Məhkəmə qərarları › İş №2-1(107)-111/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-111/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-111/2025 05.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli **********503800 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2-1(116)-658/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli **********503800 nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2022-ci ilin mənfəət vergisi bəyannaməsini kameral qaydada yoxlayan 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qanunsuz əlverişsiz inzibati akt olan 31 avqust 2023-cü il tarixli **********503800 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla cəmi 18665 manat gəlirə xərclər nəzərə alınmadan 3399.39 manat mənfəət vergisi hesablanmışdır. Vergi orqanının hesablamasında xərc kimi yalnız 1350 manat əmək haqqı, 318.05 manat isə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı xərc kimi qəbul edilmiş, təqdim edilmiş 18665 manat malların istehsalına sərf edilmiş mal-material xərclərinin isə olmadığı, yəni faktiki olaraq həmin malların, material və digər vasitələr (xərclər) olmadan hazırlandığı qəbul edilmişdir.

3. Yuxarıda göstərilənlərdən isə göründüyü kimi İddiaçı MMC tərəfindən xərclərin uçotu qanunvericiliyə, mühasibat uçotuna uyğun aparılmamışdır. Belə olan halda vergi orqanı mənfəət vergisini Vergi Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərinə uyğun olaraq ya analoji vergi ödəyicisinin gəlirlərində verginin xüsusi çəkisini göstərən əmsalı İddiaçı MMC-nin gəlirinə vurmaqla, yaxud Vergi Məclləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik 20% olmaqla hesablamalı idi. Lakin, vergi orqanı müəssisəmizə mənfəət vergisini qanunvericiliyin tələblərinə əməl etmədən hesabladığı üçün rentabellik (18665-1668.05)* 100/18665=91% olmuşdur.

4. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən 2022-ci il üçün hesablama metodu tətbiq edilməklə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi göstəricilər olmadan təqdim edilmişdir.

5. Elektron qaimə məlumatlarına əsasən iddiaçı tərəfindən 2022-ci ilin may və iyun aylarında 18665 manat dəyərində mallar təqdim edildiyinə görə mənfəət vergisi bəyannaməsində uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən də vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********043600 nömrəli məktub göndərilərək həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba cavab verilmədiyi üçün əlaqəli məlumatlara əsasən vergilərin hesablanması təmin edilmişdir. Belə ki, yoxlanılan dövr üzrə vergi ödəyicisinin gəlirləri 18665 manat ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 3500.00 manat dəyərində “İşıq Dairə”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 15165.00 manat dəyərində “kondisianer stendi” təqdim edilmişdir), xərclərinin isə 1668.05 manat olduğu müəyyən edilərək Vergi Məcəlləsinin 104.1-ci və 105.1-ci maddələrinin tələblərinə uyğun olaraq (1********.05)*20%=3399.39 manat mənfəət vergisi hesablanmışdır.

6. Vergi ödəyicisinin xərclərinin tərkibi aşağıdakı kimi olmuşdur: 2022-ci ilin 2-ci rübü üzrə: 750 manat əmək haqqı Əmək haqqı fondundan hesablanmış 154.50 manat MDSS haqları Əmək haqqı fondundan hesablanmış 15 manat icbari tibbi sığorta haqları Əmək haqqı fondundan hesablanmış 3.75 manat işsizlik sığortası haqları 2022-ci ilin 4-cü rübü üzrə: Əmək haqqı fondundan hesablanmış 118 manat MDSS haqları Əmək haqqı fondundan hesablanmış 12 manat icbari tibbi sığorta haqları Əmək haqqı fondundan hesablanmış 3 manat işsizlik sığortası haqları Alınmış malın dəyəri 11.80 manat

7. Beləliklə, Cəmiyyət tərəfindən 2022-ci il ərzində 18665,0 manat dəyərində 2 ədəd “kondisioner stendi” və 5 ədəd “işıq dairə” adlı elektron qaimə-faktura təqdim edildiyini, bəyannamə məlumatlarına əsasən 2022-ci ilin əvvəlinə mal qalığının qalmadığını, malların (işlərin, xidmətlərin) alınması ilə bağlı elektron qaimə-faktura və elektron alış aktlarının əldə edilmədiyini, idxal-ixrac əməliyyatlarının aparılmadığını, kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) alınması ilə bağlı təsdiqedici sənədlərin təqdim olunmadığını və bununla da qarşı tərəflərin vergidən yayınmasına səbəb olduğunu, malları göstərilən xidmətin tərkib hissəsi kimi satdığını rəsmiləşdirməsinə baxmayaraq, həmin malların istehsalı ilə bağlı müvafiq avadanlığın və işçi qüvvəsinin olmadığını, həmçinin, təqdim edilmiş xidmətlərin tərkib hissəsi olan malların dolayısı ilə cəmiyyət tərəfindən alınıb satıldığı qənaətinə gəlindiyini, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda nəzərdə tutulmuş qaydada təqdim edilmiş malların alışını təsdiq edən sənədlərin olmadığını, bununla da Cəmiyyət tərəfindən 2022-ci il ərzində gəlir və xərclərinin uçotunu qanunvericiliyə uyğun aparmadığı üçün Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən müəyyən edilmiş güzəşt hüququnu itirmiş hesab edildiyini, vergi ödəyicisinin əldə etdiyi gəliri (xərci) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin (xərcin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququnu yalnız vergi orqanına verildiyini, vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı nəzərə alınaraq iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 24 sentyabr 2024-cü il tarixli 2-1(116)-658/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsi qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş, “Şamilsoy Group" MMC-nin xərclər nəzərə alınmadan bütün gəlirinə 20% dərəcə ilə vergi hesablamışdır. Yəni vergitutmanın əsas elementi olan vergitutma obyektini qanunun tələbinə uyğun olmayan qaydada müəyyən etdiyindən həmin vergitutma obyekti əsasında hesablanmış mənfəət vergisi qanuni hesab edilə bilməz. Əslində isə vergi orqanı "Şamilsoy Group“ MMC-nin fəaliyyətinə analoji fəaliyyətlə məğul olan vergi ödəyicisinin gəlirlərində mənfəət vergisinin xüsusi çəkisini göstərən əmsalı "Şamilsoy Group“ MMC-nin 18665 manat gəlirinə tətbiq etməklə mənfəət vergisi hesablamalı idi. Analoji vergi ödəyicisini tapmaq mümkün olmadıqda isə Nazirlər Kabinetinin 55 saylı qərarında göstərilən düsturla mənfəət vergisini hesablamalı idi. Lakin, cavabdeh bunların heç birini etməmiş, 10665 manat gəlirdən sadəcə əmək haqqı xərclərini çıxaraq qalan məbləğə 20% dərəcə ilə 3399.39 manat mənfəət vergisi hesablamışdır. Yəni vergi orqanı belə hesab etmişdir ki, 18665 manat gəlirin 16997 manatı İddiaçı MMC-nin mənfəətidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2-1(116)- 658/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024cü il tarixli 2-1(116)-658/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024cü il tarixli 2-1(116)-658/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.

1. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********503800 nömrəli qərar;

2. İddiaçı Nizamnaməsi;

3. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktub;

4. İddiaçı şəxsi hesab vərəqəsi

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

17. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.69-cu maddəsinə əsasən, vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətdərdə və məbləğdə ödəilməsindən yayınma vergi üstüyünlüdür. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.81 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar. Maddə 13.2.82 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

18. Mübahisə yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2-1(116)-658/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

22. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

23. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, elektron qaimə məlumatlarına əsasən iddiaçı tərəfindən 2022-ci ilin may və iyun aylarında 18665 manat dəyərində mallar təqdim edildiyinə görə mənfəət vergisi bəyannaməsində uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən də vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********043600 nömrəli məktub göndərilərək həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba cavab verilmədiyi üçün əlaqəli məlumatlara əsasən vergilərin hesablanması təmin edilmişdir. 26.Kollegiya tərəfindən aparılan araşdırma zamanı iddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvinə dair sübutlar təqdim edilməmiş, belə sübutlar müəyyən olunmamışdır. Həmçinin, iddia ərizəsindən və iddiaçının izahatından görünür ki, onun tərəfindən satış məqsədi ilə alınan mallara dair qaimələr verilməmiş, gəlirin əldə olunmasına çəkilən xərcin məbləğinə dair sübut mövcud olmamışdır.

27. Göründüyü kimi iddiaçının iddia tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur.

28. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş mübahisəli inzibati aktın ləğv edilməsinə dair iddia tələbi əsassız olmuşdur.

29. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

30. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2-1(116)-658/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar