Məhkəmə qərarları › İş №2-1(107)-11/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-11/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-11/2024 24.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Qurbanov Fərman Məsim oğlu) “Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarından üçüncü şəxs Qurbanov Fərman Məsim oğlunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısının 15 avqust 1996-cı il tarixli, 172 nömrəli sərəncamı ilə Göyçay rayonu Potu kəndində yaşayan 24 nəfər şəhid ailəsinə, Qarabağ əlillərinə, kolxozçu və digər kateqoriyalı vətəndaşlara ehtiyaclarına uyğun torpaq sahəsi verilməsi məqsədilə 1.48 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair Potu bölgəsi üzrə nümayəndəliyin vəsatəti və “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 saylı müvəkkillər yığıncağının qərarı və siyahısı təsdiq edilmişdir. Həmin siyahının 8-ci sırasında şəhid ailəsi kimi iddiaçıya 0.08 ha həyətyanı torpaq sahəsinin ayrılması göstərilmiş, sözügedən torpaq sahəsinin hüdudları naturada tanıdılaraq iddiaçının istifadəsinə verilmiş və buna da müvafiq akt tərtib edilmişdir. Bundan sonra iddiaçı sözügedən torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. İş üzrə üçüncü şəxs Qurbanov Fərman Məsim oğlu iddiaçının qardaşı X38, X31 və X4 qarşı tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə yenidən daxil olmağa qadağa qoyulması, torpaq sahəsinə gedən tutulmuş su bərəsinin açılaraq bərpa edilməsi və torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun açılması tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddianın əsaslılığını yoxlamaq üçün iş üzrə ekspertiza təyin edərək rəy almışdır. Rəydən görünür ki, üçüncü şəxsin Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsi onun göstərdiyi yerdə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, sənəddə göstərilən torpaq sahəsinin koordinatları faktiki istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. İddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxsin mülkiyyətində olan 3.0234 ha torpaq sahəsinə dair tərtib edilmiş plan və ölçü sənədinin iddiaçıya məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş plan və ölçü sənədində göstərilmiş koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********12 nömrəli imtina məktubunda qeyd etmişdir ki, üçüncü şəxs Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilmişdir.

4. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********43 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilməsi nəzərə alınaraq, vətəndaşın ərizəsinin icrası mümkün olmamış və vətəndaşa bu barədə **********12 saylı məktub ünvanlanmışdır.

5. Qurbanov Fərman Məsim oğlunun mülkiyyət hüququnun dövlət qeydiyyatı müvafiq hüquqmüəyyənedici və texniki sənədlər əsasında elektron məlumat bazasına uyğun olaraq aparılmışdır.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatını aparan orqandır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi torpaq islahatı aparılan zaman yol verilmiş nöqsanlara görə heç bir məsuliyyət daşımır.

7. Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

8. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

9. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-1216/2020 nömrəli qərardadı ilə Qurbanov Fərman Məsim oğlu iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin vəkili və üçüncü şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 3 iyun 2021-ci il tarixli 2- 1(116)-149/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

14. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs Qurbanov Fərman Məsim oğlunun nümayəndəsi Nümayəndə həmin qərardan apellyasiya şikayəti vermişdir.

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli 2-1(107)-15/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 3 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli 2-1(107)-15/2022 nömrəli qərarından üçüncü şəxs Qurbanov Fərman Məsim oğlu kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 may 2023-cü il tarixli 2-1(102)-482/2023 nömrəli qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli 2-1(107)-15/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli protokol qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir.

18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

19. Üçüncü şəxs nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, Şəki inzibati Məhkəməsinin göstərilən iş üzrə qərarını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qərarda göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İlk əvvəl qeyd edir ki, X 730512.294 - Y 4499854.4, X 730541.876 - Y 4499842.2, X 730532.976 - Y 4499818.9, X 730503.386 - Y 4499831.1 koordinatlar Göyçay rayonu, Ə.Kərim adına kolxozun xx.xx.1996-cı il tarixli, 11 nömrəli müvəkillər yığıncağının qərarı ilə Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsinin koordinatları deyil, Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin X27 qanunsuz olaraq zəbt etdiyi 0.17 ha hissəsinin koordinatlarıdır. Göyçay rayon RİHB-nın Baş Memarı İ.Süleymanovun, Göyçay rayon Potu kənd bələdiyyəsinin sədri Z.İbrahimovun və Göyçay RİHB-nın Potu kənd İƏD üzər nümayəndəsi N.Vəliyevin torpaq sahəsinin koordinatlarının müəyyən etmək səlahiyyəti yoxdur, nə də ki texniki imkanları yoxdur. İddiaçı iddia ərizəsində bir neçə müxtəlif tələbləri birləşdirmiş, həmin tələblərdən biri ümumi məhkəməyə, digər isə inzibati məhkəməyə aid olmasına baxmayaraq, Şəki İnzibati Məhkəməsinin hakimi İlqar Cabbarov iddia tələbinin "Qurbanov Fərman Məsim oğluna məxsus 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ləğv edilməsi" ümumi məhkəməyə aid olan hissəsini qanunsuz olaraq araşdırmış və bununla da iddianın mümkünlüyünü müəyyən edən prosessual qanunvericliyin tələblərini pozmuşdur. Həmçinin qeyd edir ki, inzibati məhkəməyə aid olmayan tələb barədə iddia ərizəsini mümkün saymamalı olduğu halda, Şəki İnzibati Məhkəməsinin hakimi İlqar Cabbarov qanunsuz və əsassız olaraq iddianı mümkün sayaraq icraata qəbul edib mübahisəyə mahiyyəti üzrə baxmışdır. Məhkəmə iddia mümkün olmadığı halda, qanunsuz və əsassız olaraq üçüncü şəxs Qurbanov Fərman Məsim oğluna məxsus 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin qanuniliyini lüzumsuz olaraq yoxlamışdır. "X17" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 27 aprel 2021 -ci il tarixli rəydə Göyçay rayonu, Ə.Kərim adına kolxozun xx.xx.1996-cı il tarixli, 11 nömrəli müvəkillər yığıncağının qərarı ilə iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının adına ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsinin naturada istifadə vəziyyəti ilə ilkin ayrıc aktında göstərilən sərhədlərlə üst-üstə düşməməsinin dəqiq müəyyən edilməməsi onunla sübut olunur ki, iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının adına ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsinin yerində naturada ayrılmasına və vətəndaşlara təhkim edilməsinə dair ilkin ayrıc aktında (həmin akt Fəxriyyə Əzizovanın imzası ilə təsdiq edilmişdir) torpaq sahəsinin Göyçay rayonu Potu kəndində həyətyanı massivində yerləşməsini təsdiq edən istinad nöqtəsi göstərilmişdir. Belə ki, ilkin ayrıc aktında X12 ayrılan torpaq sahəsi 20X30 olmaqla ölçülərək onun özünə təhvil verilmiş, bu barədə akt tərtib edilmiş, həmin akta əsasən X12 ayrılan torpaq sahəsi şimaldan yol yeri, şərqdən qonşu Əzizov Babək, cənubdan əkin sahəsi və qərbdən əkin sahəsi olmaqla Göyçay rayonu Potu kəndində həyətyanı massivində yerləşir. **********21 reyestr nömrəli çıxarışa əsasən Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan 3.0262 ha torpaq sahəsi isə Göyçay rayon Potu kəndində əkin massivində yerləşir. Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan 3.0262 ha torpaq sahəsi ilə Əli Kərim adına kolxozun 11 iyun 1996-cı il tarixli 11 saylı müvəkillər yığıncağının qərarına əsasən (X19 da olmaqla) 24 nəfər Potu kənd sakinlərinə ayrılan 1,48 ha torpaq sahəsinin arasından kənddaxili yol keçir. Göründüyü kimi, "X17" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 27 aprel 2021-ci il tarixli rəy qanunsuzdur, həqiqəti əks etdirmir, həmin rəy işin faktiki hallarına uyğun deyil, həmin rəy mötəbər sübut kimi və ekspert rəyi kimi qiymətləndirilə bilməz, başqa sübutlarla ekspert rəyi təkzib edilir, ekspert qarşısında qoyulmuş suallar düzgün həll edilməmiş, müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən bilə-bilə yalan rəy verilmişdir. Hesab etmişdir ki, qeyd olunan boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilməli və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimdə iştirak edərək müsahibədən keçən, özəl məhkəmə eksperti şəhadətnaməsinə malik olan və barəsində məlumatlar Məhkəmə Ekspertiza Reyestrinə daxil olunan ekspertə həvalə edilməlidir. Hesab etmişdir ki, hazırkı mübahisə əmlak hüquqları ilə bağlı yarandığından və mübahisə predmeti olan plan-ölçü sənədi alqı-satqı müqavilələrinin nəticəsi olduğundan hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı idi. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilərək, Şəki İnzibati Məhkəməsinin 3 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

20. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, iddia ərizəsində qeyd olunan halları təsdiq edəcək sübutlar olmadığından Şəki İnzibati Məhkəməsinin 3 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarı ləğv olunmalıdır. Belə ki, məhkəmə tərəfindən araşdırmaq vəzifəsi tam şəkildə yerinə yetirilməmişdir. Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan 3.0234 ha torpaq sahəsi kənd təsərrüfatı kateqoriyasına, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli, 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsi isə yaşayış məntəqəsi kateqoriyasına aid torpaq sahəsidir. İddiaçının hüquqlarının qeydiyyata alınması öhdəliyi qoyulmuş torpaq sahəsinin kateqoriyası müəyyən edilmədən öhdəlik qoyulmuşdur. Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan 3.0234 ha torpaq sahəsinə dair əvvəlki mülkiyyətçilərin sənədləri ləğv edilmədən, Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan və **********21 reyestr nömrəsilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilmişdir. Ekspert kimi rəy vermiş “X17" MMC-nin sübut kimi mötəbərliyi şübhə doğuran rəyinə istinad olunaraq, öhdəlik qoyulmuşdur. Belə ki, “X17" MMC-nin istifadə etdiyi baza məlumatlarının mənbəyi məlum deyil. İş materiallarından da görünür ki, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq iddia tələbini təmin etmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 3 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul olunmasını xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə və üçüncü şəxsin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızı apellyasiya şikayətlərinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 3 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Qurbanov Fərman Məsim oğlu məhkəmə iclasına gəlməmişdir.

25. Məhkəmə kollegiyası üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis Nazim İbrahimov izahatında bildirdi ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunan, “X12 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsi ilə üçüncü şəxs Qurbanov Fərman Məsim oğlunun mülkiyyətinə verilərək **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin koordinatları məhkəmə tərəfindən təqdim olunan Göyçay rayonu Potu bələdiyyəsinin xəritəsində göstərilən ştrixlənmiş torpaq sahələri ilə üst-üstə düşmür.

27. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: 260577 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 iddiaçı X19 ilə nikah bağlamışdır. İddiaçı soyadını dəyişərək “Cəbrayılova” soyadını qəbul etmişdir. X37 filialının xx.xx.2019-cu il tarixli, 125 nömrəli arxiv çıxarışından görünür ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 172 nömrəli sərəncamı ilə Göyçay rayonu, Potu kəndində yaşayan 24 nəfər şəhid ailəsinə, Qarabağ əlillərinə, kolxozçu və digər kateqoriyalı vətəndaşlara ehtiyaclarına uyğun torpaq sahəsi verilməsi məqsədilə 1.48 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair Potu bölgəsi üzrə nümayəndəliyin vəsatəti və “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 saylı müvəkkillər yığıncağının qərarı və siyahısı təsdiq edilmişdir. Həmin siyahının 8-ci sırasında şəhid ailəsi kimi iddiaçıya 0.08 ha həyətyanı torpaq sahəsinin ayrılması göstərilmişdir. İddia ərizəsinə surəti əlavə edilən "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonu, Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. İddiaçının mülkiyyətinə verilmiş xx.xx.2019-cu İl tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsində tikililər mövcuddur. xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonu, Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun cavabdehlər tərəfindən istifadə edilməsi müəyyən edilmədiyindən qərardadın sualının cavablandırılması mümkün olmamışdır. Qeyd: Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X15 X30nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. JN-574 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Göyçay rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 39 nömrəli qərarı ilə X9 və onun ailə üzvlərinə (cəmi 3 nəfər) 0.91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Sonradan mülkiyyətçilər 0.91 ha torpaq sahəsini xx.xx.2012-ci il tarixli müqavilə əsasında alıcı X3 və sonuncunun adına MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarış tərtib edilmişdir. Həmçinin, Z.Yaqubovun adına A seriyalı 262097 nömrəli xx.xx.2018-ci il tarixli plan və ölçü sənədi tərtib edilmişdir. X32 xx.xx.2018-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.91 ha torpaq sahəsini Qurbanov Fərman Məsim oğluna satmışdır. JN-572 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Göyçay rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 39 nömrəli qərarı ilə X6 və onun ailə üzvlərinə (cəmi 3 nəfər) 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X2 torpaq sahəsini etibarnamə əsasında paylı mülkiyyətçilərin adından çıxış edərək xx.xx.2011-ci il tarixli müqavilə ilə alıcı X1 və sonuncunun adına MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış və AA seriyalı 004004 nömrəli xx.xx.2011-ci il tarixli plan və ölçü sənədi tərtib edilmişdir. Ş.Həsənova torpaq sahəsini xx.xx.2018-ci il tarixli ******* nömrəli müqavilə əsasında Qurbanov Fərman Məsim oğluna satmışdır. A seriyalı 370056 nömrəli xx.xx.2019-cu il tarixli plan və ölçü sənədinin təsdiq edilmiş surətindən görünür ki, 1.0262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qurbanov Fərman Məsim oğlunun mülkiyyətindədir. JN-573 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Göyçay rayon AİK-nın xx.xx.1998-ci il tarixli 39 nömrəli qərarı ilə 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X35 və onun ailə üzvləri X22 və X11 mülkiyyətinə verilmişdir. Maqsud Hacıyevin xx.xx.2001-ci il tarixdə vəfat etməsindən sonra xx.xx.2011ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmiş və şəhadətnaməyə əsasən X23 və X24 mərhumun vərəsələri olaraq müəyyən edilmişlər. Onların adına AA seriyalı 004102 xx.xx.2011-ci il tarixli plan və ölçü sənədi, həmçinin MA seriyalı ******* nömrəli xx.xx.2011ci il tarixli çıxarış tərtib edilmişdir. Adları qeyd olunan şəxslər xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən 1.0034 ha torpaq sahəsini X1 və sonuncunun adına MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışın və AA seriyalı 004143 nömrəli xx.xx.2011-ci il tarixli plan və ölçü sənədlərinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 1.0034 ha kənd təsərrüfatı təynatlı torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. Ş.Həsənova 1.0034 ha torpaq sahəsini xx.xx.2018-ci il tarixli ******* nömrəli müqavilə ilə alıcı Qurbanov Fərman Məsim oğluna satmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1726/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilən 30439 nömrəli ekspert rəyində qeyd edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-X34 LTİ-nin mütəxəssis rəyindən görünür ki, Göyçay rayonu, Potu kəndində yerləşən xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan 3.0262 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. İddiaçının mülkiyyətinə verilmiş xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsində tikililər mövcuddur. Ekspertizaya təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X34 LTİ-nin mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, **********21 nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 3.0282 ha torpaq sahəsinin 0.17 ha hissəsi cavabdeh X38 tərəfindən, 0.11 ha hissəsi X10 tərəfindən, 0.27 ha hissəsi X31 tərəfindən istifadə edilir. Göyçay rayonu Potu kəndində yerləşən xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan 3.0262 ha torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun cavabdehlər tərəfindən istifadə edilməsi müəyyən olunmur. xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan 3.0262 ha torpaq sahəsinə gedən su yolunun cavabdehlər tərəfindən tutulub-tutulmaması mütəxəssis tərəfindən cavablandırılmadığı üçün qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2020-ci il tarixli, 33/3968 nömrəli məktubundan görünür ki, iş üzrə üçüncü şəxs Qurbanov Fərman Məsim oğlunun dövlət sərhəddində hərəkət istiqaməti aşağıda göstərildiyi kimi olmuşdur: xx.xx.2017-ci ildə çıxış, xx.xx.2018-ci il tarixdə giriş, xx.xx.2018-ci il tarixdə çıxış, xx.xx.2019-cu il tarixdə giriş, xx.xx.2019-cu ildə çıxış, xx.xx.2020-ci ildə giriş, xx.xx.2020-ci ildə çıxış. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X17” MMC-nin ekspertlərinə tapşırılmış və işin icraatı ekspert rəyi məhkəməyə daxil olanadək dayandırılmışdır. Ekspert rəyi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərardadı ilə işin icraatı təzələnmişdir. Azərbaycan Respublikası “X17” MMC-nin xx.xx.2021-ci il tarixli 179 nömrəli ekspert rəyində qeyd edilir ki, iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında naturada və ərazinin ümumi xəritəsi üzərində aparılan ekspertiza tədqiqatı nəticəsində iddiaçıya Göyçay rayonu "Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsi ilə Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsi üst-üstə düşür. Həmin hissə AutoCad və ArcMap proqramları vasitəsilə tərtib olunan ortofoplanda aydın şəkildə göstərilmişdir. X8 əsasən (islahat dwg) Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədi ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edilməmişdir. Çıxarış və plan-ölçü sənədləri tərtib edilərkən qeyd olunan torpaq sahəsinin koordinatlarının naturaya nisbətdə koordinat sürüşməsi xətasına yol verilmişdir. Qeyd: xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən 3.02 ha torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyətilə uyğunsuzluq təşkil edir. Ərazinin ümumi xəritəsinə əsasən (kompleks yerquruluşu xəritəsi) JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd olunan torpaq sahələri ilə iddiaçıya Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. JN-572, JN-573 və JN-574 saylı Dövlət Aktlarının planı köhnə Pulkovo-42 koordinat sistemində tərtib olunmuşdur. Sonradan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bu kimi Dövlət Aktlarının məlumatlarını yeni koordinat sistemində (WGS-84) tərtib olunan Elektron Məlumat bazasına inteqrasiya edən zaman köhnə koordinat sistemində yığılan bütün daşınmaz əmlak elementləri (torpaq sahələrinin, çayların, kanalların, fərdi yaşayış evlərinin və s. kimi oriyentirlər) naturadakı coğrafi yerləşmə mövqeyi (məkan göstəriciləri) nəzərə alınmadan olduğu kimi köçürülmüşdür. Bu səbəbdən də müəyyən koordinat sürüşmələri xətası baş vermişdir. Eləcə də sözügedən torpaq sahələrində də ərazi üzrə koordinat sürüşməsi xətası yaranmışdır. İddiaçıya Göyçay rayonu "Ə.Kərim" adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsi iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının faktiki istifadə etdiyi 0.2350 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan, həmçinin iş materiallarına əlavə olunan **********21 reyestr nömrəli çıxarış və onun plan-ölçü sənədində qeyd olunduğu kimi, 3.0234 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyalı, uqodiyası əkin olmaqla kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmişdir. Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsi digər sahələrdən fiziki sərhədlə ayrılmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Şəki Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunan “X12 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin 713 kv.m hissəsinin X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0224 ha torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN- 574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarına uyğun tərtib edildiyi müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunan “X12 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin 12 kv.m hissəsinin “G.Əsədov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində” JN-573 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, ərazidə sənədlər işlənərkən torpaq sahələrinin koordinatlarında sürüşmə olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunan “X12 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin digər torpaq sahələrindən ancaq qərb istiqamətindən çəpərlə ayrılması müşahidə edilmişdir. Şəki Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunan “X12 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin “G.Əsədov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində” kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla əkin uqodiyalı, elektron bazada təqdim olunan, “X15 X30”ndə isə sözügedən torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla uqodiyası tikinti altında olan torpaqlar kimi göstərildiyi müəyyən edilmişdir. Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin “G.Əsədov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində” kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla əkin uqodiyalı olduğu müəyyən olunmuşdur. Qurbanov Fərman Məsim oğlunun adına olan plan və ölçü sənədində və ilkin sənədlərdə, yəni JN-572, JN-573 və JN-574 nömrəlin “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarında göstərilən torpaq sahələrinin yerquruluşunun, konfiqurasiyasının, plan və ölçüsünün “G.Əsədov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində” Qurbanov Fərman Məsim oğlunun nümayəndəsinin naturada göstərdiyi və faktiki istifadə etdiyi 2.8 ha torpaq sahəsinin 2.24 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin digər sahələrdən fiziki sərhədlə ayrılmadığı müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadının icrası ilə bağlı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, Şəki Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunan, “X12 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsi ilə üçüncü şəxs Qurbanov Fərman Məsim oğlunun mülkiyyətinə verilərək **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin koordinatları məhkəmə tərəfindən təqdim olunan Göyçay rayonu Potu bələdiyyəsinin xəritəsində göstərilən ştrixlənmiş torpaq sahələri ilə üst-üstə düşmür.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

30. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

31. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayətləri uğurlu olacaqdır.

32. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

33. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

34. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə fərdi yaşayış evi tikmək üçün 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. 3-cü şəxs tərəfindən JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd olunan torpaq sahələri alqı-satqı ilə əldə edildikdən sonra onun adına çıxarış və müvafiq plan-ölçü sənədi tərtib olunmuş, bundan sonra hazırkı iddiaçı ilə onun arasında mülki məhkəmə icraatı qaydasında mübahisə yaranmışdır. Halbuki 3-cü şəxs qeyd olunan torpaq sahələrini almamışdan əvvəl iddiaçının JN-572, JN-573 və JN574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd olunan mülkiyyətçilər ilə mübahisəsi olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərazinin ümumi xəritəsinə əsasən (kompleks yerquruluşu xəritəsi) JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd olunan torpaq sahələri ilə iddiaçıya Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. Lakin 0,08 ha həyətyanı torpaq sahəsi ilə Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsi üst-üstə düşür. Bunun səbəbi isə Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edilməməsi olmuşdur. Çıxarış və plan-ölçü sənədləri tərtib edilərkən qeyd olunan torpaq sahəsinin koordinatlarının naturaya nisbətdə koordinat sürüşməsi xətasına yol verilmişdir. Cavabdeh orqan özü də Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilməsini qeyd etmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

37. Belə ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 172 nömrəli sərəncamı və həmin sərəncamla təsdiq edilmiş siyahının mötəbərliliyi məhkəmə tərəfindən edilmiş sorğular vasitəsi ilə yoxlanılmış və Milli Arxiv İdarəsinin Göyçay Filialı tərəfindən verilmiş sənədlərlə təsdiqlənmişdir. Bununla yanaşı, torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair Aktda iddiaçının faktiki isitfadəsinə verilən sahə 0.06 ha göstərilmişdir. Göründüyü kimi, sərəncamla təsdiqlənmiş siyahıda göstərilən torpaq sahəsinin ölçüsü ilə faktiki iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü bir-birindən fərqlənir. Həmçinin, Aktda müvəkkillər yığıncağının qərarı ilə iddiaçıya torpaq sahəsi ayrıldığı qeyd olunsa da, müvəkkillər yığıncağının sözügedən qərarı ilə bağlı arxivdə məlumat aşkar edilməmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən sözügedən Aktda ona ayrılan torpaq sahəsinin ölçüsünün 0.06 olması mübahisələndirilməmiş, ona daha sonra 0.02 ha torpaq sahəsinin də ayrılmasına dair hər hansı sənəd təqdim edilməmişdir. Bundan başqa torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair Aktla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin aktın əsli iş materiallarında yoxdur (notarial təsdiq edilmiş surəti mövcuddur) və arxivdə aşkar edilməmişdir. Həmçinin iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik Planı ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin planın əsli iş materiallarında yoxdur (notarial təsdiq edilmiş surəti mövcuddur). Bundan əlavə, nəzərə alınmalıdır ki, Aktda torpaq sahəsinin ölçüsü 20 m x 30 m, Planda 25 mx 32 m, iş materiallarında olan “Tikinti və torpaq sahələrinin Baş Planında isə torpaq sahəsinin ölçüsü 40 m x 20 m göstərilmişdir (Baş Planın "xxxx" MMC tərəfindən verildiyi ehtimal olunur). Göründüyü kimi, torpaq sahəsinin quruluşu ilə bağlı iş materiallarında olan sənədlərdə uyğunsuzluqlar mövcuddur.

38. İş materiallarında olan Göyçay rayon Potu bələdiyyəsinin arayışında da iddiaçıya 0.06 ha torpaq sahəsinin ayrıldığı qeyd edilmiş, ayrılan torpaq sahəsinin sərhədləri şimaldan yol yeri, şərqdən qonşu Əzizov Babək, cənubdan əkin sahəsi və qərbdən əkin sahəsi - göstərilmiş, həmçinin arayışa əlavə olunan xəritədən çıxarışda iddiaçıya icra hakimiyyətinin qərarı ilə ayrılmış torpaq sahəsinin yeri göstərilmişdir. Bundan əlavə, iş materiallarında Milli Arxiv İdarəsinin Göyçay Filialı tərəfindən həyətyanı torpaq fondu üçün ayrılan 1.48 ha torpaq sahəsinə dair yerquruluşu planı təqdim edilmişdir.

39. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli 2-1(107)-15/2022 nömrəli qərarını ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 may 2023-cü il tarixli 2-1(102)-482/2023 nömrəli qərarında göstərilmişdir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddiaçıya ayrılan torpaq sahəsinin ölçüsünü müəyyən etməli (0.06 ha, yaxud 0.08 ha), həmin torpaq sahəsinin yerləşmə yerini dəqiqləşdirməli (bu zaman, Torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair Aktı və orada əks olunmuş sərhədləri, Göyçay rayon Potu bələdiyyəsinin Arayışına əlavə olunmuş xəritədən çıxarış və Milli Arxiv İdarəsinin Göyçay Filialı tərəfindən həyətyanı torpaq fondu üçün ayrılan 1.48 ha torpaq sahəsinə dair yerquruluşu planı nəzərə alınmalı, iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik Planının sözügedən sənədlərdəki məlumatlara uyğunluğu müəyyən edilməlidir) və sahənin dəqiq və həqiqi koordinatlarını müəyyən etməlidir.

40. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin naturada onun göstərdiyi ərazidə yerləşdiyi müəyyən olunsa da, konfiqurasiya fərqi və koordinat sürüşməsinin mövcudluğu müəyyən edilmişdir. Həmçinin, rəydə plan və ölçü sənədindəki koordinatlarla, faktiki vəziyyət arasında uyğunsuzluq olduğu qeyd edilmişdir. Həmin icraat çərçivəsində verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyi də mütəxəssis rəyi ilə oxşar məzmunludur.

41. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mütəxəssis rəyinin verilməsi üçün müraciət olunmuş, "xxxx" MMC tərəfindən bununla bağlı mütəxəssis ayrılsa da, tərəflərin iştirakı məhkəmə tərəfindən təmin edilmədiyindən mütəxəssis rəyinin verilməsi mümkün olmamış, məhkəmə tərəfindən isə mütəxəssis rəyinin əldə edilməsi istiqamətində əlavə tədbir görülməmiş, əvəzində “X17” MMC-dən ekspert rəyi alınmışdır. Həmin ekspert rəyində isə iddiaçıya Göyçay rayonu "Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi ilə Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin üst-üstə düşdüyü, üçüncü şəxsin mülkiyyətində olan 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ilkin sənədlərə, yəni JN-572, JN- 573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edilmədiyi, çıxarış və plan-ölçü sənədlərinin tərtib edilməsi zamanı qeyd olunan torpaq sahəsinin koordinatlarının naturaya nisbətdə sürüşməsinə yol verildiyi, plan və ölçü sənədində göstərilən 3.02 ha torpaq sahəsinin koordinatlarının faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil etdiyi, lakin JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarında qeyd olunan torpaq sahələri ilə iddiaçıya Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşmədiyi, iddiaçıya Göyçay rayonu "Ə.Kərim" adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsinin iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının faktiki istifadə etdiyi 0.2350 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsinin müəyyən olunduğu və Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin digər sahələrdən fiziki sərhədlə ayrılmadığı qeyd edilmişdir.

42. Bununla yanaşı həmin rəydə X8 əsasən (islahat dwg) Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ilkin sənədlərə, yəni JN-572, JN- 573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edilmədiyi, çıxarış və plan-ölçü sənədləri tərtib edilərkən qeyd olunan torpaq sahəsinin koordinatlarının naturaya nisbətdə koordinat sürüşməsi xətasına yol verilməsi də göstərilmişdir.

43. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusuna əsasən təqdim edilmiş Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən Şəki Apellyasiya Məhkəməsi tərəfindən təqdim edilmiş həmin sxemində ümumi iclas protokoluna uyğun olaraq vətəndaşlara ayrılmış 1.48 ha torpaq sahəsi göstərilmişdir. Lakin həmin yerquruluşu sxemində iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə vəziyyəti, koordinatları və dəqiq ölçüləri olmadığından mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.

44. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qiymətləndirilən “X17” MMC-nin xx.xx.2021-ci il tarixli 179 nömrəli ekspert rəyi ilə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışında göstərilənlər arasında ziddiyyətlər mövcud olduğundan məhkəmə kollegiyası qeyd edir ki, “X17” MMC-nin ekspert rəyində iddiaçıya verilmiş 0.08 ha torpaq sahəsinin sxematik Planında əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin 713 kv.m hissəsinin üçüncü şəxsin mülkiyyətində olan və 3.0224 ha torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyən edilməsi şübhə doğurur.

45. Belə ki, iş materiallarından da göründüyü kimi sərəncamla təsdiqlənmiş siyahıda göstərilən torpaq sahəsinin ölçüsü ilə faktiki iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü birbirindən fərqlənir. İddiaçı tərəfindən sözügedən Aktda ona ayrılan torpaq sahəsinin ölçüsünün 0.06 olması mübahisələndirilməmiş, ona daha sonra 0.02 ha torpaq sahəsinin də ayrılmasına dair hər hansı sənəd təqdim edilməmişdir.

46. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, inzibati orqan tərəfindən iddiaçının adına Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə verilmiş torpaq sahəsi əsasında “X12 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı” tərtib edilərkən torpaq sahəsinin koordinatlarının hansı əsaslarla, hansı meyarlarla və üsullarla müəyyən edilməsi göstərilmədiyindən kollegiya həmin sxematik planı sübut kimi mötəbər hesab etmir. Eyni zamanda iş üzrə təqdim edilmiş ekspert rəyləri də qeyd edilən sxematik plan əsasında verildiyindən, həmin rəylərlə sxematik plan əsasında müəyyən edilən hallara məhkəmə kollegiyası tənqidi yanaşır və sübut kimi qəbul etmir.

47. Həmçinin, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyində Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarına uyğun tərtib edildiyi müəyyən edilmişdir.

48. Yuxarıda qeyd olunan işin halları ilə bir daha sübut olunur ki, üçüncü şəxs Qurbanov Fərman Məsim oğluna ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması işin mübahisəsiz halıdır və iş materiallarında olan dövlət aktları, reyestrdən çıxarışlar və plan-ölçü sənədləri ilə də təsdiqlənir. İddiaçıya isə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi mümkün olmadığından belə olan halda müxtəlif kateqoriyalı iki torpaq sahəsinin naturada üst-üstə düşməsi məhkəmə kollegiyası tərəfindən inandırıcı hesab edilmir.

49. Bununla yanaşı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli 2-1(107)-15/2022 nömrəli qərarını ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 may 2023-cü il tarixli 2- 1(102)-482/2023 nömrəli qərarındakı göstərişləri nəzərə alan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilmişdir.

50. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadının icrası ilə bağlı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, Şəki Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunan, “X12 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsi ilə üçüncü şəxs Qurbanov Fərman Məsim oğlunun mülkiyyətinə verilərək **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin koordinatları məhkəmə tərəfindən təqdim olunan Göyçay rayonu Potu bələdiyyəsinin xəritəsində göstərilən ştrixlənmiş torpaq sahələri ilə üst-üstə düşmür.

51. Həmçinin, məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis Nazim İbrahimov izahatında da bildirdi ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunan, “X12 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsi ilə üçüncü şəxs Qurbanov Fərman Məsim oğlunun mülkiyyətinə verilərək **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin koordinatları məhkəmə tərəfindən təqdim olunan Göyçay rayonu Potu bələdiyyəsinin xəritəsində göstərilən ştrixlənmiş torpaq sahələri ilə üst-üstə düşmür.

52. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən cavabdeh inzibati orqan haqlı olaraq imtina etmişdir.

53. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətləri əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuş, məhkəmə inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutları maddi və prossesual normalara uyğun qiymətləndirmədən iddia tələbini təmin etməkdə haqlı olmamışdır.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

55. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs Qurbanov Fərman Məsim oğlunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 3 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Qurbanov Fərman Məsim oğlu) “Qurbanov Fərman Məsim oğlunun mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar