Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-109/2020 04.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən, məruzəçi) Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Dövlət Sosial Müdaiə Fondunun Şəki Şəhər Şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi 6 il müddəti və 1979-1992-ci illərdə Şəki rayonu Aydınbulaq kənd Üzümçülük sovxozunda işlədyi 9 il 6 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2019-cu il tarixindən ona pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)- 1484/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. 1979-1991-ci illərdə Aydınbulaq kənd üzümçülük sovxozunda, 1992-ci ildə isə Aydınbulaq kolxozunda işləmişdir. Bu barədə Dövlət X11 tərəfindən xx.xx.2019-cu il tarixli 895 nömrəli arxiv arayışı verilmişdir. Həmçinin xx.xx.2006-cı il tarixdən 18 yaşadək əlil olan oğluna qulluq etmişdir. 56 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən ona 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin olunması üçün sənədlərini Şəki Regional «Asan Xidmət» Mərkəzi vasitəsilə DSMF Şəki şəhər şöbəsinə təqdim etmişdir. Lakin şöbə tərəfindən göndərilmiş məktubda tələb olunan 25 il stajı və ya pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Odur ki, iddiaçı məhkəməyə müraciət edərək, “xx.xx.1992-ci il tarixdən və xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddəti və xx.xx.2019-cu il tarixli 895 nömrəli arxiv arayışına əsasən, 1979-1992-ci illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında iddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, “xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi 6 il müddəti və 1979-1992-ci illərdə Şəki rayonu Aydınbulaq kənd Üzümçülük sovxozunda işlədyi 9 il 6 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2019-cu il tarixindən pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İ.Cabbarov) xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)- 1485/2019 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdehin üzərinə iddiaçıya xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi 6 il müddət və 1979-1992-ci illərdə Şəki rayonu Aydınbulaq kənd Üzümçülük sovxozunda işlədyi 9 il 6 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2019-cu il tarixindən ona pensiya təyin olunmasıöhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində 3 yaşınadək uşağa qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Belə ki, iddiaçı həmin dövrdə heç bir sosial sığorta haqqı ödəməmişdir. Bundan əlavə vətəndaşın əmək stajını təsdiq edən sənəd əmək kitabçası olduğundan, iddiaçının əmək kitabçası olmadığından kolxozda işlədiyi dövrün onun sığorta stajına daxil edilməsi arxiv arayışına əsasən müəyyən edilməsi də mümkün deyildir. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, qanunun normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara iddiaçının Şəxsiyyət Vəsiqəsinin (AZE seriyalı, ********) surəti, Dövlət X11nın xx.xx.2019-cu il tarixli 895 nömrəli arxiv arayışı, Şəki ŞİH Başçısının Aydınbulaq kəndindəki nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 318 nömrəli arayışı, İV-ЖГ seriyalı 309881 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin, Xİİİ-ЖГ seriyalı 391640 nömrəli, AZ-İ seriyalı 407333 nömrəli, Xİİİ-ЖГ seriyalı 286117 nömrəli, XİX-ЖГ seriyalı 273096 nömrəli, XVİ-ЖГ seriyalı 432536 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinin xx.xx.2017-cı il tarixli **********3 nömrəli arayışı, Cavabdeh xx.xx.2019-ci il tarixli imtina məktubu, Cavabdeh xx.xx.2019-cu il tarixli **********5 nömrəli münasibəti, Cavabdeh 2016-cı il tarixli aktı, 007003 nömrəli uşağın TSEK-də müayinə aktından çıxarışın surəti, DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubu, apelyasiya şikayəti və digər sənədlər daxildir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPMin 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçının hazırkı iddianın qaldırılmasında hüquqi marağı mövcuddur. Belə ki, iddiaçının tələbi ona pensiyanın təyin edilməsi ilə bağlıdır, tələb təmin olunduğu halda o pensiya almaq hüququ əldə edəcəkdir. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçı 1979-1992-ci illərdə Şəki rayonu Aydınbulaq kənd Üzümçülük sovxozunda işləmişdir. İddiaçının qeyd olunan illərdə Şəki rayonu Aydınbulaq kənd Üzümçülük sovxozunda işləməsi Dövlət X11 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 895 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır. Həmin sənəd iddiaçının iş stajını təsdiq edir. İş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli **********5 nömrəli məktubundan görünür ki, iddiaçının uşaqlıqdan əlil uşağın anası kimi yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cu ildə yaranmışdır. İddiaçının mübahisələndirilməyən stajı xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinə qədər sağlamlıq imkanı məhdud uşağına qulluq etdiyi 12 il 6 ay sosial sığorta stajıdır. İşdə olan İV-ЖГ seriyalı 309881 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin, Xİİİ- ЖГ seriyalı 391640 nömrəli, AZ-İ seriyalı 407333 nömrəli, Xİİİ-ЖГ seriyalı 286117 nömrəli, XİX-ЖГ seriyalı 273096 nömrəli, XVİ-ЖГ seriyalı 432536 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərindən görünür ki, iddiaçı xx.xx.1986-cı ildə X2 ilə nikaha daxil olmuş, nikahdan 5 övladı olmuşdur. xx.xx.1992-ci ildə doğulan X1 və xx.xx.1995-ci ildə doğulan X6 qulluq etdiyi müddətdə işləməmişdir. İddiaçı xx.xx.1992-ci il tarixdən və xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrdə 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etmişdir. Cavabdeh inzibati orqanın məhkəmə kollegiyasına ünvanladığı xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubundan müəyyən edilir ki, İddiaçı 9 il 6 ay sığorta stajı Dövlət X11 tərəfindən verilmiş 895 saylı arxiv arayışına əsasən Şəki rayon Üzümçülük sovxozunda 1979- 1992-ci illərdə işlədiyi 116 ay əmək haqqında görə hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdehin mübahisələndirdiyi iddiaçının 1979-1992-ci illərdə Şəki rayonu Aydınbulaq kənd Üzümçülük sovxozunda işləməsi ilə bağlı arxiv arayışının sığorta stajı üçün əsas olaraq qəbul edilməməsi yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə görə əsassız hesab olunur və iddiaçının həmin sovxozunda işləməsi Dövlət X11 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 895 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan əlavə qeyd edilən üzümçülük sovxozunda işləyən şəxslərin əmək norması illik minimum əmək iştirakı norması ilə deyil, ödənilən aylıq əmək haqqı üzrə nəzərə alınmış və cavabdeh inzibati orqan iddiaçının sığorta stajının müddətini hesablayaraq məhkəmə kollegiyasına təqdim etmiş, iddiaçının 116 ay yəni 9 il 6 ay sığorta stajının olması müəyyən edilmiş, məhkəmə də həmin sənədə əsaslanmışdır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir, orada iddiaçının işlədiyi illər və həmin vaxt aldığı əmək haqqı barədə məlumatlar müfəssəl göstərilmişdir. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bununla yanaşı işdən müəyyən edilir ki, iddiaçı xx.xx.1992-ci ildə doğulan X1 və xx.xx.1995ci ildə doğulan X6 qulluq etdiyi müddətdə işləməmişdir. İddiaçı xx.xx.1992-ci il tarixdən və xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrdə 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üstüstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Kollegiya aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan əlavə iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi pensiya yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. İddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinə qədər sağlamlıq imkanı məhdud uşağı olan xx.xx.2003-cü il təvəllüdlü X3 xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinə qədər qulluq etdiyi 12 il 6 ay sosial sığorta stajı mövcuddur. Bu faktı cavabdeh inzibati orqan qeyd edilən sığorta stajı müddətini mübahisələndirməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası hazırkı iddia tələbinə tətbiq edilən qanunvericilik normalarını nəzərdən keçirib hesab edir ki, iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi pensiya yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuş, onun xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinə qədər sağlamlıq imkanı məhdud uşağına qulluq etdiyi 12 il 6 ay, körpə uşaqlarına qulluq etdiyi 6 il və sovxozda işlədyi 9 il 6 ay toplandıqda onun cəmi 28 il sosial sığorta stajı olacaqdır ki, bunun da nəticəsində ona pensiya təyin olunması üçün lazım olan 25 il sığorta stajı tamamlanacaqdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki,iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi 6 il müddət və 1979-1992-ci illərdə Şəki rayonu Aydınbulaq kənd Üzümçülük sovxozunda işlədyi 9 il 6 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2019-cu il tarixindən ona pensiya təyin olunması öhdəliyi qoyulmalıdır. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının müraciəti ilə bağlı cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bəhs olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)-1484/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-109/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-109/2020
04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver