Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-104/2021 22.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Ağdaş Rayon AİK-nın 24.11.1998-ci il tarixli 20 nömrəli Qərarının ləğv edilməsi və onun adı və həyətyanı torpaq sahəsinin ölçüsü göstərilən yeni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(116)-1668/2020 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ağdaş Rayon AİK-nın 24.11.1998-ci il tarixli 20 nömrəli Qərarının ləğv edilməsi və onun adı və həyətyanı torpaq sahəsinin ölçüsü göstərilən yeni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1969-cu ildə Ağdaş rayonu Şəmsabad kəndində anadan olmuşdur. Həmin kənddə qeydiyyatda olmaqla 2008-ci ilədək orada yaşamışdır. Ağdaş rayon Dövlət Arxivindən əldə etdiyi sənədlərdən məlum olur ki, ona məlum olmayan səbəblərdən və məlumatı olmadan 1996-2000-ci illərdə təsərrüfatbaşına kitabda onun adının üstündən xətt çəkilmiş və təsərrüfatı ayrı göstərilmişdir. Lakin iddiaçının təsərrüfatı barədə səhifə açılmamış, onun təsərrüfatının həyətyanı torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Aqrar islahat zamanı iddiaçıya verilməli olan torpaq sahəsi mərhum qardaşı Məhəbbət İsrəfilovun adına hazırlanmış şəhadətnamə ilə mülkiyyətə verilmişdir. Bu barədə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarına əsasən, onun qardaşının adına 2/4420 sayı ilə kitabda qeydə alınmış JN-071A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin iddiaçının təsərrüfatı ayrı göstərildiyindən onun adı həmin şəhadətnamənin adlılar siyahısına salınmamışdır. Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(116)-1668/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “Ağdaş Rayon AİK-nın 24.11.1998-ci il tarixli 20 nömrəli Qərarının ləğv edilməsi və onun adı və həyətyanı torpaq sahəsinin ölçüsü göstərilən yeni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərardad əsassızdır və onun qəbulu bir vətəndaş olaraq onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsi qərardadın əsaslandırma hissəsində qeyd etmişdir ki, Cavabdeh Aqrar İslahat Komissiyasının hüquqi varisi deyil.Məlumdur ki, hər hansı bir orqan ləğv olunarkən, onun hüquqi varisi təyin olunur və həmin orqanın qərarından şikayət həmin hüquqi varis vasitəsi ilə verilir. 20 aprel 2005-ci il tarixli 226 nömrəli Prezidentin Fərmanı ilə Aqrar İslahat Komissiyası ləğv olunarkən onun hüquqi varisi müəyyən olunmamışdır. X4 Komissiyası ləğv olunubsa və hüquqi varisi müəyyən edilməyibsə, bu günədək həmin komissiyanın qərarından verilən şikayətlərdə cavabdeh qismində hansı inzibati orqan çıxış edirdi. Hesab edir ki, əgər cavabdeh orqan düzgün qoyulmayıbsa, birinci instansiya məhkəməsi tərəfindən ona ilk öncə yardım məktubu ünvanlanmalı, bir vətəndaş olaraq, ona hansı orqanın cavabdeh qismində cəlb edilməsinin məqsədəuyğun olması tövsiyə olunmalıdır. Həmçinin, qərardadda vurğulanmışdır ki, daha öncə oxşar məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və aqrar islahat komissiyasının qərarını mübahisələndirmək üçün qanunla nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Halbuki, o tam fərqli məzmunda, “JN seriyalı 071A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə adımın salınması” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin 2-1 (84)-377/2019 saylı qərardadın özündə belə onun ilk öncə Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarını həmin hissədə mübahisələndirməli olduğu, daha sonra həmin məzmunda məhkəməyə müraciət etməli olduğu tövsiyyə olunmuşdur. Bu səbəbdən də, o hazırki “Ağdaş Rayon AİK-nın 24.11.1998-ci il tarixli 20 nömrəli Qərarının ləğv edilməsi və onun adının və həyətyanı torpaq sahəsinin ölçüsü göstərilən yeni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(116)-1668/2020 nömrəli qərardadını ləğv edib, yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə İddiaçı müxtəlif vaxtlarda məzmunca hazırkı tələbə uyğun olan iddia ərizələri ilə məhkəmədə iddia qaldırmışdır. Lakin məhkəmənin 2- 1(84)-1223/2019 nömrəli 10.12.2019-cu il, 2-1(116)-1258/2020 nömrəli 11.08.2020-ci il tarixli Qərardadları ilə onun iddia tələbləri mümkün sayılmamışdır. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005- ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X3 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi X1 hüquqi varisi müəyyən edilmədiyindən iddiaçının cavabdeh qismində qeyd etdiyi Cavabdeh hazırkı tələb üzrə cavab verməli orqan sayıla bilməz.Həmçinin X1 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Ağdaş rayon Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 298ci maddəsinə əsasən, Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göstərilən maddənin tələbindən göründüyü kimi iddiaçı tələb olunan müddət ərzində inzibati aktı mübahisələndirmədiyi üçün həmin inzibati aktı mübahisələndirmək hüququnu itirmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Həmçinin kollegiya iddiaçının diqqətinə çatdırır ki, iddiaçının cavabdeh kimi qeyd etdiyi inzibati orqana torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi səlahiyyəti verilməmişdir. Yuxarıda qeyd olunan inzibati işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən, cavabdeh kimi qeyd etdiyi inzibati orqana torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi səlahiyyəti verilmədiyindən və inzibati aktın mübahisələndirilməsi üçün tələb edilən müddət ötürüldüyündən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(116)-1668/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(116)-1668/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-104/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-104/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver