Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-110/2021 12.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X2 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "cavabdehin xx.xx.2020-ci il tarixli 1/M-11270 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1375/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1966-cı ildə Mingəçevir şəhərində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, N () nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 4 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək tibb xidməti rəisi vəzifəsinin icrasına başlamışdır. Həmin hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 6 nömrəli əmrində İddiaçı döyüş əməliyyatları bölgəsinə göndərilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivində saxlanılan N nömrəli hərbi hissə komandirinin dekabr N-ci il tarixli əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. İddiaçı ona müharibə veteranı adının verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi xx.xx.2020-ci il tarixli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına, eləcə də N nömrəli hərbi hissədə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.N-ci ildən həmin ilin payız aylarınadək N () nömrəli hərbi hissənin tərkibində Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Sonradan həmin hərbi hissənin təyinatı dəyişdirilərək hərbi polisə çevrilmiş, hərbi hissənin bir sıra şəxsi heyəti həmin vaxt ölkədə dövlət çevrilişinə cəhd etmək istəyən Surət Hüseynovun dəstəsinə qoşulduğuna görə o, məcbur qalaraq evinə qayıtmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli 11/4950 nömrəli etiraz məktubunda bildirmişdir ki, iddiaçı hərbi xidmətə N nömrəli hərbi hissədə başlamışdır. Lakin N nömrəli hərbi hissə döyüş tapşırığını yerinə yetirən hərbi hissələrin siyahısında yoxdur. Bundan başqa, iddiaçının hərbi biletində hərbi hissənin vəzifəli şəxsləri tərəfindən döyüş zonasında olması qeyd edilməmiş, o, birbaşa döyüşlərdə iştirak etməmiş və onun döyüş tapşırığını yerinə yetirməsi haqqında hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, iddiaçının özünün də iddia ərizəsində qeyd etdiyi kimi, özü qərar verib ki, hərbi hissə dağılıb və o, özbaşına evinə gedib. İddiaçının hansısa başqa hərbi hissədə xidmət keçməsi və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat və ya sübut yoxdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 11/4950 nömrəli etiraz məktubundan görünür ki, N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına, eləcə də N nömrəli hərbi hissədə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur. İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 1456 nömrəli məktubundan görünür ki, iddiaçı N-1994-cü illərdə Mingəçevir Şəhər Hərbi Komissarlığı tərəfindən səfərbərliklə hərbi xidmətə çağırılmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 3/2-514 nömrəli arayışına əsasən, iddiaçı xx.xx.N-ci ildən xx.xx.N-ci ilə kimi N () nömrəli hərbi hissədə xidmət etmişdir. İddiaçının xx.xx.N-ci ildən sonra N nömrəli hərbi hissədə xidmət keçməsi haqqında məlumat arxiv sənədlərində aşkar edilməmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-1375/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "cavabdehin xx.xx.2020-ci il tarixli 1/M-11270 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1375/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1 (116)-1375/2020 saylı qərarını qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, o, xx xxx N-ci ildən həmin ilin payız aylarına kimi N () saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yəni, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. N () №-li hərbi hissə komandirinin xx.xx.N-ci i! tarixli 4 №-li əmri ilə mən leytenan hərbi rütbəsi ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək tibb xidməti rəisi vəzifəsinin icrasına başlamışam. N () nömrəli hərbi hissə komandirinin xx xxx N-ci il tarixli 6 №-li əmri ilə döyüş əməliyyatları bölgəsinə -yəni Ağdərə istiqamətində gedən döyüşlərin olduğu bölgəyə göndərilmişdir. Həmin döyüşlərdə hətta erməni əsgəri X1 xidməti silahı ilə birlikdə əsir götürərərək təhvil vermişdir. Sonradan onun döyüşdüyü hərbi hissənin təyinatını dəyişərək hərbi polisə çevirdilər və həmin hərbi hissəsnin bir sıra şəxsi heyəti həmin vaxt ölkədə dövlət çevrilişinə cəhd etmək istəyən Surət Hüseynovun dəstəsinə qoşulduğundan o, da məcbur qalaraq evinə qayıtmışdır. Azərbaycan Respublikası Prokurorluğu Tərtər hərbi prokurorluğunun xx xxxx 2020-ci il tarixli 19HP2406 nömrəli məktubu ilə də öz təsdiqini tapır ki, onun hərbi xidmətlə bağlı barəsində heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. O, xidmət etdiyi 5-6 ay ərzində Azərbaycan Respublikasının suverenliyi və Ərazi bütövlüyü uğrunda gedən hərbi döyüşlərdə iştirak etmişdir. Hərbi əməliyyatlardan 28 il keçməsinə baxmayaraq müharibə veteranları üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edə bilmir. Müharibə veteranı vəsiqəsi ilə təmin olunmadığı üçün Azərbaycan Respublikası Müharibə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 1/M-11270 nömrəli məktubu ilə ona bildirilmişdir ki, sizə “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına, N nömrəli hərbi hissədə hərbi xidmətini və qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə arxiv sənədlərində məlumat olmadığına görə Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Lakin onun döyüşlərdə iştirakı iş üzrə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapır. Belə ki, N () nömrəli hərbi hissə komandirinin xx xxx N-ci il tarixli 6 №-li əmri ilə döyüş əməliyyatları bölgəsinə yəni Ağdərə istiqamətində gedən döyüşlərin olduğu bölgəyə göndərilmişəm. Onun hərbi biletinin 7-ci vərəqəsində də döyüşlərdə iştirak etdiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi sadəcə olaraq qərarında ona istinad etmişdir ki, İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında yoxdur, N nömrəli hərbi hissədə isə hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxılmağına dair sübut yoxdur. Buradan da görünür ki, birinci instansiya məhkəməsi formal olaraq iddiaya yanaşmış və obyektiv həqiqətin üzə çıxarılması üçün heç bir addım atmamışdır. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Hakimlər öz funksiyalarını qanuna uyğun, dəqiq, ağlabatan müddətlərdə, hər hansı üstünlüyə, ayrıseçkiliyə və ya qərəzliliyə yol vermədən həyata keçirməklə, qanunda nəzərdə tutulmayan fərqlər qoymadan işdə iştirak edən bütün şəxslərə hörmət göstərməklə, tərəflərin bərabərliyi və çəkişməsinə əməl etməklə, işlərə hərtərəfli və sübutların əsasında baxaraq hər kəsin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməlidirlər. X3 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı; X4rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir». “Həqiqət” anlayışı həmçinin hüquqda, xüsusilə prosessual hüquqda əhəmiyyət kəsb edən məsələlərdən biridir. Eyni zamanda, bu məsələ ilə bağlı hüquq nəzəriyyəsində və təcrübədə mübahisə doğuran bəzi məqamlar mövcuddur. Bir çox halda hüquqşünasların qarşısında belə suallar meydana çıxır: məhkəmə iş üzrə həqiqəti müəyyən etmək üçün fəallıq göstərməlidirmi və ya məhkəmə tərəflərin öz tələb və etirazlarını sübut etməsi zamanı çəkişmələrini müşahidə etməli və yalnız onlar tərəfindən təqdim olunan sübutlara əsaslanmalıdır? Məhkəmə hansı həqiqəti müəyyən etməlidir, formal və yaxud obyektiv (real) həqiqəti? Bu suallara cavab vermək üçün bir sıra mühüm məsələlərə aydınlıq gətirilməlidir. Konkret mülki işin baxılması və həll edilməsi zamanı həqiqətin müəyyən edilməli olması heç kim tərəfindən və heç bir zaman inkar edilməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1375/2020 saylı qərarı əsassız olduğu üçün ləğv edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1375/2020 nömrəli iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1375/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi dəlilləri ilə razılaşmır. Çünki o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "cavabdehin xx.xx.2020-ci il tarixli 1/M- 11270 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1375/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-110/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-110/2021
12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver