Məhkəmə qərarları › İş №2-1(107)-111/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-111/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-111/2024 21.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Şəkili kəndində yerləşən, istifadəsində olan, elektron uçotu aparılarkən adına qeydə alınmış 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2-1(116)-961/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Göyçay rayonunun Şəkili kəndində yerləşən, istifadəsində olan, elektron uçotu aparılarkən adına qeydə alınmış 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir (torpağın mülkiyyətə verilməsinə dair JN-271 saylı dövlət aktı kod ********). Lakin onun və ailəsinin istifadəsində 4.50 ha torpaq sahəsi var və bütün vergiləri tərəfindən ödənilir. Ailəsi 6 nəfərdən ibarətdir və Göyçay rayonu Q.Qasımov adına kolxozun yerli aqrar islahat komissiyasının 10 may 1999-cu il tarixli iclas protokolu ilə müəyyən edilmişdir ki, kolxozun 1115 hektar torpaq sahəsi var və həmin torpaq sahəsi 1578 nəfər subyekt arasında bölünməlidir.

3. Göyçay rayonunun Şəkili kəndində yaşayan mərhum X3 tək yaşadığı halda onun mülkiyyətinə 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Yəni islahat zamanı onun 6 nəfərdən ibarət ailəsinə verilmiş həmin torpaq sahəsinin mülkiyyət sənədi səhvən tək yaşayan mərhum X2 adına çap edilmişdir. Bu hal Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin 11 iyul 2011-ci il tarixli 29 saylı məktubu və arxiv arayışları ilə təsdiq edilir. Cavabdehə müraciət etsə də imtina edərək məhkəməyə müraciət etməyimi tövsiyyə etmişdir.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, araşdırma zamanı Ərazi İdarəsinin arxiv məlumatlarında və kadastr elektron baza DWG xəritələrində sizə təqdim edilmiş torpağa mülkiyyət hüququna dair JN- 271 nömrəli Dövlət Aktında 0.55 ha torpaq sahəsinin qeyd olunması faktı müəyyən edilmişdir.

5. Həmçinin, bildiririk ki, ləğv edilmiş DTXK-nin Göyçay rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində və Ərazi İdarəsinin arxiv məlumatlarında İddiaçı məxsus Göyçay rayonu, Qızılağac kəndində yerləşən 4.50 hektar kənd təsərrufatlı təyinatlı torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair heç bir məlumat aşkar olunmamışdır

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 18 oktyabr 2023-cü il tarixli 2- 1(116)-961/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2-1(116)-961/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2-1(116)- 961/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) JN-271 L saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi 4.6 ha (Göyçay rayonu Qızılağac kəndi Q.Qasımov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair komplesk yerquruluşu layihəsində 0.55 ha göstərilmişdir) olaraq göstərilmişdir. İddiaçının naturada mütəxəssisə göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 5.5 ha torpaq sahəsi ilə üst-üstə düşən və eyni ərazidə yerləşən 4.6 ha torpaq sahəsi TEKUİS məlumatlarında kənd təsərrüfatı təyinatlı, əkin uqodiyalı, xüsusi mülkiyyətə aid torpaq sahələrinə aiddir. İdarənin elektron baza məlumatlarında təqdim olunan, Göyçay rayonu Q.Qasımov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair komplesk yerquruluşu layihəsində göstərilən JN-271 L saylı Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 0.55 ha torpaq sahəsi TEKUİS məlumatlarında JN-271 nömrəli Dövlət Aktı ilə verilmiş torpaq sahəsi olaraq göstərilən 4.6 ha torpaq sahəsi ilə eyni çevrədə yerləşsədə üst-üstə düşmür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) məlumatlarında JN-271 nömrəli Dövlət Aktı ilə verilmiş torpaq sahəsi olaraq göstərilən 4.6 ha torpaq sahəsinin koordinatları Göyçay rayonu Qızılağac kəndi Q.Qasımov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair komplesk yerquruluşu layihəsində X2 mülkiyyətinə JN-266 L nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 4.5 ha torpaq sahəsi ilə üst-üstə düşür. Əlavə olaraq bildiririk ki, JN-266 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş torpaq sahəsi 0.62 ha olaraq TEKUİS məlumatlarında digər çevrədə göstərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır.

16. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. 12.1-ci maddəsinin 2-ci yarımbəndinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. 14-cü maddəsinin birinci abzasına əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.

17. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir.

18. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

27. Yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən görünür ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərin tərkibinə daxil edilmişdir. Həmçinin qanunverici orqan müəyyən etmişdir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir və torpaq torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.

28. İş materialları ilə müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı istifadə etdiyi 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə nail olmaqdır. İddiaçı islahat zamanı onun 6 nəfərdən ibarət ailəsinə verilmiş həmin torpaq sahəsinin mülkiyyət sənədi səhvən tək yaşayan mərhum X2 adına çap edildiyini bildirir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən 4.50 ha torpaq sahəsi X1 adına rəsmiləşdirilmişdir. İddiaçının torpaq sahəsindən istifadə etməsi, ona həmin torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsinə əsas vermir.

29. Bundan əlavə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun yaranması əsası kimi istinad etdiyi JN-271 nömrəli Dövlət Aktına əsasən iddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0,55 ha torpaq sahəsi verilmişdir. X4 planşet məlumatlarına əsasən də torpaq sahəsinin ölçüsü 0,55 ha olsa da qələm vasitəsi ilə düzəlişlər aparılaraq “4.50 ha” kimi qeyd edilmişdir.

30. İş materiallarına əlavə edilən iddiaçının 0.70 ha adam başına orta torpaq pay normasına əsasən cəmi 4.26 ha torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair sənədin hazırlanması barədə müraciətinə əsasən ləğv olunmuş DTXK-nin Göyçay RŞ-nin xx.xx.2011-ci il tarixli iddiaçıya cavab məktubundan da görünür ki, müvafiq hüquqmüəyyənedici sənəd hazırlanmamışdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilən inzibati orqanlara oxşar məzmunlu digər müraciətlərinə əsasən də həmin hal öz təsdiqini tapır.

31. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Dövlət Aktlarının qeydiyyatının aparıldığı Kadastr kitabının 271 nömrəli qeydindən görünür ki, İddiaçı 0,55 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-271 nömrəli Dövlət Aktını şəxsən təhvil götürmüşdür.

32. Göründüyü kimi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə iddia olunan torpaq sahəsinin verildiyinə dair ilkin hüquqmüəyyənedici sənəd mövcud olmamışdır. Təqdim edilən Dövlət Aktında qeyd olunan koordinatlar isə hazırkı istifadəsində olan torpaq sahəsinə düşmür.

33. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə iddia tələbinin təmin edilməsi üçün iddiaçı və ailə üzvlərinin mülkiyyətinə iddia olunan torpaq sahəsinin verildiyinə dair ilkin hüquqmüəyyənedici sənəd mövcud olmadığından və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur.

34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

35. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Göyçay rayonu Şəkili kəndində yerləşən, istifadəsində olan, elektron uçotu aparılarkən adına qeydə alınmış 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2-1(116)-961/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar