Məhkəmə qərarları › İş №2-1(107)-112/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-112/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-112/2024 14.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli **********981100 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2-1(116)-1605/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2023-cü il tarixli **********981100 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********981100 nömrəli qərarı ilə kameral yoxlama nəticəsində 2022-ci il üçün ona 7699.18 manat əlavə vergi və sığorta haqqı məbləği hesablanmışdır.

3. İddia ərizəsinə əsasən iddiaçı cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, o malları “Sədərək” Ticarət bazarından alır. Həmin bazarda isə alınan mallara qaimə verilmir. Beləliklə, həmin məktubdan göründüyü kimi o, 2022-ci il başlayan kimi bu barədə 9 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmişdir. Lakin vergi orqanı onun həmin müraciətinə heç bir münasibət bildirməmiş, bir il gözləmiş və bundan sonra həmin il üçün ona əlavə vergi hesablamışdır. Qeyd edilən məktubdan isə göründüyü kimi ona elektron qaimə fakturasının verilməməsində onun heç bir təqsiri yoxdur. Əksinə o, həmin qaiməni ala bilmək üçün cavabdehə vaxtında müraciət etmişdir. Hazırkı qərara əsasən həmin əlavə məbləğin hesablanmasının səbəbini 2022-ci ildə alınmış malların elektron qaimə fakturasının olmaması olduğu ona bildirilmişdir.

4. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı ərizəsində 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********981100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə kameral yoxlama nəticəsində 2022-ci il üçün ona 7699.18 manat əlavə vergi və sığorta haqqı hesablandığını bildirmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, vergi orqanı tərəfindən ona həmin əlavə məbləğinin hesablanmasının əsas səbəbi kimi 2022-ci ildə onun tərəfindən alınmış mallara görə elektron qaimə fakturanın təqdim edilməməsi ilə əlaqədər olmuşdur.

5. Həmçinin, İddiaçı ərizəsində malları “Sədərək” Ticarət Mərkəzindən aldığını, alınmış malların müqabilində qeyd olunan ticarət mərkəzi tərəfindən ona elektron qaiməfaktura verilmədiyini, 2022-ci il tarixdən vergi orqanına müraciət etdiyini, vergi orqanı tərəfindən onun müraciətinə heç bir münasibət bildirilmədiyini, elektron qaimə-faktura verilmədiyi səbəbindən sahibkarlıq faəliyyətini dayandırdığını və qeyd olunan səbəblərə görə vergi orqanının xx.xx.2023-cü il tarixli **********981100 nömrəli qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün məhkəməyə müraciət etdiyini bildirmişdir.

6. Göstərilənlərlə bağlı bildirilir ki, uçot-baza məlumatına əsasən fiziki şəxs vergi orqanı tərəfindən xx.xx.2016-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növünün “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışından ibarət olduğu müəyyən edilmişdir.

7. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisi İddiaçı (VÖEN **********) fəaliyyəti təhlil edilərək malların elektron qaimə-fakturalar əldə etmədən təqdim edilməsi müəyyən edilmişdir.

8. Vergi ödəyicisinə araşdırmada iştirak etməklə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1.1-ci bəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi ilə bağlı yaranmış vergidən yayınma halı ilə əlaqədar xx.xx.2022-ci ii tarixli **********551200 nömrəli məktub göndərilmişdir.

9. Vergi ödəyicisi İddiaçı ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş xidmətlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları mövcud uçot baza məlumaları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki vergi ödəyicisi tərəfindən xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərində 11035.6 manat dəyərində “ağ kağız svetikopya, RAMKA 50*70, Kamaz (53229) **-FN-*** starterin kriçotkası, ayaqqabı şotkası, çaynik, Katric 285a, Papka arxiv üçün, qazan və sair mallar təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün və ya artıq həcmdə təqdim edildiyi üçün aparılmış əməliyyatlar riskli hesab edilmişdir.

10. Vergi ödəyicisi İddiaçı vergi orqanı tərəfindən riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyicisi siyahısına daxil edilmiş və barəsində xx.xx.2022-ci il tarixli **********104900 nömrəli “Vergi ödəyicisinin riskili vergi ödəyicisi hesab edilməsi barədə Qərar" qəbul edilmişdir.

11. İddiaçı ərizəsində 2022-ci il tarixdən vergi orqanına müraciət etdiyini, vergi orqanı tərəfindən isə onun müraciətinə heç bir münasibət bildirilmədiyini qeyd etmişdir.

12. Göstərilən ilə bağlı bildirilir ki, vergi ödəyicisinin vergi orqanına etdiyi müraciəti ilə bağlı vergi orqanının xx.xx.2022-ci il tarixli **********685800 nömrəli məktubu ilə vergi ödəyicisinin müraciəti cavablandırılmışdır.

13. Vergi ödəyicisinə kameral qaydada hesablanılmış 2022-ci ilə dair gəlir vergisinə münasibət bildirilərkən qeyd edilmişdir ki, vergi ödəyicisinin gəlirlərinin uçotu lazımı qaydalarda (e-qaimə əsasında) aparılması müəyyən edilsə də xərclərinin uçotu, malların alışı qanunvericilikdə nəzərdə tutulduğu qaydada aparılmadığı müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyeki olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirin 75 faizi gəlir vergisindən azaddır. Göründüyü kimi, İddiaçı Vergi Məcəlləsində nəzərdə tutulmuş maddədən istifadə etmə hüququ yaranmamışdır. Bununla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********170200 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir.

14. Göründüyü kimi vergi ödəyicisində alınmış mallara görə alış sənədi (elektron qaimə-faktura) olmadığı üçün, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində göstərilən güzəştdən istifadə hüququ yaranmamış və nəticədə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən, 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 4384,02 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********98100 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir.

15. Yuxarıda qeyd olunanlardan görünür ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış vergi məbləğlərini ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır.

16. Qeyd olunanlardan aydın olur ki, İddiaçı 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********98100 nömrəli Qərarın ləğv edilməsi edilməsi barədə ərizəsi əsassızdır və buna görə də təmin edilməməlidir.

17. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

19. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 21 noyabr 2023-cü il tarixli 2- 1(116)-1605/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

20. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

21. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2-1(116)-1605/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2023cü il tarixli 2-1(116)-1605/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.

24. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

25. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********981100 nömrəli qərar; - xx.xx.2023-cü il tarixli **********170200 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında Uyğunsuzluq məktubu; - Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********104900 nömrəli qərar. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

27. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

28. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətdərdə və məbləğdə ödəilməsindən yayınma vergi üstüyünlüdür. 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstüniyü əldə etmək məqsədilə hər hansı formada bağlanmış əqd və ya aparılmış əməliyyat başa düşülür. 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanını müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur.Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müafiq icra hakimiyyəti orqanının müyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 16.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektrlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 71-1.1 ci maddəsinə əsasən bu məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanına uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1- ci maddəsində göstərilən uçot sənədlərini qanunvericilikdə müəyyən edilmiş qaydada aparmağa borcludurlar.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları"nın 2.1.1, 3.1.1 və 3.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarları müəyyən edilmişdir. 2.1.1- bu meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda , 3.1.1- vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərliq mal çeşidlərinin göstəridiyi aşkar edildikdə, 31.2 - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

31. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2-1(116)-1605/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

33. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

34. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçıda ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaiməfaktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar, idxal-ixrac əməliyyatları mövcud uçot baza məlumaları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki vergi ödəyicisi tərəfindən xx.xx.2022 xx.xx.2022-ci il tarixlərində 11035,6 manat dəyərində “ ağ kağız svetikopya, Ramka 50*70, Kamaz (53229) **-FN-*** starterin kriçotkası, ayaqqabı şotkası, Çaynik, Kartric 285a, Papka arxiv üçün, qazan və sair mallar təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün və ya artıq həcmdə təqdim edildiyi üçün aparılmış əməliyyatlar riskli hesab edilmişdir.

37. Belə ki, vergi ödəyicisinin gəlirlərinin uçotu lazımi qaydalarda, yəni e-qaimə əsasında aparılması müəyyən edilsə də xərclərinin uçotu, malların alışı qanunvericilikdə nəzərdə tutulduğu qaydada aparılmadığı müəyyən edilmişdir. Bununla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********170200 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Göründüyü kimi vergi ödəyicisində alınmış mallara görə alış sənədi, yəni elektron qaiməfaktura olmadığı üçün, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində göstərilən güzəştdən istifadə hüququ yaranmamış və nəticədə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 4384,02 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********981100 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir.

38. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı iddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvinə dair sübutlar təqdim edilməmiş,belə sübutlar müəyyən olunmamışdır.Həmçinin,iddia ərizəsindən və iddiaçının izahatından görünür ki,onun tərəfindən satış məqsədi ilə alınan mallara dair qaimələr verilməmiş,gəlirin əldə olunmasına çəkilən xərcin məbləğinə dair sübut mövcud olmamışdır.

39. Göründüyü kimi iddiaçının iddia tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur.

40. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş mübahisəli inzibati aktın ləğv edilməsinə dair iddia tələbi əsassız olmuşdur.

41. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

42. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2-1(116)-1605/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar