Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-112/2020 04.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı2 (bundan sonra mətndə iddiaçı) cavabdeh Şəki Rayon Turan Bələdiyyəsinə, üçüncü şəxs X5 qarşı “Şəki rayon Turan X1 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının ləğv edilməsi” tələbi barədə iddiasına dаir inzibаti iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-846/2019 nömrəli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Şəki rayon Turan Bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan 25 ha torpaq sahəsi kənd təsərrüfatı ilə məşğul olmaq (dənli bitkilər əkmək üçün) məqsədilə 20 illik müddətə İddiaçı2 icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2010-cu il tarixdə torpaq icarə müqaviləsi imzalanaraq bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda, Şəki rayon Turan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarına əsasən bələdiyyə mülkiyyətindən 147 ha torpaq sahəsi 35 il müddətinə X4 icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsi imzalanaraq bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Bundan sonra sonuncunun icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli çıxarış və A seriyalı 324566 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 22537 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, xx.xx.2010-cu il tarixli 23 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin “icarəyəverən” qrafasında “İddiaçı1” yazılarının qarşısındakı imza İddiaçı1 tərəfindən icra olunmuş, xx.xx.2007-ci il tarixli 02 nömrəli iclas protokolundan çıxarış “Şəki rayon Turan Bələdiyyəsinin sədri” yazılarının qarşısındakı imza və xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsinin “icarəyəverən” qrafasında “İddiaçı1” yazısının qarşısındakı imza İddiaçı1 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 23266/23267 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, xx.xx.2010-cu il tarixli 23 nömrəli, xx.xx.2007-ci il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrdə, Şəki rayon Turan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli iclas protokolundan çıxarışda olan möhür və ştamp əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. xx.xx.2010-cu il tarixli 23 nömrəli, xx.xx.2007-ci il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrdə, Şəki rayon Turan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli iclas protokolundan çıxarışda olan Şəki rayon Turan bələdiyyəsinin möhür əksləri ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. İddiaçı icarəsinə verilmiş 25 ha torpaq sahəsinin Şəki rayon Turan Bələdiyyəsinin xx.xx.2007ci il tarixli 02 nömrəli protokol qərarına və xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən X4 icarəsinə verilmiş 147 ha torpaq sahəsinin daxilində yerləşməsini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, X7 Cavabdeh xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı və torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən 147 ha torpaq sahəsini icarəyə götürmüş və onun hüquqları xx xxxxxx 2011-ci ildə qeydə alınmışdır. Lakin, xx.xx.2007-ci il tarixli iclas protokolundan çıxarışda Şəki rayon Bələdiyyə sədri İddiaçı1 imzası qarşısındakı və xx xxxxxx 2007-ci il tarixli 01 nömrəli Torpağın İcarəyə verilməsi haqqında müqavilədə Şəki rayon Bələdiyyəsinin sədri A.S.Heydərov imzası qarşısındakı imzalar saxtalaşdırılmışdır və İddiaçı1 məxsus deyildir. Nağı Tağıyev həmin sənədləri mühasib Çingizdən aldığını bildirmişdir. İddiaçı1 nə belə bir qərara, nə də icarə müqaviləsinə imza atmamışdır. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-846/2019 nömrəli qərardadı ilə (hakim Rüfət Məcidov) İddiaçı1 cavabdeh Şəki Rayon Turan Bələdiyyəsinə (üçüncü şəxs: X7) qarşı “Şəki rayon Turan X1 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qeyd edilən qərardaddan apelyasiya şikayəti verilməmişdir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-846/2019 nömrəli qərarı ilə (hakim Rüfət Məcidov) iddia qismən təmin edilmiş, Şəki rayon Turan X1 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı İddiaçı2 icarəsinə verilmiş 25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizası üzrə 122 manat və məhkəmə-texniki ekspertizası üzrə 61,52 manat ekspertiza xərci cavabdeh Şəki rayon Turan bələdiyyəsindən tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs X7 apelyasiya şikayəti verərək qeyd edilən qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyаsiyа şikayətinin dəlilləri: Üçüncü şəxs X7 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, ilkin olaraq onun icarəsinə verilmiş torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmaq iddiaçının hüquqları və mənafeyinə uyğun deyildir. Həmin torpaq sahəsi 2007-ci il tarixdə müvafiq müqavilə əsasında onun icarəsinə verildiyi halda, iddiaçı iddia edir ki, 25 hektar torpaq sahəsi 2010-cu ildə ona qanuni əsaslarla verilmişdir. 2007-ci ilin 1 dekabr tarixindən torpaq sahələrinin icarəyə müsabiqə yolu ilə verildiyini nəzərə alınarsa həmin torpaq sahəsi iddiaçıya qanunsuz verilmişdir. Bundan əlavə iddiaçıya məxsus torpaq sahəsinin hər hansı plan və ölçüsü mövcud deyildir. Ona görə də birinci instansiya məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edir. Bu səbəbdən də birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək yanlış qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apelyasiya şikayətinə uyğun izahat verərək bildirdi ki, ona 35 illik müddətə Şəki rayon Turan Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsi əsasında 147 hektar torpaq sahəsi qanuni əsaslarla verilmiş, həmin torpaq sahəsini hazırda da istifadə edir. Qeyd edilən torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmış və torpaq sahəsi verilərkən torpaq sahəsinin plan və ölçüləri tərtib edilmişdir. İddiaçıya 25 hektar torpaq sahəsi 2010-cu il tarixdə Turan Bələdiyyəsi tərəfindən birbaşa deyil, yalnız hərrac (müsabiqə) yolu ilə verilə bilərdi. Həmçinin qeyd edilən torpaq sahəsinin plan və cizgisi mövcud deyildir. Ona görə də iddiaçıya torpaq sahəsi də əsassız verilmiş və 25 hektar torpaq sahəsinin ona verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi hər hansı qaydada müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 bildirdi ki, ona qanuni əsaslarla Turan Bələdiyyəsi torpaq sahəsi ayırmış icarə müqaviləsi əsasında həmin 25 hektar torpaq sahəsinən istifadə etmişdir. Torpaq sahəsi 2010-cu il tarixdə rəsmiləşdirilsə də,faktiki olaraq həmin torpaq sahəsini əvvəlki illərdən istifadə etmişdir. Torpaq sahəsinin plan ölçüsü yoxdur, lakin torpaq sahəsinin harada yerləşməsi faktiki olaraq məlumdur. O dəfələrlə müraciət etmişdir ki, torpaq sahəsinin plan və ölçüsü hazırlansın, cavabdeh Turan Bələdiyyəsi və DƏDRX-nin 12 saylı Ərazi İdarəsi bunu icra etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili X6 bildirdi ki, 25 hektar torpaq sahəsinin qnunsuz olaraq əkilməsinə görə İddiaçı2 qarşı cinayət işi açılmış, lakin məhkəmə hökmü ilə bəraət almışdır. Həmin hökmdən verilmiş apelyasiya protesti Şəki Apelyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir. Şəki rayon Turan X1 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarındakı imza bələdiyyə sədrinə məxsus olmamış, bununla bağlı birinci instansiya məhkəməsində məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və bu fakt öz təsdiqni tapmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh Şəki rayon Turan Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara xx.xx.2010-cu il tarixli, xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqavilələrinin surətləri, Şəki rayon Turan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli protokolundan çıxarışın surəti, RX seriyalı ******* nömrəli çıxarışın surəti, A seriyalı 324566 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 22537 nömrəli və xx.xx.2019-cu il tarixli 23266/23267 nömrəli ekspert rəyləri, apelyasiya şikayətləri və digər sənədlər aiddir. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları və faktları da nəzərə alır. Apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarı üçüncü şəxsə təqdim olunduğu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. Məhkəmə kollegiyası iddianın mümkünlük şərti ilə bağlı bildirir ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan mübahisələndirmə haqqında iddia mümkündür. Belə ki, iddiaçı onun hüquq və vəzifələri ilə bağlı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktı mübahisələndirir, həmin aktın iddiaçıya təqdim edilməsi ilə bağlı hər hansı bir məlumat mövcud deyil, lakin iddiaçının Şəki Rayon Turan bələdiyyəsinə məhkəmə icraatı müddətində etdiyi müraciətə xx.xx.2019-cu il tarixdə cavab verilmiş və mübahisələndirilən qərarın və ya icarə müqaviləsinin bələdiyyədə olmadığı bildirilmişdir. İPM-in 35.1-ci və 38-ci maddəsinin tələbləri baxımından iddiaçı hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarının tədqiqi əsasında müəyyən etdi ki, Şəki rayon Turan Bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan 25 ha torpaq sahəsi kənd təsərrüfatı ilə məşğul olmaq (dənli bitkilər əkmək üçün) məqsədilə 20 illik müddətə İddiaçı2 icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2010-cu il tarixdə torpaq icarə müqaviləsi imzalanaraq bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda, Şəki rayon Turan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli protokol qərarına əsasən bələdiyyə mülkiyyətindən 147 ha torpaq sahəsi 35 il müddətinə X4 icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsi imzalanaraq bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Sonuncunun icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli çıxarış və A seriyalı 324566 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 22537 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2010-cu il tarixli 23 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin “icarəyəverən” qrafasında “İddiaçı1” yazılarının qarşısındakı imza İddiaçı1 tərəfindən icra olunmuş, xx.xx.2007-ci il tarixli 02 nömrəli iclas protokolundan çıxarış “Şəki rayon Turan Bələdiyyəsinin sədri” yazılarının qarşısındakı imza və xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsinin “icarəyəverən” qrafasında “İddiaçı1” yazısının qarşısındakı imza İddiaçı1 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası sübutların tədqiqi zamanı müəyyən etmişdir ki, hazırkı vəziyyətdə iddiaçının hazırkı tələblə çıxış edərək üçüncü şəxsin hüquq və vəzifələri ilə bağlı olan torpaq sahəsinin icarəyə verilməsi barədə Şəki rayon Turan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli protokol qərarının ləğv edilməsini tələb etmək üçün ilkin olaraq mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya aid olmasını təsdiq edən sübutlar olmalıdır. Belə ki, Şəki rayon Turan Bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan 25 ha torpaq sahəsi kənd təsərrüfatı ilə məşğul olmaq (dənli bitkilər əkmək üçün) məqsədilə 20 illik müddətə İddiaçı2 icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2010-cu il tarixdə torpaq icarə müqaviləsi bağlanmış həmin torpaq sahəsinin plan və ölçüsü mövcud deyildir. Bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq həmin sənədlər təqdim edilməmiş, həmçinin iddiaçının özü tərəfindən hər hansı bir sübut təqdim edilməmiş, məhkəmə kollegiyasının iclasında iddiaçı mübahisə predmeti olan 25 hektar torpaq sahəsini uzun müddət istifadə etsə də, həmin torpaq sahəsinin planı və ya cizgisinin mövcud olmadığını bildirmişdir. Bundan əlavə İddiaçı2 Turan Bələdiyyəsi tərəfindən 25 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2010-cu il tarixdə bağlanmış torpaq icarə müqaviləsinə münasibətdə qeyd edilməlidir ki, Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən (x xxxxxxx 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti xx xxxxxx 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048 qüvvədə olan) bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Eyni zamanda, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respubliaksı Qanunun 6-cı maddəsi: 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarının xx xxxxxx 2008-ci il tarixdən qüvvədə olan aşağıdakı bəndlərində qeyd edilir:
1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, torpaq qanunvericiliyinə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır və dövlət və ya bələdiyyə torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) üzərində mülkiyyət (icarə) hüquqlarının əldə edilməsi ilə bağlı torpaq hərracları və müsabiqələrinin keçirilməsi qaydalarını müəyyən edir. 3-1. "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində göstərilən şəxslər bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə keçirilən torpaq hərracları və ya müsabiqələri zamanı bu Qaydalarda müəyyən edilmiş üstünlük hüququna malikdirlər.
Azərbaycan Respubliaksı Torpaq Məcəlləsinin: 65-ci maddəsinin aşağıdakı bəndlərində qeyd edilir ki:
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
4. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.
9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır.
67-ci maddəsinin aşağıdakı bəndlərində qeyd edilir ki:
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarının tələbləri baxımından qeyd edir ki, İddiaçı2 xx.xx.2010-cu ildə Turan Bələdiyyəsi tərfindən icarəyə verilmiş torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada plan və cizgisi mövcud olmadığından, həmin torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmadığından, həmçinin qanunvericiliyin tələbləri baxımından müvafiq qaydada prosedur qaydaya uyğun icarəyə verilməsi ilə bağlı müvafiq səndləşmə aparılmadığından iddiaçının hazırkı tələbi ilə hüquqları qeydə alınmış üçüncü şəxsin icarəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında qərarın ləğv edilməsi mümkünsüzdür. Bundan əlavə hətta müəyyən edilsə ki, 2007-ci ildə Şəki rayon Turan Bələdiyyəsinin sədri İddiaçı1 olmasına və bələdiyyənin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı, xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsində sədr kimi onun adı qeyd olunmasına baxmayaraq imzalar onun tərəfindən icra edilməmişdir. Belə ki, Turan Bələdiyyəsi tərəfindən 147 hektar torpaq sahəsi üçüncü şəxs X5 icarəyə verilərkən 2007-ci ildə 1:0000 miqyasda həmin torpaq sahəsinin planı hazırlanmış, həmin plan bələdiyyə sədri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon Torpaq şöbəsinin müdiri N.Aslanov tərədindən imzalanaraq möhürlənmişdir. Eyni zamanda, həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyivə həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Üçüncü şəxs 67.6.1-67.6.3-cü maddələrində qeyd edilən hallarla bağlı hər hansı hərəkət və ya hərəkətsizliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edilən qərarın bələdiyyə sədri tərəfindən imza edilibedilməməsinin müəyyən edilməsi üçüncü şəxsin vəzifəsinə aid edilən funksiya olmadığından, yalnız həmin əsasla hazırkı iddianın təmin edilməsini məhkəmə kollegiyası mümkünsüz görür. Bundan əlavə iddiaçının Turan Bələdiyyə tərəfindən xx.xx.2010-cu il tarixdə 25 illik icarəyə verilməsi ilə bağlı bələdiyyə torpaq sahəsinin qanunsuz əkilməsi üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün hazırkı iddia ilə bağlı məcburi qüvvəyə malik olması ilə bağlı irəli sürülən dəlillərə münasibətdə qeyd edilir ki, İnzibati Prosessual Məcəlləinin 58.8-cimaddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hökmdə müəyyən edilən hallar üçüncü şəxs X5 Turan Bələdiyyəsi ilə bağlanmış icarə müqaviləsi əsasında xx.xx.2007-ci il tarixdə icarəyə verilmiş 147 hektar torpaq sahəsinə deyil, Bələdiyyə mülkiyyətinə aid 25 hektar torpaq sahəsi ilə bağlıdır. Qeyd edilən torpaq sahəsinin harada yerləşməsi, plan və cizgisinin mövcud olub-olmaması və mübahisə predmeti olan 147 hektarla qeyd edilən torpaq sahəsinin üst-üstə düşməsi ilə bağlı hökmdə konkret hallar olmadığından qeyd edilən hökmdə müəyyən edilən hallar hazırkı iş üzrə məcburi hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin halları və həmin hallara tətbiq edilən hüquq normalarının tləbləri baxımından belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün nəticə gəlməmiş, hüquqları dövlət qeydiyyatından keçmiş hüquq sahibin hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyаsı hesаb edir ki, Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməli, birinci instаnsiyа məhkəməsinin qərаrı iddianın təmin edilən hissəsində ləğv edilməli və həmin hissə üzrə yeni qərar qəbul edilərək iddia həmin hissədə təmin edilməməlidir.
Nəticəvi hissə
Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Üçüncü şəxs X4 аpelyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-846/2019 nömrəli qərаrı iddianın təmin edilən hissəsində ləğv edilsin, həmin hissə üzrə yeni qərar qəbul edilsin. İddiaçı2 cavabdeh Şəki Rayon Turan Bələdiyyəsinə, üçüncü şəxs X5 qarşı “Şəki rayon Turan X1 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının İddiaçı2 icarəsinə verilmiş 25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi tələbi təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.