Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-109/2021 22.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən, 57 yaşdan pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsinə” dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1669/2020 nömrəli qərardadı ilə iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən, 57 yaşdan pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1960-cı ildə Şəki rayonu Orta Zəyzid kəndində anadan olmuş və hazırda yuxarıda göstərilən ünvanda pasport qeydiyyatındadır. Yaşadığı ünvan üzrə orta məktəbi bitirdikdən sonra əvvəlki Şəki Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1978-xx.xx.1980-cı il illərdə 2 il 2 gün hərbi xidmətdə olmuşdur (Hərbi bilet № 3580903). Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1980-cı ildə X1 (PMK-13) ikinci dərəcəli fəhlə peşəsinə qəbul olunmuş (Əmr № 11682/xx.xx.1980) və xx.xx.1980xx.xx.1980-cı ilədək həmin müəssisədə 1 ay 23 gün fəhlə işləmişdir. Bundan sonra iddiaçı müəssisənin əmri ilə qaynaqçı ixtisası üzrə kursa göndərilmişdir. Ukrayna SSR Nazirlər Soveti yanında Texniki Təhsil Komitəsində xx.xx.1980-xx.xx.1981-ci illərdə 5 ay 19 gün qaynaqçı ixtisası üzrə kurs keçmişdir (şəhadətnamə № 6696). Kursu bitirdikdən sonra PMK-13-də elektrik qaynaqçısı peşəsinə qəbul olmuş (Əmr № 3392/xx.xx.1981) və həmin müssəsidə elektrik qaynaqçısı kimi xx.xx.1981-xx.xx.1981-ci ilədək 5 ay 18 gün müddətində işləmiş və öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 9351/xx.xx.1981). Bundan sonra Şəki rayon Orta Zəyzid kənd “Lenin” adına kolxozda avtogen qaynaqçısı peşəsində qəbul olmuşdur. Bu barədə Kolxozun xx.xx.1981-ci il tarixli 7 nömrəli kolxoz idarə heyəti iclas protokolundan çıxarış mövcuddur və həmin kolxozda 17 il 2 ay 13 gün avtogen qaynaqçısı işləmişdir. Eyni zamanda Respublika Dövlət Arxinin Şəki filialının təqdim etdiyi "Orta Zəyzid” X2 Komissiyasının xx.xx.2003-cü il tarixli 01 nömrəli arayışında bildirilmişdir ki, təsərrüfatda olan kolxoz üzvlərinin idarə binasının 1961-ci ildə yanması ilə əlaqədar olaraq 1955-1958-ci illərin və 1991-ci ildə həmin binanın İİ dəfə yanması ilə əlaqədar olaraq 1987-1990-cı illərin şəxsi hesab kitabçaları yandığından həmin sənədlər arxivə təhvil verilməmişdir. Ona görə də arxiv arayışında 1987-1990-cı illərdə iddiaçının işlədiyi dövrün əmək haqqı və günlər göstərilməmişdir. Bundan əlavə Orta Zəyzid kənd baxçasında 1994-2004-cü ilin avqust ayınadək 9 il 8 ay müddətində gözətçi peşəsində işləmişdir. Bu müddətin 1994-1998-ci illərə aid hissəsi kolxozda işlədiyi dövrlə eyni vaxta təsadüf edir. Bundan sonra 2011-ci ilin sebtyabr ayından bugünədək iddiaçı "xxxx” ASC-də elektrik quraşdırıcısı kimi əmək fəaliyyəti göstərmiş və hazırda da həmin təşkilatda işləyir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1669/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən, 57 yaşdan pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixdə qərardad qəbul edərək iddiaçının yalnış cavabdeh orqana qarşı iddia qaldırmasını, bu cür tələblərə görə DSMF-nin rayon şəhər şöbələrinin cavabdeh olmaması, iddiaçının hazırkı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməli qənaətinə gəlmiş və bununla da inzibati prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış, iddia ərizəsinin mümkünsüzlüyü barədə gəlinən nəticənin aydınlaşdırılmasında və iddia tələbində yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində iddiaçıya yardım göstərmək əvəzinə iddia ərizəsinin mümkünsüz hesab edilməsi barədə nəticəyə gəlmişdir. İPM-nin 13-cü maddəsinin müddəalarından da göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi və'yol verilmiş digər xətaların aradan qaldırılmasında yardım etməyə borclu idi. Lakin nə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixdə qəbul etdiyi qərardadında, nə də protokolda İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya yardım etmək vəzifəsinə birinci instansiya məhkəməsi tərəfindən əməl olunması öz əksini apmamışdır. İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsi özündə, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi və yol verilmiş digər xətaların aradan qaldırılmasında yardım etməyə məhkəmənin borclu olmasını nəzərdə tutur və iddia ərizəsinin birbaşa olaraq mümkünsüz hesab edilməsi inzibati mübahisələrdə tətbiqi həmin maddənin müddəalarının tətbiqini əhəmiyyətsiz edir. İPM-in 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Beləliklə məhkəmə İPM-in göstərilən normalarının tələblərini nəzərə alaraq iddiaçıya yardım etmək vəzifəsini həyata keçirərək onun əsas niyyətini müəyyən etməli olduğu halda, bu xidməti vəzifəsini yerinə yetirməmiş, eyni zamanda işin aidiyyəti üzrə göndərilməsi barədə ərizəni yalnış şərh edərək, istinad etdiyi normanın əsaslarının mövcud olmamasına baxmayaraq iddia ərizəsinin geri qaytarılması barədə əsassız qərar qəbul etmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməli olması qənaəti də düzgün olmamışdır. Belə ki, İPM-nin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı hesab edir ki, işə baxan məhkəmə iddiaçının ərizəsinə münasibət bildirərkən və aidiyyət məsələsini həll edərkən İPM-in 8.1.4-cü ıddəsinə istinad etməlidir. Qeyd olunan halları nəzərə alaraq hesab edir ki, işə baxan məhkəmə iddiaçının ərizəsinə münasibət bildirərkən və aidiyyət məsələsini həll edərkən İPM-in 8.1.4-cü maddəsinə istinad etməlidir. Həmçinin birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixdən etibarən bu tip iddialar DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı yönəlməsi qənaətinə də hüquqi qiymət verilməsi zərurəti vardır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1669/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərardad qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayətini vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1669/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən, 57 yaşdan pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etmişdir ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının hazırkı tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməlidir. İnzibati orqanın həmin müraciətin təmin olunmasından imtina etməsi, yaxud da qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması məhkəməyə müraciət olunmasına əsas verir. İşdən görünür ki, iddiaçı hazırkı tələblə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına müraciət etmişdir. Lakin cavabdeh orqan məktubunda iddiaçıya bildirmişdir ki, güzəştli şərtlərlə əmək pensiyası hüququnun müəyyənləşdirilməsi üçün Qanunvericiliyə uyğun olaraq tələb olunan sənədlərini Şəki Regional “Asan Xidmət” Mərkəzinin əmək pensiyalarının təyin edilməsi bölməsi vasitəsi ilə Dövlət Sosial Müdafiə Fond publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına təqdim etməlidir. Buna baxmayaraq iddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmiş və həmin orqandan rəsmi olaraq imtina cavabı almış amma yalnış cavabdeh orqana qarşı iddia tələbi qaldıraraq məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019- cu il tarixli **********2 nömrəli əmri ilə Dövlət Sosial Müdafiə Fondunun “İri sığortaedənlərlə iş üzrə Departamenti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2003- cü il tarixli 133 nömrəli və “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamenti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 06 nömrəli əmrlər ləğv edilmiş, “Xüsusi şərtlərlə təyinat İdarəsi haqqında Əsasnamə” təsdiq edilmişdir. Dövlət Sosial Müdafiə Fondu üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən həyata keçirilməsi ilə bağlı bəzi tədbirlərin görülməsi haqqında” xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrdə isə qeyd olunmuşdur ki, 2019-cu il 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparılması ilə əlaqədar Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılır. İddiaçı xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, onun ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının) həyata keçirilməsi həmin tarixdən dayandırılmış, yəni həmin tarixdən Fondun rayon (şəhər) şöbələrinin bu tələblər üzrə cavabdeh olması istisna edilmişdir. Həmçinin iddiaçının nəzərinə çatdırılır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki tələblə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində iddia qaldıra bilər. Çünki hazırkı iddia Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.1, 8.1.2, 8.1.3 və 8.1.3-1-ci maddələrində nəzərdə tutulmuş aidiyyət qaydalarına uyğun gəlmədiyindən və iddia tələbinə cavab verən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hüquqi ünvanı olan Z.Bünyadov 43 ünvanı Bakı şəhərində yerləşdiyindən mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin yerləşdiyi yer (Bakı şəhəri, Z.Bünyadov 43) Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini mümkün saymamaqla prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1669/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının vermiş olduğu apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1669/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-109/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-109/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver