Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-106/2021 30.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “1973, 1977 və 1997-1999-cu illərdə Zaqatala rayonu keçmiş “Kommunizm yolu” kolxozunda və “Yeni yol” kooperativində işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1211/2020 nömrəli qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının 1973,1977 və 1997-1999-cu illərdəki əmək fəaliyyəti dövrünün onun əmək kitabçasında qeyd olunmadığını əsas gətirərək pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı iddia edir ki, 1973, 1977 və 1997-1999-cu illərdə kolxozda işləmiş, lakin əmək kitabçasında qeyd olunmamışdır. Hazırda həmin qeyd olunan kolxoz fəaliyyət göstərmədiyindən əmək kitabçasında qeydlərin aparılması mümkün olmamışdır. Pensiya yaşına çatdıqda, DSMF-nin müvafiq şöbəsinə müraciət etmiş, müraciətə cavab olaraq isə bildirilmişdir ki, qeyd olunan illərdə işləməsi ilə bağlı əmək kitabçasında qeydlər olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdiq edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Bundan başqa, işə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, iddiaçının Zaqatala rayonu keçmiş “Kommunizm yolu" kolxozunda və “Yeni yol" kooperativində işə qəbul edilməsi və işdən çıxarılması ilə bağlı əmrlərin surətlərinin, 1973, 1977 və 1997-1999-cu illər ərzində əmrlər kitabının təsdiq edilmiş surətinin, əmək fəaliyyəti ilə məşğul olduğu illər, aylar üzrə əmək haqqı cədvəllərinin təqdim edilməsi barədə Zaqatala Rayon Dövlət Arxivinə sorğu göndərilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, kolxoz və kooperativin protokol kitablarında İddiaçı işə qəbulu və işdən çıxması barədə əmrlər yazılmadığından həmin məlumatların verilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1211/2020 nömrəli qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “1973, 1977 və 1997-1999-cu illərdə Zaqatala rayonu keçmiş “Kommunizm yolu” kolxozunda və “Yeni yol” kooperativində işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. . Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan arxiv arayışından müəyyən olunur ki, 1973-cü ildə vətəndaşın adında qaralama var. (qaralamanın olması iddiaçının təqsiri deyil). Bundan başqa arayış verilməsinə əsas olan şəxsi hesab kitabları 1973/1977-ci il kolxozun, Yeni Yol kooperativi isə 1997/1997 -ci illərin şəxsi hesab kitablarıdır ki, göründüyü kimi arayışın verilməsinə əsas olan 1997-ci ilin kitabında 1998 və 1999-cu illər üzrə hesablamaların qeyd olunması mümkün deyil. Həmçinin arxiv arayışında mübahisəli 1998 və 1999-cu illərdə iddiaçı X3 kolxozçu kimi qeyd olunması da inandırıcı deyil. Belə ki, artıq 1996-cı il tarixində Azərbaycan Respublikasında aqrar islahat həyata keçirilmiş və kolxozlar ləğv edilməyə başlamışdır. Göründüyü kimi iddiaçının işlədiyi "Kommunizm yolu" adlı kolxoz da ləgv edilmişdir. 1973, 1998 və 1999-cu illər iddiaçının stajına daxil edilməyəcəyi təqdirdə isə onun tələb olunan 25 il stajı tamamlanmadığı üçün də onun yaşa görə pensiya almaq hüququ yaranmır. Birinci instansiya məhkəməsi daha sonra qərarında qeyd etmişdir ki, "işə tam hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə iddiaçının kolxozda və kooperativdə işə qəbul edilməsi və işdən çıxması ilə bağlı əmrlərin surətlərinin, 1973, 1977 və 1997-1999-cu illər ərzində əmrlər kitabının təsdiq edilmiş surətinin, əmək fəaliyyəti ilə məşğul olduğu illər, aylar üzrə əmək haqqı cədvəllərinin təqdim edilməsi barədə Zaqatala Arxivinə sorğu göndərilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, kolxoz və kooperativin protokol kitablarında iddiaçının işə qəbulu və çıxması barədə əmrlər yazılmadığından həmin məlumatların verilməsi mümkün olmamışdır.(Protokol kitabında əmrlər olmur). İşə baxan məhkəmə öz səlahiyyətləri daxilində cavabdehin imtinasının qanuni olubolmamasını yoxlamamış, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulubpozulmamasını araşdırmamış, iddiaçının pozulmuş hüquqlarının müdafiə olunmasına dair heç bir prosessual hərəkət etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ bəndinda deyilir ki, dövlət hər kəsin hüquqlarının müdafiəsinə təminat verir. Birinci instansiya məhkəməsinin qərarında yazılmışdır ki, "1973-cü ildə vətəndaşın adında qaralama var. Qaralamanın olması onun təqsiri olmamış və bu səbəbə görə 1973cü ilin onun sığorta stajına daxil edilməməsi üçün qanuni əsas yoxdur. Bundan başqa cavabdeh təşkilatın imtinasında 1973-cü ilin qarşısında qaralamanın olması qeyd edilməmişdi:. "Qaralama" imtinasını birinci instansiya məhkəməsi özü əlavə etmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, "Bundan başqa arayış verilməsinə əsas olan şəxsi hesab kitabları 1973/1977-ci il kolxozun, Yeni Yol kooperativi isə 1997/1997-ci illərin şəxsi hesab kitablarıdır ki, göründüyü kimi arayışın verilməsinə əsas olan 1997-ci ilir kitabında 1998 və 1999-cu illər üzrə hesablamaların qeyd olunması mümkün deyil.'' Məhkəmə işə baxarkən tam obyektiv baxmadığı buradan görünür, əgər 1997/1997ci ilin kitablarında 1998-1999-cu illərin hesablamalarının qeyd olunması mümkün deyilsə, nəyə görə həmin kitabları arxivdən tələb edib baxış keçirmir və ya arxivdən bu barədə soruşmur. Arxivin verdiyi xx xxx 2020-ci il tarixli 148 nömrəli arayışında "1997/1997' rəqəmləri texniki səhv olaraq yazılmış və həmin rəqəmlər 1997/1999 kimi oxunmalıdır. Bu fakta dair Arxivdən xx xxxxxx 2020-ci il tarixli 362 və 362 A saylı arayışlar verilmişdir. Birinci instansiya məhkəməsinin bu fikrinə aydınlıq gətirərək bildirmişdir ki, onun kolxozda və kooperativdə işləməyi arxivdən verilmiş əmək haqqına dair illər üzrə tərtib edilmiş arayışla sübuta yetirilir. Kolxozda işə girmə çıxma əmrinə dair kitabların olmaması onun məsuliyyəti deyildir. Kooperativi isə xx xxxx 1996-cı il tarixdə biz 187 nəfər payçılar, üzvlər birləşərək kooperativ yaratmışıq. Kooperativi yaradan üzvlərin kooperativə işə girməyə və çıxmaya dair əmrləri olmur, yalnız maddi məsul şəxslərə dair əmrlər olur, yəni idarə işini aparan şəxslər (mühasib, kassir, ekonomist, sədr və s). Məhkəmə burada da kooperativlərin yaradılması haqqında qaydalar və qanunlara istinad etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən əmək kitabçası olmadıqda əmək stajını təsdiq edən sənəd kimi arayışlar, əmək haqqı verilməsinə dair şəxsi hesablar və sair sənədlər nəzərə alınır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1211/2020 saylı qərarının ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edəsiniz. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz verərək bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1 (116)-1211/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa, işə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, iddiaçının Zaqatala rayonu “Kommunizm yolu” kolxozunda və “Yeni Yol” kooperativində işə qəbul edilməsi və işdən çıxarılması ilə bağlı əmrlərin surətlərinin, 1973, 1977 və 1997- 1999-cu illər ərzində əmrlər kitabının təsdiq edilmiş surətinin, əmək fəaliyyəti ilə məşğul olduğu illər, aylar üzrə əmək haqqı cədvəllərinin təqdim ediməsi barədə Zaqatala Rayon Dövlət Arxivinə sorğu göndərilmiş, və sorğuya cavab olaraq bildirilmişdir ki, Kolxoz və kooperativin protokol kitablarında X1 işə qəbulu və işdən çıxması barədə əmrlər yazılmadığından həmin məlumatların verilməsi mümkün olmamışdır. Cavabdehin nümayəndəsi xx.xx.2021-ci il tarixdə apellyasiya şikayətinə etiraza əlavə verərək bildirmişdir ki, Zaqatala rayon Dövlət Arxivinin sonradan təqdim edilmiş arxiv arayışlarında xx.xx.2020-ci ildə verilmiş 148 №-li arxiv arayışında mexaniki səhvlər olduğu bildirilmişdir. Həmin arxiv arayışlarına əsasən iddiaçının 1998-ci və 1999-cu illərdə “Yeni Yol” kooperativində işlədiyi və əməkhaqqı aldığı, lakin mexaniki səhv olaraq düzgün qeyd edilmədiyi bildirilmişdir. Həmçinin eyni səbəbdən qaralamanın vətəndaşın adında deyil, kitabın debet hissəsində olduğu bildirilmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2021-ci il tarixdə apellyasiya şikayətinə etiraza əlavə verərək bildirmişdir ki, xx xxxx 2021-ci il tarixində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 16 saylı regional ərazi filialı və Zaqatala rayon Dövlət Arxivi tərəfindən qarşılıqlı olaraq İddiaçı 1973, 1977 və 1997-1999-cu illərdə Zaqatala rayonu keçmiş “Kommunizm yolu” kolxozunda və “Yeni yol” kooperativində işlədiyi dövrlərlə əlaqədar yoxlama aktı tərtib edilmişdir. Həmin yoxlama aktında əks olunan məlumatlar Zaqatala rayon Dövlət Arxivi tərəfindən əvvəllər tərtib edilmiş arxiv arayışlarının məzmununa tamamilə ziddir. Qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1211/2020 saylı qərarının qüvvədə saxlanılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 1211/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddaçı İddiaçı vəkili Vəkil iddiaçı ilə oxşar məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1211/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzə Mərkəzi Filialının nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2-1(116)-1211/2020 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********2 nömrəli imtina məktubu, xx.xx.1976-cı il tarixli əmək kitabçasının təsdiq edilmiş surəti, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 148 nömrəli arxiv arayışının təsdiq edilmiş surəti, ******* nömrəli hərbi biletin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli Aktın təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli Vəsatəti və xx.xx.2020-ci il tarixli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, 1973-cü ildə vətəndaşın adında qaralama var. Bundan başqa arayış verilməsinə əsas olan şəxsi hesab kitabları 1973/1977-ci ilə kolxozun, yeni yol kooperativi isə 1997/1997-ci illərin şəxsi hesab kitablarıdır ki, göründüyü kimi arayışın verilməsinə əsas olan 1997-ci ilin kitabında 1998 və 1999-cu illər üzrə hesablaşmaların qeyd olunması mümkün deyil. Həmçinin arxiv arayışında mübahisəli 1998 və 1999-cu illərdə iddiaçı X3 kolxozçu kimi qeyd olunması da inandırıcı deyil. Belə ki, artıq 1996-cı il tarixində Azərbaycan Respublikasında aqrar islahat həyata keçirilmiş və kolxozlar ləğv edilməyə başlamışdır. Göründüyü kimi iddiaçının işlədiyi “Kommunizm yolu” adlı kolxoz da ləğv edilmişdir. 1973, 1998 və 1999-cu illər iddiaçının stajına daxil edilməyəcəyi təqdirdə isə onun tələb olunan 25 il stajı tamamlanmadığı üçün də onun yaşa görə pensiya almaq hüququ yaranmır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1973, 1998 və 1999-cu illər onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslıdır və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1211/2020 nömrəli qərarı ləğv edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş 632 nömrəli arxiv arayışından görünür ki, Zaqatala rayon “Kommunizm yolu” adına kolxozun və Yeni Yol adına Kooperativin şəxsi hesab kitabları yoxlanıldıqda İddiaçı 1973-1977-ci illərdə Zaqatala rayon “Kommunizm yolu” adına kolxozda, 1997/1999-cu illərdə X3 kolxozçu işləməsi ona əmək haqqı və sairə hesablanması qeyd olunmuşdur. Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş 632a nömrəli arxiv arayışından görünür ki, Zaqatala rayon Dövlət Arxivindən xx xxx 2020-ci il tarixdə İddiaçı verilmiş Zaqatala rayon “Kommunizm yolu” adına kolxozun şəxsi hesab kitablarının yoxlanılması, illər üzrə işləməsi və ona əmək haqqı və sairə hesablanmasına dair 148 saylı arxiv arayışında, arayışın verilməsinə əsas olmuş hissədə yazılmış 1997/1997 rəqəmləri texniki səhv olaraq yazılmışdır, həmin rəqəmlər 1997/1999 kimi oxunmalıdır. Belə ki, X4 1997- 1999-cu illər üzrə olan şəxsi hesab kitabları arxivdə saxlanılır və həmin kitablar üzrə arayış tərtib edilmişdir. Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş 148 nömrəli arxiv arayışının (protokol N-1) görünür ki, xx xxxx 1996-cı il tarixdə Zaqatala rayonunun, Çobankol kəndində yaradılmış Yeni yol kooperativinin yığıncağı olur. Həmin yığıncaqda Çobankol kəndində kənd təsərrüfatı məhsulları istehsalat kooperativi yaradılması qərara alınmışdır. Koopertivə Yeni yol adı verilmişdir. Həmin arxiv arayışının qeyd hissəsində göstərilmişdir ki, Çobankol kənd Yeni Yol kooperativinin üzvlərinin işə girmə və işdən çıxması barədə əmrlər kitabları rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Həmin kooperativin protokollar kitablarında maddi-məsul şəxslər istisna olmaqla kooperativin digər üzvlərinin işə girmə və işdən çıxma əmrlərinin qeydiyyatı aparılmamışdır. İş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Zaqatala rayonu, keçmiş “Kommunizm yolu” kolxozunun və “Yeni Yol” kooperativinin üzvü olmuş İddiaçı kolxoz və kooperativin protokol kitablarında işə qəbulu və işdən çıxması barədə əmrlər yazılmadığından həmin məlumatların verilməsi mümkün olmamışdır. Zaqatala rayon Dövlət Arxivinin 2237 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı(Mövlüd) Sadıx oğluna Zaqatala rayon Dövlət Arxivi tərəfindən xx.xx.2020-ci ildə verilmiş 148 N-li arxiv arayışında mexaniki səhv olaraq vətəndaşın adında qaralamanın olduğu qeyd edilmişdir. Bildirmişlər ki, qaralama vətəndaşın adında yox, kitabın debet hissəsindədir, vətəndaşa aid həmin ilin təsdiq olunmuş sürəti təqdim olunmuşdur. Həmin kitabın debet hissəsində İddiaçı 1973-cü illərdə “Kommunizm Yolu” kolxozunda işləməsi və xx.xx.1973, xx.xx.1973, xx.xx.1973 və xx.xx.1973-cü illərdə ona əmək haqqı və sairə əlavələrin verilməsinin təsdiq olunmuş sürəti göstərilmişdir. Zaqatala rayon Çobankol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, AZE N-0******* olan İddiaçı ilə X2 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 16 saylı Regional Ərazi Filialı tərəfindən tərtib olunmuş aktdan görünür ki, İddiaçı 1973,1977 və 1997-1999-cu illər üzrə işləməsi faktı yerində araşdırılmış və məlum olmuşdur ki, İddiaçı 1973 və 1977-ci illərdə Zaqatala rayon “Kommunizm yolu” adına kolxozda və 1997- 1999-cu illərdə Zaqatala rayon “Yeni Yol” Kooperativində kolxozçu işləməsi ona əmək haqqı və sairə hesablanması təsdiq olunmuşdur. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlardan müəyyən olunmuşdur ki, İddiaçı 1973 və 1977-ci illərdə Zaqatala rayon “Kommunizm yolu” adına kolxozda işləməsi, xx xxxx 1996-cı il tarixdə Zaqatala rayonunun, Çobankol kəndində “Yeni yol” kooperativi yaradılmış və İddiaçı 1997-1999-cu illərdə həmin kooperativdə işləməsi sənədlərlə təsdiq olunur. Bundan başqa İddiaçı adına 148 N-li arxiv arayışında qaralamanın olması mexaniki səhv nəticəsində olmuş və arxiv kitabının debet hissəsində iddiaçının iddia tələbində göstərdiyi illərdə “Kommunizm yolu” Koopertivində işləməsi, əmək haqqı və sairə alması yuxarıda sadalanan dəlillərlə öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş arayışdan məlum olmuşdur ki, 148 saylı arxiv arayışında, İddiaçı “Yeni yol” kooperativində işlədiyi illərə arayışın verilməsinə əsas olmuş hissədə yazılmış 1997/1997 rəqəmləri texniki səhv olaraq yazılmış, həmin rəqəmlərin 1997/1999 kimi oxunması təqdim olunmuş arxiv arayışı ilə sübuta yetirilmişdir. Qeyd olunan hallar İPM-nin 12.1-ci maddəsində öz əksini tapmışdır. Belə ki, məhkəmə, prosesi iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. 1992-ci ildə qəbul edilmiş və xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunun Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə istinad etmişdir. Həmin normalara görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həminn Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək(sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə uyğun hesablanır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı qeyd edir ki, onun istinad etdiyi normalarda təsbit olunanlar həmin qanunların məqsədlərinə cavab versə də Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyəta keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında’’ Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1 -ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1 -ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta staj kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilmiş olsun. “Əmək pensiyaları haqqında" Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənışsız məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi qərara alınmışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx xxxx 2019-cu il tarixli, 2-1(102)-1823/2019 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə yalnış olduğundan qərarı ləğv olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar tam tədqiq edilməmiş, arxiv arayışlarında göstərilmiş iddiaçının iş stajı, arxiv kitablarında olan qaralamalarda nəyin yazıldığı müəyyən olunmamış, qaralamaların həqiqiliyini müəyyən etmək üçün sübutlar əldə edilməmiş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İPM-in 87.6-cı maddəsinə əsasən İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1211/2020 nömrəli qərarı ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə İddiaçı “1973, 1977 və 1997-1999-cu illərdə Zaqatala rayonu keçmiş “Kommunizm yolu” kolxozunda və “Yeni yol” kooperativində işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1211/2020 nömrəli qərarı ləğv edilsin və inzibati iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə İddiaçı “1973, 1977 və 1997-1999-cu illərdə Zaqatala rayonu keçmiş “Kommunizm yolu” kolxozunda və “Yeni yol” kooperativində işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-106/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-106/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver