Məhkəmə qərarları › İş №2-1(107)-111/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-111/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-111/2020 27.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mübariz Rahil oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinə qarşı "64 yaşının tamam olduğu xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1215/2019nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək (1 il 6 ay 4 gün) Bakı Soyuducular Zavodunda işləmişdir. İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (1 il 11 ay 26 gün) keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilədək (6 il 1 gün) Bakı Soyuducular Zavodunda, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək (1 il 1 ay) Azərbaycan SSR Səhiyyə Nazirliyinin "Azərtibbtexnika" X6 X2, xx.xx.1983-cü ildən xx.xx.1998-ci ilədək (14 il 10 ay) X3 və istilik Şəbəkələri Müdiriyyətində (sonrakı adı - X4 İdarəsi) işləmişdir. Bu hallar iddiaçının adına olan əmək kitabçasındakı və hərbi biletdəki qeydlərlə təsdiq olunur. Bundan başqa, onun əmək kitabçasında xx.xx.1998-ci ildən xx.xx.2004-cü ilədək (5 il 7 ay 5 gün) "Tair" kiçik müəssisəsində işləməsi də qeyd olunmuşdur. İddiaçı xx.xx.2019-cu ildə pensiya yaşına çatmışdır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmiş və xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubunda bildirmişdir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının, yaxud da 23040 manat pensiya kapitalının olması tələb olunur, iddiaçının isə tələb olunan miqdarda sığorta stajı və pensiya kapitalı yoxdur. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının 1995-1998-ci illərdə əmək haqqı alıbalmaması məlum olmadığına, eləcə də 1998-2004-cü illərdə "Tair" kiçik müəssisəsində əmək haqqı alması barədə arayış təqdim edilmədiyinə görə həmin dövrlər sığorta stajına daxil edilmir. Qalan sığorta stajının cəmi 20 il 10 ay təşkil edir ki, bu da pensiya təyin edilməsi üçün kifayət etmir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İddiaçının adına olan xx.xx.1972-ci il tarixli əmək kitabçası; - iddiaçının adına olan BB № 146904 nömrəli hərbi bilet. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1215/2019 saylı qərarı ilə (hаkim Vidadi Qasımov) iddia təmin edilmiş, İddiaçı 64 yaşının tamam olduğuxx.xx.2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin üzərinə qoyulmasıqərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsiŞəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1215/2019 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2019-cu il tarixli 2-1(84)-1215/2019 saylı qərarı ilə İddiaçı iddia tələbini təmin etmiş və «İddiaçı 64 yaşının tamam olduğu xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyası təyin edlməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin üzərinə» qoymuşdur. Aşağıdakı səbəblərdən ƏƏSMN yanında Cavabdeh Şəki İnzibati-İqtisadi Məhkəməsinin yuxarıdakı qərarının ləğv olunmasını zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xx xxxxxx 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. 21.1-ci maddəsinə istinadən: «Qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, fiziki şəxslərin, hərbi qulluqçuların, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir». Sosial sığorta stajı deyilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə vətəndaşın iş və digər fəaliyyət dövrləri başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnaməyə əsasən sosial sığorta stajının təsdiqi üçün dəqiqləşdirici arayışlar tələb olunur. İddiaçıdan 1995-1998-ci illərdə almış olduğu əmək haqqılar barədə arayış təqdim etməsi xahiş olunsa da, arayış təqdim olunmamışdır. Məhkəmə tərəfindən bu fakt araşdırılmamış, iddiaçının həmin dövrlərdə işləyərək əmək haqqı alıb-almaması müəyyənləşdirilməmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1215/2019nömrəli qərarının ləğv edilməsini və iddia tələbin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati-İqtisadiMəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1215/2019 nömrəli iş üzrə qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati- İqtisadiMəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1215/2019 nömrəli iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, İddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun 64 yaşa çatması, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının Bakı Soyuducular Zavodunda, Azərbaycan SSR Səhiyyə Nazirliyinin "Azərtibbtexnika" X6 X2, X3 və istilik Şəbəkələri Müdiriyyətində (sonrakı adı - X4 İdarəsi) işlədiyi və SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olduğu müddətləri topladıqda, iddiaçının sosial sığorta stajının cəmi 25 il 5 ay 1 gün təşkil edir, bu müddət isə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən, xx.xx.1992-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü də sığortaolunanın sığorta stajına daxil edilir. Cavabdehin etirazından göründüyü kimi, iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1998-ci ilədək işlədiyi X4 İdarəsində 1995-1998-ci illərin və "Tair" kiçik müəssisəsində işlədiyi bütün müddətin sosial sığorta stajına daxil edilməməsinin səbəbi həmin müddətlər üçün əmək haqqı alması barədə məlumatın təqdim edilməməsindən ibarətdir. Birinci instansiya məhkəməsi ilk növbədə iddiaçının X4 İdarəsində işlədiyi müddətin 1995-1998-ci illərə aid hissəsi ilə bağlı məsələyə qiymət verməyi zəruri bilmişdir. Cavabdehin dəlilinə görə, iddiaçının aldığı əmək haqqı barədə arxiv arayışında 1998ci ildə yalnız 3 ay, 1999-cu ildə yalnız 1 ay üçün əmək haqqı verildiyinə görə həmin 2 il üzrə cəmi 4 ay staj kimi qəbul edilə bilər. Birinci instansiya məhkəməsi bununla da razılaşmamış və qeyd etmişdir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsində aşağıdakılar müəyyən olunmuşdur: birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. üçüncü hissəsinə əsasən, iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; səkkizinci bəndinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddələrin tələbləri belə izah olunur ki, xx.xx.2002-ci ilədək olan dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına həmçinin o halda da daxil edilməlidir ki, əgər həmin dövrdə işcilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalıdır. Bu müddətə münasibətdə sosial sığorta haqlarının ödənilməməsi həmin müddətin şəxsin əmək stajına daxil edilməməsi üçün hüquqi əsas kimi qiymətləndirilməmişdir. Qanunvericiliyin əlaqəli təhlili o nəticəni yaradır ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqının alınması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi xx.xx.2002ci il tarixinə qədər olan müddətə münasibətdə zəruri olmamışdır. Şərh olunan hüquqi mövqe 2-1(102)-278/19 nömrəli başqa bir oxşar inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraqhesab etmişdir ki, iddiaçının 1998-ci ilin 9 ayında, 1999-cu ilin 11 ayında əmək haqqı almamasına və həmin aylar üçün ondan sosial sığorta haqqı tutulmamasına baxmayaraq, həmin illər bütövlükdə onun sosial sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1215/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Mübariz Hüseynov Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar