Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-106/2024 29.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2014-cü il tarixdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2328/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2014-cü il tarixdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. xx.xx.2004-cü il tarixdən 4 uşaqlı ana kimi yaşa görə əmək pensiyası almışdır. Mərhum əri X2 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Mərhum əri fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmişdir. İddiaçıya həyat yoldaşının vəfat etdiyi xx.xx.2014-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Lakin Filial tərəfindən iddiaçıya sənədlərinin təqdim edildiyi xx.xx.2023- cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Həmçinin Filial tərəfindən ünvanına məktub göndərilərək müraciətdən əvvəlki 3 il üçün ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsinin mümkün olmaması bildirilmişdir. Buna səbəb isə hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununun 34-cü maddəsi olduğu bildirilmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. Həmçinin iş materiallarına əlavə edilmiş 29 avqust 1974-cü il tarixli 309794 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı mərhum həyat yoldaşı X2 ilə xx.xx.1974-cü il tarixdə nikah bağlamışdır. İddiaçıya xx.xx.2004-cü il tarixdən ömürlük müddətə Fondun Şəki şəhər şöbəsi tərəfindən 4 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2014-cü il tarixli 683792 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı mərhum həyat yoldaşı Z.Bağırov xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, həyat yoldaşı vəfat etdikdən dərhal sonra ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün müvafiq quruma müraciət etməmişdir. Sözügedən pensiyanın təyin edilməsi üçün iddiaçı ilk dəfə xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının müraciətinə uyğun olaraq ona xx.xx.2023-cü il tarixdən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşı Z.Bağırovun vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (710,55 manat) 80 faizi-568,44 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı cavabdeh orqana xx.xx.2023-cü il tarixli yeni bir ərizə təqdim edərək ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2014-cü il tarixdən təyin edilməsini, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2020-ci il tarixdən ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçının 17 may 2023-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçıya Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialından yaşa görə əmək pensiyası 28 fevral 2023-cü il tarixinədək ödənilib.
4. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün həmin Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə həmin Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Bununla əlaqədar olaraq, iddiaçıya 24 fevral 2023-cü il tarixdən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşı Z.Bağırovun vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (710,55 manat) 80 faizi-568,44 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir Qeyd olunanlara əsasən, yasa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi Qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi Filialın iddiaçıya ödənilməli olan hər hansı borc məbləği yoxdur. Sözügedən məsələ ilə bağlı həmçinin bunu da qeyd etmək istərdik ki, iddiaçıya 18.02,2004-cü il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2023-cü il tarixədək ödənilmişdir.
5. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. İddiaçı da xx.xx.2014-cü il tarixdə (bu tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini istəyir) yaşa görə əmək pensiyası alan şəxs statusunda olduğu üçün həmin dövr üzrə ona ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 6.4-cü maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Maddənin məzmunundan da göründüyü kimi qanunvericilikdə konkret olaraq təsbit olunmuşdur ki, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə ərizənin təqdim edildiyi tarixdən hesablanmalıdır. Yəni iddiaçıya münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyasının ərizə təqdim ediliyi 24 fevral 2023-cü il tarixdən hesablanması qanuna uyğun şəkildə həyata keçirilmişdir. Sözügedən pensiya məbləğinin xx.xx.2014-cü il tarixdən təyin edilməsi isə qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanları nəzərə alaraq, yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin iddiaçıya ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iş üzrə iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 oktyabr 2023-ci il tarixli, 2- 1(116)-2328/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
9. İddiaçı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun ailə başçısını itirməyə görə pensiya almaq hüququ xx.xx.2014-cü il tarixdə yarandığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları tətbiq edilməlidir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2328/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2328/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2328/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - A3 309794 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1974-cü il tarixdə X2 ilə X4 arasında nikah bağlanmışdır. AZ-İ 683792 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. - Pensiya təyinatı alt sistemindən görünür ki, iddiaçıya xx.xx.2004-cü il tarixdə “4 uşaqlı ana” kimi , aylıq pensiya məbləği 362,26 manat olmaqla müddətsiz pensiya təyin olunmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Maddə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Maddə 34.2 Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 6.4-cü maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.
17. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2004-cü il tarixdən ömürlük Fondun Şəki şəhər şöbəsi tərəfindən 4 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə iddiaçı, ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşı Z.Bağırovun vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (710,55 manat) 80 faizi-568,44 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.
24. Sözügedən pensiyanın müraciətdən əvvəlki 3 ilin, xx.xx.2020-ci il tarixdən ödənilməsi tələbi isə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə zidd olduğundan cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Belə ki, həmin normada əmək pensiyasının bir növündən başqa növünə keçirilmənin bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün həmin Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılması birmənalı olaraq müəyyən edilmişdir. İddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2023-cü il tarixdən daha əvvəl cavabdeh orqana müraciət etməsi iş materialları ilə sübut olunmur. Habelə iddiaçı tələb etdiyi 3 il ərzində pensiya almışdır.
25. İddiaçının apellyasiya şikayətinin dəliləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Odur ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini tələb etdiyi xx.xx.2014-cü il tarixdə artıq o, xx.xx.2004-cü il tarixdən 4 uşaqlı ana kimi yaşa görə əmək pensiyasında olduğundan, ona ümumiyyətlə ailə başçısını itirməyə görə əmək pensiyası həmin tarixdən təyin edilə bilməz.
26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
27. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2014-cü il tarixdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
28. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2328/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.