Məhkəmə qərarları › İş №2-1(107)-110/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-110/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-110/2020 03.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh və ya DSMF-in Şəki şəhər şöbəsi) qarşı “xx.xx.1980-ci il tarixindən xx.xx.1985ci il tarixədək Qırğızıstan SSR Kənd Təsərrüfatı Nazirliyi Oş Sovxoz-Texnikumunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2016-cı il tarixindən 6 uşaqlı ana kimi əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1177/2019 nömrəli qərarından DSMF-in Şəki şəhər şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxx 1962-ci il tarixdə Qırğızıstan Respublikasının Aravan rayonunda anadan olmuşdur. O, 1980-ci ildə Qırğızıstan SSR Kənd Təsərrüfatı Nazirliyi Oş Sovxoz- Texnikumuna qəbul olunmuş və 1985-ci il tarixdə həmin texnikumun Hidromeliorasiya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə xx xxxx 1985-ci ildə ona texnika-hidrotexnika ixtisası verilmişdir. 1980-1985-ci illərdə Qırğızıstan SSR Kənd Təsərrüfatı Nazirliyi Oş Sovxoz-Texnikumunda təhsil aldığı müddətin sosial sığorta stajı kimi hesablanması barədə DSMF-in Şəki şəhər şöbəsinə müraciət etmişdir. DSMF-in Şəki şəhər şöbəsi xx xxx 2018-ci il tarixdə 80/3-314 nömrəli məktubu ilə göstərmişdir ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tələb olunan 10 il sosial sığorta stajının olmadığına görə yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Hesab edir ki, təhsil aldığı dövrün qanunvericiliyinə əsasən ali təhsil müddəti də iş stajı kimi hesablanırdı. İddiaçı xx.xx.2019-cu il tarixli birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “xx.xx.1980-ci il tarixindən xx.xx.1985-ci il tarixədək Qırğızıstan SSR Kənd Təsərrüfatı Nazirliyi Oş Sovxoz-Texnikumunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2016-cı il tarixindən 6 uşaqlı ana kimi əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. DSMF-in Şəki şəhər şöbəsi xx.xx.2019-cu il tarixli məktubla iddia tələbinə münasibət bildirərək göstərmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən tələb olunan 10 il sosial sığorta stajı olmadığından əmək pensiyası almaq hüququ yaranmadığı barədə ünvanına rəsmi məktub göndərilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən cəmi 7 il 6 ay 8 gün sosial sığorta stajı müəyyənləşdirilmişdir. İddiaçı əmək pensiyası almaq hüququ olmadığı üçün çoxuşaqlı ana kimi yaşa görə sosial müavinət almaq üçün ərizə ilə şöbəyə müraciət etmiş və xx.xx.2019-cu il tarixdən 130 manat məbləğində sosial müavinət təyin olunmuşdur. İddiaçı 6 uşaqlı ana kimi əmək pensiyası yaşına 54 yaşı tamam olduğu xx.xx.2016-cı il tarixdə çatmışdır. İddiaçının 7 il 6 ay 6 gün sosial sığorta stajı, xx.xx.2019-cu il tarixə 5418,92 manat pensiya kapitalı vardır. İddiaçının 1980-1985-ci illərdəki əyani təhsil müddəti sosial sığorta stajına daxil edilərsə 12 il 3 ay sosial sığorta stajı yaranar. İddiaçıya sosial müavinət təyin olunduğundan əmək pensiyası sosial müavinət ödənişinin dayandırıldığı növbəti ayın 1-dən o halda həyata keçirilə bilər ki, vətəndaşın hazırkı qanunvericiliyə əsasən tələb olunan 25 il sosial sığorta stajı olsun. İddiaçının əmək kitabçası işə qəbul olunan vaxtı açılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1177/2019 nömrəli qərarı ilə iddia təmin edilərək DSMF-in Şəki şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.1980-ci il tarixindən xx.xx.1985-ci il tarixədək Qırğızıstan SSR Kənd Təsərrüfatı Nazirliyi Oş Sovxoz-Texnikumunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2016-cı il tarixindən 6 uşaqlı ana kimi əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-in Şəki şəhər şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xx xxxxxx 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.21.1-ci maddəsinə istinadən: «Qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, fiziki şəxslərin, hərbi qulluqçuların, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir».Bu maddəyə əsasən vətəndaş təhsil dövründə heç bir sosial sığorta haqqı ödəmədiyi üçün onun pensiya kapitalı “0”-a bərabər olur.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiKollegiyasının 2017-ci il tarixli 11 dekabr tarixli 17 №li Qərarı ilə təsdiqolunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununaəsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, birnövündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının sosialsığorta stajının hesablanması prosedurunda sosial sığorta stajına daxil ediləniş və ya digər fəaliyyət müddətləri müəyyən olunur. Bu Qaydalarda da əyanitəhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən xüsusi araşdırma aparılmadan iddia tələbi təmin edilmişdir. Belə ki, iddaçının əyani və ya qiyabi şəkildə təhsil alması araşdırılmamışdır. Məhkəmənin qərar hissəsində də iddiaçının təhsil aldığı illərin staja daxil edilməsi qeyd olunmuşdur. Həmçinin, texnikumda- orta ixtisas təhsili müəssisəsində orta təhsil bazasından təhsil müddətinin adətən 2 il 10 ay olduğu halda iddiaçının təhsil müddətinin 4 il 10 ay olması məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçının əmək kitabçasına əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ciil tarixədək Şəki üzüm emalı zavodunda işləməsi faktı Dövlət Arxivi Şəki filialında saxlanılan sənədlərə əsasən araşdırılmamış, Arxivə sorğu edilməmişdir.İddiaçıya xx.xx.2019-cu il tarixdən sosial müavinət təyin olunmuşdur. Lakin məhkəmə qərarında bu məsələyə diqqət yetirilməmiş, alınmış sosial müavinət məbləğinin bərpa olunması qeyd edilməmişdir. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1177/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1177/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq DSMF-in Şəki şəhər şöbəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara AZE seriyalı ******** nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2018-ci il tarixli 80/3-314 nömrəli imtina məktubu, ЗТ seriyalı 214684 nömrəli diplomun və tərcüməsinin təsdiqlənmiş surəti, xx.xx.1979-cu il tarixli НТ seriyalı ******* nömrəli iddiaçının əmək kitabçalarının təsdiqlənmiş surəti, DSMF-in Şəki şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubu, müavinət təyinatı üzrə Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli 823 nömrəli Qərarı, İV-ЖГ seriyalı 347317 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin, AZ-İ seriyalı 598541 nömrəli, XVİ- ЖГ seriyalı 341899 nömrəli, Xİİİ-ЖГ seriyalı 467131 nömrəli, XX-ЖГ seriyalı 304075 nömrəli, XİX-ЖГ seriyalı 273124 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surəti, **********9 nömrəli doğum haqqında şəhadətnamənin notaria təsdiqlənmiş tərcüməsi, AZ-İ seriyalı 598541 nömrəli, , AA seriyalı ******* nömrəli, AA seriyalı ******* nömrəli, AZE seriyalı 13258662 nömrəli, AZE seriyalı 17816194 nömrəli, AZE seriyalı 11568742 nömrəli, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrin surətləri, AZ-İİ seriyalı 282881 nömrəli nikah haqqında şəhadətnamənin surəti aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1177/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək DSMF-in Şəki şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.1980-ci il tarixindən xx.xx.1985-ci il tarixədək Qırğızıstan SSR Kənd Təsərrüfatı Nazirliyi Oş Sovxoz-Texnikumunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2016-cı il tarixindən 6 uşaqlı ana kimi əmək pensiyası təyin edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş iş materiallarından müəyyən edilir ki, İddiaçı xx xxxxx 1962-ci il tarixdə Qırğızıstan Respublikasının Aravan rayonunda anadan olmuşdur. O, 1980-ci ildə Qırğızıstan SSR Kənd Təsərrüfatı Nazirliyi Oş Sovxoz- Texnikumuna qəbul olunmuş və 1985-ci il tarixdə həmin texnikumun Hidromeliorasiya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə xx xxxx 1985-ci ildə ona texnika-hidrotexnika ixtisası verilmişdir. 1980-1985-ci illərdə Qırğızıstan SSR Kənd Təsərrüfatı Nazirliyi Oş Sovxoz-Texnikumunda təhsil aldığı müddətin sosial sığorta stajı kimi hesablanması barədə DSMF-in Şəki şəhər şöbəsinə müraciət etmişdir. DSMF-in Şəki şəhər şöbəsi xx xxx 2018-ci il tarixdə 80/3-314 nömrəli məktubu ilə göstərmişdir ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tələb olunan 10 il sosial sığorta stajının olmadığına görə yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. İddiaçının xx.xx.1980-ci il tarixindən xx.xx.1985-ci il tarixədək Qırğızıstan SSR Kənd Təsərrüfatı Nazirliyi Oş Sovxoz-Texnikumunda təhsil alması və 6 uşaqlı ana olması ЗТ seriyalı 214684 nömrəli diplom, nikah haqqında şəhadətnamə və doğum haqqında şəhadətnamələr ilə öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən halıdır. DSMF-in Şəki şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubundan görünür ki, iddiaçı 6 uşaqlı ana kimi əmək pensiyası yaşına 54 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdə çatmışdır. İddiaçının əmək kitabçasına əsasən cəmi 7 il 6 ay 8 gün sosial sığorta stajı var. İddiaçının əyani təhsil müddəti sosial sığorta stajına daxil edilərsə, 12 il 3 ay sosial sığorta stajı yaranar. İddiaçıya xx.xx.2019-cu il tarixdən 130 manat sosial müavinət təyin edilmişdir. Göründüyü kimi iddiaçının bu iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, təhsil illərinin sığorta stajına daxil ediləcəyi təqdirdə onun 6 uşaqlı ana kimi pensiya almaq hüququ yaranacaqdır. İddiaçının hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan normadan da göründüyü kimi iddiaçı 6 uşaqlı ana kimi əmək pensiyası yaşına 54 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdə çatmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli 1044 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu bəndində ali və orta ixtisas təhsili məktəblərində təhsil dövrü iş stajına daxil edilirdi. xx xxxxxxxx 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Apelyasiya şikayətinin xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əyani təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulmaması ilə bağlı dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, təhsil müddətinin sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğu dövrdə yox, 1980-1985-ci illərdə əldə etdiyindən və bu hüquq onun qazanılmış hüququ olduğundan yuxarıda qeyd olunan maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. Odur ki, apelyasiya şikayətinin həmin dəlili əsassızdır. Bununla yanaşı cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, texnikumda - orta ixtisas təhsili müəssisəsində orta təhsil bazasından təhsil müddətinin adətən 2 il 10 ay olduğu halda iddiaçının təhsil müddətinin 4 il 10 ay olması məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçının əmək kitabçasına əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Şəki üzüm emalı zavodunda işləməsi faktı Dövlət Arxivi Şəki filialında saxlanılan sənədlərə əsasən araşdırılmamış, Arxivə sorğu edilməmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdən sosial müavinət təyin olunmuşdur. Lakin məhkəmə qərarında bu məsələyə diqqət yetirilməmiş, alınmış sosial müavinət məbləğinin bərpa olunması qeyd edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin həmin dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının izahatından da müəyyən edildi ki, təhsil aldığı müəssisə 3 il 10 aylıq olmuş, iddiaçı 9-cu sinifdən həmin təhsil müəssisəsinə daxil olaraq 1985-ci ilə kimi təhsil almışdır. İddiaçının texnikumda 5 il təhsil almasının səbəbi isə 1984cü il tarixdə 4-cü kursda imtahan vermədiyinə görə 1 il kursda qalaraq əlavə təhsil alması olmuşdur. İddiaçının təhsil aldığı illər onun əmək kitabçasında da öz əksini tapmışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 7 il 6 ay 8 gün sosial sığorta stajı olmuş, təhsil müddəti kimi 3 il 10 ay müddət hesablandıqda belə onun 10 il ümumi stajı tamamlanır ki, bu da iddiaçının 6 uşaqlı ana kimi əmək pensiyası almaq hüququnun yaranması üçün kifayət edir. Belə ki, iddiaçının hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən ona 6 uşaqlı ana kimi əmək pensiyası hüququnun yaranması üçün 10 il sığorta stajının olması kifayətdir. İddiaçının isə 7 il 6 ay 8 gün sosial sığorta stajı olmuş, təhsil aldığı illərlə birlikdə 10 il sığorta stajını tamamlamış olmuşdur ki, bu da onun 6 uşaqlı ana kimi əmək pensiyası hüququnun yaranması üçün əsasdır. Apelyasiya şikayətində iddiaçının əmək kitabçasına əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Şəki üzüm emalı zavodunda işləməsi faktının Dövlət Arxivinin Şəki filialında saxlanılan sənədlərə əsasən araşdırılmadığını qeyd etmişdir. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubunda göstərmişdir ki, iddiaçı 6 uşaqlı ana kimi əmək pensiyası yaşına 54 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdə çatmışdır. İddiaçının əmək kitabçasına əsasən cəmi 7 il 6 ay 8 gün sosial sığorta stajı var. İddiaçının əyani təhsil müddəti sosial sığorta stajına daxil edilərsə, 12 il 3 ay sosial sığorta stajı yaranar. Göründüyü kimi, cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli məktubla iddiaçının 7 il 6 ay 8 gün sosial sığorta stajı olduğunu bildirmiş, lakin apelyasiya şikayətində iddiaçının işlədiyi xx.xx.1988-xx.xx.1991-ci illəri sosial sığorta stajı kimi qəbul etməmişdir. Lakin iddiaçıya məxsus olan əmək kitabçasında onun işlədiyi 7 il 6 ay 8 gün öz əksini tapmış və əmək kitabçasının mötəbər olmaması sübut olunmayana kimi qüvvədədir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. 46.3-cü maddəsinə əsasən, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Həmçinin, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.1980-ci il tarixindən xx.xx.1985-ci il tarixədək Qırğızıstan SSR Kənd Təsərrüfatı Nazirliyi Oş Sovxoz-Texnikumunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2016-cı il tarixindən 6 uşaqlı ana kimi əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki,DSMF-in Şəki şəhər şöbəsinin iddiaçının xx.xx.1980-ci il tarixindən xx.xx.1985-ci il tarixədək Qırğızıstan SSR Kənd Təsərrüfatı Nazirliyi Oş Sovxoz-Texnikumunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2016-cı il tarixindən 6 uşaqlı ana kimi əmək pensiyası təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də İPM-in 87.6-cı maddəsinə əsasən Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1177/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1177/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar