Məhkəmə qərarları › İş №2-1(107)-109/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-109/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-109/2023 02.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu, Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı Cəfər oğlunun və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cəfər oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan, yəni 57 yaşı tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(116)-1604/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, hüququnun yarandığı vaxtdan, yəni 57 yaşı tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının iddia ərizəsinə əlavə etdiyi NT-İ ******* nömrəli əmək kitabçasından və işlədiyi Yevlax NEM Mingəçevir filialından verilən güzəşt arayışından da göründüyü kimi iddiaçı 23 il Yevlax NEM-in Mingəçevir filialında qaynaqçı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısının ümumi peşələr bölməsində, 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının ümumi bölməsində, xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının "35" ümumi peşələr bölməsinin 19-cu sətr yarı bölməsində bilavasitə nəzərdə tutulur və işlədiyi bu peşə sahəsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********5 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə xx.xx.1981-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “X1” müəsisəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən qeyd olunan əmək stajını və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. Müvafiq sorğuya cavab olaraq adıçəkilən müəssisənin Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər filialında 1997-ci ilədək qeydiyyatda olduğu və həmin müddətdə fəaliyyət göstərməsi barədə sözügedən filiala hesabat təqdim etmədiyi və hüquqi ünvanı məlum olmadığı bildirilmişdir. Bu səbəbdən də xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığından iddiaçının ümumi iş stajı 25 ildən az (11 il 22 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1991ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 44640,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16187,84 manat təşkil edir. Qeyd edilənlərə əsasən əmək kitabçasına, iddiaçıya dair təqdim edilən sənədlərə və onlardakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırkı iş üzrə 1-ci və 2-ci şərtə əməl edilməmişdir. İlk növbədə 1 yanvar 2006-cı ildə iddiaçının 57 yaşı olmayıb. Həmçinin, iddiaçının Filiala təqdim etdiyi sənədlərində xx.xx.1981-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “X1” müəssisəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən İddiaçının qeyd olunan əmək stajı və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. Cavabdehin müvafiq sorğusuna cavab olaraq adı çəkilən müəssisənin DSMFin Mingəçevir filialında 1997-ci ilədək qeydiyyatda olduğu və həmin müddətdə fəaliyyət göstərməsi barədə sözügedən filiala hesabat təqdim etmədiyi və hüquqi ünvan olmadığı bildirilmişdir. Bu səbəbdən də xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrü iddiaçının əmək stajına daxil etmək olmadığından onun ümumi iş stajı 25 ildən az (11 il 22 gün (xx.xx.1979- xx.xx.1981-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Belə ki, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi iş stajı cəmi 11 il 22 gün təşkil edir. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının İddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. “Əmək pensiyaları haqqında" qanunun 9.1-ci maddəsini iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçıya münasibətdə 44.640,00 manat hesablanmışdır. İddiaçının isə cəmi pensiya kapitalı 16,187.84 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 30 noyabr 2022-ci il tarixli, 2- 1(116)-1604/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı vaxtdan, yəni 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq müraciət edilən xx.xx.2022-ci ildən əvvəlki 3 (üç) il üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(116)-1604/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı 15 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1981-xx.xx.2005-ci il tarixlərdə “X1” müəsisəsində işlədiyini iddia edir. Məsələnin obyektiv araşdırılması üçün tərəflərindən əmək stajının və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı sorğu göndərilmişdir. Müraciətlərinə verilən cavab məktubunda adıçəkilən müəssisənin Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər filialında 1997ci ilədək qeydiyyatda olduğu və həmin müddətdə fəaliyyət göstərməsi barədə Fondun Mingəçevir şəhər filialına hesabat təqdim etmədiyi, hüquqi ünvanının məlum olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrün İddiaçı əmək stajına daxil edilməsi mümkün olmamışdır. İş materiallarına əsasən İddiaçı ümumi iş stajı 25 ildən az (11 il 22 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. Əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 44640,00 manat hesablandığı halda qeydə alınan pensiya kapitalı cəmi 16187,84 manat təşkil edir. Fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, eləcə də ümumi iş stajının 25 ildən az olması səbəbindən müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı iddiası təmin olunmamalıdır. İddiaçı xx.xx.1981-xx.xx.2005-ci il tarixlərdə “X1” müəsisəsində işlədiyini iddia edir. Mərkəzi filialın 03 iyun 2022-ci il tarixli **********5 nömrəli imtina məktubuna əsasən qeyd edilən müəssisənin Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər filialında 1997-ci ilədək qeydiyyatda olduğu və həmin müddətdə fəaliyyət göstərməsi barədə Fondun Mingəçevir şəhər filialına hesabat təqdim etmədiyi, hüquqi ünvanının məlum olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrün İddiaçı əmək stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, eləcə də ümumi iş stajının 25 ildən az olması səbəbindən müraciətinin müsbət həlli mümkün olmamışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(116)-1604/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(116)-1604/2022 saylı iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını iddiaçının mübahisələndirdiyi iddia predmeti, cavabdehin isə apellyasiya şikayətində irəli sürdüyü dəlillər həddində araşdırmalıdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Birinci instansiya məhkəməsi iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad etmiş və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. İddiaçının 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli 99 nömrəli arayışında qeyd olunur ki, iddiaçı həqiqətən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. (1 il 11 ay 26 gün) X1 müəssisəsinin 60 nömrəli xx.xx.2021-ci il tarixli güzəştli arayışında qeyd olunur ki, iddiaçı həqiqətən tam iş günü ərzində ağır və zərərli iş şəraitində Yevlax NEM-in Mingəçevir filialında qaynaqçı işində işləmişdir. Onun tam iş günü ərzində ağır və zərərli iş şəraitində güzəştli əmək fəaliyyəti güzəştli iş stajı işini əhatə edir və aşağıda qeyd edilən qaydada olmuşdur: Yevlax NEM-nin Mingəçevir filialında xx.xx.1982-ci il tarixindən əmr №173/k qaynaqçı işində işləyib. xx.xx.2005-ci il tarixində müqavilə vaxtı qurtardığı üçün qaynaqçı işindən azad edilmişdir əmr 202/k. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın apellyasiya şikayətində qeyd etdiyi iddiaçının işlədiyi “X1” müəssisəsinin fəaliyyət göstərməməsi ilə bağlı dəlilinə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-121/2023 nömrəli, 18 yanvar 2023cü il tarixli qərarında da mövqe bildirilmişdir. Beləliklə, İddiaçı yuxarıda qeyd edilən illərdə iş günü ərzində ağır və zərərli iş şəraitində işləmiş, onun göstərilən illər ərzində tam iş günü işlədiyi peşə Azərbaycan Respubilkası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istesalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında xx.xx.1993-cü il larixli 320 nömrəli, 2004-cü il 5 tarixli 92 nömrəli və 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarında bilavasitə nəzərdə tutulur və güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququna təminat verir. Qərarlar üzrə: Azərbaycan Respubilkasının Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının ümumi peşələr bölməsinin (kod ********) rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərdə yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınlarının elektrik qaynaqçıları (kod 12100000-19905) bölməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının Qaynaq işlər bölməsinin (X köhnə) Avtomat və yarımavtomat maşınlarında işləyən elektrik qaynaqçısı (11 ci sıra) və Əllə qaynaq edən elektrik qaz qaynaqçısı, elektrik qaynaqçısı (12-ci sıra) bölməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının ümumi peşələr bölməsində (35-ci bölmə) rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınlanın elektrik qaynaqçıları sırası. 371582 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki,iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilədək təhsil almışdır. İddiaçıya məxsus xx.xx.1996-cı ildə doldurulmuş ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının iş illəri: xx.xx.1981-ci ildə X1 müəssisəsinə fəhlə işinə qəbul edilmiş; xx.xx.1982-ci ildə 173 nömrəli əmrlə qaynaqçı işinə keçirilmiş; xx.xx.2005-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. (cəmi 23 il 11 ay 20 gün) İddiaçının hərbi xidmət və əmək kitabçasında öz təsdiqini tapman qeydlərə əsasən cəmi 25 il 11 ay 16 gün iş stajı vardır. Birinci instansiya məhkəməsi cavabdehin imtinasında qeyd edilən dəlillərinə və işin tədqiq olunan hallarına münasibətdə düzgün qeyd etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” AR Qanununun 2017-ci ilin iyulun 1-dək qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir. Göstərilən normanın tələbinə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, iddiaçı hərbi xidmət müddəti də daxil olmaqla cəmi 25 il 11 ay 16 gün iş stajına malik olmaqla qanunvericiliklə müəyyən edilmiş 25 illik ümumi iş stajı tələbinə cavab vermişdir. İş materiallarına əlavə edilmiş güzəştli arayışlara əsasən müəyyən edilmişdir ki, iddiaçı işlədiyi illər ərzində ən azı xx.xx.1982-ci il tarixdən xx.xx.2005-ci il tarixədək tutduğu qaynaqçı vəzifəsi üzrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının ümumi peşələr bölməsinə (35-ci bölmə) əsasən rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınları ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçısı vəzifəsinə uyğundur, həmçinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarla təsdiq edilmiş siyahıda göstərilən kod 12100000-19905 vəzifəsinə uyğundur) 23 il 6 gün güzəştli iş stajına malik olmuşdur. Birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). Azərbaycan Respublikası Ali Məhkəməsinin anoloji iş üzrə eyni müəssisədə işləmiş digər şəxsə münasibətdə 2-1(102)-1332/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında da eyni mövqedən yanaşılmışdır. Cavabdeh iddiaçının müraciətinə imtinasını 25 il ümumi iş stajına malik olmaması ilə əsaslandırır ki, onun imtinasının əsasları işin faktiki halları və qanunvericiliklə təkzib olunur Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(116)-1604/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar