Məhkəmə qərarları › İş №2-1(107)-105/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-105/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-105/2025 30.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X1 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü ildə müəllimlərin sertifikatlaşdırılması imtahanının test mərhələsində test sualının doğru cavab variantının olmaması səbəbindən imtahan zamanı vaxt itkisi və yaranmış psixoloji gərginliyini nəzərə alaraq topladığı 50 balın üzərinə bal əlavə olunması üçün qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(116)-1421/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2023-cü ildə müəllimlərin sertifikatlaşdırılması imtahanının test mərhələsində test sualının doğru cavab variantının olmaması səbəbindən imtahan zamanı vaxt itkisi və yaranmış psixoloji gərginliyini nəzərə alaraq topladığı 50 balın üzərinə bal əlavə olunması üçün qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı, tələbində qeyd etmişdir ki, o, 2017-ci ildən Ucar rayon Boyat kənd tam orta məktəbində ibtidai sinif müəllimi ixtisası üzrə işə başlamışdır. xx.xx.2023-cü ildə müəllimlərin sertifikatlaşdırılması imtahanının test mərhələsində iştirak edərək 50 bal toplamışdır. Lakin imtahan prosesində təqdim olunmuş test sualının cavab variantlarının içərisində doğru cavab variantı olmadığından həmin sualın üzərində daha çox düşünməyə məcbur oldu ki, bu da imtahanda hər sual üçün nəzərdə tutulmuş düşünmə vaxtından dəfələrlə artıq vaxtının itməsinə səbəb olmuşdur. Vaxtının çox hissəsinin bu test sualının doğru cavabının tapılmasına sərf olunduğunu görüb təqribi bir cavab variantı işarələdi. Bununla bağlı apellyasiyaya müraciət etmiş,cavab olaraq bildirilmişdir ki, “texniki səhv olduğu üçün test tapşırığının doğru cavabının olmadığı aşkarlanmışdır. Bu sual üzrə nəticələr yenidən hesablanmışdır. Lakin iddiaçının topladığı 50 balın üzərinə bal əlavə edilməmişdir.

3. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, vətəndaş İddiaçı 23 iyun 2023-cü ildə ibtidai sinif müəllimliyi üzrə təhsilverənlərin sertifikatlaşdırılmasinın test imtahanı mərhələsində iştirak etmişdir. Həmin imtahanda 25-ci sualda texniki səhv nəticəsində bir neçə doğru variant qeyd edilmişdir. Lakin İddiaçı həmin sualın doğru variantını artıq qeyd etdiyi üçün ümumi 60 baldan 50 bal (ixtisas 44, metodika 6) toplamışdır. Qeyd olunanları nəzərə alaraq, imtahan zamanı 25-ci sualın cavabını düzgün qeyd etdiyinə görə apelyasiyaya müraciətində həmin sual üçün əlavə bal artımı olmamışdır.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 20 avqust 2024-cü il tarixli, 2- 1(116)-1421/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

7 İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(116)-1421/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

8. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbələri barədə məlumat verməmişlər.

9. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

10. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Ucar rayon M.H.Tehmirov adına Boyat kənd tam orta məktəbi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdən həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir. - İddiaçıya məxsus B 230697 seriya nömrəli diplom surətindən görünür ki, iddiaçı Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialını bitirmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı 2023/2024-cü tədris ili üzrə keçirilmiş təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində iştirak edərək 50 bal (44 ixtisas, 06 metodika), müsahibə mərhələsində isə 32 bal toplamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

12. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”: 1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra – təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. 2.1. Sertifikatlaşdırma Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir. 3.1. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. 3.7. Sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir. 3.8. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 (altmış) sual təqdim edilir. 3.9. Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. 3.10. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir. 3.11. Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. 3.12. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir. 3.22. Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır..

13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

14. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(116)-1421/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

15. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

16. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.2 və 33.1-ci maddələri) aid olan məcburetmə haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

17. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. İşin hallarından müəyyən edilir ki, iddiaçının hüquqi marağı imtahan nəticəsinə əsasən onun imtahan nəticəsində əldə etdiyi nəticəyə bir bal əlavə edilməsinə nail olmaqdan ibarətdir.

20. Mövcud qaydalara əsasən test imtahanında azı 30 bal toplamış müəllim müsahibə mərhələsinə keçmək hüququ qazanır. Test mərhələsində 30-50 bal toplayanların maaşına 10 faiz, 51-60 bal toplayan müəllimlərin maaşına isə 35 faiz əlavə edilir.

21. İddiaçı hazırkı iddia tələbinə əsəsən test mərhələsində test sualının doğru cavab variantının olmaması səbəbindən imtahan zamanı vaxt itkisi və yaranmış psixoloji gərginliyik səbəbindən topladığı 50 balın üzərinə bal əlavə olunması üçün qərar qəbul edilməsini iddia edir. Həmçinin, iddianın mətnindən də imtahan zamanı səhv tərtib edilmiş sualara görə bir balın onun xeyrinə hesablanmalı olduğunu qeyd edir.

22. Birinci instansiya məhkəməsi tərəfindən həmin sualla bağlı müvafiq soğu verilmiş, 25-ci sualda bir neçə doğru variantı olan sualın imtahana salındığı müəyyən edilmişdir. Lakin iddiaçı həmin sualın cavabını düzgün qeyd etdiyinə (komputerə doğru hesab edilən variantı daxil etdiyinə) görə həmin sual üçün əlavə bal artımı olmamışdır.

23. Həmçinin məhkəmə kollegiyası tərəfindən edilmiş sorğuya cavab olaraq, Cavabdeh 22 yanvar 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü tarixində keçirilmiş müəllimlərin sertifikatlaşdırılması imtahanında səhv sual olaraq qəbul edilən 25-ci tapşırıq üzrə nəticələr bütün namizədlərdə yenidən hesablanmışdır. İddiaçı nəticəsinin dəyişməsinə səbəb 25-ci tapşırıq üzrə cavabın əvvəldən doğru olaraq hesab edilməsi olmuşdur.

24. Digər tərəfdən iddiaçının səhv suala görə bal artımı iddiası hüquqi baxımdan əsaslandırıla bilməz. Həmin sualın yanlışlığı bütün imtahan verənlərə münasibətdə hüquqi nəticə yaratmaqla hər bir təhsilverənin xeyrinə “doğru” nəticə kimi hesablanmışdır. Yəni bütünlüklə imtahan iştirakçılarına münasibətdə mənfi nəticə yaratmamışdır.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri).

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

27. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(116)-1421/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar