Məhkəmə qərarları › İş №2-1(107)-107/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-107/2021

12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-107/2021 12.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “1992-ci il tarixdən 1996-cı il tarixədək Qəbələ rayonu “Qafqaz” və “Fizuli” adına kolxozlarda işlədiyi müddətin sosial sığorta stajına daxil etməklə, hüququ yarandığı tarixdən yəni xx.xx.1954-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-315/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı iddia tələbin belə əsaslandırmışdır ki, xx.xx.1954-cü il tarixdə Laçın rayonu Oğuldərə kəndində anadan olmuşdur. Hal hazırda Şəki rayonu Cumakənd kəndində yaşayır. 1992-ci il tarixdən məcburi kökçün olaraq Şəki rayonu Cumakən kəndində məskunlaşmışdır. 1971-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 1971-ci il tarixdən “Çənlibel” adına ət-südçülük kolxozunda çoban kimi əmək fəaliyyətinə başlamışdır. xx.xx.1992-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Bu fakt ona məxsus İT-İ seriyalı əmək kitabçası ilə öz təsdiqini tapır. Laçın rayonu işğal edildikdən sonra müvəqqəti olaraq Qəbələ şəhərində məskunlaşmışdır. 1992-ci il tarixdən 1996-cı il tarixədək “Qafqaz” və “Fizuli” adına kolxozda fəhlə işləmişdir. Yaşa görə pensiya almaq hüququ xx.xx.2017-ci il tarixdən yaranmışdır. Bu səbəbdən sənədlərini DSMF-nin Şəki şəhər şöbəsinə təqdim edərək işlədiyi illərin sosial sığorta stajına daxil etməklə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin sonuncu xx.xx.2019-cu il tarixli məktubla “Fizuli” adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən və arxiv arayışında adının səhv qeyd edilməsi ilə bağlı əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bu səbəbdən Şəki Rayon Məhkəməsinə müraciət edərək Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, 50 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(075)- 1139/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Lakin arxiv arayışında göstərilənlər əmək kitabçasında qeyd edilmədiyindən həmin illərin sosial sığorta stajına daxil etməkdən imtina etmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazı: İddiaçının iddia tələbinin hüquqi əsası yoxdur və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, iddiaçı iddia ərizəsində 1992-ci il tarixdən 1996-cı il tarixədək “Qafqaz” və “Fizuli” adına kolxozlarda fəhlə işlədiyini qeyd etmişdir. Yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2017-ci il tarixdən yaranmışdır. Bu səbəbdən o, DSMF-nin Şəki rayon şöbəsinə müraciət edərək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin şöbə tərəfindən “Fizuli” adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən və arxiv arayışında adının səhv qeyd edilməsi ilə bağlı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, şöbə tərəfindən verilən imtina qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının əmək kitabçasında xx.xx.1971-ci ildən xx.xx.1992-ci ilə qədər “Çənlibel” adına kolxozda işlədiyi qeyd edilmişdir. İş günü normasının kişilər üçün 200 gün müəyyən edilməsinə baxmayaraq, 1971-ci ildə iş günü norması 146 gün, 1975-ci ildə 37 gün, 1992ci ildə 121 gün göstərilmişdir. Bu səbəbdən də, “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx xxxxxxxx 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur. Qanunun 67-ci maddəsində qeyd olunur ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İddiaçının “Qəbələ” və “Fizuli” adına kolxozlarda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Milli Arxiv İdarəsinin Qəbələ filialı tərəfindən verilmiş arxiv arayışına əsasən 1992-ci ildə 61 gün, 1993-cü ildə 296 gün, 1994-cü ildə 90 gün, 1995-ci ildə 334 gün və 1996-cı ildə 265 gün faktiki iş günü müəyyən olunmuşdur. Tərəfimizdən Milli Arxiv İdarəsinin Qəbələ filialına iddiaçının minimum əmək iştirakı normasının neçə ay (gün) olması barədə məlumat verilməsi üçün sorğu göndərilmişdir. Sorğunun cavabına əsasən Qəbələ rayonunda 1992-1996-cı illərdə fəaliyyət göstərən “Qafqaz” və “Fizuli” adına kolxozlarda iş günü norması barədə məlumat aşkarlanmadı. Müqayisə üçün digər kolxozların müvafiq sənədlərinə baxış keçirilərkən 1992-1996-cı illərdə iş günü normasının kişilər üçün 210 gün olması müəyyən edildi. Bu səbəbdən də, iş günü normasının 210 gün müəyyən edilməsinə baxmayaraq iddiaçının 1992-ci ildə 61 gün, 1994-cü ildə 90 gün faktiki iş günü müəyyən olunmuşdur. Belə ki, faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı göstərilən qaydada müəyyən ediləcək. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddiaçının 25 illik sosial sığorta stajı yaranmır və bu səbəbdən də, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxarıda qeyd edilənləri, AR MPM-nin 154-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, xahiş edirik ki, İddiaçı 2-1(116)315/2020 saylı inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edəsiniz. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 50 nömrəli Arxiv arayışından görünür ki, İbrahimov Məhəmməd (Məmmədalı) 1992-1996-cı il tarixlərdə “Qafqaz” və “Fizuli” adında kolxozda işləmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)1139/2019 nömrəli qətnaməsindən görünür ki, Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 50 nömrəli Arxiv arayışının ərizəçi İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli 2(107)-2869/2018 nömrəli qərardadından görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və ərzəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı xx xxxx 1971-ci il tarixdən xx xxxxx 1992-ci il tarixədək Laçın rayonu Çənlibel kolxozunda, 1992-1996-cı illərdə Qəbələ rayonunda həmin vaxt mövcud olmuş Qafqaz və Füzuli adına kolxozlarda işləməsi hüquqi faktlarının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı 1992-1996-cı illərdə Qəbələ rayonu Qafqaz və Fizuli adına kolxozlarda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbi ilə Məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı ərizəsində hansı səbəbdən bu cür iddia ilə Məhkəməyə müraciət etməsini göstərməmiş, digər sosial sığorta stajları barədə məlumat verməmişdir. Həmçinin hansı əsasla xx.xx.1954-cü il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması xahiş edilməsi naməlumdur. İş materiallarında olan Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 103 nömrəli məktubundan görünür ki, Qəbələ rayonunda 1992-1996-cı illər üzrə fəaliyyət göstərən “Qafqaz” və "Füzuli” adına kolxozlarda iş günü norması barədə məlumat aşkarlanmamışdır. Müqayisə üçün Arxivdə saxlanılan “Yeni yol” və “Bakı fəhləsi” adına kolxozların müvafiq sənədlərinə baxış keçirilərkən 1992-1996-cı illərdə iş günü normasının kişilər üçün 210 gün olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının xx.xx.2020-ci il tarixli etirazından görünür ki, Milli Arxiv İdarəsinin Qəbələ filialı tərəfindən verilmiş arxiv arayışına əsasən 1992-ci ildə 61 gün, 1993-cü ildə 296 gün, 1994-cü ildə 90 gün, 1995-ci ildə 334 gün və 1996-cı ildə 265 gün faktiki iş günü müəyyən olunmuşdur. Milli Arxiv İdarəsinin Qəbələ filialına iddiaçının minimum əmək iştirakı normasının neçə ay (gün) olması barədə məlumat verilməsi üçün sorğu göndərilmişdir. Sorğunun cavabına əsasən Qəbələ rayonunda 1992-1996-cı illərdə fəaliyyət göstərən “Qafqaz” və “Fizuli” adına kolxozlarda iş günü norması barədə məlumat aşkarlanmadı. Müqayisə üçün digər kolxozların müvafiq sənədlərinə baxış keçirilərkən 1992-1996-cı illərdə iş günü normasının kişilər üçün 210 gün olması müəyyən edildi. Bu səbəbdən də, iş günü normasının 210 gün müəyyən edilməsinə baxmayaraq iddiaçının 1992-ci ildə 61 gün, 1994-cü ildə 90 gün faktiki iş günü müəyyən olunmuşdur. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********1 nömrəli imtina məktubu, AZE seriyalı 16837488 nömrəli şəxsiyyət vəsiqəsi məlumatları, Şəki şəhər (rayon) Polis Şöbəsininxx.xx.2019-cu il tarixli 189-28481- 1219 nömrəli məktubu və 2 nömrəli əlavə,Azərbaycan Respublikasının Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2019-cu il tarixli 33/7330 nömrəli məktubu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının xx.xx.2020-ci il tarixli etirazı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-1115/2019 nömrəli qərardadı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-315/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “1992-ci il tarixdən 1996-cı il tarixədək Qəbələ rayonu Qafqaz və Fizuli adına kolxozlarda işlədiyi müddətin sosial sığorta stajına daxil etməklə, hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-315/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, 1992-ci il tarixdən-1996-cı il tarixədək Qəbələ rayonu “Qafqaz” və Fizuli” adma kolxozlarda işlədiyi müddətin sosial sığorta stajına daxil etməklə, hüququ yarandığı tarixdən yəni xx.xx.2017-ci tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-315/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qeyd edilən qərar qəbul edilərkən maddi hüquq normaları pozulduğundan ləğv edilməlidir. O, bu qərarı əsassız və ədalətsiz hesab edir. Belə ki, Məhkəmə qərar qəbul edərkən qanuni qüvvəyə minmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini nəzərə almamış, hətta iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi iş materillarına əlavə edilməmişdir və ya əlavə edilsə də hüquqi qiymət verilməmişdir (o dəqiqləşmə ərizəsi poçtla göndərmişdir). İş materillarından görünür ki, 1971-ci il tarixdən “Çənlibel “ adma ət-südlük kolxozunda çoban kimi fəaliyyət başlamışdır. 1992-ci il tarixdə öz ərizəmə əsaən işdən azad edilmişdir. Bu işin mübahisələndirilməyən halıdır. Bu fakt ona məxsus əmək kitabçamda öz əksini tapır. Laçın rayonu işğal edildikdən sonra ailəmlə birlikdə Qəbələ şəhərində məskunlaşmışıq. 1992-ci il tarixdən-1996- cı il tarixədək Qəbələ rayonu “Qafqaz” və Fizuli” adma kolxozlarda işləmişdir. Bu fakt isə Şəki Rayon Məhkəməsinin qətnaməsi ilə öz əksini tapmışdır. Məhkəmə iddia tələbini rədd etməkdə digər kolxozlarda olan iş gününün 210 gün olmasını nəzərə alaraq analogiyaya uyğun olaraq onun Qəbələ rayonunda “Qafqaz” və Fizuli” adma kolxozlarda işlədiyi illərində 210 gün olması qənaətinə gəlmişdir. İşə baxan məhkəmənin belə bir qənaətə gəlməsi hüquq normalarına ziddir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-315/2020 saylı qərarını tamamilə ləğv edərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-315/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-315/2020 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək düzgün hesab etmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək Pensiyaları haqqında Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ərizəsində hüququ yarandığı tarixi xx.xx.1954-cü il qeyd etsə də, birinci instansiya məhkəməsi bunu texniki səhv kimi qəbul etmişdir. Belə ki, iddiaçı artıq bir dəfə məhkəmədə “1992-1996-cı illərdə Qəbələ rayonu “Qafqaz” və “Fizuli” adına kolxozlarda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia qaldırmış, sonradan ərizəsinə geri götürdüyü üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli 2- 1(84)-1115/2019 saylı qərardadı ilə işin icraatına xitam verilmişdir. İddiaçının “Qəbələ” və “Fizuli” adına kolxozlarda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Milli Arxiv İdarəsinin Qəbələ filialı tərəfindən verilmiş arxiv arayışına əsasən 1992-ci ildə 61 gün, 1993-cü ildə 296 gün, 1994-cü ildə 90 gün, 1995-ci ildə 334 gün və 1996-cı ildə 265 gün faktiki iş günü müəyyən olunmuşdur. İş materiallarında olan Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 103 nömrəli məktubundan görünür ki, Qəbələ rayonunda 1992-1996-cı illərdə fəaliyyət göstərən “Qafqaz” və “Fizuli” adına kolxozlarda iş günü norması barədə məlumat aşkarlanmamışdır. Müqayisə üçün digər kolxozların müvafiq sənədlərinə baxış keçirilərkən 1992-1996-cı illərdə iş günü normasının kişilər üçün 210 gün olması müəyyən edilmişdir. İddiaçının əmək kitabçasında xx.xx.1971-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Çənlibel adına kolxozlarda işlədiyi dövrlə bağlı qeydlərdə düzəlişlər qaralama şəklində aparılmış, 43-cü səhifədə 1-ci qeyddə “tarixli” sözündə “t” və “r” hərfləri, “və” bağlayıcısında “v” hərfi ilk olaraq latın, sonra isə düzəliş edilərək kiril əlifbası ilə yazılmış, düzəliş barədə müvafiq qeydlər yazılmamışdır. Bu da birinci instansiya məhkəməsinə belə qənaətə gəlməyə düzgün əsas vermişdir ki, iddiaçının əmək kitabçası sonradan doldurulmaqla heç bir ilkin sənədlərə (əmr kitabları və s.) əsaslanmadan yazılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəməm təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2014-cü il tarixli qərarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslı deyil. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-315/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar