Məhkəmə qərarları › İş №2-1(107)-107/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-107/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-107/2022 02.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli evin 17 nömrəli mənzilinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(116)-323/2022 nömrəli qərarından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28.06.1996-cı il tarixli 594 nömrəli sərəncamına əsasən, Mingəçevir şəhəri Natəvan küçəsindəki 30/3 nömrəli evin, yaşayış sahəsi 53,13 kv.m olan, 4-cü mərtəbədə yerləşən 4 otaqlı 17 nömrəli mənzilinin İddiaçı verilməsi qərara alınmışdır. Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatı tərəfindən İddiaçı adına 03.07.1996-cı il tarixli 005220 nömrəli order verilmişdir. Orderdə göstərilmişdir ki, İddiaçı 3 nəfərdən ibarət ailəsi ilə birlikdə qeyd olunan mənzili tutmağa ixtiyarı vardır. Orderdə ailənin tərkibi qrafasında İddiaçı, onun həyat yoldaşı Lətifə Qəribovanın, qızları Mədinə Əliyevanın və Nərminə Əliyevanın adları qeyd olunmuşdur. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasport verilməsini xahiş etmiş, lakin cavabdeh 16.02.2021-ci il tarixli **********62 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, sözügedən mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının tikintisi başa çatdırılmadığı üçün bina istismara qəbul edilməmiş və Mingəçevir Şəhər İcra Hakimiyyətinin balansına verilməmişdir. Ona görə də mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün deyildir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli evin 17 nömrəli mənzili Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28.06.1996-cı il tarixli 594 nömrəli sərəncamı ilə ona verilmiş, onun adına 03.07.1996-cı il tarixli 005220 nömrəli order tərtib edilmişdir. Binaya kommunal xidmətlər tam şəkildə verilmiş, mənzildə yaşayanlar yaşayış yeri üzrə qeydiyyatdadırlar. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, həmin mənzil onun mülkiyyətinə verilməlidir. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı 11.10.2021-ci il tarixli **********02 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Şəki İnzibati Məhkəməsinin 29.11.2021-ci il tarixli qərardadı ilə Mingəçevir Şəhər İcra Hakimiyyəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs Mingəçevir Şəhər İcra Hakimiyyəti iddiaya qarşı rəsmi münasibət (etiraz) bildirməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28.06.1996-cı il tarixli 594 nömrəli sərəncamından görünür ki, Mingəçevir şəhəri Natəvan küçəsindəki 30/3 nömrəli evin 17 nömrəli mənzilinin İddiaçı verilməsi qərara alınmışdır. İşdə olan, Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatı tərəfindən verilmiş 03.07.1996-cı il tarixli 005220 nömrəli orderdən görünür ki, həmin order İddiaçı adına verilmişdir və onun 3 nəfərdən ibarət ailəsi ilə birlikdə qeyd olunan mənzili tutmağa ixtiyarı vardır. İşdə olan, cavabdehin 16.02.2021-ci il tarixli **********62 nömrəli imtina məktubundan görünür ki, sözügedən mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının tikintisi başa çatdırılmadığı üçün bina istismara qəbul edilməmiş və Mingəçevir Şəhər İcra Hakimiyyətinin balansına verilməmişdir. Ona görə də mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün deyildir. İşdə olan, Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Kombinatının 14.12.2021-ci il tarixli 351 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli bina 6 giriş hissədən və 5 mərtəbədən ibarətdir. Həmin binanın 30 mənzili yaşayış üçün tam yararlıdır, lakin 4-cü, 5ci və 6-cı giriş hissəsi 3-cü mərtəbəyədək natamam tikilidir. Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli bina Mənzil-Kommunal Təsərrüfatı Kombinatının balansında deyil. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 18 yanvar 2022-ci il tarixli, 2- 1(116)-323/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli evin 17 nömrəli mənzilinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil Şəki İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(116)-323/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilərək Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli evin 17 nömrəli mənzilinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(116)-323/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İddia tələbi əsassızdır. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində deyilir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; - mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Eyni zamanda, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsindən görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (01.10.2009-cu ilədək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. İşdən görünür ki, iddiaçının özəlləşdirmək istədiyi mənzil Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28.06.1996-cı il tarixli sərəncamı ilə ona verilmiş, hətta iddiaçının adına 03.07.1996-cı il tarixli order də verilmişdir. İddiaçı hal-hazıradək həmin mənzildə yaşayır. Məhkəmə kollegiyasnın sorğularına cavab vermiş Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısının 04 may 2022-ci il tarixli, 713 nömrəli və "xxxx" MMC-nin 25 aprel 2022-ci il tarixli, 100/01-01-98 nömrəli cavab məktubları ilə müəyyən olundu ki, Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli yaşayış binası Mingəçevir şəhər İcra Hakimiyyətinin balansında deyil. Həmin evin tikilməsinə 1991-ci ildə başlamış və 1998-ci il iyul ayında tikintisi başa çatırılmadan dayandırılmışdır. Həmin bina hal-hazırda "xxxx" MMC-nin balansındadır. Məhkəmə kollegiyası Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli yaşayış binasına, o cümlədən özəlləşdirilməsi tələb olunan 17 saylı mənzilə 29 aprel 2022-ci il tarixdə yerində baxış keçirərək müəyyən etdi ki, həmin mənzil 6 giriş hissədən ibarətdir. Binan 3 giriş hissəsi olan bir tərəfi tam tikintisi başa çatırılmış 5 mərtəbədən ibarətdir. Binanın 17 saylı mənzili orta təmirlidir, qaz, işiq, su ilə tam təmin edilmişdir. Yaşayış üçün yararlıdır. Binanın 3 giriş hissəsindən ibarət digər hissəsinin tikintisi 2-ci mərtəbədə yarımçıq saxlanılmış və başa çatdırılmamışdır. Lakin bununla yanaşı, müəyyən edildi ki, mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının tikintisi başa çatdırılmadığı üçün bina bugünədək istismara qəbul edilməmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Kombinatının 14.12.2021-ci il tarixli 351 nömrəli arayışı ilə müəyyən edildi ki, Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli bina 6 giriş hissəsindən, 5 mərtəbədən ibarətdir, binanın 30 mənzili yaşayış üçün tam yararlıdır, lakin 4-cü, 5ci və 6-cı giriş hissələri 3-cü mərtəbəyədək natamam tikilidir, vətəndaşların sənədləri yalnız orderdən ibarətdir, həmin bina Mənzil- Kommunal Təsərrüfatı Kombinatının balansında deyil. Yuxarıda qeyd olunduğu kimi, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq, mənzili özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı tərəfindən həmin mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verilməli və vətəndaş yaşadığı mənzili özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə həmin arayışı (2 №-li forma) əlavə etməlidir. Lakin iddiaçının yaşadığı mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binası natamam tikili olması səbəbindən həmin təşkilatın bu mənzillə bağlı arayış (2 №-li forma) vermək öhdəliyi yoxdur. Göründüyü kimi, iddiaçı mənzilin özəlləşdirilməsi üçün cavabdehə təqdim etməli olduğu sənədlərin hamısını ("Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) təqdim edə bilmir. Belə olan halda isə, mənzilin özəlləşdirilməsi mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(116)-323/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar