Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-103/2022 26.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Balakən rayonu, Gərəkli bələdiyyəsi) “0.10 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kоllegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və üçüncü şəxs Balakən rayonu, Gərəkli bələdiyyəsinə qarşı 0.10 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir inzibati iş üzrə ünvan 1 qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 0.10 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Balakən rayonu, Gərəkli bələdiyyəsinin 18.08.2005-ci il tarixli 29 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya bələdiyyənin perspektiv inkişaf fondundan 0.10 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinin dəyərini 132311 nömrəli, 22.08.2005-ci il tarixli qəbzlə bələdiyyənin hesabına ödəmişdir. Lakin torpağın alqısatqısına dair sənədləşmə başa çatmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02.12.2016-cı il tarixli, 2-1(84)-627/2016 saylı qərarı ilə Gərəkli bələdiyyəsinin üzərinə bələdiyyənin 18.08.2005-ci il tarixli 29 saylı qərarının icrası öhdəliyi qoyulmuşdur. Məhkəmə qərarının icrası Balakən Rayon İcra və Probasiya şöbəsi vasitəsilə təmin edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, 0.10 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədi və çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 14.10.2020-ci il tarixli **********37 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Balakən rayonu Gərəkli bələdiyyəsi tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi təmin edildikdən sonra, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələrinə əsasən şəxsiyyətini təsdiq edən sənədlə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birgə yenidən müraciət etdiyi təqdirdə qeyd olunan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məsələsinə baxıla bilər. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə “0.10 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 04.12.2020-ci il tarixli, **********45 nömrəli etiraz məktubunda göstərmişdir ki, iddiaçının ərizəsinin icrası zamanı məlum olmuşdur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli, 2-1(84)- 627/2016 saylı qərarı ilə Balakən rayonu Gərəkli bələdiyyəsinin üzərinə bələdiyyənin 18 avqust 2005-ci il tarixli, 29 saylı qərarının icra edilərək 0,10 ha torpaq sahəsinin verilməsi öhdəliyi qoyulmuşdur. Lakin Daşınmaz əmlak üzərində hüququların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş sənədlər ərizəyə əlavə edilməmişdir (Balakən rayonu Gərəkli bələdiyyəsi ilə iddiaçı arasında (müvafiq notariat kontorunda təsdiq olunaraq) bağlanılmış alqı-satqı müqaviləsi). Qeyd olunanları nəzərə alaraq, həmin torpaq sahələrinin qeydiyyata alınması mümkün olmamış və bu barədə 14.10.2020-ci il tarixli, **********37 nömrəli məktubla ərizəçiyə imtina bildirişi ünvanlanmışdır. ünvan 1 (sədrlik edən hаkim İlqar Cabbarov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(116)-358/2021 saylı qərarından İddiaçı apellyasiya şikayəti vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.09.2021-ci il tarixli, 2- 1(107)-359/2021 saylı (hakimlər Elçin Hüseynov-sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Vəzirxan Məlikov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16 iyun 2021-ci il tаrixli, 2-1(116)-358/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.09.2021-ci il tarixli, 2- 1(107)-359/2021 qərarından İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 21.12.2021-ci il tarixli, 2(102)-2388/2021 saylı qərarı ilə, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.09.2021-ci il tarixli, 2-1(107)-359/2021 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat ünvan 1 (sədrlik edən hаkim İlqar Cabbarov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Balakən rayonu, Gərəkli bələdiyyəsinin 24.06.2020-ci il tarixli, 08 saylı iclasında Gərəkli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin tikilməsi məqsədilə bilavasitə satılması nəzərdə tutulan 0.10 ha torpaq sahəsinə dair rəyin verilməsi üçün cavabdeh orqana müraciət edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi şöbəsinin 31.08.2020-ci il tarixli, 248 nömrəli rəyində qeyd edilir ki, Gərəkli bələdiyyəsinin Balakən rayon (şəhər) Gərəkli bələdiyyəsinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 1000 kv.m (0.10 ha) torpaq sahəsi ilə bağlı daxil olmuş 08.07.2020-ci il tarixli ********** saylı məktubuna İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi üzrə daimi komissiyada baxılmışdır. Bildirilir ki, sözügedən torpaq sahəsi barədə müvafiq sənədlər və komissiya tərəfindən tərtib edilmiş müayinə (baxış) aktı X4 Təşkili üzrə Dövlət Agentliyinə göndərilmişdir. TDİT üzrə Dövlət Agentliyinin 26.08.2020-ci il tarixli, ********** saylı məktubuna əsasən ayrılmış torpaq sahəsi ərazisində olan mövcud ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahəsinə aid olduğundan, hüquqların dövlət qeydiyyatına alınması məqsədəuyğun hesab edilmir. Qeyd olunanı nəzərə alaraq, həmin torpaq sahəsi barədə müsbət rəy verilməsi məqsədə müvafiq deyildir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, Mülki Məcəllənin 139.1, 152.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 4, 9, 10, 18, 48, 86-cı maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.4, 2.1, 8.0, 11.1, 23.1, 23.2-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2- ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 17, 19.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq qərar qəbul etmişdir. Cavabdeh orqan 18 saylı DƏDRX məhkəməyə ünvanladığı 04.12.2020-ci il tarixli məktubunda onun ərizəsinin icrası zamanı bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair bələdiyyənin qərarının əsli, alqı-satqı aktı, müvafiq icra hakimiyyəti orqanının rəyi və ya qeyd olunan torpaq sahəsinin alqı-satqı olunması barədə Balakən rayon Gərəkli bələdiyyəsi ilə iddiaçı arasında (notarial) bağlanmış alqı-satqı müqaviləsinin əlavə olunmadığı müəyyən edildiyini göstərmişdir. Lakin iddia ərizəsində göstərdiyi kimi ərizəyə aşağıdakı sənədləri əlavə etmişdir: 1. Gərəkli Bələdiyyəsinin 0.10 ha torpağın satılmasına dair 18.08.2005-ci il tarixli 29 saylı İclasının qərarı və həmin tarixli 26 saylı sərəncamı. 2. Bələdiyyənin kassasına torpağı almaq üçün keçirdiyim 1.860.000 (köhnə pulla) manat pulun 33 nömrəli kassa mədaxil orderi. 3. Şəki İnzibati-iqtisadi Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli qərarı. 4. LTİ-nin 15 noyabr 2019-cu il tarixli 0.10 ha həyətyanı torpaq sahəsinin yerquruluşu planı. 5. Balakən RİH Memarlıq və Tikinti şöbəsinin rəyi və Ayrıc Aktı (29.02.2020-ci il) Ərizə və sənədləri reyestr xidmətinə təqdim edərkən bildirmişdir ki, yerquruluşu planı və ayrıca aktı Şəki İnzibati-iqtisadi məhkəməsinin 02 dekabr 2016-cı il tarixli qərarı ilə tərtib edilib hazırlanmış və hər iki sənəddə ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətdə olan torpaq sahəsinə aid olduğu qeyd edilmişdir. 0.10 ha torpaq sahəsi ona Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02.12.2016-cı il qərarı ilə verilib. Verilən torpaq sahəsi kənd təsərrüfatna yararsız torpaq sahəsidir. İş materiallarına əlavə edilmiş diqqəti çəkən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23.04.2021-ci il tarixli, **********79 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində həmin 0.10 ha torpaq sahəsi Elektron məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlarına aid ictimai tikinti altı torpaq sahəsi olduğu göstərilmişdir. Sözügedən ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsi elektron məlumat bazasına əsasən torpaq islahatı zamanı əhalinin kütləvi şəkildə istifadə etdiyi mədəni məişət, inzibati, ibadət və digər bina,anbar, digər tikili qurğular üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Həmin ərazidə həyətyanı kimi qeyd edilmiş torpaq sahələri mövcud deyildir. Lakin qeyd edilən ərazidə heç bir tikili olmadığını, əsassız olaraq oranı tikinti altı torpaq sahəsi kimi göstərmək istədiklərini bildirir. İşə baxan məhkəmə onun təqdim etdiyi mötəbər sübutların həqiqətə uyğun olmadığını sübuta yetirə bilməyib. Məhkəmə işə cəlb etdiyi Gərəkli bələdiyyəsindən 2012-ci ilədək ictimai tikililər üçün ayırılaraq nəzərdə tutulmuş torpaqla bağlı bələdiyyə iclasının qərarını, 2012-ci ildən sonra isə Gərəkli bələdiyyəsinin ictimai təyinatlı tikililər üçün planını (Müfəssəl plan) məhkəməyə təqdim edilməsi üçün tələb etmədiyini bildirir. Cavabdeh islahat vaxtından həmin ərazi ictimai tikililər üçün nəzərdə tutulduğunu bildirsə də, islahatdan 25 il vaxt keçəndən sonra, həmin ərazidə heç bir ictimai tikili tikilimədiyini və həmin ərazidə heç bir ictimai tikilinin tikilməsi planlaşdırılmamasını və həmin ərazi ictimai tikililər üçün nəzərdə tutulmadığını bildirir. Qeyd edilənlərə əsasən, Şəki İnzibаti Məhkəməsinin 16 iyun 2021-ci il tаrixli, 2- 1(116)-358/2021 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2- 1(116)-358/2021 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azerbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, mehdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1 dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab i olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.
3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir, Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. .Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. 2.Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan erazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi 1.Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. 2.Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. 3.Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.
2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarixmədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və diger obyektlər yerləşdiyi torpaq sahələri; yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri. Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası ...
4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. 18.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 7.2 Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və tesərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə ve su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-cu il tarixli, 176 saylı sərəncamı
2. Müəyyən edilsin ki: 2.1. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə 4-cü maddəsinin 5-ci bəndinin dördüncü abzasında, 6-cı maddəsinin dördüncü, yeddinci - onuncu abzaslarında, 9-cu 1 maddəsinin 3-cü bəndində, 12-ci maddəsinin 5-ci bəndində, 16-cı maddəsinin 8-ci bəndində, 22-ci maddəsinin 5-ci bəndində, 213-cü maddəsinin 8-ci bəndində, 36-cı maddəsinin 2-ci bəndində, 37-ci maddəsində, 40-cı maddəsinin 2-ci bəndində, 40-cı maddəsinin 2-ci bəndində, 47-ci maddəsinin 7-ci bəndinin ikinci cümləsində, 56-cı maddəsinin 10-cu bəndinin birinci cümləsində (xidmət haqqının məbləğinə münasibətdə), 95-ci maddəsinin 3-cü bəndində, 98-ci maddəsinin 4-cü bəndinin birinci abzasında, 102-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 87.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qərarının əsaslığını tam həcmdə mübahisələndirir, Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(116)-358/2021 saylı qərarının ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tələb qərarın ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qərarın əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddia mümkün iddia olsa da əsassızdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(116)-358/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Balakən rayonu, Gərəkli bələdiyyəsinin 18.08.2005-ci il tarixli, 29 nömrəli iclasının qərarı ilə Gərəkli kənd sakini İddiaçı (qərarda adı “X2” olaraq yazılmışdır) bələdiyyənin perspektiv inkişafı üçün saxlanmış ərazidən 0.10 ha həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmış və iddiaçı 0.10 ha torpaq sahəsinin dəyərini Gərəkli bələdiyyəsinə ödəmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02.12.2016-cı il tarixli, 2-1(84)-627/2016 saylı qərarı ilə həmin iş üzrə İddiaçı cavabdeh Balakən rayonu, Gərəkli bələdiyyəsinə qarşı “Gərəkli bələdiyyəsinin 18.08.2005-ci il tarixli, 29 saylı qərarını icra etməklə 0.10 ha torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi təmin edilmişdir. Bundan başqa Balakən Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin 02.03.2020-ci il tarixli, 11 nömrəli rəyində qeyd edilir ki, Gərəkli bələdiyyəsinin mülkiyyətində olan ərazidən Gərəkli bələdiyyəsinin 03 saylı 17 fevral 2020-ci il tarixli məktubu əsasında, DƏK və URX-nin Şəki LTİ-nin yerquruluşu planı (№0090) və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22.08.2019-cu il tarixli 2-1(84)-627/2016 saylı qərardadı əsasında Gərəkli bələdiyyəsi ərazisində ayrılmış 0,10 ha torpaq sahəsi şimaldan bələdiyyə torpaq sahəsi ilə, cənubdan bələdiyyə torpaq ilə, şərqdən pay torpaq sahəsi ilə, qərbdən avtomobil yolunun qorunma zolağı ilə həmsərhəddir. Ərazidə heç bir tarixi və təbiət abidələri yoxdur. Ərazi şimaldan cənuba doğru mailidir və relyefi sakitdir. Ərazidən həyətyanı üçün torpaq sahəsinin ayrılması məqsədə uyğundur. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Balakən rayonu, Gərəkli bələdiyyəsinin 24.06.2020-ci il tarixli, 08 saylı iclasında Gərəkli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin tikilməsi məqsədilə bilavasitə satılması nəzərdə tutulan 0.10 ha torpaq sahəsinə dair rəyin verilməsi üçün cavabdeh orqana müraciət edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin 31.08.2020-ci il tarixli, 248 nömrəli rəyində qeyd edilir ki, Gərəkli bələdiyyəsinin Balakən rayon (şəhər) Gərəkli bələdiyyəsinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 1000 kv.m (0.10 ha) torpaq sahəsi ilə bağlı daxil olmuş 08.07.2020-ci il tarixli ********** saylı məktubuna İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi üzrə daimi komissiyada baxılmışdır. Bildirilir ki, sözügedən torpaq sahəsi barədə müvafiq sənədlər və komissiya tərəfindən tərtib edilmiş müayinə (baxış) aktı X4 Təşkili üzrə Dövlət Agentliyinə göndərilmişdir. TDİT üzrə Dövlət Agentliyinin 26.08.2020-ci il tarixli, ********** saylı məktubuna əsasən ayrılmış torpaq sahəsi ərazisində olan mövcud ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahəsinə aid olduğundan, hüquqların dövlət qeydiyyatına alınması məqsədəuyğun hesab edilmir. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 02.04.2021-ci il tarixli, **********72 nömrəli məktubunda qeyd edilmişdir ki, Balakən rayonu Gərəkli bələdiyyəsinin ərazisində yerləşən 0,10 hektar və 0,08 hektar torpaq sahələrinə dair tələb olunan sənədlərin təqdim edilməsi barədə müraciətə X1 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Müraciətdə qeyd olunan torpaq sahələri ilə bağlı sənədlər araşdırılmış, torpaq sahələrinin faktiki vəziyyətini əks etdirən baxış aktlarına, yerquruluşu planlarına və kadastr göstəricilərinə əsasən yaşayış məntəqələri daxilində ictimai tikililər üçün nəzərdə tutulmuş torpaqlara düşdüyü üçün fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətə verilməsi məqsədəuyğun sayılmamışdır. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 15.04.2021-ci il tarixli, **********93 nömrəli məktuba əlavə edilən iddiaçının torpaq sahəsinin qonşuğunda yerləşən torpaq sahələrinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Gərəkli kəndi ərazisində yerləşən 071810 nömrəli 15.07.2016-cı il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə və RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0.1188 ha (sənəd üzrə 0.12 ha) torpaq sahəsi Gərəkli bələdiyyəsinin mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsinə Balakən Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 14.05.2016-cı il tarixli,119 nömrəli rəyi alınmışdır. Rəydə qeyd edilir ki, Gərəkli bələdiyyəsinin mülkiyyətində olan ərazidən Gərəkli bələdiyyəsinin 11 saylı 09.03.2016-cı il tarixli məktubu əsasında Gərəkli kənd sakini X5 həyətyanı torpaq sahəsinin ayrılması üçün nəzərdə tutulan 0.12 ha sahə şimaldan həyətyanı torpaq sahəsi, cənubdan boş torpaq sahəsi, şərqdən pay torpaq sahəsi, qərbdən avtomobil yolu ilə həmsərhəddir. Ərazidə heç bir tarixi və təbiət abidələri yoxdur. Ərazi Şimaldan cənuba doğru mailidir və relyefi sakitdir. Ərazidən həyətyanı üçün torpaq sahəsinin ayrılması məqsədə uyğundur. Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı Ərazi şöbəsinin 01.07.2016-cı il tarixli, 589 nömrəli rəyində qeyd edilir ki, müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 1200.0 kv.m (0.12 ha) torpaq sahəsi Balakən rayon, Gərəkli bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşayış məntəqəli torpaqları kateqoriyalı, kəndaltı torpaqlarıdır. Uqodiyası əkin, bonitet balı 100, 1-ci keyfiyyət qrupuna daxildir və alqı-satqı predmetidir. Müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğundur. Torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyətinə və icarəsinə verilməmişdir, üzərində məhdudiyyət (yüklülük) mövcud deyildir. Qeyd edilənlərə əsasən həmin torpaq sahəsinin müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə baxıla bilər. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23.04.2021-ci il tarixli, **********80 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçı X3 tərəfindən iddia olunan 0.10 ha torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş sxemdə göstərilmişdir. Həmin 0.10 ha torpaq sahəsi Elektron məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlarına aid ictimai tikinti altı torpaq sahəsidir. Sözügedən ictimai tikililər uçun nəzərdə tutulan torpaq sahəsi elektron məlumat bazasına əasən torpaq islahatı zamanı əhalinin kütləvi şəkildə istifadə etdiyi mədəni məişət, inzibati, ibadət və digər bina, anbar, tikili və qurğular üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Həmin ərazidə həyətyanı kimi qeyd edilmiş torpaq sahələri mövcud deyildir. Sözügedən torpaq sahəsi Kompleks yerquruluşu layihələrinə əsasən bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsidir. Həmin torpaq sahəsinin ümumi istifadədə olub-olmaması ilə bağlı Elektron məlumat bazasında məlumat mövcud deyil. Gərəkli bələdiyyəsinin məhkəməyə ünvanladığı 25.05.2021-ci il tarixli məktubda qeyd edilir ki, 18 sentyabr 2019-cu il tarixdə 39 və 40 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-yə məktubla müraciət olunmuşdur. 01.02.2020-ci il tarixdə həmin sözügedən 0.08 ha və 0.10 ha bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələrinə yerquruluşu planı hazırlanaraq bələdiyyəyə təhvil verilmişdir. Həmin yerqurluşu planı əsasında Bələdiyyə tərəfindən Balakən Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə məktubla müraciət olunmuş, 29.02.2020-ci il tarixdə həmin torpaq sahələrinə ayrıca akt və rəy alınmışdır. Həmin sənədlər əsasında Gərəkli Bələdiyyəsinin 23.06.2020ci il tarixli 08 saylı iclas protokolundan çıxarışla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə 29.06.2020-ci il 16 saylı, 29.06.2020-ci il 18 saylı məktubla müraciət olunmuşdur. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin Gərəkli Bələdiyyəsinə göndərdiyi 31.08.2020-ci il tarixli 248 və 249 saylı məktublarına əsasən satılması nəzərdə tutulan 0.08 ha və 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazi mövcud ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid olduğundan hüquqların dövlət qeydiyyatına alınması məqsədəuyğun hesab edilməmişdir. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apellyasiya məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişinə əsasən işə obyektiv baxılması üçün Balakən rayonu Gərəkli bələdiyyəsinin 18.08.2005-ci il tarixli 29 saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı bələdiyyənin perspektiv inkişaf fondundan 0.10 ha həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi barədə sorğu verilmişdir. Sorğuya cavab olaraq Gərəkli Bələdiyyəsi tərəfindən Balakən rayonu, Gərəkli bələdiyyəsinin 18.08.2005-ci il tarixli, 29 nömrəli iclasının qərarı, 39 saylı Sərəncam, iddiaçı tərəfindən Gərəkli Bələdiyyəsinə ödəniş edilməsinə dair X11 məhkəmə kollegiyasına göndərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Beləliklə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi qanuni əsaslar olmadan iddiaçının mülkiyyətinə verilmişdir. Kollegiya qeyd edir ki, torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “inzibati icraat haqqında" Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Hazırki halda isə işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə, iddiaçının faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsidir və bu torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi qanunla qadağan edilir. Odur ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan birinci instansiyası məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2- 1(116)-358/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
qərаrа аldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(116)-358/2021 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.