Məhkəmə qərarları › İş №2-1(107)-110/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-110/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-110/2023 01.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına qarşı “1303 manat 25 qəpik dövlət sosial sığorta haqqının **********877 nömrəli fərdi hesabında əks etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2-1(116)- 1638/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “1303 manat 25 qəpik dövlət sosial sığorta haqqının **********877 nömrəli fərdi hesabında əks etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək 1303 manat 25 qəpik dövlət sosial sığorta haqqının **********877 nömrəli fərdi hesabında əks etdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-502/2016 nömrəli qətnaməsi ilə "xxxx" ASC-dən ödənilməmiş əmək haqqı ayları üzrə 9787 manat, işdənçıxarma müavinatına görə 200 manat və istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzi 986.80 manat məbləğində pul məbləğinin iddiaçının xeyrinə tutulması qət edilmiş, qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının əmək haqqından 2010- 2015-ci illərdən qalmış qalıq borc olaraq cəmi 1303.25 manat pul məbləği "xxxx" ASC-nin AZ91AİİB******************** nömrəli hesabından cavabdehin AZ89CTRE******************** nömrəli hesabına köçürülmüşdür. Bundan sonra iddiaçı həmin məbləğin fərdi hesabında əks etdirilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

5. Cavabdeh orqan iddia tələbinə etirazını, həmin vəsaitin "xxxx" ASC-nin 2017-ci ilin 4-cü rübü üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarında qeyd olunmaması ilə əsaslandırmışdır.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 24 oktyabr 2022-ci il tarixli 2- 1(116)-1638/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, sığortaedən "xxxx" ASC tərəfindən 2017-ci ilin 4-cü rübü üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarda sığortaolunan iddiaçının məlumatları qeyd olunmadığı üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta altsistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. Sığortaolunan iddiaçının qeyd olunan məlumatlarının MEİS-in Sığorta (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümünə əlavə edilməsi üçün sığortaedən tərəfindən qeyd olunan dövr üçün məcburi dövlət sosial sığortası üzrə dəqiqləşdirilmiş hesabat əqdim edilməlidir. İddiaçı Fonda müraciət edərək Sabunçu Rayon Məhkəməsinin 5 sentyabr 2016-cı il tarixli 2(008)-502/2016 nömrəli qətnaməsinə əsasən ödənilmiş 1303,25 manat məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabına daxil edilməsini xahiş etmişdir. Fond xx.xx.2022-ci il tarixli məktubu ilə həmin müraciətə cavab olaraq bildirmişdir ki, 2017-ci ilin 4-cü rübü üzrə məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirlərinin, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında qeyd olunması üçün həmin dövr üzrə dəqiqləşdirilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabat” sığortaedən "xxxx" ASC tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat təqdim edildikdən və həmin hesabatda xx.xx.2017-ci il tarixdə ödənilmiş məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirləri barədə məlumatlar qeyd edildikdən sonra gəlirlərinin fərdi şəxsi hesabında əks olunması təmin ediləcəkdir. Qeyd olunanları nəzərə laraq müraciətdə qaldırılan məsələ ilə bağlı iddiaçının sığortaedən "xxxx" ASC-yə müraciət etməsi tövsiyə edilmişdir. Sığortaedən "xxxx" ASC tərəfindən 2017-ci ilin 4-cü rübü üzrə hesabatlar həmin dövrdə Fonda təqdim edilsə də, iddiaçıya hesablanmış əmək haqqı və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatlar həmin hesabatlarda əks olunmamışdır. Halhazırda iddia tələbində göstərilən 1303,25 manat məcburi dövlət sosial sığorta haqqının iddiaçının **********877 nömrəli fərdi hesabında əks etdirilməsi üçün "xxxx" ASC tərəfindən Dövlət Vergi Xidmətinə 2017-ci ilin 4-cü rübü üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim edilməlidir. Hesabatlar qəbul edildikdən sonra ödənilmiş 1303,25 manat məcburi dövlət sosial sığorta haqqının müvafiq fərdi hesabda əks etdirilməsi məsələsinə Fond tərəfindən baxıla bilər. Göründüyü kimi, iddiaçı "xxxx" ASC tərəfindən Dövlət Vergi Xidmətinə 2017-ci ilin 4-cü rübü üzrə dəqiqləşdirilmiş hesabat təqdim edilmədən bu iş üzrə Filialın cavabdeh qismində cəlb edilməsi barədə əsassız olaraq Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi işi tam araşdırmadan və cavabdehi dəqiqləşdirmədən əsassız qərar qəbul etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2-1(116)-1638/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2-1(116)- 1638/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2-1(116)-1638/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)- 502/2016 nömrəli qətnaməsindən görünür ki, "xxxx" ASC-dən ödənilməmiş əmək haqqı ayları üzrə 9787 manat, işdənçıxarma müavinatına görə 200 manat və istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzi 986.80 manat məbləğində pul İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-10216/2016 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-502/2016 nömrəli qətnaməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-2528/17 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2021-ci il tarixli (OD4) ödəniş tapşırığından görünür ki, iddiaçının əmək haqqından 22 faiz (1146,86 manat) 2010-2015-ci illərdən qalmış qalıq borc olaraq "xxxx" ASC-nin AZ91AİİB******************** nömrəli hesabından cavabdehin AZ89CTRE******************** nömrəli hesabına köçürülmüşdür. - xx.xx.2021-ci il tarixli (OD5) ödəniş tapşırığından görünür ki, iddiaçının əmək haqqından 3 faiz (156.39 manat) 2010-2015-ci illərdən qalmış qalıq borc olaraq "xxxx" ASC-nin AZ91AİİB******************** nömrəli hesabından cavabdehin AZ89CTRE******************** nömrəli hesabına köçürülmüşdür. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunması tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin, müraciəti təmin edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

15. Azərbaycan Respublikası “Sosial sığorta haqqında" Qanunun: 8-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. 14.1 və 14.2-ci maddələrinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

16. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2-1(116)-1638/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ödədiyi dövlət sosial sığorta haqqının **********877 nömrəli fərdi hesabında əks etdirilməsinə nail olmaqdır.

23. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-502/2016 nömrəli qətnaməsi ilə "xxxx" ASC-dən ödənilməmiş əmək haqqı ayları üzrə 9787 manat, işdənçıxarma müavinətına görə 200 manat və istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzi 986.80 manat məbləğində pul İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-10216/2016 nömrəli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-502/2016 nömrəli qətnaməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-2528/17 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixli (OD4) ödəniş tapşırığına əsasən, iddiaçının əmək haqqından 22 faiz (1146,86 manat) 2010-2015-ci illərdən qalmış qalıq borc olaraq "xxxx" ASC-nin AZ91AİİB******************** nömrəli hesabından cavabdehin AZ89CTRE******************** nömrəli hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli (OD5) ödəniş tapşırığına əsasən, iddiaçının əmək haqqından 3 faiz (156.39 manat) 2010- 2015-ci illərdən qalmış qalıq borc olaraq "xxxx" ASC-nin AZ91AİİB******************** nömrəli hesabından cavabdehin AZ89CTRE******************** nömrəli hesabına köçürülmüşdür. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, iddiaçı ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunması tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin, müraciəti təmin edilməmişdir. İddiaçının fərdi hesabında əks etdirilməsini tələb etdiyi 1303.25 manat pul məbləği xx.xx.2021-ci il tarixli (OD4 və OD5) ödəniş tapşırıqlarında qeyd edilmiş, 2010-2015-ci illərdən qalmış qalıq borc olaraq "xxxx" ASC-nin hesabından cavabdehin hesabına köçürülmüş pul məbləğidir (1146,86 + 156.39 manat).

24. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin vəsaitin müvafiq hesabatlarda əks olunubolunmamasından asılı olmayaraq, hər bir halda iddiaçıya ödənilməli olan pul məbləğindən tutulması və cavabdehin hesabına köçürülməsi işin mübahisəsiz halıdır. Cavabdeh orqanın sözügedən vəsaitin 2017-ci ilin 4-cü rübü üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarda öz əksini tapmalı olması ilə bağlı tələbi mahiyyətcə əsassız tələbdir. Belə ki, iddiaçı iddia tələbində əsaslı olaraq bildirir ki, həmin vəsait məhkəmə qətnaməsinin icrası qaydasında xx.xx.2021-ci ildə cavabdehin hesabına köçürüldüyündən, 2017-ci ilin 4-cü rübü üzrə təqdim olunmuş hesabatlarda öz əksini tapması ümumiyyətlə mümkün ola bilməzdi.

25. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı sözügedən vəsaitin fərdi hesabında əks etdirilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının iddiaçının 1303 manat 25 qəpik dövlət sosial sığorta haqqının **********877 nömrəli fərdi hesabında əks etdirilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

27. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2-1(116)-1638/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar