Məhkəmə qərarları › İş №2-1(107)-111/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-111/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-111/2023 02.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X2 Filialına qarşı “cavabdehin üzərinə iddiaçıya yaşa görə pensiya təyinatına yenidən baxılaraq iddiaçıya təyin edilmiş sosial pensiya sosial sığorta stajına uyğun olaraq yaşa görə əmək pensiyası ilə əvəzlənməsi iddiaçıya yaşa görə təyin ediləcək əmək pensiyasının pensiya yaşının çatdığı vaxtdan hesablanaraq ödənilən sosial pensiya çıxılmaqla ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1505/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X2 Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə iddiaçıya yaşa görə pensiya təyinatına yenidən baxılaraq iddiaçıya təyin edilmiş sosial pensiya sosial sığorta stajına uyğun olaraq yaşa görə əmək pensiyası ilə əvəzlənməsi iddiaçıya yaşa görə təyin ediləcək əmək pensiyasının pensiya yaşının çatdığı vaxtdan hesablanaraq ödənilən sosial pensiya çıxılmaqla ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, arxiv arayışı, əmək kitabçası və diplomda qeyd edilmiş müddətləri nəzərə almaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını, ümumi sosial sığorta stajının 23 il 6 ay 1 gün təşkil etməsini, tələb olunan 34560 manat pensiya kapitalına münasibətdə 18989,30 manat kapitalın olmasını və Ə.Bayramov adına sovxozda işlədiyi dövrün əmək kitabçasında qeyd olunmamasını bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina məktubunun dəlillərinə uyğun əsaslandırmışdır. Cavabdehin nümayəndəsi, birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 93 nömrəli arxiv arayışından görünür ki, iddiaçı, Ə.Bayramov adına sovxozun xx.xx.1976-cı il tarixli 201 №-li əmri ilə sovxoza sıravi fəhlə qəbul edilmiş, 1976-cı ildə oktyabr, dekabr, 1977-ci ildə yanvar, mart, aprel, may, iyun aylarında ödənilən əmək haqqları barədə hesablaşma kitablarında qeydiyyat aparılmış, 1977-ci ilin iyul dekabr aylarında işdən azad olma əmri və əmək haqqı aşkar edilməmişdir. - ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1979 – xx.xx.1980 (1 il 1 ay), xx.xx.1982 – xx.xx.2003 (21 il 4 ay). - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. БТ 605278 nömrəli diplomdan görünür ki, iddiaçı, xx.xx.1977-xx.xx.1979-cu illərdə (1 il, 9 ay 28 gün) Bakı Kitabxanaçılıq texnikumunda təhsil almışdır. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1505/2022 nömrəli saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin X2 Filialının üzərinə İddiaçı 25 il 28 gün sosial sığorta stajına uyğun olaraq, ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməklə, həmin tarixdən hesablanması və əmək pensiyası ilə sosial müavinət arasında yaranmış fərqin ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X2 Filialı Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1505/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçıya yaşa görə pensiya 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan yerdikdə sı qoda stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı azı 25 il sığorta stajına malik olmadığına, eləcə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (18905,27 manat pensiya hüququnun yarandığı tarixədək indeksləşdirilməklə) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə onun pensiya hüququ yaranmır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 05 aprel 2022-ci il tarixli müraciətinə Filialın 28 aprel 2022-ci il tarixli **********2 nömrəli imtina məktubu ilə aşağıda qeyd edilənlər əsas göstərilməklə imtina edilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasının və diplomun surətlərinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək təhsil dövrü nəzərə alınmaqla) 23 il 6 ay 1 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək 23 il 6 ay 1 gün sığorta stajına uyğun iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18905.27 manat. xx.xx.2021 -ci il tarixdən pensiya hüququ yaranan tarixədək 84.03 manat olmaqla ümumilikdə 18989.30 manat təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Beləliklə, iddiaçının təqdim etdiyi 605278 nömrəli diploma və ******* nömrəli əmək kitabçasına əsasən sığorta stajı aşağıdakı kimi müəyyən olunur: xx.xx.1977-ci il tarixdən xx.xx.1979cu il tarixədək təhsil aldığı dövr (1 İMO ay); xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Keyvəndi kənd kitabxanasında işlədiyi dövr (1 il 1 ay); xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək İsmayıllı rayon MKS-in metodika və bibleoqrafiya şöbəsində işlədiyi dövr (2 il 11 ay 17 gün); xx.xx.1985-ci il tarixdən xx.xx.2003-cü il tarixədək İsmayıllı rayon MKS-in komplektləştirmə və kitab üzləmə şöbəsində işlədiyi dövr (18 il 4 ay 16 gün); Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının ümumi sosial sığorta stajı 24 il 3 ay 2 gün təşkil edir (işlədiyi dövrlər mübahisələndirilmədikdə). Bununla belə, İddiaçı Keyvəndi kənd “Ə.Bayramov adına sovxoz”da 1976-1977-ci illərdə işlədiyini iddia etdiyi dövr iddiaçının əmək kitabçasında qeyd edilmədiyindən, həmin dövrün onun sosial sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilən 93 nömrəli xx.xx.2021-ci il tarixli arxiv arayışına müvafiq olaraq İddiaçı 1976-1977-ci illərdə Keyvəndi kənd “Ə.Bayramov adına sovxoz”da işləmişdir. Həmçinin sözügedən arayışda iddiaçının 1976-cı ildə 2 ay (oktyabr, dekabr aylarında), 1977-ci ildə 5 ay (yanvar, mart, aprel, may və iyun aylarında) əməkhaqqı aldığı qeyd edilmişdir. Bildiririk ki, arxiv arayışında iddiaçının əməkhaqqı aldığı göstərilən dövrlər iddiaçının sosial sığorta stajına əlavə edilsə belə, onun ümumi stajı qanunvericilklə tələb olunan 25 ildən az (24 il 10 ay 2 gün) təşkil edəcəkdir. Göstərilənlərə əsasən İddiaçı azı 25 il sığorta stajına malik olmadığına, eləcə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (18905,27 manat pensiya hüququnun yarandığı tarixədək indeksləşdirilməklə) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə onun pensiya hüququ yaranmır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1505/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1505/2022 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)- 1505/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. . Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını iddiaçının mübahisələndirdiyi iddia predmeti, cavabdehin isə apellyasiya şikayətində irəli sürdüyü dəlillər həddində araşdırmalıdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər ödənildiyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 62 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1959-cu ildə doğulub). Cavabdehin iddia tələbinə etirazının dəlilləri aşağıdakılardır: - iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamışdır, - tələb olunan 34560 manat pensiya kapitalına münasibətdə 18989,30 manat kapital mövcuddur, - Ə.Bayramov adına sovxozda işlədiyi dövrün əmək kitabçasında qeyd olunmamışdır, - ümumi sosial sığorta stajı 23 il 6 ay 1 gün təşkil edir və bu tələb olunan 25 ildən azdır, - iddiaçının Ə.Bayramov adına sovxozda işlədiyi müddət, əmək haqqı aldığı aylara münasibətdə 1976-cı ildə 2 ay, 1977-ci ildə 5 aydır və həmin müddət nəzərə alınsa belə ümumi sığorta stajı 24 il 10 ay 2 gün təşkil edəcəkdir ki, bu da tələb olunan 25 ildən azdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmasa da, onun 25 ildən çox sosial sığorta stajı mövcuddur. Belə ki, iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən əmək fəaliyyəti müddəti 22 il 5 aya bərabərdir. Həmçinin iddiaçının təhsil aldığı müddət də, 1 il 9 ay 28 gün olmaqla həmin müddətin üzərinə əlavə edilməlidir. Belə olan halda iddiaçının əmək kitabçası və diplomuna əsasən sosial sığorta stajı 24 il 2 ay 28 günə bərabər olur. İddiaçının “Ə.Bayramov adına sovxozda işlədiyi dövrün əmək kitabçasında qeyd olunmaması” ilə bağlı cavabdeh orqanın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, istinad olunan Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajının ... arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilməsinin, həmçinin 3-cü bəndində əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışların qəbul edilməsinin mümkünlüyü birmənalı olaraq təsbit edilmişdir. İşdə olan İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 93 nömrəli arxiv arayışı və həmin arayışların verilməsinə əsas olmuş hesablaşma kitablarından çıxarışlarla müəyyən edilir ki, iddiaçı, xx.xx.1976-cı il tarixli 201 №-li əmrlə Ə.Bayramov adına sovxoza işə qəbul edilmişdir. Arxiv arayışında 1976-cı ilin sentyabr ayı üzrə əmək haqqının ödənilməsi ilə bağlı qeydin olmaması iddiaçının həmin ayda sözügedən sovxozda işləməməsi kimi qiymətləndirilməməlidir. Belə ki, xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Yəni, iddiaçının həmin dövrə münasibətdə işə qəbul edildikdən sonra əmək haqqı alıb-almaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi zəruri olmadığından, əmək fəaliyyətinə başladığı vaxt – müvafiq əmrin verildiyi 02 sentyabr 1976-cı il qəbul edilməlidir. İstinad olunan arxiv arayışında iddiaçının işdən azad olunması ilə bağlı əmrin və 1977-ci ilin iyun ayından sonra əmək haqqının ödənilməsi ilə bağlı məlumatın olmadığı qeyd edilir. Belə olan halda iddiaçının “Ə.Bayramov adına” sovxozda əmək fəaliyyətinin sonu olaraq sonuncu əmək haqqının ödənildiyi 1977-ci ilin iyun ayı qəbul edilməlidir. 1976-cı ilin noyabr ayı və 1977-ci ilin fevral ayında iddiaçıya ödənilməli olan əmək haqqı qrafalarının boş olmasına münasibətdə isə məhkəmə bir daha qeyd edir ki, iddiaçının işlədiyi dövrə münasibətdə ona ödənilən əmək haqqı pensiya təyini üçün zəruri olan sosial sığorta stajının hesablanmasına hər hansı təsir göstərmir. Müvafiq əmək haqqının ödənilməsi ilə bağlı qeydlər yalnız iddiaçının sözügedən sovxoza aidiyyətinin və işləməsinin fasiləsizliyinin müəyyən edilməsi baxımından zəruridir. İddiaçının xx.xx.1976-cı il tarixli 201 №-li əmrlə Ə.Bayramov adına sovxoza işə qəbul edilməsinin müəyyən edilməsi onu deməyə əsas verir ki, onun qeyd edilən tarixdən həmin sovxozda əmək fəaliyyətinə başlaması və 1977-ci ilin iyun ayı da daxil olmaqla həmin sovxozda əmək fəaliyyətində olmasının fasiləsizliyi sübuta yetirilir. Əmək haqqı qrafasının boş olması isə işçinin işdən çıxıb yenidən işə qəbul olunması kimi yox, işçinin məzuniyyətdə olması, həmin ay ödənilməli olan vəsaitin növbəti ayda əvvəlki ayla birgə ödənilməsi və s. səbəblərlə izah oluna bilər ki, hər bir halda qeyd edilən hallar iddiaçının xx.xx.1976-cı il tarixdən 1977-ci ilin iyun ayı da daxil olmaqla “Ə.Bayramov adına” sovxozda fasiləsiz işləməsi qənaətini yaradır. Odur ki, məhkəmə iddiaçının sözügedən sovxozda işlədiyi müddəti 10 ay olaraq qəbul edir. İddiaçının “Ə.Bayramov adına” sovxozda işlədiyi 10 ay müddət, yuxarıda hesablanmış 24 il 2 ay 28 günlə toplandıqda iddiaçının 25 il 28 gün sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İddiaçının, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1505/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar