Məhkəmə qərarları › İş №2-1(107)-105/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-105/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-105/2023 02.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial sığorta stajı nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1514/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə iddiaçının ali təhsil müddəti olan 5 ili, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş 2 il 4 ay 3 günü sosial sığorta stajına daxil etməklə, sığorta stajının 28 il 5 ay 6 gün hesablanması və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “sosial sığorta stajı nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Г-İ 030172 nömrəli diplomda, ИТ-İ ******* №-li əmək kitabçasında və "xxxx" MMC-yə aid sənədlərdə qeyd edilmiş məlumatlara istinad edərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını təqdim edilən əmək kitabçasında iddiaçının sığorta stajının 19 il 2 ay olması, xx.xx.2006-cı il tarixdən-xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, “Temp” X3 xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, "xxxx" MMCnin xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan arxiv sənədlərinin X2 filialına təhvil verilməməsi, "xxxx" ASC-nin məktubuna əsasən sözügedən müəssisədə xx.xx.1992-ci il tarixdə 3 ay, 2000-ci il tarixdə 8 ay, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək isə il ərzində öz hesabına məzuniyyətdə olması, bununla da iddiaçının sosial sığorta stajının 25 ildən az olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və onun vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi, birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Г-İ 030172 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1974 – xx.xx.1979-cu il tarixlərdə ali təhsil almışdır (4 il 9 ay). - ИТ-İ ******* №-li əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1979 - xx.xx.1981 (1 il 3 ay 23 gün), xx.xx.1981 – xx.xx.1991 (10 il 5 ay 8 gün), xx.xx.1991 – xx.xx.1992 (1 il 2 ay), xx.xx.1992 – xx.xx.2006 (14 il 24 gün), xx.xx.2005-xx.xx.2007 (2 il 4 ay 3 gün) - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. - "xxxx" MMC-nin 1005-M2-490 №-li dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, xx.xx.2005-ci ildə Cəmiyyət dövlət qeydiyyatına alınmışdır. - 05.12.2006-cı il tarixli "xxxx" MMC-də Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsinin keçiridiyi səyyar vergi yoxlamasına dair aktın 2006-cı ilin 9 ayı üzrə göstəricilərində sosial müdafiə fonduna hesablama (22 faiz) qrafasında – 1227.60 rəqəmi qeyd edilmişdir. Dövlət Vergi xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) xx.xx.2005-ci il tarixdə 1005-M2-490 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Müraciətdə göstərilən tarixlərdə Cəmiyyət tərəfindən vergi ödənişləri aparılmışdır. Həmçinin, qeydiyyata alındığı tarixdən hal-hazıradək Cəmiyyətin sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış daxil olmamışdır. Reyestrdə “Temp” X5 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1514/2022 nömrəli saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinat X6 üzərinə İddiaçı sosial sığorta stajını nəzərə alaraq xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə X7 İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1514/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı ona yaşa görə pensiyanın təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Mərkəzi Aran regional filialına müraciət etmişdir. Qeyd olunan ərizəyə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********1 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajı 19 il 2 ay təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1991 -ci il tarixdən xx.xx.1992-ci il tarixədək, 01,09.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, X2 filialının arxiv arayışına əsasən “Temp” X3 xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan arxiv sənədləri X2 filialına təhvil verilməyib. Eyni zamanda "xxxx" ASC-nin məktubuna əsasən İddiaçı sözügedən müəssisədə xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti zamanı 1999-cu il tarixdə 3 ay, 2000-ci il tarixdə 8 ay, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək isə il ərzində öz hesabına məzuniyyətdə olmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********198600 nömrəli məktubundan görünür ki, reyestrdə “Temp” X5 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. X2 filialının xx.xx.2022-ci il tarixli T-183 nömrəli məktubundan görünür ki, “Temp” X3 və "xxxx" MMC-nin arxiv sənədləri filialına təhvil verilməmişdir. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2-1(116)-1514/2022 nömrəli qərarında l/İT-l ******* №-li əmək kitabçasında iddiaçının 11,09.1979-cu il tarixdən xx.xx.2006-cı ilədək əmək fəaliyyəti müddətinin 26 il 11 ay 25 gün (“Temp” X1 xx.xx.1991ci il tarixdən xx.xx.1992-ci il tarixədək 1 il 2 ay əmək fəaliyyəti daxil olmaqla), öz hesabına məzuniyyətdə olduğu müddətin isə 6 il 7 ay 27 gün olduğu qeyd edilmişdir. Həmçinin məhkəmə iddiaçının "xxxx" MMC-də işlədiyi müddəti 1 il 8 ay 23 gün kimi hesablamış və iddiaçının öz hesabına məzuniyyətdə olduğu müddəti nəzərə alınmadan (yəni 6 il 7 ay 27 gün) stajı 22 il 24 gün kimi müəyyən etmişdir. Eyni zamanda iddiaçının ali təhsil aldığı müddət 4 il 9 ay kimi götürülməklə ümumi staj 26 il 9 ay 24 gün müəyyən edilmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1514/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1514/2022 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1514/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. . Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını iddiaçının mübahisələndirdiyi iddia predmeti, cavabdehin isə apellyasiya şikayətində irəli sürdüyü dəlillər həddində araşdırmalıdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin ... fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, ...hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). Cavabdehin iddia tələbinə etirazının dəlili iddiaçının sığorta stajının 19 il 2 ay olması, xx.xx.2006-cı il tarixdən-xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, “Temp” X3 xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan arxiv sənədlərinin X2 filialına təhvil verilməməsi, "xxxx" ASC-nin məktubuna əsasən sözügedən müəssisədə xx.xx.1992-ci il tarixdə 3 ay, 2000-ci il tarixdə 8 ay, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək isə il ərzində öz hesabına məzuniyyətdə olması, bununla da iddiaçının sosial sığorta stajının 25 ildən az olması ilə bağlıdır. Birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin həmin dəlillərini əsassız hesab etmişdir. Belə ki, işdə olan ИТ-İ ******* №-li əmək kitabçasında iddiaçının xx.xx.1979-cu ildən xx.xx.2006 –cı ilədək əmək fəaliyyəti müddəti 26 il 11 ay 25 günə bərabərdir. Cavabdehin həmin müddətin iddiaçının öz hesabına məzuniyyətdə olduğu 6 il 7 ay 27 günü mübahisələndirir. Nəzərə alınmalıdır ki, iddiaçının həmin əmək kitabçasında "xxxx" MMC-də xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilədək işləməsi ilə bağlı qeydlər mövcuddur və işdə olan sənədlərlə sözügedən Cəmiyyətin xx.xx.2005-ci ildə dövlət qeydiyyatına alınması, fəaliyyətdə olması və 2006-cı ilin 9 ayı üzrə məcburi dövlət sosial sığorta haqlarını ödəməsi iş materiallarından aşkar görünür. Belə olan halda məcburi dövlət sosial sığorta haqlarının sonuncu ödənişinin müəyyən edildiyi 2006-cı ilin 3-cü rübü daxil olmaqla iddiaçının "xxxx" MMC-də işlədiyi əmək fəaliyyətini nəzərə almaqla (1 il 8 ay 23 gün) onun işlədiyi illəri hesabladıqda (cavabdehin etirazına uyğun öz hesabına məzuniyyətdə olduğu müddət nəzərə alınmadan) iddiaçının işlədiyi müddət 22 il 24 ay müəyyən edilir. Həmin müddətin üzərinə iddiaçının ali təhsil aldığı 4 il 9 ay müddəti topladıqda 26 il 9 ay 24 gün sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, hətta iddiaçının "xxxx" MMCdə işlədiyi müddət və öz hesabına məzuniyyətdə olduğu müddət nəzərə alınmadan hesablanma aparıldıqda iddiaçının yenə də 25 il 1 ay sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Müəssisənin sənədlərinin arxivdə olmamasına münasibətdə isə birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, həmin müəssisənin sənədlərinin arxivə təhvil verilməsi və saxlanılması iddiaçının vəzifəsi olmadığından qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. İddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). İddiaçının, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1514/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar