlidir. Məhkəmə təcrübəsindən məlumdur ki, bir sıra hallarda kolxozçunun əmək kitabçası olduğu halda həmin əmək kitabçasında əmək iştirakı minimumu ilə bağlı qeydlər, o cümlədən sözügedən kolxozun arxiv sənədləri mövcud olmur. İddiaçı yalnız o zaman işlədiyi illərin tam 1 il kimi stajına daxil edilməsini tələb etməkdə haqlı sayıla bilər ki, onun əmək kitabçasında əmək iştirakı minimumu ilə bağlı qeyd ümumiyyətlə olmasın, həmçinin arxiv sənədlərində də. həmin kolxoza aid hesablaşma kitabları müvafiq məlumatların əldə edilməsinə imkan verməsin (bu zaman şəxsin müvafiq kolxozda əmək iştirakı minimumunu yerinə yetirməməsini sübut etmək vəzifəsi cavabdeh orqanın üzərinə düşəcəkdir). Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji iş üzrə xx.xx.2024-cü il tarixli 2-1(102)-1616/2024 nömrəli qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin hərtərəfli araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı Yevlax rayonu, Varvar kənd S.Vurğun adına kolxozda 1978-1986 və 1988-1996-cı illərdə minimum adam günü normasını (180 gün) yerinə yetirmişdir və həmin müddət 18 ilə bərabərdir. 1975-1977-ci illərdə isə tam adam günü normasını yerinə yetirmədiyindən həmin müddət faktiki işlənmiş günlər nəzərə alınmaqla hesablanır (110+125+155=390/180=2.17. Yəni, 2 il 15 gün). Hər iki müddəti topladıqda iddiaçının kolxozda işlədiyi müddət 20 il 15 günə bərabər olur. Həmin müddətin üzərinə iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.2006- cı ilədək (4 il 7 ay 25 gün) iş stajı və 2006- 2019-cu illər ərzində məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirildiyi müddət üzrə iş stajı - (10 il 1 ay) toplandıqda 34 il 9 ay, 10 gün əmək stajı yaranır ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajından çoxdur. Həmçinin Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-1616/2024 nömrəli qərarına əsasən iddiaçının işlədiyi Komsomol" kolxozunda minimum əmək iştirakı norması 240 gün olmuşdur. İddiaçı 1978-1996, 1976-cı illərdə minimum əmək iştirakı normasını tam yerinə yetirdiyindən həmin illər ona tam əmək stajı kimi hesablanmalıdır, iddiaçı 1972ci və 1973-cü illərdə isə minimum əmək iştirakı normasını tam yerinə yetirməmişdir (1972ci ildə 24 gun, 1973-cü ildə 90 gün). Ona görə də həmin illər ona tam əmək stajı (24 ay) kimi deyil, 1972-ci il (24*365):250=37 gün (01 ay 7 gün); 1973-cü il (90*365):240=137 gün (04 ay 17 gün) 5 ay 24 gün hesablanmalıdır. İddiaçının Ağsu rayon “Komsomol” kolxozunda iş stajı 19 il 5 ay 24 gün təşkil edir. Hazırkı işdə isə iddiaçının əmək minimumunu hansı qaydada yerinə yetirməsi aşkar görünür. Belə ki. iddiaçı 1974-cü ildə
61. 1975-ci ildə 12 , 1976-cı ildə 184, 1977-ci ildə 166, 1980-ci ildə 96. 1981 -ci ildə 70, 1982-ci ildə 75 adam günü işləmişdir. Həmin ilin bütövlükdə staj olaraq nəzərə alınması əmək iştirakı minumumunu tam yerinə yetirən (240 gün və ondan artıq işləmiş şəxslər) şəxslərə münasibətdə ədalət və bərabərlik prinsiplərinin birbaşa pozulmasına səbəb olacaqdır. Buna görə də. birinci instansiya məhkəməsi minimum adam günü normasını tam yerinə yetirmiş şəxslərlə iddiaçı arasında fərq qoyulmadan bütövlükdə natamam işlənmiş illərin tam il kimi qəbul edilməsini ədalətli hesab etməməklə haqlıdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları'na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş 03 04 1986-cı il tarixdən 01 07.2000-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma qeydləri kiril qrafikalı əlifba ilə yazılmışdır, eyni zamanda səlahiyyətli şəxsin imzası yoxdur) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı tələb olunan (25 il) sosial sığorta stajına malik olmadığından həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Odur ki, İcraatınızda olan 2-1(107)- 101/2025 nömrəli iş üzrə “işlədiyi 26 il 9 ay 28 gün müddəti sığorta stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi və Şəki İnzibati Məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı birinci instansiya məhkəməsi tərəfindən işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmamış, əsassız olaraq iddia tələbinin təmin edilməməsi barədə qanunazidd qərar qəbul edilmişdir. Bu səbəbdən Şəki İnzibati Məhkəməsinin 1 oktyabr 2024-cü il tarixli 2-1(116)-1989/2024 nömrəli qərarınının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Bundan əlavə iddiaçı sədirlik edənin sualına cavab olaraq bildirdi ki, apellyasiya şikayətini müdafiə edir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh orqanın nümayəndəsi X1 iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qanuni və ədalətli qərar qebul edildiyini bildirdi. Odur ki, apellyasiya şikaytətinin təmin edilməməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh orqanın nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsi tərəfindən işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmadığını, əsaslı olaraq iddia tələbinin təmin edilməməsi barədə qanunamüvafiq qərar qəbul edildiyini bildirmişdir.
25. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh orqanın nümayəndəsi X3 birinci instansiya məhkəməsi tərəfindən işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmadığını, əsaslı olaraq iddia tələbinin təmin edilməməsi barədə qanunamüvafiq qərar qəbul edildiyini bildirmişdir. Bundan əlavə apellyasiya şikayətinin dəlillərini əsassız hesab etidiyini bildirmişdir.
26. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, AT-İİ № 7088825-li Əmək kitabçası, H3 ******* nömrəli hərbi bilet, 1564 nömrəli Kolxozçunun Əmək kitabçası, AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, Zaqatala Rayon Dövlət Arxivinin məktubu və ona əlavə edilmiş X7 Sovxoz Zavodundaiddiaçının işləməsinə dair əmr kitablarından çıxarış.
TƏTBİQ EDİLƏN HÜQUQ
27. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22-1.1-ci maddəsinə əsasən əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1- dək sığorta stajı 25 il hesablanır. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
29. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2. 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından "Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sıqortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.
30. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
31. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
32. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.
34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İşin hallarının obyektiv araşdırılması. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
35. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
36. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
37. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
38. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, kolxozda işlədiyi müddətin hesablanmasına münasibətdə iddiaçının minimum adam günü normasını yerinə yetirməsi şərti ilə onun kolxozda işlədiyi müddət hesablandıqda həmin dövr - 2 il, 8 ay, 28 günə bərabər olur. Bu müddət yuxarıda qeyd edilmiş - 21 il, 4 ay, 24 gün sosial sığorta stajı ilə toplandıqda iddiaçının 24 il 1 ay 22 gün ümumi sosial sığorta stajı yaranır ki, bu da tələb olunan minimum 25 il sığorta stajından azdır.
40. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi “əmək kitabçasında və elektron alt sistemdə qeyd olunan işlədiyi müddətini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Cavabdeh isə iddiaçının sığorta stajinin qanunla nəzərdə tutlmuş 25 ildən az olduğuna görə yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir.
41. Məhkəmə kollegiyası işə əlavə edilmiş materialları və verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti tam əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən baxılan mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Birinci instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
42. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə (2 il, 7 gün) hərbi xidmətdə olmuşdur. xx.xx.1980-xx.xx.1981 (10 ay, 17 gün), xx.xx.1982xx.xx.1986 (3 il, 8 ay, 22 gün), xx.xx.1986-xx.xx.2000 və 2020-2021-ci illərdə (6 ay) əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin iddiaçı, 1974-1977 və 1980-1982-ci illərdə kolxozda işləmişdir.
43. İddiaçının xx.xx.1986-xx.xx.2000-ci illər üzrə əmək fəaliyyəti dövrü cavabdeh orqan tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmamış, cavabdeh bu mövqeyini sözügedən dövr üzrə əmək kitabçasının doldurulma qaydasının pozulması ilə əsaslandırmışdır. İddiaçının sözügedən müddət ərzində X6 Sovxoz Zavodunda işləməsi işdə olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli cavabdehə ünvanladığı məktubuna əlavə edilmiş əmr kitabından çıxarışlarla sübut olunur.
44. Məhkəmə kollegiyası tərəfindən iş üzrə tam və hərtərəfli obyektiv qərar qəbul edilməsi üçün yay mövsümündə işləyən və yetkinlik yaşına çatmamış şəxslərin yetkinlik yaşına çatmış şəxslərlə 1974-1976-ci illər üzrə minimum adam günü normasını eyni olubolmamasını müəyyən etmək məqsədilə keçmişdə “Kalinin-N.V.Nikitin” adına kolxoz kimi fəaliyyət göstərmiş hal-hazırda "xxxx" ASC-ə adlandırılan səhmdar cəmiyyətə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, 1972-ci ildən bu günə kimi “Kalinin-N.V.Nikitin” adına kolxozda iş günlərinin standart sayı 210 iş günü müəyyən edilmişdir. Yay mövsümündə işləyən və yetkinlik yaşına çatmamış (yəni orta təhsili başa vurmamış) şəxslərə standart iş günlərinin sayı 50-yə bərabər olmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, əmək qabiliyyətli dövr 15 yaşdan başlayır.
45. “Kalinin-N.V.Nikitin” adına kolxozda iş günlərinin standart sayı yetkinlik yaşına çatmamış şəxslər üçün 50 gün olduğunu nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur və 1974-1976-cı illərdə kolxozda işləmişdir. Qeyd edilən dövrdə (yəni 1974-1976-cı illərdə) iddaçının 18 yaşı tamam olmamış və yetkinlik yaşına çatmamışdır. İddiaçıya məxsus olan xx.xx.1976-cı il tarixli 1564 nömrəli kolxozçunun əmək kitabçasından görünür ki, o, 1974-cü ildə 61 adam günü, 1975-ci ildə 12 adam günü, 1976-cı ildə 184 adam günü işləmişdir. İddiaçının 1974-1976-cı illərədə kolxozda işlədiyi dövr faktiki işlənmiş günlər nəzərə alınmaqla hesablanır (61+12+184=257/50=5.14. Yəni, 5 il 14 gün). Belə olan halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajından çoxdur.
46. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
47. Bununla yanaşı, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2023-cü il tarixli 424 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən 4.1.1-ci yarımbəndin 5-ci abzasında “(kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)” sözləri “(kolxozçunun əmək kitabçası)” sözləri ilə əvəz edildiyindən onun kolxozda işlədiyi müddət 7 ilə bərabər hesab edilməli və minimum adam günü normasının yerinə yetirilib yetirilməməsi araşdırma predmeti olmamalıdır.
48. Birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilənləri əsassız hesab edərək qeyd etmişdir ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda istinad olunan dəyişikliklər 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ilə bağlı kolxozçunun əmək kitabçasını müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olmadığı halda da, zəruri sənəd kimi qəbul edilməsini nəzərdə tutmuşdur. Yəni, müvafiq dəyişiklik kolxozda 1 gün belə işləmiş şəxslərə münasibətdə həmin müddətin bütöv tam il olaraq qəbul edilməsini nəzərdə tutumur. Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olmaması əvvəllər kolxozçunun əmək kitabçasının sosial sığorta stajını müəyyən edən sənəd kimi qiymətləndirilməsini istisna edirdi. Kolxozlar artıq mövcud olmadığından, həmin qeydlərin natamamlığının aradan qaldırılması mümkünsüz olduğundan dəyişiklikdən sonra müvafiq qeydlərin (əmək iştirakı minimumu) olmaması müraciət edənin ziyanına şərh olunmayacaq, kolxoçunun əmək kitabçası sosial sığorta stajını müəyyən edən sənəd kimi qəbul ediləcəkdir. Lakin bu heç də iddiaçının əmək iştirakı minimumunu yerinə yetiribyetirməməsinin yoxlanılmayacağı kimi başa düşülməməlidir.
49. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə təcrübəsindən məlumdur ki, bir sıra hallarda kolxozçunun əmək kitabçası olduğu halda həmin əmək kitabçasında əmək iştirakı minimumu ilə bağlı qeydlər, o cümlədən sözügedən kolxozun arxiv sənədləri mövcud olmur. İddiaçı yalnız o zaman işlədiyi illərin tam 1 il kimi stajına daxil edilməsini tələb etməkdə haqlı sayıla bilər ki, onun əmək kitabçasında əmək iştirakı minimumu ilə bağlı qeyd ümumiyyətlə olmasın, həmçinin arxiv sənədlərində də, həmin kolxoza aid hesablaşma kitabları müvafiq məlumatların əldə edilməsinə imkan verməsin (bu zaman şəxsin müvafiq kolxozda əmək iştirakı minimumunu yerinə yetirməməsini sübut etmək vəzifəsi cavabdeh orqanın üzərinə düşəcəkdir). Hazırkı işdə isə iddiaçının əmək minimumunu hansı qaydada yerinə yetirməsi aşkar görünür. Belə ki, iddiaçı 1975-ci ildə 12 adam günü işləmişdir. Həmin ilin bütövlükdə staj olaraq nəzərə alınması əmək iştirakı minumumunu tam yerinə yetirən (240 gün və ondan artıq işləmiş şəxslər) şəxslərə münasibətdə ədalət və bərabərlik prinsiplərinin birbaşa pozulmasına səbəb olacaqdır. Buna görə də, məhkəmə minimum adam günü normasını tam yerinə yetirmiş şəxslərlə iddiaçı arasında fərq qoyulmadan bütövlükdə natamam işlənmiş illərin tam il kimi qəbul edilməsini ədalətli hesab etmir.
50. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi ilə razılaşmayaraq göstərilmişdir ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2023-cü il tarixli 424 saylı qərarı ilə dəyişikliyi öz mülahizəsinə əsasən izah etməsi, həmin dəyişiklik kolxozçunun əmək kitabçasının sosial sığorta stajı ilə bağlı müəyyən edilmiş əmək iştirakı minimumunu yerinə yetirməsi barədə qeydi olmadığı halda zəruri sənəd kimi qəbul edilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə iddiaçının kolxozda işlədiyi günlərin sayı məlumdur. Məhkəmənin mövqeynə görə şəxsin kolxozda işlədiyi günlər məlum olmadığı halda, lakin əmək kitabçası olduğu halda əmək kitabçasındakı qeydə əsasən şəxs bütöv il boyu kolxozda işlədiyi kimi qəbul olunur, lakin şəxsin kolxozda işlədiyi əmək günlərinin sayı məlum olduğu halda kolxozçunun əmək kitabçası deyil, əmək günlərinin sayına uyğun stajın müddəti müəyyən olunur. Burada şəxslər arasında ayrı seçkilik yaradılır. Əmək günlərinin sayı məlum olan şəxslərə qanunda olan yeni dəyişiklik şamil edilmir, kolxozda işlədiyi əmək günlərinin sayı məlum olmayan şəxslərə isə qanunda olan yeni dəyişiklik şamil edilir. Beləliklə, məhkəmə tərəfindən yürüdülmüş bu mövqeyi şəxslər arasında qanuna edilmiş yeni dəyişikliyin fərqli olaraq tətbiq edilməsinə xidmət göstərməklə bərabərlik prinsipinin pozulması ilə nəticələnir.
51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda 4.1.1-ci yarımbəndin 5-ci abzasında kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) nəzərə alınaraq sosial sığorta stajına əsasən müəyyən edilirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Nazirlər Kabinetinin 21 noyabr 2023-cü il tarixli 424 saylı qərarı ilə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilərək həmin 4.1.1-ci yarımbəndin 5-ci abzasında “(kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)” sözləri “(kolxozçunun əmək kitabçası)” sözləri ilə əvəz edilmişdir.
52. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası ilk növbədə xüsusi olaraq vurğulayır ki, ictimai münasibətlərin bütün sahələrinə təsir edən və həmin münasibətlərdə davranış qaydalarını müəyyən edən hüquq normalarının mənasının aydınlaşdırılması onun tələblərinin düzgün başa düşülməsi və realizəsinin zəruri şərtlərdən biridir. Digər elementlərindən biri olan izah etmə isə hüququn təfsiri prosesinin davamçısı kimi çıxış edir. Normanın izahı o vaxt tələb olunur ki, aydınlaşdırma prosesində nomanın məzmunu aydın olmur və onların həyatda ifadəsi qeyri-dəqiq olur, yaxud təcrübədə düzgün tətbiq olunmur. Belə olan halda hüquq normasının məzmununun müəyyən edilməsinə, məna və məqsədlərinin aydınlaşdırılmasına, izahına hüquq normasının təfsirinin normanın tam, dəqiq realizəsini təmin edərək və təcrübədə onların tətbiqi zamanı səhvə yol verilməsini aradan qaldıraraq, hüquq normalarının eyni qaydada tətbiq edilməsini təmin edir, qanunda mövcud olan çatışmamazlıqları aradan qaldırmağa imkan verir.
53. Bununla bağlı, məhəkəmə kollegiyasi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş və 21 noyabr 2023-cü il tarixli 424 saylı qərarında hüquq normalarının məzmunu ilə bağlı qeyd edir ki, 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı şəxsin kolxozda işlədiyi illərin hesablanmasının əsası kimi əmək iştirakı minimumunun yerinə yetirilməsi şərti belə bir anlam daşıyır ki, hərəkətin, qanunun keçərli olması üçün ilkin olaraq işlədiyi illərin sığorta stajına daxil edilməsi üçün kolxozda nəzərdə tutulmuş əmək gününün normada göstərilən şərtlərin yerinə yetirilməsindən sonra həyata keçirilməsi müəyyən edilmişdir. Sonra qəbul edilmiş 21 noyabr 2023-cü il tarixli 424 saylı qərarı “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda 4.1.1-ci yarımbəndin 5-ci abzasında olan hissədə isə “ kolxozçunun əmək kitabçası” sözlərini saxlayaraq yalnız əvvəlki qərarda göstərilən “əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə” sözləri çıxarılmışdır.
54. Göründüyü kimi, əvvəlki 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarda qeyd edilmiş kolxozçunun əmək kitabçası ilə yanaşı əmək iştirakı minimumunun yerinə yetirilməsi şərti qeyd edildiyi, yəni əmək pensiyasının təyin edilməsi zamanı əmək kitabçasında şəxsin kolxozda müəyyən edilmiş iş günlərin minimumunu yerinə yetirdiyi halda və həmin illər tam olaraq sığorta stajına daxil edilməsi nəzərdə tutulduğu halda, 21 noyabr 2023-cü il tarixli 424 saylı qərarı isə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ilə bağlı kolxozçunun əmək kitabçasını müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin çıxarılması onu deməyə əsas verir ki, dəyişikliyin əsasını şəxsin əmək kitabçasında kolxozda “əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə” nəzərə almadan qeyd olunan işlədiyi illər bütöv tam il olaraq qəbul edilməsini müəyyən etmişdir.
55. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlliləri ilə razılaşaraq birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli və 21 noyabr 2023-cü il tarixli 424 saylı qərarlarında olan dəyişikliklərə istinad edərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2023-cü il tarixli 424 saylı qərarında “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda əsasən kolxozçunun əmək kitabçasında kolxozda minimum adam günü normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq həmin əmək kitabçasında qeyd olunan işlədiyi illəri sosial sığorta stajına daxil edilməlidir.
56. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
57. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə əmək kitabçasında və elektron alt sistemdə qeyd olunan işlədiyi müddətini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.
59. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2-1(116)-1989/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı əmək pensiyası almaq hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.