Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-110/2024 14.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə X5 filialına qarşı “hüququ yaranan 60 yaşı tamam olduğu xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2023-ci il tarixli, 2-1(116)-651/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə X5 filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququ yaranan 60 yaşı tamam olduğu xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinə əsasən o, xx.xx.1960-cı ildə Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olmuş, hazırda 62 yaşı var. O, xx.xx.1977-ci ildən xx.xx.1982-ci ilədək Bakı Neft Texnikumunda əyani təhsil almış, 1978-1980-cı illərdə hərbi xidmətdə olmuş, xx.xx.1981ci ildən əmək fəaliyyətinə başlamış və aşağıda qeyd etdiyi iş stajına malikdir. xx.xx.1981xx.xx.1982, xx.xx.1982-xx.xx.1984-cü illərdə ayrı-ayrı təşkilatlarda işləmiş, xx.xx.1984-cü ildən Azqaztikinti İdarəsində “Telman" adına sahəyə 3-cü dərəcəli çilingər olaraq işə qəbul edilmiş, sonra isə xx.xx.1985-ci ildə həmin idarədə 2-ci dərəcəli qaz qaynaqçısı, xx.xx.1988-ci ildə 4-cü dərəcəli qaz qaynaqçısı olaraq işləmiş və xx.xx.1994-cü ildə qaz qaynaqçısı işindən azad edilmişdir. xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək, xx.xx.2008-ci ildən xx.xx.2014-cü ilədək, xx.xx.2014-cü ildən hazıradək X3 İstismar İdarəsinin Şəki Rayonu üzrə Təmir Bərpa Xidmətində “6-cı dərəcə əl ilə elektrik qaynaqçısı” vəzifəsində işləyir. X3 İstismar İdarəsindən verilən və iddia ərizəsinə əlavə etdiyi xx.xx.2021-ci il tarixli 01/SB-64 saylı Arayışda onun işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli Qərarına əsasən təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ olan siyahıda nəzərdə tutulmuş peşədir və həmin sahədə 12 il 6 aydan çox iş stajı mövcuddur, ümumilikdə isə təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 30 ildən çox iş stajı var və hazıradək həmin sahədə işləməkdədir. İşlədiyi “əl ilə qaynaqda elektrik qaynaqçısı” vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən kateqoriyaya aiddir və onun 60 yaşı bitdiyi vaxta 30 il iş stajı vardır. 57 yaşı bitdiyi vaxtdan güzəştli şərtlə pensiya təyin edilməsi üçün müraciət etmiş, lakin onun hüququ həmin vaxt yaranmadığından tələbindən imtina edilmişdir.
3. Cavabdeh etirazında bildirmişdir ki, “İddiaçı iddia ərizəsində qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün qanunvericilikdə nəzərədə tutulan yaş həddinə (60 yaş) çatdığı və 30 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli iş stajının olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, iddiaçı daha öncə xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş və iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli **********3 nömrəli cavab məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsasları kimi iddiaçının ümumi iş stajının 21 il 5 ay 06 gün olmaqla, tələb olunan müddətdən (25 il) az olduğu, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi bildirilmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Qeyd etmək istəyirik ki, iddiaçı xx.xx.2020-ci il tarixdə 60 yaşına çatmışdır. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən onun mübahizəsiz qəbul edilən ümumi iş stajı 25 ildən az 21 il 5 ay 6 gün olmaqla aşağıdakı dövrlərdən ibarətdir: xx.xx.1978-xx.xx.1980-ci il tarixləri arasındakı dövrlər, xx.xx.1981-xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər, xx.xx.1982-xx.xx.1984-cü il tarixləri arasındakı dövrlər, xx.xx.1987xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər, xx.xx.1988-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 14 il 10 ay.
4. Belə ki, 2006-2022-ci illərə münasibətdə qeyd etməliyik ki, iddiaçının işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə (xx.xx.2006-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə cəmi - 16 il 9 ay 30 gün əmək fəaliyyətinə əsasən) cəmi 14 il 10 ay sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21,2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Bu səbəbdəndə qanunvericiliyin tələblərini nəzərə alaraq iddiaçının məcburi dövlət sosial sığorta haqları ödənilməyən əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Həmçinin qeyd edək ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33691,09 manat təşkil edir. Göründüyü kimi, İddiaçı ümumi iş stajı 21 il 5 ay 06 gün olmaqla qanunvericilikdə nəzərdə tutulan müddətdən azdır. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yasa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır”. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. 5 Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 15 noyabr 2023-ci il tarixli, 2- 1(116)-651/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddiaya etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2023-ci il tarixli, 2-1(116)-651/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2023-ci il tarixli, 2-1(116)-651/2023 nömrəli nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının hazırkı iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də tərəflər məhkəmə iclasında iştira etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
11. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - NZ seriyalı ******* nömrəli Hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Fərman oğlu 1978- 1980-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. - İT seriyalı ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlamış və xx.xx.1981- xx.xx.1982, xx.xx.1982-xx.xx.1984-cü illərdə ayrı-ayrı təşkilatlarda işləmiş, xx.xx.1984-cü ildən Azqaztikinti İdarəsində “Telman" adına sahəyə 3-cü dərəcəli çilingər olaraq işə qəbul edilmiş, sonra isə xx.xx.1985-ci ildə həmin idarədə 2-ci dərəcəli qaz qaynaqçısı, xx.xx.1988-ci ildə 4-cü dərəcəli qaz qaynaqçısı olaraq işləmiş və xx.xx.1994-cü ildə qaz qaynaqçısı işindən azad edilmişdir. xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək, xx.xx.2008-ci ildən xx.xx.2014-cü ilədək, xx.xx.2014-cü ildən hazıradək X3 İstismar İdarəsinin Şəki Rayonu üzrə Təmir Bərpa Xidmətində “6-cı dərəcə əl ilə elektrik qaynaqçısı” vəzifəsində işləyir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X4 filialının xx.xx.2022-ci il tarixli 787 nömrəli Arxiv Arayışından görünür ki, Şəki 8 nömrəli təmir tikinti sahəsinin işçi və qulluqçularının zəhmət haqqı cədvəllərinə əsasən İsmailov Natiq 1987,1988 və 1989cu illərdə əmək haqqı almışdır. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu; - “Azəriqaz” İB-nin xx.xx.2022-ci il tarixli arayışı.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 7. 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 29. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Maddə 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
15. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
16. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
17. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
18. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
19. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
22. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
23. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
24. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
25. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1. iddiaçı 60 yaşına çatmalıdır. 2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.
26. İddiaçının pensiyanın təyin edilməsini tələb etdiyi xx.xx.2020-ci il tarixində qüvvədə olan normalara əsasən pensiya kapitalı tələbi mövcud olmuşdur.
27. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çox (26 il 07 ay 24 gün), güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işlədiyi müddət 12 il 06 aydan artıq (12 il 8 ay 12 gün) olmaqla qedy edilən kimi hesablanmalıdır: xx.xx.1978 xx.xx.1980-ci ilədək Sovet Ordu sıralarında hərbi xidmət keçmiş; (2 il 1 ay 14 gün) xx.xx.1981 - xx.xx.1982-ci ilədək, Kirov adına Maşınqayırma zavodu; (1 il 2 ay 28 gün ) xx.xx.1982 - xx.xx.1984-cü ilədək DİŞ nəznində OVO gözətçi işləmiş; (1 il 2 ay 24 gün) xx.xx.1984 - xx.xx.1994-cü ilədək “Telman” adına Azqaztikinti İdarəsində çilingər və qaz qaynaqçısı işləmiş; (09 il 4 ay 16 gün) xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək, xx.xx.2008ci ildən xx.xx.2014-cü ilədək, xx.xx.2014-cü ildən tələb olunan xx.xx.2020-ci ilədək X3 İstismar İdarəsinin Şəki Rayonu üzrə Təmir Bərpa Xidmətində “6-cı dərəcə əl ilə elektrik qaynaqçısı” vəzifəsində; (cəmi 12 il 8 ay 12 gün).
28. İddiaçının pensiya kapitalı tələbinə dair cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçının 33877,06 manat pensiya kapitalının olduğu qeyd edilmişdir. Cavavdehin xx.xx.2023-cü il tarixli etiraz məktubundan görünür ki,iddiaçının xx.xx.1989-cu il tarixindən xx.xx.1994-cü ilədək işlədiyi dövr sosial sığorta stajına daxil edilməmişdir.Bu baxımdan da hesablanan 33877,06 manat pensiya kapitalı cavabdehin mübahisələndirmədən qəbul etdiyi sosial sığorta stajına uyğun hesablanmışdır.Məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1984-xx.xx.1994-cü ilədək “Telman” adına Azqaztikinti İdarəsində çilingər və qaz qaynaqçısı işlədiyi dövr onun sosial sığorta stajına daxil edildiyindən hesab edilir ki,onun pensiya kapitalı ümumi sosial sığorta stajına uyğun indeksləşdirilməklə 2020-ci il üçün tələb olunan minimum pensiya kapitalından-34560 manatdan artıqdır.
29. İddiaçının işlədiyi “əl ilə elektrik qaynaqçısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da nəzərdə tutulmuşdur.
30. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2020-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1960-cı ildə doğulub)..
31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
32. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə X5 filialına qarşı “hüququ yaranan 60 yaşı tamam olduğu xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə X5 Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2023-ci il tarixli, 2-1(116)-651/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.