Məhkəmə qərarları › İş №2-1(107)-103/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-103/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-103/2020 25.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin xx.xx.2012-ci il tarixli 11/-139 nömrəli əmri ilə yaradılmış komissiyanın xx.xx.2012-ci il tarixli iclas qərarının ləğv edilməsi və Şəki rayonu üzrə sosial evlərin verilməsi üçün nəzərdə tutulan siyahıda əvvəlki növbəyə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1113/2019 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 016291 nömrəli vəsiqəyə əsasən iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilmiş, habelə Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 044386 nömrəli vəsiqəyə əsasən o, Qarabağ əlilidir. İddiaçı ikinci dərəcəli əlil olmaqla mənzil şəraitinin yaxşılaşdırılması üçün xx.xx.2008ci il tarixdə ərizə ilə Şəki Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, Şəki Şəhər İHB-nin xx.xx.2008-ci il tarixli 1/97 nömrəli sərəncamı ilə iddiaçı Şəki şəhəri üzrə mənzilalma növbəsinə götürülmüşdür. Şəki şəhərində inşa olunan yaşayış binalarında mənzillərin bölgüsünü həyata keçirmək üçün xx.xx.2012-ci il tarixli 11/7-139 nömrəli əmrlə yaradılmış Komissiyanın xx.xx.2012-ci il tarixli iclasının Qərarı ilə adambaşına düşən yaşayış sahəsi qanunvericlikdə nəzərdə tutulmuş normadan artıq olduğu üçün və Mənzil Məcəlləsinin 55.1.2-ci bəndinə əsasən iddiaçı mənzil ilə təmin edilməyərək mənzil növbəsindən çıxarılmışdır. Qərarda qeyd olunmuşdur ki, iddiaçının ailə tərkibi 7 nəfərdən (özü, arvadı, oğlu, qızı, anası, bacısı və bacısının qızı) ibarətdir, anasına məxsus sahəsi 116 kv.m olan 2 otaqlı əlavə 1 şüşəbəndli artırmadan ibarət fərdi yaşayış evində birlikdə yaşayırlar. Ev çay daşından və mişar daşından tikilmişdir, orta təmirlidir, kommunal şəraitlidir. Bundan sonra Şəki bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 06 nömrəli iclas protokolunun 19 nömrəli qərarından çıxarışa əsasən Şəki bələdiyyəsinə məxsus olan, şəhərin ayrı-ayrı ərazilərində yerləşən torpaq sahələrinin fərdi yaşayış evi tikintisi üçün satışa çıxarılmasının məqsədə uyğun hesab edilməsi, DƏDRX-nin 12 saylı X4 həmin torpaq sahələrinin plan-ölçüsünün verilməsi, həmçinin qeyd edilən torpaq sahələri üzərində Şəki bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmış və Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 ha torpaq sahəsi üzərində Şəki bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınaraq RX seriyalı ******* nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Şəki bələdiyyəsi xx.xx.2016-cı il tarixdə həmin torpaq sahəsini (fərdi yaşayış evi tikmək üçün) iddiaçıya satmış və iddiaçının mülkiyyət hüquqları xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Bundan başqa iddiaçının qeydiyyatda olmaqla yaşadığı ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 89 kv.m, yardımçı sahəsi 168,1 kv.m olan 4 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli çıxarış hazırlanmışdır. İddiaçı mənzil növbəsinə bərpa edilməsi üçün Şəki Şəhər İH-nə müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli 2/R-41-068 nömrəli məktubla bundan imtina edərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İddiaçı hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edərək məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 1992-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir. 1994-cü ildə Tərtər istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissədə taqım komandiri vəzifəsində xidmət edərkən yaralanmış, lakin xidmətini davam etdirmişdir. Sonradan xidmətini Bakı Hərbi Məktəbində davam etdirmişdir. 1993-cü ildə Qarabağ döyüşləri veteranı statusu verilmiş, 2002-ci il tarixdə ikinci dərəcəli Qarabağ əlili kimi pensiyaya çıxmışdır. xx.xx.2008-ci il tarixdə Şəki Şəhər İH-nə müraciət edərək mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə mənzil növbəsinə götürülməsini xahiş etmiş, Şəki Şəhər İHB-nın xx.xx.2008-ci il tarixli 1/97 nömrəli sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. Lakin ƏƏSMN-nin xx.xx.2012-ci il tarixli 11/-139 nömrəli əmri ilə yaradılmış komissiyanın xx.xx.2012-ci il tarixli iclasının qərarının 13-cü bəndinə əsasən adambaşına düşən yaşayış sahəsi qanunvericlikdə nəzərdə tutulmuş normadan artıq olduğu üçün və Mənzil Məcəlləsinin 55.1.2-ci bəndinə əsasən sözügedən siyahıdan çıxarılmışdır. Komissiyanın qərarı ilə razılaşmayaraq yenidən mənzil növbəsinə bərpa edilməsi üçün Şəki Şəhər İH-nə müraciət etmiş, sonuncu bundan imtina etmişdir. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubla iddia tələbinə etiraz edərək etirazını onunla əsaslandırılmışdır ki, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün Şəki şəhərində inşa olunan yaşayış binalarında mənzillərin bölgüsünü həyata keçirmək üçün ƏƏSMN-nin xx.xx.2012-ci il tarixli 11/7-139 nömrəli əmri ilə müvafiq Komissiya yaradılmışdır. Komissiyanın xx.xx.2012-ci il tarixli qərarı ilə iddiaçı Mənzil Məcəlləsinin 55.1.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmışdır. Belə ki, adambaşına düşən yaşayış sahəsi hazırda qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin nümunəvi Qaydaları” nın 26-cı hissəsində nəzərdə tutulmuş normadan ( 8 kv.m ) artıqdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1113/2019 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və ədalətsizdir. Belə ki, heç bir əsas olmadan mənzil növbəsindən qeyriqanuni çıxarılmışdır. Ehtiyatda olan zabit kimi, 2-ci qrup Qarabağ müharibəsi əlili kimi, Qarabağ müharibəsi veteranı kimi onun da mənzillə təmin olunma hüququ vardır. Hansı qanunda var ki, ona məxsus olmayan mənzilin adam başına düşən kvadratı çox olduğuna görə mənzil növbəsindən çıxarılsın. Mənzil növbəsinə isə 2008-ci ildən dayanmışdır. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1113/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1113/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Cavabdeh yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1113/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Onlara müharibə veteranı və əlillik vəsiqələrinin surətləri, Şəki Şəhər İHB-nin xx.xx.2008-ci il tarixli 1/97 nömrəli sərəncamından çıxarış, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətləri, alqı-satqı müqaviləsinin surəti, Komissiyanın xx.xx.2012-ci il tarixli iclasının qərarının surəti, Şəki Şəhər İH-nin xx.xx.2019-cu il tarixli 2/R-41-068 nömrəli məktubu, cavabdeh inzibati orqanın etirazı və digər sənədlər daxildir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1113/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi və tərəflərin kollegiyanın iclasında verdikləri izahatlarla müəyyən edildi ki, iddiaçı Şəki Şəhər İHB-nın xx.xx.2008-ci il tarixli 1/97 nömrəli sərəncamı ilə Şəki şəhəri üzrə mənzilalma növbəsinə götürülsə də onun mənzil məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olmamışdır. Belə ki, müəyyən edildiyi kimi, cavabdeh inzibati orqanın yaratdığı komissiyanın qərarı ilə iddiaçının ailə tərkibi 7 nəfərdən (özü, arvadı, oğlu, qızı, anası, bacısı və bacısının qızı) ibarət olmaqla anasına məxsus sahəsi 116 kv.m olan 2 otaqlı əlavə 1 şüşəbəndli artırmadan ibarət fərdi yaşayış evində birlikdə yaşaması, evin çay daşından və mişar daşından tikilməsi, orta təmirli olması və kommunal şəraitli olması müəyyən edilmiş və ona yeni mənzil sahəsi verilməməklə yanaşı o, mənzil növbəsindən çıxarılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin nümunəvi Qaydaları”nın 26-cı bəndində hər adam üçün norma 8 kv.m müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.2-ci maddəsinə əsasən vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda və 55.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçının qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 89 kv.m, yardımçı sahəsi 168,1 kv.m olan 4 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsi hər adam üçün nəzərdə tutulmuş 8 kv.m-dən artıq olmuşdur. Ev çay daşından və mişar daşından tikilmiş və orta təmirli olmaqla kommunal şəraitlidir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının yaşadığı fərdi yaşayış evi normal şəraitli olmaqla onun mənzil məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olmamışdır. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının ona verilməsini iddia etdiyi mənzillər Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən tikilərək aidiyyəti üzrə həmin kateqoriyadan olan şəxslərə verilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarının adından da göründüyü kimi, həmin mənzillər Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn əlavə tədbirlər çərçivəsində həmin kateqoriyadan olan şəxslərə verilir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddaçının anasının mülkiyyətində olmaqla yaşadığı fərdi yaşayış evi yaşayış üçün normal vəziyyətdə olmaqla hər adam üçün nəzərdə tutulmuş 8 kv.m-dən artıqdır. Yəni, başqa sözlə desək Qarabağ müharibəsi əlili olan iddiaçı sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin dairəsinə aid olmadığından cavabdehin ona mənzil verilməməsi və onun mənzil növbəsindən çıxarılmasına dair hərəkətləri qanuni olmuşdur. Bundan başqa, iddiaçının yenidən mənzil növbəsinə götürülməsi ilə bağlı iddia dəlillərini də əsassız sayan birinci instansiya məhkəməsi onu da haqlı olaraq qeyd etmişdir ki, iddiaçının yenidən mənzil növbəsinə götürülməsinə qanuni əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırda da anasına məxsus ümumi sahəsi 257.1, yaşayış sahəsi 89 kv.m olan fərdi yaşayış evində yaşayır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddiaçının mülkiyyətinə bələdiyyə tərəfindən 0,06 ha həyətyanı torpaq sahəsi satılmış və onun mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda Mənzil Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Göründüyü kimi, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota yenidən alınması üçün qanuni əsas mövcud deyildir. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə iclasında verdiyi izahatları, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması və onun yenidən uçota alınmaması qanuni olduğundan birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1113/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar