Məhkəmə qərarları › İş №2-1(107)-112/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-112/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-112/2025 22.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X21 və X14 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Zaqatala Rayon İcra Hakimiyyətinə qarşı “İddiaçı və X1 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahəsi, həmçinin 7 m2 sahəyə malik köməkçi sahəsi isə 28,0 m2 hissəsi ilə bağlı X5 adına təsdiq edilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2-1(116)- 95/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “İddiaçı və X1 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahəsi, həmçinin 7 m2 sahəyə malik köməkçi sahəsi isə 28,0 m2 hissəsi ilə bağlı X5 adına təsdiq edilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1220/2023 nömrəli qərardadı ilə X11 və X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. İddia ərizəsinə əsasən iddiaçı və bacısı X1 hər birinin payı ½ hissə olmaqla ümumi paylı mülkiyyətində Zaqatala şəhəri, Xalqlar Dostluğu küçəsində (keçmiş - Zaqatala rayonu, Çökəkoba kəndi) 1961-ci ildə inşa edilmiş, ümumi sahəsi 37,1 m2 olan fərdi yaşayış evi, o cümlədən, iddiaçının 1/4, X1 1/4 və X5 2/4 pay olmaqla 0,0716 ha həyətyanı torpaq sahələri vardır. Qeyd olunan daşınmaz əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Son dövrdə məlum olmuşdur ki, əvvəlki texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahə, həmçinin iddiaçı və X1 mülkiyyətində olan fərdi yaşayış evinin 7 m2 sahəyə malik köməkçi sahəsi, ümumilikdə 28,0 m2 hissəsi X12 və X2 mülkiyyətinə işlənmiş, onların həmin əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir.

4. İddiaçı və X1 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahə, həmçinin 7 kv.m sahəyə malik köməkçi sahəsi, ümumilikdə 28,0 m2 hissəsi X12 və X2 mülkiyyət hüququ ilə bağlı qeydiyyatın hansı əsasla aparılması ilə bağlı müraciətinə cavab olaraq, reyestr xidməti həmin qeydiyyatın Zaqatala RİH-nin 23 avqust 2021-ci il tarixli, 9/1134 nömrəli məktubuna əsasən aparıldığını bildirmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş 13 sentyabr 2021-ci il tarixli, 329 inventar nömrəli texniki pasportdan görünür ki, iddiaçı X1 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahə, həmçinin 7 m2 sahəyə malik köməkçi sahəsi, ümumilikdə isə 28,0 m2 hissəsi üzərində X12 və X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının əsaslarından biri də "Memarlıq planlaşdırma həlli"dir. Halbuki, elə həmin texniki pasportda fərdi yaşayış evinin tikilmə ili 1961-ci il kimi göstərilmişdir.

5. Göründüyü kimi, Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş iddiaçı və X1 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahəsi, həmçinin 7 m2 sahəyə malik köməkçi sahəsi, ümumilikdə isə 28,0 m2 hissəsi lə bağlı X5 adına tərtib edilmiş "Memarlıq planlaşdırma həlli" qanunsuz olaraq tərtib edilmişdir. Qeyd olunan sahələr 1992-ci ildə iddiaçı tərəfindən müvafiq icazə sənədləri olmadan inşa edilmişdir və həmin hissələrin nə X9, nə də X3 heç bir aidiyyatı yoxdur. Digər bir tərəfdən, Zaqatala Rayon İcra Hakimiyyətinin ixtiyarı olmamışdır ki, 1992-ci ildə inşa edilmiş özbaşına tikiliyə, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin digər mülkiyyətçilərinin (iddiaçı və X1) razılığı və məlumatı olmadan "Memarlıq planlaşdırma həlli" sənədini versin. İddiaçı məsələ ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina məktubu verilmişdir.

6. Cavabdehdən daxil olmuş xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd olunur ki, X11 2021-ci ilin iyul ayında Zaqatala rayonu Çökəkoba kəndində yaşadığı fərdi yaşayış evinə artırılmış əlavə sahələrin qeydiyyata alınmasına razılıq verilməsi ilə əlaqədar Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bununla əlaqədar ərizəçinin təqdim etdiyi sənədlər araşdırılmış, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX N20053144, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il olan çıxarışa və xx.xx.2012-ci il tarixli 562 inventar nömrəli texniki pasporta əsasən X11 və mərhum X4 birgə mülkiyyətində 0.07161 ha torpaq sahəsinin və ümumi sahəsi 30.1 kv.m olan fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. Z.Cindarovanın Rayon İcra Hakimiyyətinə müraciəti, təqdim etdiyi Çökəkoba kəndində mərhum əri ilə birgə mülkiyyətində olan torpaq sahəsindəki mövcud 1 mərtəbəli fərdi yaşayış evinə artırılmış əlavə sahələrin memarlıq planlaşdırma həlli və digər sənədlər nəzərə alınaraq mərhum əri Ə.Qədirovun mülkiyyətində olan yaşayış evinə artırılmış əlavə sahələrin qeydiyyata alınmasına etiraz olunmadığı barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə məktub ünvanlanmışdır.

7. Üçüncü şəxs tərəfindən xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanına əsasən 2013-cü ilədək tikilmiş evlərin DƏDR-də qeydiyyata alınması üçün əsaslardan biri evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətdə olmasına dair sənəddir. Belə ki, üçüncü şəxs və Əfəndi 1991-ci ildə evlənmişdir. 2009-cu ilin oktyabr ayında boşanmışdır. Evin artırılma hissəsi yəni iddiaçının mübahisələndirdiyi hissə X6 və Əfəndinin birgə nikahı dövründə inşa edilmişdir. Yəni həmin evin həmin hissəsi 2004-2009-cu illərdə inşa edilmişdir. Məryəm 1992-ci ildə öldüyünə görə onun mülkiyyətinə torpaq sahəsi 1996-cı ildə verilə bilməzdi. Torpaq islahatı zamanı həmin həyətyanı X6 və Əfəndinin mülkiyyətinə verilmiş və bundan sonra evdə artırma edərək yaşayış şəraiti yaxşılaşdırılmışdır. 2013-cü ilədək inşa edilmiş evlərin qeydiyyata alınması üçün həmin evin yerləşdiyi torpaq sahəsinin sənədinin olması və icra nümayəndəliyinin təsərrüfatbaşına kitabında yazılması kifayət edirdi. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 22 oktyabr 2024-cü il tarixli 2- 1(116)-95/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2-1(116)-95/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər.

15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən fərdi yaşayış evi İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətində olmuşdur.

3. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən fərdi yaşayış evi X6 ümumi birgə mülkiyyətində olmuşdur.

4. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsinin xx.xx.2010-cu il tarixli məktubunun surəti.

5. A seriyalı 148098 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 nömrəli qərarı ilə X7 həyətyanı məqsədi ilə 719.13 kv.m torpaq sahəsi ayrılmış, X22 kitabında xx.xx.2012-ci il tarixli 247 nömrə ilə uçota alınmışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-2069/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı və X1 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahəsinin, 7 kv.m köməkçi tikilinin yerləşdiyi sahənin 28.0 kv.m hissəsinin yerləşdiyi ərazi Zaqatala şəhərinin inzibati hüdudlarının daxilində yaşayış məntəqələri torpaqlarına aid ölçüsü 0.0719 ha olmaqla həyətyanı məqsədilə fərdi yaşayış evlərinin tikintisi məqsədi üçün nəzərdə tutulan torpaq sahəsidir. Mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri X11, İddiaçı, X1 xüsusi mülkiyyətinə işlənimşdir və həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Mübahisələndirilən sahə ilkin texniki sənəddə icazəsiz artırmalar kimi qeyd olunmuşdur. Hazırda mübahisələndirilən sahə "Memarlıq planlaşdırma həlli" əsasında üçüncü şəxslərin adına verilmiş çıxarışda göstərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. İş materiallarına əlavə olunan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən ümumi sahəsi 30,10 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ½ hissəsi X1 xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evinin yerləşdiyi 0,0716 kv.m torpaq sahəsinin 2/4 hissəsi X6, hər birinin payı 1/4 hissə olmaqla qalan hissədə İddiaçı, ½ hissəsi X1 xüsusi mülkiyyətində olmuşdur. X6 torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2012-ci il tarixində qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.1992-ci ildə vəfat etmiş X13 miras əmlakı 1961-ci ildə inşa olunmuş, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 30,1 kv.m yaşayış, 37.1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən ibarətdir. **********72-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən ümumi sahəsi 58,10 kv.m olan fərdi yaşayış evinin 30,1 kv.m hissəsinin ½ hissəsi İddiaçı, ½ hissəsi X1, 28,0 kv.m hissəsinin ½ hissəsi X4, ½ hissəsi isə X6 xüsusi mülkiyyətindədir.

27. Qeyd olunanlardan göründüyü kimi mübahisələndirilən Memarlıq planlaşdırma həlli fərdi yaşayış evinin yerləşdiyi 0,0716 kv.m torpaq sahəsinin ½ hissəsində inşa olunmuş fərdi yaşayış 28,0 kv.m hissəsi üzərində X10 və X6 hər birinin payı ½ hissədə olmaqla paylı mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuşdur.

28. İlkin çıxarışlara əsasən müəyyən edilir ki, 1961-ci ildə inşa olunmuş, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin sahəsi 30,1 kv.m olmuşdur. Həmin evin yerləşdiyi 0,0716 kv.m torpaq sahəsinin ½ hissəsinin mülkiyyətçiləri tərəfindən həmin hissədə ümumi sahəsi 28,0 kv.m olan fərdi yaşayış evi sonradan inşa edilmişdir. Memarlıq planlaşdırma həllinin verilməsi nəticəsində həmin inşa olunmuş (sonradan icazəsiz artırmalar) hissə üzərində X10 və X6 hər birinin payı ½ hissədə olmaqla paylı mülkiyyət hüququnun qeydə alınması həyata keçirilmişdir.

29. Göründüyü kimi mübahisələndirilən Memarlıq planlaşdırma həlli fərdi yaşayış evinin yerləşdiyi 0,0716 kv.m torpaq sahəsinin ½ hissəsində inşa olunmuş fərdi yaşayış 28,0 kv.m hissəsi üzərində X10 və X6 paylı mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuşdur.

30. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir.

31. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur.

32. İcra hakimiyyətinin memarlıq-planlaşdırma həlli şəhərsalma və infrastruktur layihələrinin planlaşdırılması və həyata keçirilməsi ilə bağlı olan qərar və yanaşmaları əhatə edir. Bu həll tikinti və infrastruktur layihələrinin tənzimlənməsi məqsədini güdür. Bu baxımdan, memarlıq-planlaşdırma həlli, çıxarışların verilməsi üçün qanuni, texniki və inzibati əsasları təşkil edə bilir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, üçüncü şəxsə verilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğvi üçün hüquqi əsas olmadığından iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

34. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı və X1 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahəsi, həmçinin 7 m2 sahəyə malik köməkçi sahəsi isə 28,0 m2 hissəsi ilə bağlı X5 adına təsdiq edilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğv edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2-1(116)-95/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar