Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-102/2022 29.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Balakən Bələdiyyəsindən aldığı 0,18 ha torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-110/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Balakən bələdiyyəsindən 07 aprel 2005-ci il tarixli 32 nömrəli sərəncama əsasən Balakən şəhəri Yeni yaşayış massivində 0,18 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə görə iddiaçı tərəfindən Balakən Bələdiyyəsinə köhnə pulla 3.360000 (üç milyon üç yüz altmış min) manat pul ödənilmişdir. Lakin həmin torpaq sahəsi ilə bağlı iddiaçı ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Balakən Rayon İcra Hakimiyyəti başçısının 27 iyul 2007-ci il tarixli sərəncamı ilə İddiaçı verilmiş 0,18 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün smeta layihənin işlənib hazırlanması qərara alınmış, torpaq sahəsində evin inşası üçün smeta sənədləri işlənib hazırlanmış, baş memar və mühəndis tərəfindən təsdiq edilmişdir. İddiaçı cavabdehə müraciət edərək “Balakən bələdiyyəsindən aldığı 0.18 ha torpaq sahəsi və onun üzərində tikilmiş yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdehin 20.02.2020-ci il tarixli, **********79 nömrəli imtina məktubunda qeyd edilir ki, qeydiyyata alınması nəzərdə tutulmuş 0,18 ha torpaq sahəsinə dair 29 noyabr 2007-ci il tarixinədək mövcud olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq DTXK-si tərəfindən təsdiq edilmiş alqı-satqı aktı, 29 noyabr 2007-ci il tarixdən sonra isə hərrac protokolu və ya hərracın nəticələrinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və daşınmaz əmlakın qeydiyyatı üçün nəzərdə tutulan dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizəyə əlavə olunmamışdır. Bununla belə, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından, onun üzərində tikilmiş evin qeydiyyata alınması da mümkün deyildir. İddiaçı cavabdehlər Balakən bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Balakən bələdiyyəsindən aldığı 0.18 ha torpaq sahəsinə dair alqı-satqı aktının verilməsi öhdəliyinin Balakən bələdiyyəsinin üzərinə qoyulması, hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 20.02.2020-ci il tarixli, **********79 nömrəli imtina məktubunda qeyd edilir ki, qeydiyyata alınması nəzərdə tutulmuş 0,18 ha torpaq sahəsinə dair 29 noyabr 2007-ci il tarixinədək mövcud olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq DTXK-si tərəfindən təsdiq edilmiş alqı-satqı aktı, 29 noyabr 2007-ci il tarixdən sonra isə hərrac protokolu və ya hərracın nəticələrinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və daşınmaz əmlakın qeydiyyatı üçün nəzərdə tutulan dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizəyə əlavə olunmamışdır. Bununla belə, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından, onun üzərində tikilmiş evin qeydiyyata alınması da mümkün deyildir. Digər cavabdeh orqan Balakən bələdiyyəsi 08.05.2020-ci il tarixli 69 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Balakən Bələdiyyəsinin 07 aprel 2005-ci il tarixli 32 nömrəli sərəncamı ilə İddiaçı yeni yaşayış massivində ayrılmış 0.18 ha torpaq sahəsinə həmin tarixdə alqı-satqı edilmədiyinə görə hal-hazırkı vaxtda prosedur qaydalarına uyğun olaraq alqı-satqı aktının verilməsi mümkün olmamışdır. Bələdiyyə tərəfindən alqı-satqı aktı ancaq notarial qaydada verilir. Birinci instansiya məhkəməsinin müvafiq yardımından sonra iddiaçı məhkəməyə iddia tələbində dəqiqləşdirmə aparmış, cavabdeh qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsini qeyd etmiş və “Balakən bələdiyyəsindən aldığı 0,18 ha torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanin birinci instansiya məhkəməsinə ünvanladığı 23.07.2020-ci il tarixli, **********12 nömrəli etiraz məktubunda özünün 20.02.2020-ci il tarixli, **********79 nömrəli imtina məktubunda qeyd olunanlara əlavə olaraq bildirmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8ci və 10-cu maddələri ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci, 8.0.3-cü və 8.0.9.2ci maddələrinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, həmçinin daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədə əsas sayılır. Həmin Qanunun 10-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, dövlət rüsumunun ödənilməsi barədə sənəd və müvafiq şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmalıdır. Bununla belə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsində qeyd olunur ki, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli Qanununun 3-cü hissəsində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə yeni redaksiyada verilmişdir (Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir). Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Həmin Qanun 30 noyabr 2007-ci il tarixdə qüvvəyə minmişdir. Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-110/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən Bələdiyyəsindən aldığı 0,18 ha torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmiş, mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilmişdir. Birinci instansiya məhkəməsinin sözügedən qərarından narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.08.2021-ci il tarixli, 2- 1(107)-373/2021 nömrəli (hakimlər Elçin Hüseynov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Vəzirxan Məlikov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(116)-110/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-373/2021 nömrəli iş üzrə 31.08.2021-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(102)- 2350/2021 nömrəli qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.08.2021-ci il tarixli, 2-1(107)-373/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, həmçinin məhkəmənin gəldiyi nəticə işın həqiqi hallarına uyğun gəlmir. Ona görə də apellyasiya şikayətinin təmin edilərək Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2-1(116)- 110/2021 nömrəli qərarını ləğv edib işə mahiyyəti üzrə baxılması və ekspertiza təyin edilməsi üçün İnzibati məhkəməyə qaytarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, sonda şikayətin təmin olunmamasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan Balakən bələdiyyəsinin 26.03.2005-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarışdan görünür ki, İddiaçı 24.03.2005-ci il tarixli 55 saylı ərizəsi nəzərə alınmış, yeni yaşayış massivində X3 məxsus 0.18 ha həyətyanı torpaq sahəsinə verilmiş Balakən bələdiyyəsinin 01.04.2005-ci il tarixli 27 saylı sərəncamı ləğv edilmiş və həmin 0.18 ha torpaq sahəsi iddiaçıya satılmışdır. İş materiallarında olan 258993 nömrəli 06.04.2005-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 0.18 ha torpaq sahəsinin dəyərini Balakən bələdiyyəsinin hesabına ödəmişdir. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti başçısının 27.07.2007-ci il tarixli, 170 nömrəli sərəncamı ilə Balakən şəhəri, Ü.Hacıbəyov küçəsində Balakən rayon Mahamalar kənd sakini İddiaçı Balakən bələdiyyəsinin sərəncamında göstərilən 0.18 ha torpaq sahəsində fərdi evin tikintisinin təsdiq edilmiş layihə əsasında aparılması qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xitmətinin 04.05.2021-ci il tarixli, **********01 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı naturada istifadə etdiyi torpaq sahəsi 0,18 hektardir. İddiaçı istifadə etdiyi 0.18 ha torpaq sahəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan Balakən rayon Meşə İdarəsinə məxsus ərazidir. Torpaq sahəsinin naturada yerləşmə vəziyyət və koordinatları tərtib edilmiş sxemdə göstərilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(102)- 2350/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.08.2021-ci il tarixli, 2-1(107)-373/2021 nömrəli qərarını ləğv edib iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərərəkən işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında “birinci instansiya məhkəməsinin müvafiq yardımından sonra iddiaçı məhkəməyə iddia tələbində dəqiqləşdirmə aparmış, cavabdeh qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsini qeyd etmiş və “Balakən bələdiyyəsindən aldığı 0.18 ha torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir”, yazsa da, tələb qeyri-müəyyən qalmış, belə sözügedən torpaq sahəsinə mülkiyyət və ya istifadə hüququna dair çıxarışın verilməsi həmin tələbdən bəlli deyil və birinci instansiya məhkəməsi bu məsələni araşdırmamışdır Digər tərəfdən, birinci instansiya məhkəməsi qərarında mübahisəsiz şəkildə göstərir ki, “Hazırkı halda isə iddiaçının mülkiyyət hüququnu aldırmaq istədiyi 0,18 ha torpaq sahəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan Balakən rayon Meşə İdarəsinə məxsus ərazidir. Həmin torpaq sahəsinin Balakən bələdiyyəsinə aidiyyati yoxdur” Lakin bu məsələnin araşdırılması üçün Balakən rayon Meşə İdarəsinə birinci instansiya məhkəməsi tərəfindən hər hansı sorğu göndərilməsi və həmin idarənin işə cəlb edilməsi iş materialları ilə müəyyən edilmir. İnziabti Prosessual Məcəllənin 28.2-ci maddəsinə əsasn Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, işin 19-cu səhifəsində Balakən rayon İcra Hakimiyyəti başçısının “Vətəndaş İddiaçı Balakən şəhərində verilmiş torpaq sahəsində fərdi evin tikintisinə başlanması haqqında” 27.07.2007-ci il tarixli, 170 saylı sərəncam vardır ki, həmin sərəncamın hal hazırda qüvvədə olub-olmaması araşdırılmamış qalmış, iş materiallarının 12-ci səhifəsində olan Balakən Bələdiyyəsinin iddiaçıya 0,18 torpaq sahəsinin hər bir 0,1 ha 187000 manata satılmasına dair 07.04.2005-ci il tarixli sərəncam və işin 14-cü səhifəsində olan iddiaçı tərəfindən Balakən Bələdiyyəsinə cəmi 3.366.000 manat məbləğinin ödənilməsi barədə 06.04.2005-ci il tarixli kassa mədaxil orderi araşdırma predmeti olmamışdır Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-110/2021 saylı qərarı tam ləğv edilərək iş yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası İnziabti Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Məhkəmə kollegiyası şərh edilənlərə əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)- 110/2021 saylı qərarı ləğv olunmalı və İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Balakən Bələdiyyəsindən aldığı 0,18 ha torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə iş inzibati icraat qaydasında baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 87.9-cu maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-110/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Balakən Bələdiyyəsindən aldığı 0,18 ha torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə iş inzibati icraat qaydasında baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-1(107)-102/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-102/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver